Rəşad Mahmudovdan 40 günlük körpəyə açıq məktub
Əziz körpə balamız!
Bu gün adi gün deyil – bazar günüdür! Bu gün heç adi ay da deyil – Martdır, əziz Novruz bayramının ilk günüdür, torpağa yeni nəfəs, yeni can gələn bir gündür! Hansı ildi – onu yazmayacam! Fərq eləməz mənimçün, amma nə sən, nə də bütün dünya bu ili xatırlamaq, bu illə öyünmək istəməz. Çünkü hamı, bütün aləm məşum bir səssizlik içindədi; bəşər qorxu və kədərlə içinə qapılıb, hər səhərin açılmasını həyəcan dolu bir ümidlə gözləyir. Səninsə bundan xəbərin yoxdu, hələ dünya sənin üçün qaranlıq, həyat isə sonsuz və dərkolunmaz bir varlıqdır. Sənin sağlamlığın və gələcək həyatın da bizim həyəcan və gərginliklə dolu anlarımızın əlindədir: sən nə qədər köməksiz və məsumsan, balaca! Sən nə qədər zərif və ümidsizsən, balaca! Hələ 40 günün tamam olmamış bu gün atan, anan, gohum-əgrəban sənin gələcək taleyini düşünürdü, sevimli körpələrinin həyatını xilas etmək üçün o ümid dolu kədərli baxışlarını biz həkimlərə tuşlamışdı. Biz sənin ağır xəstəliyin barədə doğmalarınla danışırdıq, o körpə ürəyində olan çox mürəkkəb qüsurları müzakirə edirdik. Beyin damarlarının ətrafı da həddən artıq zədəliydi…Və…nəhayət, qərar verdik: əməliyyat olunmalısan! Təhlükəli və riskli bir qərar! Axı əməliyyatda vəya əməliyyatdan sonra reanimasiyada səni itirmək ehtimalı vardı! İnan, balaca, bu təhlükə sadəcə sənin doğulduğun ölkənin deyil, bütün dünyamızın başında dolanır. Amma əməliyyat olunmasan da, əfsuslar olsun, yaşamaq şansın heç...
Əziz balamız!
Bütün bu risklərə və ehtimallara baxmayaraq, valideyinlərinlə ortaq bir qərarımız oldu: sənin üçün əlimizdən gələn hər şeyin ən yaxşısını etmək! Nəticəsindən asılı olmadan bu dünyada və ya axirətdə sənə alnıaçıq cavab verə bilmək üçün əl sıxışdıq, həmrəy olub ortaq qərar ilə əməliyyata girdik. Ürəkdəki bütün problemlər, beyinə gedən damarların (arkus aorta, isthmus) hipoplastik olan bütün hissələri rekonstruksiya olundu. Şükürlər olsun! Əməliyyat gözlədiyimizdən və planladığımızdan da uğurlu keçdi. İndi sən reanimasıyadasan. Səssiz-səmirsiz şirin bir yuxudasan, heç nədən xəbərin yox! Sənin məsum həyatın uğrunda mübarizəmiz hələ bitməyib. Bu ağır günlərdə səni sağ qalmaq və yaşamaq uğrunda uzunmüddətli mübarizə yolu gözləyir. Bu çətin yolda sənə uğurlar arzulayırıq. Yolun açıq, ömrün uzun olsun, balaca! Sağlam və təhlükəsiz böyü, körpə balamız!
Qoy sənə bir sir də açım: sənin kimi minlərlə uşaq əməliyyat etmişik. Adətən biz həkimlər çətin və təhlükəli əməliyyat aparandan sonra həyəcanla gözləyirik; gözləyirik ki, hər şey yaxşı sonluqla bitsin, daha sonra açıq məktub yazırıq. Amma biz bu dəfə tələsdik. Bilirsən niyə? Düşünürük ki, sənin o balaca dünyan ilə yanaşı bizim böyük dünyamız bu gün sabahına olan inam sınağından keçir. İnan ki, biz də ilk dəfədir duyuruq bunu! Ailən olaraq, həkimlər olaraq, böyüklərimiz və dövlət olaraq, insanlıq olaraq dünyada olan bütün problem və təlaşlara baxmayaraq, sənin üçün və gələcəyə inam üçün əlimizdən gələn hər şeyin ən yaxşısını etməyə çalışırıq.
Əmin ol ki, qalib gəlsən, biz də qazanacaq və qalib olacağıq! Biz də gələcəyimizə, açılan hər səhərimizə olan inamı və ümidi qazanacağıq, balaca! Və əmin ol ki, əgər bu həyat və ölüm savaşından qalib çıxsan, səni çox gözəl bir dünya gözləyir, balaca! Hətta ata-ananın və bizlərin yaşadığı dünyadan da gözəl bir dünya səni qucağına alacaq! Sən hələ bilmirsən ki, bu gün Covid 19 adlı təhlükəli bir canlı bizimlə mübarizəyə başlayıb. Onun sayəsində biz öz aramızda olan kin, nifrət hisslərimizi unutmağa başladıq; biri birimizi daha çox sevməyə başladıq. Artıq öpüşüb, biri-birimizə sarıla da bilmirik. İnan ki, sən yaşasan gələcəkdə daha çox və daha içdən sarılacayıq biri birimizə, balaca! Səndən əvvəl dinlər, dillər, rənglər, okeanlar, dağlar, çaylar, bəzən məhəllələr belə ayırırdı bizi. İnan ki, sən yaşasan hamı səni daha çox sevəcək. Çünkü həyat bir daha insanlara ortaq Günəşə, ortaq Aya, ortaq Səmaya sahib olduğumuzu xatırlatdı. İnan ki, yaşasan əyər, hətta gələcəkdə dilini bilməsələr də, insanlar səni daha çox başa düşəcəklər, balaca!
Qalx ayağa, balaca, sənin qalib gəlməni istəyirik! Bilirsən niyə? Çünkü ürəyin o qədər sağlam oldu ki, mən atana demək istəyirdim ki, daha bir igid əsgərimiz savaşa hazırdır! Amma yox, sənin savaşa getmənə ehtiyac olmaz daha, balaca! Sənin zamanında artıq ölkələr biri biriylə savaşmaz! Səndən bir istəyim də var, balaca! Böyüyəndə həkim ol! Bizim kimi yox, bizdən də yaxşı həkim ol! Sənin zamanında ölkəmiz, şəhərimiz daha möhtəşəm olacaq, daha əzəmətli olacaq, balaca! Sən də elə bir vətəndaş, elə bir həkim olmalısan ki, dünyamızda heç kim heç bir şeydən heç zaman bu günkü kimi qorxmasın!
Niyə yaşamalı olduğunu anladınmı, balaca? Axı bu gün sənin ailən, sənin ölkən və sənin dünyan daha çox inanmaq, daha çox yaşamaq istəyir!..
Hörmətlə,
Sənin həkimlərin
Xəbər lenti
COP29-da iştirak etməyən ölkələrin qaranlıq üzü
"Öz təklifləri ilə qəbul edilmiş qanunlara hörmətsizlik edirlər"