Oruc tutarkən bunları düz etmirik

08:03 04-05-2020 | icon 774 | Sağlamlıq
Oruc tutarkən bunları düz etmirik

Nərminə Abbasova: “İftar süfrəsindən doymamış qalxmaq sağlamlıq üçün əsas şərtdir”

 

Ramazan ayı havaların isti keçən vaxtına təsadüf etdiyindən, oruc tutan insanlar susuzluqla mübarizə aparmaqda çətinlik çəkirlər. Su olmadan insan orqanizmində həyati əhəmiyyətli proseslərin baş verməsi, ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Gün ərzində mayenin az qəbul edilməsi isə su tarazlığını pozur və insan orqanizmində, xüsusilə həzm sistemində bir çox problemlər yaradır.

 

Versus.Az xəbər verir ki, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova orucluqda insanların qidalarına diqqət vermələrini tövsiyyə edib.

 

Həkim-terapevt bildirib ki, imsak və iftarda qida seçiminə həssaslıqla yanaşmalı, duzlu və qızartmalı qidaların yerinə tərəvəz və meyvədən hazırlanmış zəngin, duru xörəklər seçməlidirlər:

 

“Şirin məmulatların həddən artıq qəbul edilməsindən çəkinmək lazımdır. Səhər imsakda mütləq su içilməlidir. İftarda su, ayran və kompot daha çox qəbul edilməlidir. Susuzluğa tab gətirmək üçün yaşıl çaydan istifadə də faydalıdır”.

 

 

 

Nərminə xanım deyir ki, müəyyən mənada çətinliyi olsa da, oruc tutmağın orqanizmə faydaları çoxdur:

 

““Oruc tutun, şəfa tapın” hədisi əbəs yerə deyilməyib. Oruc mədə ilə birgə bütün həzm sisteminin və insan bədəninin istirahətinə kömək edir. O, insanı həzm sisteminin pozulması, ürək və damar, şəkər, yüksək təzyiq və sair kimi xəstəliklərdən qoruyur, eyni zamanda da müalicə edir”.

 

N.Abbasova bildirdi ki, oruc tutan şəxs günboyu yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət yetirilməlidir. Hazırlanan süfrə daha zəngin olmalıdır. Yağlı yeməklərdən mümkün qədər az istifadə edilməlidir:

 

 

 

“Bu ayda balanslı şəkildə qidalanmaq lazımdır. Belə qidalanma şəklinə diqqət yetirməyən sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, birdən-birə təzyiqin yüksəlməsi kimi problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən un məmulatları və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər. Səhər qidalanmasında yumurta, pendir, süd, qatıq, çörək, yulaf əzməsi, zeytun, qoz ləpəsi, şorba, kompot və ya meyvəyə daha çox üstünlük vermək lazımdır. Bunlar toxluğu təmin edən qidalardır.

İftara xurma, zeytun, su kimi yüngül qidalarla başlamalı, normal yeməyə bir müddət sonra keçilməlidir. Süfrəyə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək lazımdır. Qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırdığına görə, süfrədə qatıq, ayran kimi məhsulların olması vacibdir”.

 

Həkim vurğuladı ki, bəzi insanlar sahura qalxıb yemək yemədən oruc tuturlar. Lakin hər kəs bilməlidir ki, sahura qalxmadan, eyni zamanda sübh vaxtı yalnız su içərək oruc tutmaq sağlamlığa zərərlidir:

 

“İftardan az sonra 1 stəkan yaşıl çay içmək lazımdır. İftardan sonra səhərə qədər 2 litrədək su içməyi tövsiyə edirəm. Ən azı 2 stəkan bitki çayı, bol ayran, qatıq və vişnə kompotu içmək vacibdir”.

 


Nərminə xanım vurğuladı ki, iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Ac qarına, bütün günü dincələn orqanizmi qəfil ağır, çeşid-çeşid qidalarla yükləmək düzgün deyil.

Həkim-terapevt bildirdi ki, dadlı, yağlı, ədviyyəli xörəkləri meyvə-tərəvəzlə əvəzləmək məsləhətdir:

 

“İftarı isti şorbalarla açmaq da mədəyə ziyandır. Daha yaxşısı qatıqlı buğda şorbasıdır. Bu şorbanı hər kəs öz zövqünə uyğun hazırlaya bilər. Şorbanı içdikdən yarım saat sonra zeytun yağı ilə hazırlanmış salat yemək olar. Kök, turp, kahı, azacıq bişmiş çuğunduru doğrayaraq üstünə zeytun yağı əlavə edin.
İftar süfrəsini elə hazırlamaq gərəkdir ki, yeməkdən sonra rahat yata biləsiniz. Səhər yeməyində duzlu, zəngin kalorili, yağlı pendirdən uzaq olmaq gərəkdir”.

 

Ramazan ayında oruc tutanların yaşadığı problemlərdən birinin də qəbzlik olduğunu deyən N.Abbasova qeyd etdi ki, bu problemdən qurtulmaq üçün yeməklərə xüsusi diqqət edilməlidir:

 

“Ramazan ayının ənənəvi qidası sayılan xurma, bitki yağları, təzə qatıq, tərəvəz salatları və çoxlu maye qəbulu qəbizliyin qarşısını alır. Hər axşam yeməkdən bir saat sonra yediyiniz alma da bağırsaqlarınızın qaydasında işləməsinə yardımçı olacaq. Qara çay əvəzinə su daha çox içmək vacibdir. Çünki çay qəbizlik yaradır. Onu da unutmaq lazım deyil ki, kompotlar və şirələr susuzluq gətirir. Kompotlardan ancaq vişnə xeyirlidir. Bir sözlə, Ramazan ayında gün boyu ac qalan hər kəs iftar süfrəsində ehtiyatlı olmalıdır. Hansı qidadan başlamalı, nə qədər və necə yeməli sualını öncədən düşünmək gərəkdir”.

 

Həkim-terapevt onu da qeyd etdi ki, iftar süfrəsindən doymamış qalxmaq sağlamlıq üçün əsas şərtdir. Həkimin sözlərinə görə, təzə meyvələr, qoz, fındıq, badam ləpəsi, təmiz bal, meyvə quruları ilə qidalanma orqanizm üçün daha xeyirlidir:

 

“Əzizlərim, oruc Allahın biz müsəlmanlar üçün vacib saydığı ibadətlərdən biridir və əksər müsəlman bu ibadəti yerinə yetirir. Ancaq oruc tutarkən çalışaq ki, düzgün qidalanma qaydalarına əməl edək və sağlamlığımızla bağlı hansısa bir çətinliklə üzləşməyək. Ruhumuzun təmizləndiyi bu müqəddəs ayda Allah bütün müsəlmanların orucunu qəbul etsin!”

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır