“"Bişkek protokolu"... qüvvədən düşmüş elan olunmalıdır” - MÜSAHİBƏ

21:00 12-05-2020 | icon 2807 | Siyasət
“"Bişkek protokolu"... qüvvədən düşmüş elan olunmalıdır” - MÜSAHİBƏ

Fərəc Quliyev: “Ermənistan bu sənədə istinad edərək hərbi əməliyyatların aktiv fazaya keçməyəcəyini düşünməsin”

 

Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsindən 26 il ötür. Qeyd edək ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.  Məhz həmin ərəfədə “Böyük sülh sazişinin” imzalanması ilə bağlı Rusiya tərəfindən maraqlı mövqe sərgilənib. Lakin bu saziş alınmayıb. Geridə qalan bu illər Azərbaycan üçün qiymətli vaxt kimi dəyərləndirilsə də, atəşkəs protokolunun əhəmiyyəti bu gün də müzakirə obyekti olaraq qalır. Bişkek protokolu regionda sülhün yaradılması baxımından hansı əhmiyyətə malik idi?

 

Bu və ya digər məsələlər ətrafında Versus.az-a müsahibə verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev bir çox nüanslara aydınlıq gətirib.

 

“Danışıqlarla ədalətli status-kvo bərpa olunmazsa...”

 

- Fərəc bəy, bu gün atəşkəsə dair Bişkek protokolunun imzalanmasından 26 il keçir. Bu, protokolun region, ölkəmiz, eləcə də atəşkəsə nəzarət missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr üçün əhəmiyyəti nə idi?

 

- 1994-cü il mayın 12-də bağlanan "Bişkek protokolu" Ermənistan-Azərbaycan müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəddir. Bu sənəd 1994-cü il mayın 5-də imzalanmalı idi. Həmin sənədi Ermənistan, Qırğızıstan, Rusiya  tərəfdən olan numayəndələr, “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan imzalasalar da, Afiyəddin Cəlilov bundan imtina etmişdi.

Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini Azərbaycan tərəfindən imzalanması üçün ATƏT-in Minsk Qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov mayın 8-də Bakıya gətirmiş, Azərbaycan tərəfinə bu protokolu imzalamağı təklif etmişdir. Azərbaycan tərəfini təmsil edən Rəsul Quliyev sənədin mətninə iki düzəliş və imzalayanlar sırasına Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənovun adını əlavə etməklə sənədi imzalamışdır. Düzəlişdə "tutulmuş ərazilər" sözləri "işğal olunmuş ərazilər" sözləri ilə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdur.

O dönəm üçün atəşkəsin region üçün əsas əhəmiyyəti prosesin nəzarətdən çıxmasının və daha da genişlənməsinin qarşısının alınması idisə, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr üçün tərəfləri ədalətli sülhə gətirmək “alətlərini” səfərbər etmək imkanı idi. Təəssüflə qeyd edim ki, keçən dövrdə ATƏT-in Minsk Qrupu nəinki böyük missiyasını, heç ilkin addım olan bu missiyanı da yerinə yetirmədi.

Ölkəmizə gəlincə, yaranmış mürəkkəb şərait Azərbaycanın toparlanması və hər sahədə güclənməsini diqtə edirdi. Ölkəmiz artıq arzuolunan səviyyədə toparlanıb və güclənib. Mən 30.09.2019 tarixində keçirilən Milli Məclisin plenar iclasında çıxış edərək, Milli Məclisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi barədə müraciət hazırlamağa, ATƏT-in vasitəçiliyinə son verməyə, Ermənistanla danışıqları dayandırmaq və eyni zamanda Bişkek protokolunu qüvvədən salmağa çağırdım. Milli Məclisin 01 oktyabr 2012-ci il tarixdəki Plenar iclasında da bir cox məsələlərlə yanaşı bunu da qaldırmışdım.

Yuxarıda qeyd etdiyim kimi, bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik, hüquqi öhdəliklər qoymadığına görə siyasi müraciət, sülhə çağırış sənədidi. Bu sənədə əsasən tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər. Ona görə Ermənistan bu sənədə istinad edərək hərbi əməliyyatların aktiv fazaya keçməyəcəyini düşünməsin. Danışıqlarla ədalətli status -kvo bərpa olunmazsa, indiki status-kvonu Azərbaycan hərbi yolla dəyişdirəcəkdir.

 

- Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hazırki mövqeyi nədir?

 

- Bilirsiniz, Rusiya Qarabağın kimdə qalmasında yox, regionda münaqişənin qalmasında və bu vəsilə ilə özünü bu coğrafiyada qalmasında maraqlıdır. Ən azından o dönəmdə və indiyə qədər belə olub. Amma o başqa məsələdir ki, dünya tarixində yeni səhifə açılır və Rusiya da Qafqaz siyasətində zəruri dəyişikliklər etməlidir. Burada hərbi bazalar yerləşdirmək düşüncəsi sərfəli bazarlar düşüncəsi ilə əvəzlənməlidir. Azərbaycan səmimi və etibarlı tərəfdaşdır. Rusiya məcbur deyil ki, keçmiş Rusiya rəhbərləri və siyasətinin girovu kimi davransın. Hər halda yaşayarıq, görərik. Ümumiyyətlə, hansı dövlətin nə düşünməsindən asılı olmayaraq, Azərbaycan üçün müstəqillik və ərazi bütövlüyü vazkecilməzdir. Hər kəs Azərbaycana yönəli siyasətdə bunu nəzərə almalıdır.


- Qarabağ münaqişəsinin həlli istiqamətində hansı yeni mərhələ yaranıb?

 

- Yeni dövr İşğal olunmuş ərazilərimizlə bağlı yaranmış yeni şərtləri diqtə edir. Əslində bir məqsədə yönələn dörd məsələnin müzakirəsi vacibdir:
1. Azərbaycan danışıqları BMT ilə aparmalıdır. Milli Məclis BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsini təxirə salınmadan keçirməlidir və müvafiq sənəd yubanmadan BMT-yə gondərilməlidir. Bəzən düşünülür ki, BMT 4 məlum qətnaməni qəbul edib və daim onların həyata keçməsi istiqamətində işləyir. Əminliklə deyim ki, bu belə deyil. O qurumla bu istiqamətdə fasiləsiz işləmək vacibdir. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasətinə görə beynəlxalq hüquqi məsuliyyət hələ də açıq qalır. Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda müvafiq çalışmalar olmalıdır.

BMT-yə gondəriləcək sənəddə BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə başlanılması xüsusi qeyd olunmalıdır.

Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki müasir beynəlxalq hüquqa görə məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. Bunu əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq məcburiyyət tədbirlərinin işə salınmasını hədəf götürməliyik.

2.ATƏT-in vasitəçiliyinə son qayulması müzakirə olunmalıdır. Bu, ATƏT-in fəaliyyətinə (fəaliyyətsizliyinə) ümumi adekvat əhvaldır və cəmiyyətdə də istək budur.

3. Ermənistanla aparılan danışıqların dayandırılması məsələsi müzakirə olunmalıdır. Danışıqların heç bir perispektivinin olmaması hamımıza aydındır. Bu günə qədər Ermənistanla danışıqlar lazim idisə və müəyyən məqamlarda xeyir verirdisə, artıq danışıq aparmaq diplomatik uğurlarımıza zərər verəcəkdir. Biz əgər indiyə qədər beynəlxalq ictimayyətə dinc yolla müharibəyə son verilməsini istədiyimizi göstərmək və Ermənistanın birbaşa ərazilərimizi işğal etdiyi və Qarabağda yaşayan ermənilərlə əlaqəsinin olmadığını göstərmək üçün danışıqlarda iştirak edirdiksə, artıq bu hədəflərə çatılıb. Ermənistan tərəfin rəhbərliyi birbaşa Azərbaycan ərazilərini işğal etdiyini və buranın artıq Ermənistan olduğunu bəyan etməklə diplomatik mərhələyə son qoydu. Artıq bundan sonra danışıq indiyə qədərki diplomatik nəticələrə xələl verməkdir.

4. "Bişkek protokolu" - Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədi daşıdığından qüvvədən düşmüş elan olunmalıdır.

BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə başlanılması yeganə çıxış yoludur. Dərhal yuxarıda təklif etdiyim addımları ataraq hərbi əməliyyatlara başlamaq lazımdır.
Bəzən belə fikir səsləndirirlər ki, Ermənistanın arxasında büyuk dövlət Rusiya dayanır. Mən sual edirəm bir böyük dövlət - məsələn Fransa və ya İngiltərə birbaşa “maşadan” istifadə etmədən ərazilərimizi işğal etsəydi, nə etməliydik?.. “Böyükdü” deyə, işğalla barışmalıydıqmı? Artıq fərqli davranış zamanıdır və yeni çağırışlara uyğun ciddi addımlar atmalıyıq.

 


T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA