Mediada həllini gözləyən məsələlər - ÇIXIŞ YOLLARI

08:32 22-09-2020 | icon 942 | KİV
Mediada həllini gözləyən məsələlər - ÇIXIŞ YOLLARI

“Reklam bazarının zirehli qapıları açılmalı, dövlət media üzərində nəzarəti minimuma endirməlidir"

 

Azərbaycan mediasının problemləri zaman-zaman müzakirəyə çıxarılır, həlli yolları ilə bağlı bir çox təkliflər irəli sürülür. Lakin məsələlər tam mənada həllini tapmadığından bu gün mətbuatın fəaliyyətində bir çox çatışmazlıqlar ortaya çıxır. Medianın sərbəst reklam bazarının olmaması, iqtisadi dayanıqlığının zəif olması, peşəkarlıq problemləri, jurnalistika tələblərinə cavab verməyən saytların fəaliyyəti, informasiya əlçatımlığı və sair gündəmdə həllini gözləyən məsələlərdəndir.

 

Bəs görəsən, media qurumlarının rəhbərləri problemləri necə təsnif edir, çıxış yollarını nədə görürlər?

 

Versus.az Yeni Müsavata istinadən təqdim edir.

 

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı qeyd edib ki, ilk növbədə medianın münasibətlər sistemi həll edilməlidir: 

 

“Bu da ondan ibarətdir ki, mediada bazar münasibətləri yaranmalıdır. Media mühiti bazar iqtisadiyyatının tələblərinə uyğun qurulmalıdır, buradakı oyunçuların sərbəst fəaliyyəti və onların arasında sağlam rəqabətin yaradılması şəraiti həll olunmalıdır. Bu məsələ həllini tapsa, ondan sonra reklam da gələcək, təsiretmə imkanları da, peşəkarlığı da artacaq. Mütləq bu məsələ həllini tapmalıdır. Media bazar iqtisadiyyatı qaydalarına uyğun sənaye kimi fəaliyyətini göstərməlidir və buna şərait yaradılmalıdır. Burada yeni alətlər, yeni üsullarla işləmək məsələsi həllini tapmalıdır. Hesab edirəm ki, biz artıq klassik media institutlarından yeni media institutlarına keçidi həyata keçirməliyik. Media strukturları sosial medialarda, daha yeni sosial media alətlərində möhkəmlənməlidir”.

 

V.Mahirqızı bəzi saytların fəaliyyətini də tənqid etdi və vahid media konsepsiyasının yaradılması fikrini irəli sürdü:

 

“Vəziyyət elə həddə çatıb ki, hər kəs aqreqator saytlar yaradır və onların hamısı jurnalist kimi tanınırlar, onların işi yalnız adminlik həyata keçirməkdir. Bu cür saytlarda cəmi bir-iki məlumat görürük ki, bu da xüsusi sifarişli məlumatlar olur. Bütün bunların qarşısını almaq üçün vahid jurnalist vəsiqəsi sistemi tətbiq olunmalıdır və həmin vəsiqələri alacaq media qurumlarının vahid prinsipləri müəyyən edilməlidir, müəyyən media konsepsiyası olmalıdır. Həmin media konsepsiyasına uyğun gələn media qurumlarının əməkdaşları jurnalist vəsiqəsi ilə təmin olunmalıdır. Belə vəziyyətdə frilanser işləyən jurnalistlər və xarici media qurumlarının Azərbaycandakı ofislərinin, nümayəndələrinin fəaliyyət göstərməsi üçün bəlli standartlar işlənib hazırlanmalıdır. O standartlar hazırlandıqdan sonra, konsepsiya tam olduqdan sonra artıq mediada bir düzən yaranacaq. Əvvəl biz müəyyənləşdirməliyik ki, ümumiyyətlə kim mediadır. Ondan sonra həmin quruluşlar arasında bazar iqtisadiyyatı münasibətləri ilə oyunçuların sərbəst oyunu təmin olunmalıdır. Bundan sonrakı mərhələ çox asandır. O təminat olanda, media qurumları rahat şəkildə işləyəcəklər də, peşəkarlıq da, reklam da, tənqid də ondan sonra gələcək”.

 

“Yeni Müsavat” Media Qrupu rəhbərinin müavini Azər Ayxan bildirib ki, son vaxtlar ən müxtəlif platformalarda Azərbaycanda medianın vəziyyəti müzakirə edilir:

 

“Bu müzakirələr son günlər əsasən telekanallarda aparılır. Bunun özü əslində yenilik sayıla bilər. Çünki AzTV başda olmaqla, efir məkanımızda hər şeyin güllük-gülüstanlıq olduğu, ölkə mediasının gündən-günə çiçəkləndiyi barədə bəlağətli nitqlər, pafoslu çıxışlar eşitməyə öyrəşmişik. Və bu gün tam əksinə bir xəttin olduğuna şahidlik edirik. Sən demə, Azərbaycan mediası batıb gedirmiş, bu sahədə vəziyyət acınacaqlıymış, indi düzəltmək lazımmış. Zatən bunu biz illərdir deyirik, yazırıq. Özümüzü, yəni jurnalistləri haqlı çıxarmaq kimi fikrindən uzağam. Bunun problemin həllinə faydasının olacağını düşünmürəm. Sadəcə bizi yenə də narahat edən bir neçə ciddi məqamın üzərində dayanmaq istəyirəm.

 

Birincisi,  medianın vəziyyətini yaxşıya doğru düzəltmək üçün istifadə olunan instrumentlərin özü köhnədi. Biz üzləşdiyimiz vəziyyətdən çıxmaq, Azərbaycan mediasını zamanın tələblərinə uyğunlaşdırmaq istəyiriksə, bu prosesdə əl atdığımız vasitələrin də dövrün tələblərinə cavab verib-vermədiyinə baxmalıyıq. Yaşı yetmişi haqlamış, müasir medianın şərtlərindən xəbərsiz, heç vaxt tənqid etməyən, karyerası boyunca doğrunu yazmaqdan, deməkdən yanınmış insanları telekanallara çağırıb, onlara "bağışlayın, siz bu məsələnin həllini nədə görürsüz" sualını verməklə, medianın vəziyyətində müsbətə doğru dönüş etmək mümkün olmayacaq. Köhnə təfəkkürlü insanlar, kolxoz jurnalistikanın nümayəndələri hardan bilsin ki, müasir media nə olan şeydi?! Bu adamların özləri yeniliyə, müasirliyə qarşıdırlar - təbiət və psixologiya etibarilə. Bunların dilindən yaxşı nə eşitmək olar? Mən əsla kimlərisə yaşa görə diskriminasiyaya məruz qoymaq fikrində deyiləm. Təklif edirəm ki, medianın problemləri və bu problemlərin həlli ilə bağlı mövzular yeni düşüncəli, yeni təfəkkürlü insanlarla müzakirə edilsin. Müzakirələrə müasir tendensiyalardan, gəlişmələrdən xəbəri olan ciddi media mütəxəssisləri dəvət edilsin, onların iştirakı təmin olunsun, təklifləri nəzərə alınsın. Problemdən çıxış yollarını göstərməyə imkan verilsin. Üzündən ətalət yağan, yorğunluq yağan, motivasiya qatili olan adamlarla bu cür vacib sahənin qalxınmasına nail olmağı kim düşünürsə, səhvə yol verir”.

 

Məsələnin digər tərəfinə gəlincə, A.Ayxan vurğulayıb ki, media spesifik sahədir: “Bu sahənin inkişafı da bu sahənin uzmanlarının, mütəxəssislərinin öhdəsinə buraxılmalıdır. Təbii ki, dövlətin dəstəyi olsa, yaxşıdır. Dövlət nəzarətedici funksiyasından imtina etsə, sadəcə media harda axsayanda, görünmədən, abartmadan dəstək versə, bu, işin xeyirinə olar və medianın daha ciddi inkişafına gətirib çıxarar. Yox, əgər, dövlət medianı daha çox özünün nəzarətində saxlayacaqsa, yönəltməyə çalışacaqsa, jurnalistlərin, media kapitanlarının yaradıcılıq azadlığı qısıtlanacaqsa, medianın inkişafından, üzləşdiyi problemlərin həllindən və ictimai rəyə təsirindən danışmağın xeyiri yoxdur. Jurnalistlərə, media patronlarına tam etimad göstərilməlidir. Bu sahənin aparıcı simaları peşəkar olmaqla bərabər, həm də dövlətçi insanlardı. Onlar öz dövlətlərinin maraqlarını yeri gələndə hansssısa manşetə, fləş xəbərə qurban verəcək qədər fədakar insanlardır”.    

 

A.Ayxan dedi ki, medianın iqtisadi azadlığı da təmin edilməlidir: “Nəhayət, reklam bazarının üzümüzə bağlanmış zirehli qapıları açılmalıdı. İş adamları, özəl sektor təmsilçiləri vergi məmurlarının və digər çinovniklərin qorxusundan qurtulmalı, sərbəst şəkildə mallarını, məhsullarını qəzetlərdə, saytlarda reklam etdirməlidirlər. Biz öz paramızı özümüz qazanaq, dövlət də harda axsasaq, orda bizə dəstəyini əsirgəməsin. Bir şərtlə ki, bunu bizi idarə etmək formasında yox, yardım formasında həyata keçirsin. İqtisadi-siyasi azadlıqlarımızın çevrəsi genişləndirilsin. Düzdür, bu, hazırkı reallıqlarda çətin, hətta mümkünsüz görünür. Amma gec-tez bu xəttə riayət edilməlidir”.

 

Azər Ayxan üçüncü şərt kimi mətbuata tənqidin və alternativ mövqelərin gətirilməsini söyləyib:

 

“Mediaya - TV-lərin efirlərinə, qəzetlərin, saytların səhifələrinə alternativ fikir, tənqidi mövqe gətirilməlidir. Siyasi müxalifət efirlərə çağırılmalı, onların hökumətə yönəlik hətta ən sərt tənqidləri oxucuya, tamaşaçıya çatdırılmalıdır. Azərbaycan insanını söyüş mediasının qucağına atmaq olmaz. Normal, ədalətli və kübar efirimiz olsa, mətbuatımız yaransa, kimsə gedib hansısa tərbiyəsizin xaricdən yayınladığı əxlaqa, insanlığa zidd "proqramlara" baxmaz. Bunlar qısa formada özətləyə bildiklərimizdir. Medianın inkişafı ilə bağlı daha geniş və daha sistemli təkliflər paketi lazım olsa, hazırlayıb təqdim edə bilərik”.

 

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də vurğulayıb ki, medianın problemləri çox müzakirə olunub, çıxış yolları da bəllidir: 

 

“Medianın, jurnalistlərin maddi təminatının gücləndirilməsi, reklam bazarının daha əlçatan olması, informasiya mənbələrinə çıxış imkanlarının bərabərləşdirilməsi və genişləndirilməsi, media orqanları arasında informasiya mənbələrinə birbaşa çıxış imkanları məsələsində özümüzünkülər və ögeylər prinsipinə son verilməsi mütləqdir. Bunlar bilinən problemlərdir, o qədər də fəlakətli vəziyyət müzakirə mövzusu deyil. Bir çox başqa ölkələrlə müqayisədə Azərbaycan mediasının vəziyyəti bəzi parametrlərinə görə üstün qiymətləndirilə bilər. İndiki medianın problemlərini həll etmək zəruridir, ancaq bədbinliyə qapılmağa dəyməz”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür