“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”
Şəhid anası: “Həyatda olsaydı, biz onunla bugünki kimi qürur duyardıq”
Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilən “2020-ci 27 sentyabr-8 noyabr səhifəsi” müzəffər Ordumuzun Vətən savaşı, Şəhidlərin canı, qanı ilə yazıldı. Ermənistanın bütün cəbhə boyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülkü əhalini hədəfə almasına qarşı əks-hücuma keçən Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 44 gün ərzində zəfərə imza atan Azərbaycan 3000 şəhid verdi. Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmrini böyük sevinc, coşqu ilə qarşılayan xalqımızın verdiyi itkilər ürəklərimiz dağlasa da, öz şəhidlərini eyni qürur hissi, sevgi ilə müqəddəs torpağa tapşırdı.
Bəli, müharibə qan-qada, aldığı canlarla dəhşət saçır. Amma haqqın müdafiəsi uğrunda ona qoşuluraq öz canını fəda edənlər ölmür, Şəhidlik zirvəsinə ucalırlar. O, müqəddəs müharibədə döyüşərək Şəhid olan 2907 igidimiz də daxil olmaqla silahlı qüvvələrimiz 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad etdi. Şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı. 8 noyabrda Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Həmin 8 rəqəmi Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. 2 gün sonra - 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Bəli, haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı... Xalqımız O zəfəri bizə yaşadan Azərbaycan Silahlı Qüvvələrimizlə qürur duyur, Şəhidlərimizin qarşısında baş əyir!.. Qarşısında böyük minnətdarlıq hissi ilə baş əydiyimiz Şəhid igidlərimizdən biri də Elşən Mehbalıyevdir.
Şəhidimizin haqqında “Həftə İçi”-nə Şəhidin anası Cəmalə xanım danışıb.
Versus.Az həmin söhbəti təqdim edir:
- Cəmalə xanım, bizə Şəhidimiz Elşəndən danışın…
- Bir ana kimi oğlumun yoxluğu məni nə qədər sarsıtsa da, bu gün “44 günlük Vətən müharibəsi Şəhidi Mehbalıyev Elşənin anasıyam” sözlərini böyük qürur hissi ilə deyirəm… Elşən haqqında kimdən soruşsanız hər kəsdən eyni cavabı alarsınız. Mehriban, dostcanlı, deyib- gülən, uşaqla uşaq, böyüklə böyük idi. Elə müəllimləri də onu belə xatırlayır. Orta məktəbdə qiymətləri o qədər də yüksək olmasa da, təlim -tərbiyəsi ilə hər zaman seçilən şagird olub. Müəllimləri Elşəni müsbət keyfiyyətləri və davranışlarına görə çox sevirdilər.
- Elşənin müharibəyə getməsini necə xatırlayırsız?
- Mənim iki oğul övladım var. Elşən də, qardaşı Elnur da orta təhsillərin başa vurduqdan sonra hərbi xidmətə yollandılar. Hər ikisi xidmətlərin başa vurduqdan sonra hərbidə qalmağa, bu şərəfli peşəni davam etdirməyə qərar verdilər. Biz də ata-ana olaraq onların bu fikrinə hörmətlə yanaşdıq. Vətənpərvərlik gərək insanın qanında, canında olsun. Əlbəttə biz valideynlər uşaq yaşlarından övladlarımıza düşmənlərimizin millətimizə necə zülmlər etdiyini, hansı faciələri yaşatdıqlarını daim danışırdıq. Böyüdükdən sonra isə özləri hər şeyi gördülər, öyrəndilər. Qeyrəti olan heç bir oğul bu olanlara göz yuma bilməzdi. Məhz buna görəydi ki, övladlarım ikisi də hərbiyə üz tutdular. 44 günlük Vətən müharibəsinin ilk dəqiqələrindən iki qardaş fərqli istiqamətlərdən ən öndə gedənlərdən oldular. Bu çətin döyüşlərin 40-cı günündə böyük oğlum Elşən Ağdərədə Şəhidlik zirvəsinə ucaldı. Elnur isə çox ağır yaralanaraq qazi oldu və Bayraq Ordeni medalı ilə təltif olundu.
- İki oğlunuzun da müharibəyə gedişini necə qarşıladınız?
- Əvvəl-axır müharibə olacağını hər birimiz bilirdik. Elşənin ən böyük arzusu da düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək idi. Əslən Kəlbəcər rayonunda olduğu üçün elə heç bir gün mütləq o torpaqları alacaqlarından danışırdı, buna inanırdı. Və bizi buna hazırlayırdı həmişə. Ancaq yenə də 2 oğlu birdən döyüşdə olan ana, ata kimi çox böyük qorxu, həyəcan içərisindəydik. Adı müharibədir. Qandır. qadadır…
- Sizinlə danışırdımı?
- Hər fürsət tapdıqca bir-iki dəqiqəlik də olsa zəng edib yaxşı olduğunu, salamat olduğun deyirdi. Narahat olduğumuzu bildiyi üçün heç vaxt xəbərsiz qoymazdı bizi. Qardaşından çox narahat idi deyə, onun da zəng edib-etmədiyini soruşurdu.
- Şəhid xəbərinin ürəyinizə vurduğu yara qapanmaz… o gün müharibənin neçənci günü idi…
- Allah heç bir anaya yaşatmasın bala itkisini. Əlbəttə qorxurdum, iki oğlum müharibənin od-alovunun içində idi… Gecə-gündüz dua edirdim sağ-salamat gəlmələri üçün. Hər an ürəyimiz səksəkədə idi; nəsə olar, kimsə xəbər gətirər deyə, həyəcan içində idik… Müharibənin 40-cı günündə də Elşənin Şəhid xəbər gəldi bizə...
- Müharibə 4 ildir bitib. Bir qəhrəman Azərbaycan igidi kimi oğlunuza baxıb, ürəyinizdə nə düşünürsüz?
- Oğlum bu gün həyatda olsaydı, biz onunla yenə bugünki kimi qürur duyardıq. Ancaq onu da bilirik ki, ucaldığı zirvə hər kəsə nəsib olmayan, Allahın seçdiyi, layiq gördüyü kəslərin çata biləcəyi bir zirvədir. Hər nə qədər ağır, dözülməz olsa da, oğlumun Allah tərəfindən seçilmiş olması, Vətəni, torpağı uğrunda öz canından, qanından gözünü qırpmadan keçmiş olmağı bizim üçün qürur mənbəyidir. Ümidvaram, o torpaqlarda gəzən hər kəs oranın necə qiymətli yerlər olduğunu dərk edər. Orda neçə İgidin qanı olduğunu, neçə canlar bahasına azad olduğunu başa düşərək gəzər. Bizim də ürəyimiz təskinlik tapar ki, balalarımıza dəyər verilir. “O torpaqlar uğrunda canlarından keçməyə dəyərmiş” deyə bir daha əmin olarıq.
- Şəhid ailələrinə göstərilən münasibət sizi qane edirmi?
- Mən öz ailəm adına deyə bilərəm ki, bizə göstərilən münasibət çox yaxşıdır. Hər zaman yanımızda olurlar. İstər anım günlərində, istər mövlud günlərində və bu kimi digər xüsusi günlərin hər birində dövlət nümayəndələrinin yanımızda olduğun görürük. Bizə də elə bu lazımdır ki, Şəhidimizi unutmayıb hər zaman yad etsinlər.
- Şəhid ailələrinə münasibətdə hansı problemlər var?
- Biz hər kəsdən çox razıyıq. Nə problemimiz olsa, canla-başla kömək edirlər həmişə. Allah hər birindən razı olsun.
- Şəhid adından istifadə edib yersiz davranışlar göstərən bəzi ailələr haqqında da eşidirik, onlara münasibətiniz nədir?
- Şəhid ailəsi olmaq ağır statusdur. Bu adı daşımağı bacarmaq lazımdı. Bu ada layiq olmağı, oğullarımızın bizə əmanət etdiyi adı onlara layiqli şəkildə daşımaq lazımdı. Ən başda da oğullarımızı düşünüb addım atmalıyıq. Hər cüzi məsələdən ötrü “Şəhid ailəsiyəm” ifadəsini işlətmək mənim fikrimcə düzgün deyil. Lazım gələrsə, vacib nəsə olarsa, bu başqa məsələ. Ağırlığımızı qoruyub saxlamağı bacarmalıyıq. Unutmamalıyıq ki, bizi əbədi dünyada üzlərinə alnıaçıq, üzüağ baxa biləcəyimiz Şəhid balalarımız gözləyir.
- Bu gün Şəhidlik zirvəsində olan igidlərimizin ailələrinə nə sözünüz var?
- Allah bütün Şəhidlərimizin məqamını, uca Şəhadətin qəbul etsin İnşAllah. Bu dərdi layiqincə çəkən, ürəyində Şəhid yarasıyla yaşayan hər bir Şəhid ailələrinə Allahdan səbr, dözüm və möhkəm cansağlığı arzu edirəm. Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah.
Qeyd:
İki qardaş, iki igid. Adlarını qəhramanlıq tarixinə qızıl hərflərlə yazdılar. Biri qazi kimi döndü evinə, biri azad xalqın şəhadətə yüksələn oğlu kimi. Vətən müharibəsində qardaşlardan biri şəhid, digəri isə qazi olur.
Mehbalıyev Elşən Təvəkkül oğlu 1994-cu ildə Bərdə rayonunun Otuzikilər kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daha sonra müxtəif kurslarda iştirak edib..
Gizir Elşən Mehbalıyev cəbhənin Tərtər rayonu istiqamətində yerləşən N saylı Xüsusi təyinatlı hərbi hissədə xidmət edib. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi olub. Elşən ilk öncə Murovdağı yüksəkliyinin alınmasında daha sonra Talış və Suqovuşan kəndlərinin işğaldan azad edilməsində gedən ağır döyüşlərdə iştirak edib. Noyabr 4-də şəhidlik zirvəsinə yüksəlib.. Elşəndən iki yaş kiçik qardaşı Elnur da xüsusitəyinatlı qüvvələrdə xidmət edib. Hər iki qardaş cəbhənin müxtəlif istiqamətlərində Vətən müharibəsində iştirak edərək döyüşüb. Elnur Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanır... Tibb məntəqəsinə gətiriləsə də, sonradan müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılır. Qardaşının şəhid xəbərini döyüşdə olarkən alır. Elşən və Elnur qardaşları göstərdikləri şücaətə, igidliyə görə müxtəlif orden və medallarla təltif ediliblər.
Azərbaycan Ordusunun kiçik giziri olan Elşən Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Mehbalıyev noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunun Otuzikilər kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elşən Mehbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tahirə Qafarlı
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub