Ay Laçın, can Laçın, can sənə qurban, LAÇIN!

08:34 21-07-2023 | icon 1318 | Cəmiyyət
Ay Laçın, can Laçın, can sənə qurban, LAÇIN!

LAÇINA QAYIDIŞ... Nə gözəl səslənir. Hər həftə bir karvan yol alır üzü Laçına...

 

Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən rayonlarımızın bərpa-quruculuq işlərinə start verilib. Bunun əsas məqsədi isə dədə-baba torpaqlarından 30 il didərgin düşən şəxslərin qısa müddətdə öz yurdlarına qayıtmağıdır. Dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də lava limanlarının tikintisi "Böyük qayıdış" adı altında həyata keçirilir.

 

Şərqi Zəngəzurun Zəngilan rayonunda yerləşən Ağalı kəndinə ailələrin köçürülməsindən artıq 1 il ötdü.

 

Eyni zamanda, Ağdam, Kəlbəcər, Şuşa, Xocavənd və Laçına da köçürülmə prosesləri həyata keçirilməyə başlanıb. Artıq Laçın şəhərinə 57 ailə, 217 nəfərin daimi məskunlaşması üçün köç prosesi baş verib.

 

 

Mahir Abbaszadə: Laçına qayıdış prosesi ilin sonuna qədər davam edəcək

 

Laçın rayonundan deputat Mahir Abbaszadə bildirib ki, Qarabağ işğaldan azad edildikdən sonra qarşıda duran əsas məsələlərdən biri o ərazilərdə bərpa-quruculuq proseslərini həyata keçirmək, sərhədlərimizdə davamlı təhlükəsizliyi və sülhü təmin etmək, beləliklə, uzun illər məcburi köçkün düşmüş insanları öz torpaqlarına qaytarmaq, burada onlar üçün normal həyat şəraiti yaratmaq və iqtisadi imkanlarını artırmaq, dayanıqlı sosial həyatı təmin etməkdir:

 

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu məqsədlə 2022-2026-cı illər "Böyük qayıdış"ı təmin etmək məqsədi ilə bu proqram qəbul edilib. Və dövlət proqramına uyğun olaraq ərazilərin bərpa edilməsi sosial obyektlərin tikilməsi və infrastrukturun salınması, yeni iş yerlərinin təmin edilməsi, vergi və gömrük güzəştlərinin tətbiq edilməsi, sosial müavinətlərin dövlət tərəfindən substrativləşdirilməsi və digər bu kimi mühüm məsələlər öz əksini tapıb”.

 

Müsahibimiz qeyd edib ki, buna uyğun olaraq Laçın rayonunun şəhər mərkəzinin bərpa-quruculuq prosesi sürətlə davam edir. Cəmi 9 ay müddətində Laçın rayon şəhər mərkəzi sürətli bərpa quruculuq prosesləri həyata keçirib. Beləliklə, məcburi köçkünlər Laçın rayon şəhər mərkəzinə köçürülməyə başlayıb:

 

"Bu günə qədər təxminən 111 ailənin geri qayıdışı təmin edilib ki, bu ailələrin də evləri dövlət tərəfindən tamamilə bərpa olunub. Düşünürük ki, bu proses ilin sonuna qədər davam edəcək. Çünki bizdə olan məlumata görə, hər həftənin 2 günü köç prosesi həyata keçirilir. İnsanların Bakı-Sumqayıt-Abşeron ərazisində toparlanması və onların kompakt vəziyyətə gətirilməsi bu ailələrin Laçına köçünün təşkil edilməsi, oraya ailələrin yerləşdirilməsi və yerləşmə prosesindən sonra sənədləşmələrin baş verməsi, bütün bunlar bir prosesdir və ona görə hər həftə bu proses həyata keçirilir ki, bütövlükdə köçürülmə, dayanıqlı sosial ədalətli prinsipləri əsasında aparılsın. Beləliklə, 111 ailə tam köçürülüb və il sonuna qədər 720 ailənin köçürülməsi nəzərdə tutulub”.

 

Onun sözlərinə görə, eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinin bərpası ilə bağlı prezidentin sərəncamı var. Həmin sərəncama uyğun olaraq Azərbaycan Respublikasının qaçqınların və məcburi köçkünlərin rifahı üçün dövlət büdcəsindən vəsait ayrılıb. Burada da işlər sürətlə həyata keçirilir:

 

“Düşünürük ki, təxminən işlər sentyabr ayına Zabux sakinlərindən təxminən 223 ailə və Sus kəndinə isə oktyabr-noyabr aylarında insanlar öz doğma yurdlarına qaytarılacaq və beləliklə, Laçın rayonunda ilin sonuna qədər təxminən 1000 ailənin geri qayıdışı reallaşdırılacaq”.

 

M.Abbaszadə bildirib ki, Azərbaycan dövləti tərəfindən bu ərazilərə qayıdış təkcə insanların geri qayıtması, iqtisadi imkanların artırılması, yeni iş yerlərinin təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi ilə bağlı deyil. Eyni zamanda, təhlükəsizlik məsələlərinin təmin edilməsi ciddi məsələlərdən biridir:

 

“Dövlət tərəfindən təhlükəsizlik məsələlərinin həll edilməsi ilə bağlı da ciddi işlər görülür. Bir tərəfdən ərazilərdə minaların tamamilə təmizlənməsi, mina təhlükəsinin aradan qaldırılması, digər tərəfdən isə sərhədlərimizin davamlı olaraq təhlükəsizliyinin təmin edilməsi ciddi məsələlərdəndir".

 

M.Abbaszadənin sözlərinə görə, təkcə Laçın rayonunda deyil, Zəngilan, Qubadlı və Kəlbəcər istiqamətində Azərbaycan ordusu, silahlı qüvvələrimiz Azərbaycan sərhədlərini kifayət qədər ciddi, etibarlı şəkildə qorumaqdadır:

 

"Burada fəaliyyət göstərən Azərbaycan ordusunun birləşmələri bütün hərbi texnikalar ilə təchiz edilib. Bizim oradakı postlara aparacaq bütün kommunikasiyalar tamamilə yenidən qurulub. Yolların çəkilməsi, qaz, işıq, su sisteminin quraşdırılması, mühafizə məntəqələrində və müşahidə postlarında yüksək səviyyədə bütün kommunikasiyalar və normal iş şəraiti yaradılıbdır. Və beləliklə, Azərbaycan silahlı qüvvələri Azərbaycan sərhədlərini yüksək səviyyədə qorumaqdadır. Təhlükəsizliyin təmin olunmasında əsas məsələlərdən biri Xankəndi-Laçın yolunun Xankəndi-Goruş yolunun Laçın rayon ərazisindən keçən hissəsində sərhəd keçid məntəqəsinin qurulmasıdır. Sərhəd keçid məntəqəsinin qurulması həm sərhədlərimizə davamlı təhlükəsizliyin, sülhün təmin olunması, eyni zamanda Qarabağda hərbi risklərin azalması nöqteyi nəzərdən çox vacib bir məqamdır. Çünki bilirik ki, Qarabağda yaşayan ermənilər və ya İrəvanda yaşayan ermənilər bu yoldan humanitar məqsədlər üçün deyil, hərbi məqsədlər üçün istifadə edirdilər. Ermənistan ərazisində olan hərbi silah-sursatın, minaların, canlı qüvvələrin, xarici kəşfiyyat orqanının nümayəndələrinin, Azərbaycan tərəfindən rədd edilmiş arzuolunmayan şəxslərin Qarabağa səfərlərinin təşkil olunması bu yol vasitəsilə həyata keçirilirdi. Bütün bunlar isə 10 noyabr bəyannaməsinin müddəalarına tamamilə ziddir. Bu nöqteyi-nəzərdən bu əraziyə qoyulmuş sərhəd keçid məntəqəsi həm Qarabağın daxilində, həm də sərhədlərimizin davamlı təhlükəsizliyinin və sülhün təmin olunmasında mühüm rol oynayır. Yəni, bu sərhəd keçid məntəqəsi Azərbaycanın suveren ərazisində Azərbaycan silahlı qüvvələri tərəfindən qoyulub. Ermənilərin uzun müddət bu keçid məntəqəsi ilə bağlı qaldırdığı propaqandalar heç bir nəticəsini verməyəcək. Çünki artıq bu yaxınlarda müraciət olunmuş məhkəmə də ermənilərin iddialarını rədd etdi və beləliklə, Azərbaycanın öz suveren ərazisinə qoyduğu sərhəd keçid məntəqəsi həm Azərbaycanın sərhədlərinin, həm də Azərbaycanın daxilində olan təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır".

 

Müsahibimiz sonda qeyd edib ki, qarşıdakı illərdə də istər Şərqi Zəngəzur, istər Qarabağ iqtisadi rayonlarına böyük qayıdış prosesi sürətlə davam edəcək:

 

"Möhtərəm cənab prezident tərəfindən bu ərazilərdə yaşayış məntəqələrinin böyük əksəriyyətinin təməl qoyma mərasimi keçirilib. Ərazilərdə tikinti işləri sürətlə davam edir. Elə hesab edirəm ki, bundan sonrakı müddətdə ölkə rəhbərinin siyasi iradəsi və Azərbaycan dövlətinin imkan verdiyi siyasi güc və eyni zamanda Azərbaycan xalqının uzun illərlə gözlədiyi bu proses sürətlə davam edəcək. Və insanlar öz ata-baba yurdlarına köçərək daimi yaşayacaqlar".

 

 

Arzu Zeynallı: Gedib çatacam yurduma, Baş qoyacam torpağıma

 

Əslən Laçından olan jurnalist Arzu Zeynallı da açıqlama verib:

 

"LAÇINA QAYIDIŞ... Nə gözəl səslənir. Hər həftə bir karvan yol alır üzü Laçına”...

 

Ata ocağının hələ tikilmədiyini deyən A.Zeynallı qeyd edib ki, bununla belə artıq özlərini Laçındaymış kimi hiss edirlər:

 

“Təbii ki, hüzür var içimizdə - atamız, nənəmiz, əmimiz, əmimiz oğlanları bizimlə getmir. Allah hər birinə rəhmət eləsin. Bilirik ki, ruhları bizdən də öncə oralarda dolaşır...

Laçın işğaldan azad ediləndə anamdan soruşduq ki, sevinirsənmi, qayıdırıq. Əvvəlcə gülümsədi, sonra gülüşü üzündə dondu, dedi ki, - "kim qalıb ki... " Laçın həsrətiylə dünyasını dəyişən əzizlərimizi nəzərdə tuturdu 75 yaşlı anam... Hər şeyə rəğmən qayıdırıq...”

 

Onun sözlərinə görə, qardaşı indiyədək iki dəfə gedib Laçına:

 

“İkinci səfərində telefonla görüntülü danışdıq. Laçında aparılan tikinti işlərini canlı gördüm. Sürətli iş gedir. İlin sonunadək xeyli insanlarımız evlərinə dönəcək. Qayıdış o qədər hazırlıqlı həyata keçirilir ki, artıq burada iş yerləri ilə təmin olunanlar da var”.

 

Həmkarımız qeyd edib ki, indi hər evdə Laçına qayıdışa hazırlanır, orada nə işlə məşğul olacaqları müzakirə edilir. Laçını heç vaxt görməyən laçınlılar da böyüklərin bu müzakirələrinə həvəslə qatılırlar. İllərdir böyüklərdən nağıl kimi eşidib sevdikləri Laçını, nəhayət, canlı görəcəklər:

 

“Düzdür, yenilənmiş Laçını təsvir edildiyi kimi görməyəcəklər, amma görəndə tanıyacaqlar. İzlər özünü göstərəcək. Qürurvericidir.

Laçınla görüşümü həmişə xəyal edirəm. Hər dəfə də içimdə hönkürtü hiss edirəm. Bir hönkürə bilsəm... 30 ilin boğazımda vurduğu düyün bir açılsa... Şeirlərimin birində yazmışdım -

 

Gedib çatacam yurduma
Baş qoyacam torpağıma
Bir hönkürmək hönkürəcəm..
.

 

...Qardaşımla görüntülü danışarkən Laçındakı dəyişiklikləri də gördüm. Şəhərin başı dediyimiz hissədə bayraq meydanı qurulur. 1941-45 abidəsi dəyişdirilib. Dal küçə ilə qabaq küçənin ortası tamam açılıb. Bircə Dağdağan bulağı olduğu kimi qalıb. Mədəniyyət evi də təzədən tikilir. Qayıdanda müasir Laçınımızı görəcəyik. Zatən bu 30 ili Laçın özümüzdə olsaydı da zamanla müasirləşər, daha da gözəlləşərdi. 30 ili qısa zaman kəsiyində bərpa etmək ağlasığmaz olsa da, görülən işlər göz önündədir. Yalnız torpağın əsl sahibləri bu quruculuğa qadirdilər. Yaşayacağıq, yaradacağıq, artıb çoxalacağıq, düşmənlərimizə göz dağı olacağıq...

 

Bizim Laçındakı evimiz ümid edirəm ki, ilin sonunadək hazır olacaq. Qardaşım artıq ata ocağını yandırmaq üçün səbirsizlənir. Laçına gedəndə demək olar ki, yalnız bir tərəfinin hasarı olan evimizin həyətində əkdiyi ərik ağacını görəndə hansı hissləri keçirdiyini laçınlılar yaxşı bilər. Ağac 30 illik qocaman ağac olub. Qardaşım çox istəyir ki, o ağac da yeni tikiləcək evin həyətində qalsın, amma yeni tikili zamanı bu nə qədər mümkün olacaq bilmirəm. Hər bir halda 30 ildən sonra gedib kiçik bir yadigarla, xatirəylə görüşmək o qədər şirindir ki…

 

...Laçına köç edən hər maşın karvanını, yerləşdirilən ailələrin, sakinlərimizin sayını izləyirəm. Say artdıqca o balaca Laçınımızın böyüdüyünü görürəm.

...Nə xoşbəxtəm ki, Laçını yenidən görəcəm. Nə xoşbəxtəm ki, laçınlıyam. “Laçın kimi qız”, “Laçın kimi oğlan”, “Laçın vaxtlarım idi” deyimlərinin özü Laçının vəsfidir. Hər bir şəhər və rayonumuz, kəndimiz gözəldir, amma siz heç bu ifadələrin başqa rayon, yaxud şəhər adı ilə deyildiyini eşidibsiz? Təbii ki, yox. Bax Laçın həm də bununla özəldir".

 

A.Zeynallının sözlərinə görə, işğaldakı Laçınla azad edilən Laçın eynidir:

 

"Görünüş nə qədər dəyişsə də, havası, suyu həməndir. Bu elə su, elə hava ki, yurduna qayıdan hər kəs içdikdə, nəfəsinə çəkdikdə özünə qayıdır. Bu da o demək ki, qayıdış yalnız yurdumuza, dədə-baba ocağımıza qayıdış deyil, həm də özümüzə qayıdışımızdır. Biz torpaqlarımıza qayıtmaqla özümüzə qayıdırıq..."

 

"Allah bu imkanı bizlərə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, onlara əbədi minnətdarlığımız var. Qüdrətli ordumuz, Ali Baş Komandanımız var olsun!", - deyə Arzu Zeynallı vurğulayıb.

 

 

Vüsal Məmmədov: Azərbaycan dövləti orada bir cənnət yaradır

 

Əslən Laçından olan jurnalist Vüsal Məmmədov da öz duyğularını bölüşüb:

 

"Mən Laçında doğulmuşam, ancaq Ermənistanın işğalçı siyasəti ilə bağlı olaraq təəssüf ki, Laçında böyüməmişəm. Biz öz kəndimizi tərk edəndə mənim 6 yaşım var idi. Çox şükürlər olsun ki, təxminən bir qərinə sonra olsa da, Laçına yenidən qovuşduq”.

 

Onun sözlərinə görə, peşə fəaliyyəti ilə əlaqədar olaraq, çəkiliş qrupu ilə bir neçə dəfə Laçın şəhərində olub:

 

“İşğaldan azad edildiyi ilk vəziyyəti ilə indiki Laçını müqayisə etmək imkanımız var. Və bu müqayisə ermənilərin darmadağın etdiyi, izlərimizi silməyə çalışdığı Laçın şəhərində Azərbaycanın bir cənnət yaratdığını təsdiq edir. Tam mübağiləsiz deyə bilərik ki, Azərbaycan dövləti orada bir cənnət yaradır. Bu yenidənqurma, bərpa prosesi həm bizim gücümüzü, həm də Azərbaycan xalqının qayıdış entuziazmını özündə əks etdirir”.

 

Laçının Güləbird kəndində doğulduğunu deyən müsahibimiz bu kəndin cənab prezident tərəfindən təməlinin qoyulması mərasimində də iştirak etmək xoşbəxtliyini yaşadığını vurğulayıb:

 

“Səbirsizliklə gözləyirəm ki, bizim kənd də Azərbaycanın həyat verib yenidən qurtardığı digər kəndlərimiz kimi müasir kənd kimi Güləbirdliləri qəbul edəcək. Torpaqlarımızın işğaldan azad olunması birinci tarixi missiyanın uğurla tamamlanması idi, indi ikinci tarixi missiyaya şahidlik edirik - Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış. Bütün bunlar təkcə beynəlxalq hüququn təmin olunması deyil, həm də tarixi ədalətin bərqərar olunmasıdır”.

 

Ümidvarıq ki, qısa müddət ərzində nəinki Laçın, Zəngilan, bütün Qarabağda - Şuşada, Kəlbəcər, Xocalıda köç prosesi uğurla həyata keçiriləcək. Sakinlər 30 illik həsrətə son qoyub öz yurdlarında məskən salacaqlar. /Bakıvaxtı.az/

 

Xəyalə Rza
/Yazı Media İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI