Mövsüm dəyişikliyi zamanı tez – tez virus infeksiyalarının baş qaldırdığının şahidi oluruq. Bu ən çox hava dəyişikliyi, immun sistemin zəifliyi, qida ilə kifayət qədər vitamin qəbul etməməklə əlaqəlidir. Törədici amil, əlbəttə də ki, nəzərə alınmalıdır. Lakin xəstəlikdən yayınmaq üçün ilk növbədə immun sistemi güclü olmalıdır.
Məşhur fizioloq Klod Bernard demişdir: mikrob əsas deyil, əsas mühitdir. Burada mühit sözünü immun sistemi kimi də qiymətləndirə bilərik. Dogurdan da, tez –tez rast gəlirik ki, müəyyən virus infeksiyası yayılan zaman bir ailədəki insanların və ya eyni otaqda işləyən insanların hamısı bu xəstəliyə yoluxmur. Burada məhz immunitet öz sözünü deyir. Normal immun sistemi orqanizmi təkcə infeksiyalardan deyil, bədxassəli xəstəliklərdən də qoruyur.
Hər bir mövsüm dəyişikliyi özlüyündə mövsümə uyğun xəstəliklərin aktivləşməsinə səbəb olur. Payız-qış mövsümündə əhali arasında ən çox yayılan kəskin respirator xəstəliklərdir. Kəskin respirator xəstəliklər bir neçə kəskin infeksiyanın ümumi adıdır. Kəskin respirator xəstəliklər ümumi əlamətləri ilə birləşmiş xəstəliklər qrupudur.
1.Onlar infeksion mənşəlidirlər: viruslar və bakteriyalar tərəfindən törədilir.
2. Xəstəlik törədiciləri orqanizmə hava-damcı yolu ilə tənəffüs sistemi vasitəsilə keçirlər.
3. Kəskin respirator xəstəliklər zamanı (KRX) birinci növbədə məhz tənəffüs üzvləri zədələnirlər. Ona görə də xəstəliyi respirator adlandırırlar.
KRX yer kürəsində ən çox yayılmış xəstəliklərdir. Dünyada hər il 1mlrd-dan çox xəstəliyə yoluxma halları qeyd olunur. KRX ən çox uşaqlarda müşahidə olunur. Həyatının ilk ayında körpələr nadir hallarda xəstələnir, çünki onlarda transplasentar passiv immunitet saxlanılır. Xəstələnmə ən çox 6 aydan 3 yaşa qədər olan uşaqların payına düşür. Bu da onların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Əslində uşaq xəstələndikcə onun immuniteti formalaşır. Amma təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizəsinin zəifləməsinə, ikincili infeksiyanın qoşulmasına, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur, uşağın inkişafını ləngidir.
KRX hər yerdə rast gəlinir. Epidemik və pandemik yayılmağa meyillidir. Epidemik prosesin gedişində törədicinin rekombinant variantları əmələ gəlir ki, bunada əhali həssas olur. Belə həssaslıq xəstələrin sayının çox tez artmasına səbəb olur. İnfeksiya asanlıqla ötürülür və xəstəlik sürətlə yayılır. İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Virus yuxarı tənəffüs yollarının selikli qişasından asqırma, öskürmə, danışıq və tənəffüs zamanı xaric olur və aerozol şəklində havada asılmış vəziyyətdə saxlanıla bilər. Bəzən infeksiya qulluq əşyaları, qab-qacaq və digər vasitələrlə ötürülə bilər. Viruslar və bakteriyalar tənəffüs yollarına düşür və qanla bütün orqanizmə yayılan zərərli maddələr və toksinlər yaradır. Keçirilmiş xəstəlikdən sonra immunitet davamlı deyil və ona görə də hər bir insan ildə bir neçə dəfə KRX-la yoluxa bilər.
KRX və KRVİ zamanı əsas müşahidə olunan kliniki sindromlar:
İntoksikasiya sindromu: Hərarətin yüksəlməsi, baş ağrısı, başgicəllənmə, zəiflik və əzginlik, əzələ və oynaqlarda ağrılar, ürəkbulanma, qusma, üzün hiperemiyası, ənsə əzələlərinin gərginliyi, konyuktivit, gözdə sklera damarlarının həssaslığı, tərləmə, petexial səpkilər və s. simptomlar müşahidə oluna bilər.
Kataral sindrom: Boğaz ağrısı, burun tutulması və axması, öskürək, badamcıqlarda sianoz və ödem kimi simptomları özündə birləşdirir.
Hemorragik sindrom: Adətən 5-10% hallarda müşaiyət olunur. Yumşaq damaqda papulyoz enantema və kiçik qansızma ocaqları, burundan qanaxmalar ola bilər. Bu sindromun ağırlaşmış forması ağ ciyərlərdə müşahidə olunan hemorragik ödemdir.
İnformasiya və dərman preparatlarının çoxluğu bəzən insanları səhv “özünümüalicə” üsullarına sövq edir. Bunun nəticəsi olaraq ağırlaşmalar baş verir. Məsələn, xroniki faringit, xroniki rinit, xroniki laringit, bronxit, xroniki otit v.s. KRX zamanı ən çox rast gəlinən ağırlaşmalardan biri də ağciyər iltihabı, yəni pnevmoniyadır.
Pnevmoniyanın ağırlaşması daha çox yaşlı adamlarda, immuniteti zəif insanlarda və mükəmməl immunitet sisteminə malik olmayan uşaqlarda müşahidə olunur. İmmuniteti zəiflədən səbəblərdən biri də antibiotiklərdən sui istifadədir. Təəssüf ki, günümüzdə antibiotiklərin tətbiqi bakterial infeksiyalarla məhdudlaşmır, virus infeksiyalarında da geniş istifadə edilir. Bu zaman antibiotiklər viruslara təsir etmədiklərinə görə etiotrop vasitə sayılmır. Antibiotiklər özlüyündə immun sistemini zəiflədir, yanaşı təsirləri olduqca ciddi patoloji reaksiyalara səbəb ola bilir. KRX zamanı digər ağırlaşmalardan biri də limfadenitdir- limfa düyünlərinin iltihabı. Əsasən boyun bölgəsindəki limfa düyünləri zədələnir. Əlavə olaraq sinusit- burun ciblərinin iltihabı, irinli larinqotraxeit, radikulonevritlər, nevralgiya, bronxit, ağciyərlərin hemorragik ödemi və s. ağırlaşmalar müşahidə oluna bilər.
Soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır. Bunun üçün düzgün və faydalı qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin qəbulu lazımdır.
KRVİ zamanı antibiotiklərin təyini göstərişin və seçim preparatlarının dəqiq əsaslandırılmasını tələb edir.
Müasir dövrdə bir çox xəstəliklərin müalicəsində uğurlar əldə edən biotənzimləyici terapiya KRX-in müalicəsində də üstünlük təşkil edir. /medicina.az/
Versus.Az