Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

10:17 13-01-2021 | icon 115 | Şəhidlər və şahidlər
Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

O, Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib

 

Tarixən müharibələr qan-qada törətdiyi üçün lənətlənilib və arzuolunmaz hesab olunub. Erməni vandalları tərəfindən torpaqları işğal olunmuş Azərbaycan xalqı isə əzəli torpaqlarının azad olunması üçün yeganə yol olan müharibənin olmasını nəinki dəstəkləyir, hətta arzulayırdı. Odur ki, Vətən müharibəmiz başlandıqda xalqımız ayağa qalxaraq bir yumruğa çevrildi. Analar oğullarını "Vətən sənə əmanət" deyib, gülə-gülə torpaq uğrunda savaşa göndərdi. Ölkəmizin hər tərəfindən yaşından aslı olmayaraq müharibəyə qatılan qorxmaz igidlərin adı Azərbaycan adı ilə eyniləşdi. Onlardan ən seçilmişlərinin qanı isə Qarabağ torpaqlarına qarışdı və ona daha da müqəddəslik bəxş etdi. Vaxtı ilə döyüşlərdə Şəhid olmuş igidlərimizin qisasını Qarabağın Qarabağ sevdalı igidləri aldı. Heç vaxt bitişməyən Qarabağ yaramızın dərmanı olan ərənlərimizin hərəsi bir tarix oldu...

 

Tarix olan qəhrəman igidlərimizdən biri - Şəhid Bəhruz Əliyev də Qarabağsız Qarabağ sevgisi ilə doğulmuşdu. Bəhruzun anası Leyli xanım əslən Qarabağın dilbər guşələrindən olan Laçından idi. Bakının Maştağa qəsəbəsinə gəlin köçmüş Leyli xanım özü ilə qəlbində gəzdirdiyi Vətən nisgilini hələ körpəlikdən ana südü ilə övladlarına ötürmüş, Qarabağ sevgisi ilə doğulmuş övladlarının qəlbinə ermənidən torpaqlarımızı mütləq geri almalıyıq deyimini isə müqəddəs laylay kimi əbədi həkk etdirmişdi. Məhz bu deyimin qüvvəsi hərbi xidmətdə olan Bəhruzun müharibənin ilk günlərindən ön cəbhəyə getmək istəyini bildirməsinə zəmin yaratmışdı...

 

Əliyev Bəhruz Elman oğlu 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki 187 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Peşə seçmək və peşəyə yiyələnmək istəyi onu qəsəbədəki 13 saylı peşə liseyinə gətirmiş, seçdiyi aşpaz ixtisasına yiyələnərək 2015-ci ildə həmin liseyin məzunu olmuşdur.

 

Bəhruz 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə çağırış vərəqəsi alır. Tibbi Komissiyadan keçdikdə səhhətində problemlər aşkar olunur. Buna görə də səhhətindəki problemlərin aradan qaldırılması və müalicə olunması üçün ona müəyyən müddət verilir. Lakin bu müddət başa çatmamış, o, artıq 2019-cu ilin sentyabr ayından sənədlərini yığmağa başlayır və könüllü olaraq oktyabr ayının 22-sində hərbi xidmətə yola düşür. Goranboy rayon Ballıqaya kəndində N saylı Hərbi Hissədə xidmətə başlayan Bəhruz sonradan xidmətini Tapqaraqoyunlu kəndində davam etdirir.

 

Bu müddətdə Bəhruz motoatıcılıq kurslarına cəlb edilir. Bəhruzun hələ uşaq ikən atıcılığa xüsusi marağının olması keçirilən yarışlarda 1-ci yerə layiq görülməsi ilə nəticələnir. Bəhruz Atıcılıq kurslarında dəfələrlə 1-ci yerə layiq görüldüyü üçün atıcı vəzifəsindən baş atıcı vəzifəsinə təyin edilir.

 

Sentyabr ayının 27-si Qarabağ müharibəsi başlandıqda könüllü olaraq ön cəbhədə xidmət etmək istəyini bildirən Bəhruz müharibənin ilk günləridən düşmənin 2 tankını, snayperlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Bəhruz yaralı əsgər yoldaşlarının da müharibə zonasından çıxarılmasına köməklik edir. Sentyabrın 28-i son dəfə yaralı əsgər dostunu xilas edib döyüşə qayıtdıqda düşmənin atdığı minamyot qəlpələri sağ ayağını ağır yaralayır. Hospitala çatdırılarkən kəskin qanitirmədən Şəhidlik zirvəsinə ucalır.

 

Anası Leyli xanımın dediklərindən: "Bəhruz 11 ayın əsgəri idi. Bu müddətdə üzünü bir dəfə də görmədik".

Oğlundan danışarkən qürurla dik dayanan ana "Mən arxayın idim ki, Bəhruz verilən tapşırıqları yerinə yetirəcəkdir" - deyir. " Yaxşı ki, mənim oğlum da Vətən müharibəsində iştirak edib". "Bəhruzun qanı da vətən torpağına qarışdı" - deyən ana qürurla oğlunun şəklini öpür.

 

Oğlu ilə fəxr etdiyini söyləyən atası Elman Əliyev: "Sentyabrın 27-si Bəhruza zəng vurdum. Telefonu Bəhruzun əsgər yoldaşı götürdü və dedi ki, biz yaralanmışıq əmi, məni və digər 20 nəfərə yaxın adamı Bəhruz xilas edərək arxaya qoyub, özü isə döyüşdədir".

 

Ürəyində oğlu ilə fərəhlənən ataya sentyabrın 28-i Maştağa qəsəbə nümayəndəliyi zəng edərək, oğlunun qəhrəmanlıqla Vətən uğrunda Şəhid olduğunu söyləyir. Bəhruz sentyabrın 28-i Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlir.

 

Sentyabr ayının 29-u Bəhruzun böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsi kəndin Vətən müharibəsində qəhrəmanlıq göstərən və Şəhadətə yüksələn ilk igidini böyük hörmət və ehtiramla qarşılayır. Bəhruz yüzlərlə insanın çiynində böyük sayğı ilə doğma kəndinin küçələrindən keçərək, Şəhidlər Xiyabanında dəfn edilir. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Şəhid Bəhruz Əliyev "Vətən uğrunda" və "Laçının azad olunması uğrunda" medalları ilə təltif olunur.

 

Məqamın qarşısında baş əyirəm, Şəhidim.

 

Mehriban SADIQOVA
/Filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

"Vətən məni çağırsa, yenə getməyə hazıram"