"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

13:18 13-04-2021 | icon 952 | Siyasət
"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

Əhməd Oruc: “Həm hakimiyyətdə, həm cəmiyyətin daxilində bu prosesi pozmağa yönəlik çoxlu cəhdlər var”

 

44 günlük vətən müharibəsindən sonra əldə olunan hərbi və diplomatik qələbənin tam başa çatdırılması üçün proseslər davam edir. Torpaqlarımızın tam azadlığına qovuşması, mövcud problemlərin həlli istiqamətində görülən işlər eyni zamanda vəziyyətin nə qədər gərgin olduğunu meydana çıxarır. Belə bir situasiyada siyasi partiyaların rolu və mövcud durumda proseslərdə iştirakı birmənalı qarşılanmır.

 

Versus.Az xəbər verir ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc müsahibəsində bir çox nüanslara diqqət çəkib.

 

“Bizim hakimiyyəti dəstəkləməyimiz şərtdir

 

- Əhməd bəy, 44 günlük Vətən Müharibəsindən sonra hazırki ictimai-siyasi durumu necə dəyərləndirirsiz, iqtidar-müxalifət partiyalarında hansı yeni münasibətlər formalaşır?

 

- 44 günlük müharibədən sonrakı dönəmi əsasən müharibədə əldə olunan nəticələr şərtləndirir. Azadlıq Partiyası olaraq hələ də hakimiyyətə dəstəyimizi birmənalı sürdürürük. Hesab edirik ki, Qarabağda azərbaycanlılar məskunlaşana qədər, Qarabağın Rusiyanın nəzarətində olan hissəsində Azərbaycan hakimiyyəti tam bərqərar olanadək, Azərbaycanla Naxçıvan arasındakı dəhliz tam fəaliyyət göstərənə qədər bu proses bitməyəcək. Yəni birliyə ehtiyac var və bizim hakimiyyəti dəstəkləməyimiz şərtdir. Hesab edirəm ki, Azərbaycanın uğurlu şərti Azərbaycandakı milli birliyi qoruyub saxlamaqdır. Düşünürəm ki, Azərbaycanın əldə etdiyi nəticələrə ən böyük təhdid də milli birliyin pozulması ola bilər. Ona görə də, bizim qənaətimizcə, Azərbaycanda hakimiyyətin Qarabağla bağlı yürütdüyü siyasəti dəstəkləmk lazımdır. Ölkədə hər hansı bir çalxalanma, qarşıdurma, iğtişaş havası olmamalıdır.

Ancaq həm hakimiyyətdə, həm cəmiyyətin daxilində bu prosesi pozmağa yönəlik çoxlu cəhdlər var. Bilirsiz ki, beynəlxalq güclər arasında Dağlıq Qarabağ probleminin indiki vəziyyəti ilə bağlı Amerika, Fransa kimi narazı qüvvələr var. Onlar hesab edir ki, Türkiyənin prosesə müdaxiləsi və onların prosesdən kənarlaşdırılması qətiyyən doğru deyil. Rusiya da ikibaşlı oyun oynayır. Bir tərəfdən Türkiyə ilə münasibətləri genişləndirir, bir tərəfdən isə digər vasitəçilərlə oyunu davam elətdirir. Belə vəziyyətdə böyük güclər, beynəlxalq güclər Azərbaycanın daxilinə nüfuz etmək üçün Dağlıq Qarabağ problemi ətrafında Azərbaycandakı fikir ayrılıqlarından bəhrələnməyə çalışırlar.

 

- Sizcə xarici təsirlər narazı kəsimi aktivləşdirmək üçün hansı problemləri əsas götürə bilər?

 

- Açığı bizim sosial və digər məsələlərlə bağlı çoxsaylı narazılıqlarımız və narahatlıqlarımız var. Hesab edirik ki, indiki hakimiyyət bu sosial məsələlərə məsuliyyətsiz yanaşır. Xüsusi olaraq Şəhid analarına, qazilərə, əlillərə münasibətdə, hansı ki, həmin həssas təbəqə hakimiyyətin dəstəyini və mənəvi köməyini gözləyir, onlara münasibət birmənalı deyil və tamamilə doğru olmayan bir yanaşmadır. Biz indiki dönəmdə Qarabağla bağlı vəziyyəti başa düşdüyümüzə görə, hakimiyyətə qarşı bir çağırış, kəskin mövqe nümayiş etdirmirik. Digər partiyalara gəlincə, onların sosial məsələlərdə kəskin mövqe göstərməsini başa düşürük və hesab edirik ki, sosial məsələlər, rüşvət, korrupsiyayla bağlı, ölkədəki sosial-psixoloji durumla bağlı bütün narahatlıqların əsası var. Bircə faktı deyim ki, Fövqəladə Hallar Nazirliyi ölkədə intiharların qarşısını almaq, əhalini razı salmaq üçün əlaqə nömrəsi açıb ki, problemi olan şəxslər o nömrəylə problemini müzakirə edərək sakitləşə bilər. O nömrədən birinci növbədə elə hakimiyyətdə olanlar istifadə etməlidir. Onların varlanmaq hərisliyi, ölkəni psixoloji duruma salmaq siyasəti psixoloji cəhətdən normal insanın elədiklərinə bənzəmir. Birinci elə nazirlərin psixoloji yardıma ehtiyacları var. Düşünsünlər ki, xalqın malını çapıb-talamaqla pisliklər eləmək olmaz. Ondan sonra əhalinin ayrı-ayrı təbəqələrinin psixoloji durumu ilə məşğul olmaq olar. Mənə elə gəlir ki, intiharların başlıca səbəbləri məmurların laqeyd münasibıtidir.

 

- Rusiya-Türkiyə məsələsində maraqlı məqamlara toxundunuz, ümumiyyətlə Qafqaza sahiblənmək planı altında hansı siyasətin getdiyi görünür. Rusiya nəyə nail olmağa çalışır?

 

- Torpaqları işğal edib orda erməni dövlətini yaradan, indi də erməniləri ora köçürən Rusiyadır. Rusiya faktiki olaraq 2 əsirdən artıqdır ki, Azərbaycanı özünün əsarətində saxlayıb. Rusiyanın Azərbaycana mövqeyi bəllidir. Onlar bu münaqişə vasitəsi ilə Qafqazada öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Bütün dövrlərdə də buna nail olublar. Yəni Qafqazada parçala hökm sür siyasəti Rusiyanın ən aktiv siyasətidir. İndi də həmin siyasəti aparırlar və heç bir sülhməramlı missiyasını daşımırlar. Və Azərbaycan ərazilərinin ilhaq altında olması, daim burda gərginlik mənbəyinin, konfliktlərin olmasında maraqlıdırlar. Bu, Azərbaycan hakimiyyətlərinin indiyə qədər Rusiyadan asılı olması ilə bağlı olan məsələdir. Görün vəziyyət nə yerdədir ki, Rusiyanın Şuşaya “İsgəndər”atması ilə bağlı bütün beynəlxalq ictimaiyyət, dünya ekspertləri danışır, onu maddi sübut kimi ortaya qoyurlar, amma Azərbaycan hakimiyyəti bunu təkzib edir, münasibət bildirilmir. Noyabrın 9-da  Xırdalana düşən raket də “İsgəndər” raketi idi. Onu ya hava hücumu üzərindən müdafiə qüvvələrimiz partlatdı, ya da özləri. Azərbaycan hakimiyyəti Rusiyanın qarşısında dirçəlmiyənəcən Azərbaycan xalqı öz müstəqil dövlətini qurmaqda çətinlik çəkəcək. Şükr edirik ki, indi Türkiyə regiondadır. Hesab edirik ki, regionda və dünyada Türkiyənin nüfuzu, yeri, rolu artmaqdadır və bu proses paralel olaraq Azərbaycanın da Rusiyadan qurtulmasına, Qafqazda sülhün yaradılmasına Azərbaycanın ərazisinin işğaldan azad edilməsinə səbəbə olcaq.

 

- Hərb və diplomatiya ilə sərhədlərimizin bütövlüyü təmin olundu. “Bəs nəyə görə erməni silahlıları ərazidən  çıxarılmır, hansı əsasla ermənilər Qarabağa köçürülür, niyə Laçında ermənilərə dəhliz verilməlidir” sualları açıq qalır. Bu məsələlərin öz həllini tapması üçün nələri etməliyik? İqtidar-müxalifət dialoqu kontekstində sizin partiya tərəfdən bununla bağlı hans təkliflər var?

 

- Birinci onu deyim ki, iqtidar-müxalifət dialoqu faktiki yoxdur. Müharibədən əvvəl hərdən kontaktlarımız olub, müharibə dövrü bizim dəstəklədiyimiz bəyanatlar olub. Ondan sonra heç bir məsələ müxalifətlə-iqtidar arasında müzakirə mövzusu deyil. 

Azərbaycan vətəndaşlarının Xankəndiyə, Xocalıya və digər ərazilərə köçürülməsi, Azərbaycanın Laçın dəhlizinə birbaşa özünün nəzarət etməsi zəruri bir məsələdir. Biz bilmirik o dəhlizdən ruslar ermənilərə nələr gətirirlər. Orda ermənilər təlimlər keçirir, nə edir bizə məlum deyil. Beynəlxalq hüququn tələb etdiyi zəruri işlər görülmür. Türkiyənin burdakı hüquqi statusu faktiki olaraq əngəllənir. Azərbaycan ictimai fikri Türkiyə ilə hərb əməkdaşlığı gücləndirməsi, birgə hərbi bazanın yaradılması ilə bağlı hakimiyyətin üzərinə getməlidir. Bu, Azərbaycanın taleyüklü məsələsidir. Azərbaycan Türkiyə ilə bu münasibətləri qurmazsa, bundan ruhlanan Rusiya ilə ermənilərin atacağı addımlar başa düşüləndir. Hələ ki, Azərbaycan ictimai-siaysi camiyəsi bu məsələ ilə bağlı dözüm nümayş etdirir.

Bu məsələlərdə əsas iradəni hakimiyyət ortaya qoymalıdır. Artıq noyabrın 10-dan 5 aydan artıq müddət keçir. Hələ də müharibənin nəticəvi sonluğu, Ermənistanın məsuliyyətə alınması ilə bağlı proses görünmür. Bu məsələlərlə bağlı beynəlxalq hüququn yol verdiyi addımlar atılmalıdır. Azərbaycan vətəndaşlarının öz yerlərinə köçürülməsi ilə bağlı işlər görülməlidir. Azərbaycana dəymiş ziyanın hesblanması və bunun beynəlxalq ekspertlər tərəfindən qəbul olunması və digər prosedurlar var. Ermənistanın beynlxalq məhkəməyə verilməsinə, dəymiş ziayanın ödənilməsi ilə bağlı qərara, bu zəruri və mütləqdir.  Ancaq sülhməramlı və digər məsələlərdə Azərbaycan hakimiyyətinin Rusiyanın qabağında sakit durmağı göstərir ki, indiki hakimiyyətdən zəruri addımları gözləmək tezdir. Hakimiyyətin daxili auditoriyaya hesablanmış bəyanatlarının beynəlxalq müstəvidə realaşdıracağı bəlli deyil. Biz Rusiya xofundan qurtulmalıyıq. Türkiyə bu məsələdə Azərbaycanla birlikdə olmalıdır.

Görünən odur ki, Xankəndiyə, Xocalıya nə vaxt qayıdacağımız bəlli deyil. Paralel işğaldan azad olunan ərazilərimizə də nə vaxt qayıdacağımız bəlli deyil. Bununla bağlı nə bir plan, nə də bir yol xəritəsi yoxdur. Hesab edirik ki, əhalini öz yerlərinə qayıtması üçün bir qanun layihəsi hazırlanmalıdır. Eyni vaxtda Prezidentin yanında bir komitə yaradılmalıdır ki, bu işlə məşğul olsun. Həmin komitə də ictimaiyyətə açıq olmalı, orda ictimaiyyət nümayəndələri təmsil olunmalıdır.

 

“Məmurlar insan ləyaqətinə sığışmayan mövqelərdən çıxış edir”

 

- Vətən Müharibəsindən sonra əsgər və qazilərin, şəhid ailələrinin sosial təminatı ilə bağlı bir çox narahatlıq dolu məqamlar var. Neqativləri aradan qaldırmaq məqsədi ilə yaradılan “Yaşat” fondunun aktiv fəaliyyət göstərməsi üçün ictimaiyyət özü nə dərəcədə səfərbərdir?

 

- Açığı bu prosesdə məmurların fəliyyəti yarasızdır. Hələ də müharibədə döyüşmüş bir çox şəxslər müharibə veteranı kimi təsdiq olunmayıb. Qarabağ qazilərinə, əlillərə müavinətlərin təyin olunmasında məmurlar insan ləyaqətinə sığışmayan mövqelərdən çıxış edir. Məsələn Prezident Təqaüdünün həcmi 1500 manatdır. Hardasa 5-6 mahnı oxumuş hansısa məmurun qohumuna o təqaüd verilir, ancaq ayağını itirmiş qazı 230 manat alacaq. Dünyanın hər yerində şəhid ailələrinə, qazilərə  elə müavinətlər təyin olunur ki, onlar özlərini və ailələrini dolandıra bilsinlər. Əslində belə fondlar əlavə yük yaradır və əlavə korrupsiya, rüşvət mənbəyinə çevrilir. İctimaiyyətin bu işdəki birliyinə gəlincə, biz millət olaraq birliyimizi müharibədə göstərdik. Azərbaycan xalqı müharibəyə necə yardım elədi,  Azərbaycan qızları, oğulları döyüş ərazilərinə necə can atdı, biz gördük. Problem xalqda deyil, əsas problem bu istiqamətdə işin düzgün qurulması üçün dövlət mexanizminin olması ilə bağlıdır. Amma məmurlar var ki, onları əsgərin, şəhid ailəsinin, qazilərin taleyi maraqlandırmır. Onlar Moskvadan göstəriş alan bir zümrədir.

 

- Demək əhalini dövlətdən narazı salmaq üçün “5-ci kolon” hələ də yaxşı işləyir?

 

- “5-ci kolon” hakimiyyətdədir. Burda İranın, Amerikanın, Fransanın əlaltıları da burda əlavə kolonlar yaradır. Tutaq ki, bu günlərdə sosial müdafiə naziri açıqlama verib ki, 80 min adamın  təqaüdünü kəsmişik. Əgər bu 80 min qanuni pensiya almırdısa, niyə bu işi araşdırıb korrupsiyaya yol verən qrupları müəyyən etmirsiz? O təqaüdünü kəsdiyin insanlara müavinət təyin edən həkim kommissiyaları, Müdafiə nazirliyinin komissiyaları öz fəaliyyətlərindədir. Təəqaüdünü kəsdiyi adamların nə ilə dolandığını bilirlərmi. Məsələnin araşdırılmaması onu göstərir ki, hər bir sahədə bir quldur işləyir. Əhalinin 80 mininin dolanışığının kəsilməsini bu nazir fəxr sayır. Nə uşaqpulu verilir, nə sosial müavinət verilir. Bu heç bir qanuna sığımır. İnsanların pulunu, hüququnu alıb dilənçi vəziyətə salıblar. Lakin indi elə bir situasiya yaranıb ki, Dağlıq Qarabağda əldə etdiyimiz uğurlu nəticə var və bu nəticələrin də çıxmaması, çaxnaşma yaranmaması üçün dözümlükük göstəririk.  

 

“...onun hardan maliyyələşdiyini, kimin qucağında oturduğunu sübut eliyə bilərəm”

 

- Əhməd bəy, daim tənqidlə yanaşdığınız siyasi partiyaların, xüsusilə müxalifətin fəaliyyətində nə kimi dəyişikliklər var?

 

- Azərbaycanda bu gün müstəqil fəaliyyət göstərən partiya yoxdur. Azadlıq Partiyası və Hacıbaba Əzimovun rəhbərlik etdiyi Azərbaycan Milli Birlik Partiyasından başqa kim buna etiraz edərsə, mən onun hardan maliyyələşdiyini, kimin qucağında oturduğunu sübut eliyə bilərəm.

 

- Özünü daha çox müstəqil hesab edən Milli Şura, Müsavat Partiyası da bu fikirləri digər partiyalar haqqında deyir.

 

- Milli Şuranın sədri gedib oturub cinsi azlıqların qucağında orda boş-boş çərənnəməklə məşğuldur. Azərbaycan müxalifətinin bir araya gəlməsinə imkan verməyən Milli Şuradır. Onlar qorxurlar ki, partiyalar bir araya gələrsə, nə işlə məşğul olduqları, hardan qidalandıqları barədə ictimaiyyətin aydın təsəvvürləri olar. Milli Şura Azərbaycan müxalifətinin bu günə düşməyində müstəsna rola malikdir. Azərbaycanda əxlaqi- mənəvi dəyərləri deqradasiyaya uğradıblar. Onlar İranın, Rusiyanın, Amerikanın istənilən bir sifarişini yerinə yetirmək üçün müzdlu qrupdan başqa bir şey deyillər.

 

- Müxalifətin siyasi partiyaların Ağdama səfəri ətrafında yaratdığı müzakirələri necə dəyərləndirirsiz?

 

- İşğal altında olmuş ərazilərimizə səfərlərin təşkilinin həm də siyasi əhəmiyyəti var. Müsavatın rəhbəri Arif Hacılı isə bunu oyun adlandırır. Arif Hacılı gedib Gürcüstanda ermənilərlə çaxır içə bilər, biz Ağdama gedə bilmərik?! Bir də avtobus da  Azərbaycan avtobusu idi, getdiyimiz yer də Azərbaycan ərazisidir. Hakimiyyətin də borcu bizi ora aparmaq idi. Kimsə getmək istəmirsə özü bilər. Amma onlar başqa yerlərərə gedirlər. Özləri 3-5 gündən bir hansısa mənşəyi bilinməyən təşkilatların çağırışı ilə Avropaya gedirlər, amma burdan Ağdama getməyimiz ayıb sayılır?! Bu mövqe nataraz və düzgün olmayan mövqedir.

 

- Əhməd bəy, partiyanız ofislə təmin olundumu?

 

- Bizə ofis təklif ediblər, amma yararlı olmadığına görə imtina elədik. Təbii ki, istifadəyə yararlı normal ofisin verilməsini gözləyirik. Digər tərəfdən, partiyaların ofislə təmin olunması qanunidir. “Siyası partiyalar haqqında” qanuna görə, hökumət bütün partiyaları ofislə təmin etməli, partiyaların rayon şöbələrinin fəaliyyətinə imkan yaradılmalıdır. 20-25 il idi ki, bu proses pozulmuşdu. Müəyyən islahatlar əsasında hökumətdə edilən müsbət kadr dəyişikliyi nəticəsində bu məsələyə müsbət yanaşılır. Müsavatın özünün illərdir ki, ofisi var. Amma nədənsə  başqa partiyalara ofis verilmsi onlara əcaib gəlir. Bu cür əcaib təfəkkür tərzi Azərbaycan  müxalifətinin başında dayananlarda var. Ona görə müxalifət bu gündədir. Ölkənin ciddi problemlərinin həllinə yönəlik məsələlər ətrafında danışmaqdansa, yersiz intriqalarla məşğuldur.

 

- Hazırda Azadlıq Partiyası fəaliyyətini hansı istiqamətdə davam etdirir?

 

- Əvvəl gördüyümüz işləri davam etdiririk. Çalışırıq ki, imkan daxilində Azərbaycanın mövqelərinə, siyasi kursuna Türkiyəyə münasibətdə milli maraqlara uyğun mövqe sərgiləyək.

Hakimiyyətlə görüşlərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği ilə bağlı təkliflər vermişik. Azərbaycanın sabahı ilə bağlı çox ümidliyik. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər