"Müasir dövrdə əsas məsələ bacarıqlara düzgün yiyələnməkdir”
“Gün ərzində bir saat təhsil sahəsində olan ab-havanı müşahidə etmək üçün sosial şəbəkədəki rəyləri oxuyuram”.
Versus.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev İctimai teıeviziyanın “Sabahın xeyir, Azərbaycan” verlişinin “Qonağımız var” rubrikasına qonaq olarkən deyib.
Nazir gününün necə keçdiyini və hansı işlərlə məşğul olduğunu izləyicilərlə bölüşüb:
“İş günüm adətən səhər saat 09:00-da başlayır və axşam 21:00-a kimi davam edir. Onun əsas hissəsi Təhsil Nazirliyində keçir. Günümün müəyyən qismini ictimaiyyətlə əlaqələrə ayırıram. Hər gün sosial medianı izləyirəm. Çalışıram ki, insanların yazdığı şərhləri oxuyum. Gün ərzində bir saat buna vaxt ayırıram. Bu mənə təhsil sahəsində olan ab-havanı anlamağa şərait yaradır”.
Emin Əmrullayev məktəb illərinə qayıdaraq, həmin günləri yada salır və xatirələrini bölüşür:
“Məktəb illərim mənə çox uzun gəlir. Geri dönüb baxdıqda 11 il olduqca uzun zaman kəsiyidir. Əsasən, bizim nəslin orta təhsil dövrü çətin illərə təsadüf edib. Oxuduğum zamanlar qış vaxtı çox soyuq olurdu. Dərsdə üşüdüyümüz üçün gödəkçə ilə otururdum. İctimai nəqliyyatdan çox istifadə edirdim, buna görə də səhər və axşam metroda basa-basla qarşılaşırdım”.
Təhsil naziri ən sevdiyi fənin hansı olduğunu da diqqətə çatdırır:
“Ən sevdiyim fənn riyaziyyat olub. Hətta indi də riyaziyyatı çox sevirəm. Lakin düşünürəm ki, müasir dövrdə əsas məsələ bacarıqlara düzgün yiyələnməkdir”.
Emin Əmrullayev gün ərzində televiziya kanallarını da izləməyi unutmur:
“İşimlə əlaqədar olaraq daha çox xəbərlərə və rəsmi səpgidə olan verlişlərə baxıram. Bəzi hallarda isə internetdə gedən xəbərləri oxuyuram. İntellektual verlişləri də izləməyi sevirəm. “Əlaçı”, “61” kimi teleproqramları qaçırmamağa çalışıram”.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"