İnam ünvanı, ümid qaynağı

16:39 13-01-2022 | icon 144 | Ədəbiyyat
İnam ünvanı, ümid qaynağı

Zəngilanlı Seyid Həsən Ağanın bənzərsiz həqiqət dünyasından lövhələr

 

BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/

 

İnanc inamdı. İnamla inancın arası bir duyumluqdu; inanırsan, bu inam sənin düşüncələrinlə doğmalaşır, düşüncələrinin mənəvi bürüncəyinə dönür. İnam yaşantılardadı, inancda səmavilik də var. Uşaqlığımızda bizə elə gələrdi ki, yaz yağışına qoşa ovuc açsaq, göz açıb-yumunca ovcumuz dolsa, bütün niyyətlərimizə çatacağıq. Niyyətlərimiz nə idi? - uşaqlıq dünyamızı əhatələyən oyunlar.

 

Təkcə təbiət hadisələrinə deyil, bəşərə də belə inanclar olub, var, olacaq da. 500 il əvvəl  Şeyx Heydərin kəramətinə inanan qüdrətli sərkərdələr bu kəramətin dünyəviliyinə nə qədər inanmışdı! Bu inam yaşadı, yaşadıldı...

 

İnanclarımız da formalaşdı...

 

Seyid Həsən ağa haqqında uşaqlığımdan eşitmişdim. Onu duruluq çeşməsi adlandırırdılar, ona çarəsizliyin çarəsi deyirdilər. Deyilənlər olmuşlara görə deyilirdi, söz kimi dildən-dilə gəzirdi, fakt kimi, hadisə kimi yaşadılırdı. Bu da inancın nəticəsiydi; hər nəticə gerçəkliyin ifadəsidirmi? Yox, nəticə nələrin ümumiləşdirilməsindən də asılıdı, necə ümumiləşdirilməsindən də. Gerçəkliyə belə ümumiləşdirmələr yaddı. Ümumiləşdirmə gerçəkliyin özündədi. İnanc buna görə inancdı. İnanc ürəyə sarıldısa, ümumiləşir. Min illəri belə yaşamışıq, belə də yaşayacağıq...

 

Atası Hacı Mirməhəmməd ağa XIX əsrin ortalarında Nəcəf şəhərində anadan olub, mükəmməl dini təhsil alıb. Naxçıvana göndərilib. Ordubad mədrəsəsinə rəhbərlik edib. Həm də arzulayanlara dünyəvi elmləri də öyrədib. Tanınmış ziyalı, istedadlı şair Əbdüssəməd bəy Aşiqin (zəmanəsinin Qasım bəy Zakir və Aşıq Pəri kimi tanınmış adamlarının  məktublaşdığı şair Məhəmməd bəy Aşiq Zəngilaninin oğlu) dəvəti ilə Zəngilana gəlib, Zəngilan kəndindəki məsciddə axund olub, dini maarifçilik sahəsində böyük işlər görüb.

 

Hacı Mirməhəmməd ağa gözəl duyuma malik olub. Ağanın şeirə, şeiriyyətə də böyük marağı, sevgisi varmış. Ötən əsrin əvvəllərində (1905-ci ildə) Zəngilanda məclisi-üns (şairlər məclisi) yaradıbmış. Şamaxıda Mahmud ağanın maarifçiliyini Zəngilanda Mirməhəmməd ağa yaşadırmış; poeziyanın aşıladığı duyğular da maarifçiliyin işartılarıdı, işığıdı, nurudu...

 

 

Seyid Həsən 1888-ci ildə Zəngilanın Məlikli kəndində anadan olub, 1984-cü il fevral ayının 6-da 96 yaşında əbədiyyətə qovuşub.

 

Tanıyanlar deyirlər ki, Seyid Həsən ağanın bənzəri olmayan həqiqət dünyası olub. Kürreyi-ərz sığarmış bu dünyaya. Nəsimilik kimi. Ona görə hamı onun müdrikliyinə tapınarmış. Yaxın-uzaq ellərin güvənc yeri olub Seyid Həsən ağa, ümid yeri, məsləhət ünvanı olub...

 

Yaddaşlarda gözəl boy-buxuna, qamətə malik olan adam kimi qalan Seyid Həsən ağa gözütox olub. Təmiz, səliqəli geyimi-kecimi gözlərə də xoş gələrmiş, könüllərə də: qalife şalvar, gümüşü buxara papaq, xrom çəkmə, şəvə qara bığ. "Ömür halal yaşamaqdı, oğul. Tanrımızın lütfüdü halal ömür, yaxşı ad. Belə yaşayın ki, sizdən sonra da belə yaşasınlar..." Müdrik insanın gözəl kəlamlarıdı. Neçə illərdi Ağanın bu kəlamının işığı ömür yolunu nurlandıranlardan biri də mən olmuşam.

 

Seyid Həsən ağanı yaxından tanıyanlar deyirlər ki, bu kəramət sahibi təmənnasız adam olub. Nə edibsə, təmənna güdmədən edib. Yəni onun yaxşılıqları imana söykənib. Həm də yaxşılığı ömür fəlsəfəsi bilib. Hamı ona kəramətinə görə hörmət edirdi, o, söykökünün baslanğıcının müqəddəsliyinə...

 

İlk gördüyü adamın gözlərinə baxınca kimliyini təxmin edə bilirdi; Seyid Həsən ağa fəhmli adam idi. Həm də kövrək adam kimi tanıyıb onu tanıyanlar. Onun adında da işıq olub, üzündə də. Özü olan yerdə özü, özü olmayan yerdə sözü keçərli olub. Seyid Həsən ağa adı çəkilən yerdə hirs-hikkə sovuşardı, qəzəb sovuşardı, əl kəsməyə meyillənən əl kəsmək istədiyi əli isidərdi. Seyid Həsən ağa belə yaşadı, indi adı da, ruhu da belə yaşadılır. "Həyat körpü, insanlar yolçu, gördüklərimiz dərs, aldıqlarımız ibrətdir", - Seyid Həsən ağanın kəlamlarındandır. Seyid Həsən ağa həm də mahiyyəti  pedaqoji örnək kimi yaşadılmalı kəlamlarıyla da yadda qalıb, yaşayır, yaşadılır: "Böyüyünü saymayan Allahını da saymaz", "Nəfsi iti olan mömindən mömin olmayan daha fərzdir", "Kimin ki, nəfsi çox oldu, ondan xeyir gözləmə", "Xoşxasiyyət adamla yoldaşlıq et, bədxasiyyətdən isə uzaq qaç ki, xasiyyəti sənə də keçər"...

 

Hər adam el-obanın nüfuz rəmzi, inam rəmzi, inanc rəmzi olmağa qadir deyil.

 

İşğaldan əvvəl də, işğal vaxtında da, işğaldan sonra da kimi onun ərkyana zarafatlarını xatırlayır, kimi onu Allaha bir köynək yaxın adam kimi, övliyaların əziz adamı kimi xatırlayır,  kimi gümrah, ötkəm səsli, nursima Ağanı böyük sevgilərlə yada salır, kimi uşaqlığından, gəncliyindən Ağanın öyüd-nəsihətlərinin, qayğısının, nəvazişinin, bir az da inanc kimi cəddinin cazibəsində olduğunu etiraf edir. Belə ömürə müqəddəs ömür deyirlər. Və nə gözəl deyirlər! ..

 

Günlərin birində Seyid Həsən ağa Bakıya gəlibmiş. Nə mətləbə? - bir özü bilərdi, bir də Allahımız. Yəni Seyid Həsən ağa "Ürək xonça deyil ki, hər yetənin qarşısında sərəsən" fəlsəfəsiylə yaşayarmış.

 

Dəmiryol vağzalının yanındaymış. Xəyalında, el arasında deyildiyi kimi, "dağı arana daşıyırmış, aranı dağa". Özünün "çək-çeviri" deyilmiş, arxası-dayağı olmayan birini qondarma "silistin" sıxıntılarından xilas etmək niyyətiylə söz eşidən bir adama ağız açmaq niyyətilə. Belə anlarda zaman dayanır elə bil. Dayanmış zaman içində səbəbsiz-filansız yola boylanırmış.  Bu ara görür ki, bir az aralıdan ötüb-keçən faytondan iri bir bağlama düşdü. Sövq-təbii, hansı marağa görəsə ona yaxınlaşır. Baxır. Görür ki, puldu. Əl vurmur. Bir xeyli aralıda var-gəl edən milisləri səsləyir. "Bu qədər pul yəqin ki, dövlətindi. Dövlətə qaytaraq, halal havamız bizə bəsdi..." - deyir Ağa. Ağanın təklifi (bəlkə də tələbi!) ilə akt yazırlar...

 

Seyid Həsən ağanı Bakıya gətirən niyyəti pul kisəsi təsadüfi tamamlamışdı. Seyid Həsən ağa vağzaldan uzaqlaşmamış başının üstünü iki milis kəsdirir. Ona NKVD-yə getməli olduğunu bildirirlər. Cəsarətlə soruşur ki, nəyə, niyə... "Həsən Mirməhəmməd oğlu sən deyilsənmi? Bir az əvvəl bir kisə pul tapan kişi", - suala sualla cavab veriblər. Daha heç nə soruşmur.

 

Seyid Həsən ağanı NKVD-yə aparırlar. O pul məsələsinə görə. Yüksək rütbəli NKVD məmuru bu qədər pulu dövlətə qaytaran adamın kim olduğunu bilmək istəyib (bir el məsəli düşür yadıma: "Təbib-loğman qarşı gələr, xəstə sağalasıdısa").

 

Bir azdan sonra NKVD məmurunun  qəbulundaymış. Nə danışıblar, hökumət ağa rəiyyət ağadan nə soruşub, Seyid Həsən ağa bu haqda heç kimə bir kəlmə də söz deməyib. Hökumət ağa rəiyyət ağaya bir kağız verib: "Təcili! Toxunmadan işlə təmin edin!" İmza. Möhür. Bu imza, bu möhür arxası-dayağı olmayan həmin cavanın da taleyinə çökməkdə olan buludu da, Zəngilanın Genlik kəndinin göylərində dolaşan qara buludu bu təsadüf (yoxsa zərurət!) dağıtmısdı.

 

Zəngilanda sözü də, özü də dürüstlərdən biriymiş Seyid Həsən ağa. Dediyinə inanılarmış. Bu, dürüst ömürə inancın nəticəsiymiş. O illəri bu illərdən yada salanda könlümdə qımıldanan bir fikir dürüst ömürə, uca ömürə ehtiram kimi  düşüncələrimin nizamına dönür: Aya, Günə inancımızla Tanrıya tapınmışıq. Bu tapınmanın qüdrətidir ki, Seyid Həsən ağaya inancımızla özümüzü tanımışıq...

 

Bu inanc bu gün bizi Zəngilana çəkir; yurd sevgisi, ata yurdu sevgisi, doğma ocaq sevgisi, bir də bu sevgiləri süsləyən müqəddəs inanc...

 

1951-ci il imiş. Zəngilanda bir nəfərə böhtan atıblarmış. Məsələ böyüdükcə gərginləşir. El sözünü eşitmirlər. Niyyət aman vermir ki, dədə-baba adətiycə araçılar aranı düzəldələr, böhtan "ayaq açıb yeriməyə". Böhtana görə açılan iş məhkəməyə göndərilmə ərəfəsində Seyid Həsən ağa deyir ki, "qaradan artıq rəng olmasa da, seyrçi olmaq günahdı. Mən bu işin söz yükünü çəkərəm..."

 

Seyid Həsən ağa Bakıya gedir. Vağzalda tapdığı pula görə NKVD-yə aparılanda tanıdığı məmurla görüşür. Vəziyyəti danışır. "Mən tanımadığım, inanmadığım adam üçün sizə ağız açmazdım..." - deyir. Yüksək rütbəli zabit gülümsünür:

 

- Sənə inanırıq, Həsən Mirməhəmməd oğlu.

 

Qada bununla sovuşur...

 

Rayon mərkəzindəki  kitab mağazasına baxmaq istədim. Beş-on gündən sonra Bakıya gedəcəkdim, qəbul imtahanları başlayacaqdı. İngilis dili müəllimi olmağı qərara almısdım. Niyə müəllim? Həm də niyə ingilis dili müəllimi? - dürüst yadımda qalmayıb. Müəllimlərimə sevgininmi təsiriydi, atamın söhbətlərininmi, atamın Seyid Həsən ağadan xatırlatdığı kəlamınmı: "Ən gözəl savab öyrətməkdi. Çalışın öyrədənlərdən olun". Onda mən öyrədənin müəllim olduğunu düşünmüşdüm...

 

Kitablara baxırdım. Qəflətən gördüm ki, Ağa kitab mağazasındadı. Hamı kimi mən də ona yaxınlaşdım. Ağa mənimlə də görüşdü. Əlim əlindəykən kim olduğumu soruşdu. Dedim. Ağa o biri əlini çiynimə qoydu, məni bir qədər özünə tərəf çəkdi:

 

- Sən mənə çox yaxın adamsan, ay oğul. Eşitmişəm, yaxşı oxuyursan.

 

Əlini uzunboğaz çəkməsinə saldı, bir "iyirmibeşlik" çıxardıb mənə verdi:

 

- Götür bunu. Tələbə olanda ilk alış-verişini bu pulla edərsən. Bakıdan qayıdanda mütləq bizə gələrsən, sənə deyəcəklərim var...

 

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (hazırda Azərbaycan Dillər Universiteti adlanır) qəbul olundum.

 

Ağanın məsləhətləri ömür yoluma düşən işığa döndü...

 

Nüfuz əməllə sözün, sözlə işin, işlə niyyətin vəhdətindən boy göstərir, görünür, camaat bu nüfuzu inam yeri bilir. Nüfuz ağsaqqallıq səviyyəsində yaşadılır, müqəddəsləşir. Nüfuz yiyəsi seyiddisə, bu müqəddəsləşmə düşüncələrdən könüllərə köçür, könüllərdən yaşanılacaq illərə. Beləcə, inam inanclaşır, inanc yaşam fəlsəfəsi olur, yaşam fəlsəfəsi Vətənə sevginin, el-obaya vurğunluğun, milli-xəlqi ruhu yaşatma niyyətinin, ... tərkib hissəsinə dönür.

 

İsmayıl Zəngilanlı xatırlayır ki, Seyid Həsən ağaya həsr edilmiş şeiri dərc prosesində ləngitmək (redaksiyanın daxili tələbi olsa da) istərkən kompüterlər qəfil dayanıb. Qonşu otaqlarda kompüterlər normal işləyirmiş. Əməkdaşlar, bu sıradan Bəhruz Seyidli yarım saat "nə edim, necə edim"lə baş-başa qalıb. Qəflətən yadına düşüb ki, İsmayıl Zəngilanlı ona bu şeirə bir qədər sayğı ilə yanaşmağı tapşırmışdı. Seyid Həsən ağanın şəklini də, ona həsr olunan şeiri də ehtiramla dərcə hazırlamaq istəyəndə kompüterləri işə salmaq mümkün olub...

 

Fakt belədir. Fakta inanmaq oxucunun düşüncələrindən, inanclarından, inanclara münasibətindən asılıdır...

 

Camaat Seyid Həsən ağaya qəlbən inanırdı...

 

Köməyə möhtaclar Seyid Həsən ağadan nicat, qurtuluş, şəfa umurdu...

 

Seyid Həsən ağa könül adamı idi. Həmsöhbətini səbrlə dinləyərdi. Bu dinləmə umacaqlı həmsöhbətinin inamını daha da artırardı, inanardı ki, dərdinə əlac olacaq, ağrı-acıdan can qurtaracaq...

 

O illərdə Seyid Həsən ağanın qapısına dərdli gələn dərdsiz qayıdardı - ona elə gələrdi ki, Ağanın əli əlinə toxundusa, nəfəsi nəfəsinə dəydisə, dərd-bəla köçünü çəkəsidi.

 

İşi "işkilə" düşənə elə gələrdi ki, Ağanın bircə anlıq sükutu, sonra Allah adına xütbəsi, sonra xeyir-duası işi öz axarına salacaq, "dolaşığa düşən"  iş açılacaq...

 

Yüzlərlə "yolunu azan" adam Seyid Həsən ağanın söhbətlərindən, tövsiyələrindən sonra əyri yoldan çəkinmişdi, düz yola qayıtmışdı, inanmışdı ki, düz yolnan gedənin "ayağına daş dəyməz"...

 

Camaat istəyirdi ki, səpinə Seyid Həsən ağanın xeyir-duası ilə başlasın, biçində sünbülə Seyid Həsən ağanın əli toxunmamış oraqlara əl vurulmazdı, sonralar kombaynlar işə salınmazdı. Bunlar da inanc idi. O illər çox uzaqlarda qalıb. Sonralar Zəngilan işğal olundu. 2020-ci ildə Zəngilan işğaldan azad edildi. Camaat inanır ki, Zəngilanda quruculuq işlərinə Seyid Həsən ağanın ruhu duaçıdı. Onun ruhunun duasıyla evlər də tikiləcək, qayıdış da olacaq, əkin-səpin də, biçin də...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

"Axır ki, dövlət onu layiqincə qiymətləndirdi"

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

“Azərbaycan Nəşriyyatı" özəl quruma çevrilir

Abşeron İcra Hakimiyyətinə yeni rəhbər təyin edildi

Həm Şuşaya, həm də Ağdama gedə biləcəyik

32 il qabaq törədilən sovet-rus qətliamı və doğan ideologiya

Onların da maaşı ARTDI

"Azərbaycanın Fransadakı səfiri geri çağırılsın"

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

Ombudsmandan beynəlxalq qurumlara MÜRACİƏT

"20 yanvar" -qisas gününə gedən yol...

Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRƏ QATILDILAR

“20 Yanvar - Allah bütün şəhidlərimizə rəhmət eləsin” 

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib