Bakı-Moskva münasibətləri pozulsun - DÜYMƏ BASILDI
“Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində bir məsələdə həmfikirdir - Rusiyanı regionda sıxışdırmaqda”. Bunu “Danışır Moskva” radiostansiyasına müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
“Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində bir məsələdə həmfikirdir - Qarabağla bağlı bütün hadisələr, Qarabağ müharibəsi və s. nəticəsində Rusiyanı regiondan sıxışdırıb çıxarırlar”, - deyə Zatulin iddia edib.
Sədr müavininin fikrincə, Rusiyanın günahı odur ki, o, yavaş-yavaş əvvəldən bəlli olana gəlir:
“2018-ci ildə hakimiyyətə gələn Paşinyan Qarabağı təslim etməyə, Rusiya ilə yollarını ayırmağa gəlirdi. Uzun müddət Rusiyada belə bir təəssürat var idi ki, o, özünəməxsus şəkildə Ermənistanın vətənpərvəridir və hansısa məqsədlərə çatmağa çalışır, müttəfiqə hörmətlə yanaşılmalıdır və s. Müttəfiqə hörmətlə yanaşmaq lazımdır, lakin bu gün bu müttəfiqin kürsüsündə oturan kəs əslində sizin müttəfiqiniz deyil”.
Zatulin Ermənistanın anti-Rusiya addımları haqda danışsa da, Azərbaycanın Moskvanı “necə sıxışdırdığı” haqda heç bir fakt sadalamayıb. Bəzi bilgili mənbələrin sözlərinə görə, Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olması, ölkə liderlərinin bir-birinə qarşılıqlı inamı olması Moskvadakı bəzi dairələri narahat edir. Zatulin onlardan yalnız biridir və aydındır ki, kimlərinsə sifarişi ilə hərəkət edirlər. O da istisna deyil ki, iki ölkə arasında inamsızlıq yaratmaq istəyənlər Qərbə bağlı erməni lobbiləri və onların Rusiyada Zatulin kimi “yemlədiyi” adamlardır.
Zatulin kimi adamlar münasibətləri pozmağı bacara bilərlərmi?
Anar Əliyev
Politoloq Anar Əliyev bildirdi ki, Rusiya Dövlət Dumasının komitə sədri Zatulin qatı ermənipərəst siyasətçi olaraq ənənəsini davam etdirir. Zatulin çıxışı zamanı Ermənistanın mövcud hakimiyyətinin reallıqlara, bölgəmizin və bölgəmizlə qonşu olan dövlətlərin maraqlarına ziddiyyət təşkil eləyən davranışlarına Azərbaycanı da şərik etməyə çalışıb:
“Bu, Konstantin Zatulinin Azərbaycan əleyhinə ilk və sonuncu çıxışı deyil. Davamlı olaraq əsassız şəkildə Azərbaycanı ittiham eləyən, Azərbaycana qarşı heç bir fakta söykənməyən fikirlər səsləndirən Zatulin əslində bununla kifayət qədər yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərinə, dolayısı ilə Rusiyanın da maraqlarına zərbə vurmağa çalışır. Xüsusilə son illər Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasəti nəticəsində bir sıra dövlətlərlə, eləcə də şimal qonşumuz Rusiya ilə münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. 2022-ci il fevralın 22-də imzalanan birgə qarşılıqlı fəaliyyətə dair razılaşma əslində Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji müttəfiqlik münasibətləri səviyyəsinə qaldırıb. Həmin razılaşmanın tələblərinin yerinə yetirilməsi istiqamətində Azərbaycan və Rusiyanın birgə iradə ortaya qoyması, xüsusilə də İlham Əliyev və Vladimir Putin səviyyəsində bu öhdəliklərin yerinə yetirilməsinə davamlı sadiqliyin nümayiş olunması Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirməyə çalışan həm Rusiya daxilində, həm də kənarda olan bir sıra qüvvələri çox ciddi narahat edir. Rusiyanın bölgədə nüfuzuna ciddi zərbə vurmağa, bölgə xalqlarında anti-Rusiya mövqeyinin formalaşmasına xidmət eləyən ünsürlərdən biri olan Zatulin kimiləri öz davranışları ilə Rusiyanın nüfuzuna daha ciddi zərbələr vururlar. Belə şəxslər özlərini bazara satılmağa hazır məhsul kimi təqdim etməyə çalışırlar. Belə şəxsləri əldə etmək və onlardan anti-Rusiya maraqlarına xidmət edəcək davranışlar sərgiləmək üçün hazır olan qüvvələr kifayət qədərdir. Güman ki, Zatulin Qərb dövlətlərində yerləşən erməni diaspor təşkilatlarının və Qərb güclərinin satın aldığı alətdir. Rusiyanın müvafiq qurumları Zatulin kimlərinin o cür çıxışlarının Rusiyanın milli təhlükəsizliyinə və milli maraqlarına hansı zərbələr vurduğunu araşdırmalıdırlar. Əks halda, bu, təbii ki, ciddi müttəfiqlik münasibətləri sərgiləyən dövlətlər arasında münasibətlərə zədə vura bilər".
Azad Məsiyev
Politoloq Azad Məsiyev isə bildirdi ki, Azərbaycanla Rusiya arasında 2022-ci il fevralında 43 maddədən ibarət müqavilə imzalanıb. Bu sənədə görə Azərbaycanla Rusiya arasında münasibətlər inkişaf etməkdədir:
“Münasibətlərin inkişafı Qarabağ məsələsinin həlli prosesinə də müsbət təsirini göstərib. Qarabağda separatizmin çökdürülməsi və Azərbaycanın öz ərazisində suverenliyini bərpa etməsi Azərbaycanla Rusiya arasında münasibətləri daha da yaxşılaşdırır. Belə vəziyyət ortada olduğu bir vaxtda Zatulin kimi şəxslərin o cür iddialarının əsası yoxdur. Azərbaycanın yürütdüyü xətt Rusiyaya qarşı deyil. Bunu Rusiya rəhbərliyi yaxşı bilir. Azərbaycanla Rusiya arasında münasibətlərin xüsusilə son bir ildə daha da istiləşməsi Rusiyadakı ermənilərlə bağlı olan qrupları, siyasətçiləri narahat edir. Onlar bütün gücləri ilə Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına çalışırlar. Qəsdən dövriyyəyə əsassız, yalan, qərəzli fikirlər atırlar. Azərbaycan-Rusiya münasibətlərinin korlanmasını həm də ABŞ istəyir. Rusiyanın cənub cinahını bağlamaq üçün Azərbaycan-Rusiya münasibətlərinin korlanması Qərbə lazımdır. Belə çıxır ki, Rusiyadakı adını çəkdiyim qruplar və siyasətçilər həm də Qərbin marağına xidmət edirlər. ABŞ-ın Rusiyada böyük kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkə Rusiyanın bir çox dövlət, hökumət qurumlarına, mediasına yol tapa bilib, insanları ələ alıb özlərinə işlədə bilirlər. Ona görə Rusiya daxilində Qərbin maraqlarına xidmət eləyən insanlar var. Azərbaycan-Rusiya münasibətlərini pozmağa hesablanmış bəyanatlar səsləndirənlərin bir çoxu məhz həmin insanlardır”.
Ekspert qeyd etdi ki, münasibətlərin korlanması nə Azərbaycanın, nə də Rusiyanın dövlət maraqlarına uyğun deyil. Ona görə də Qərb və Rusiyadaxili məlum qüvvələr nə qədər çalışsa da, dövlətlər buna getməz. ABŞ bölgədə Rusiyanı tamamilə təkləmək istəyir. İrəvan artıq ABŞ-ın bu siyasətinə xidmət edir. Ancaq Azərbaycan bu cür avantüraya gedən dövlət deyil. Biz yaxın qonşuluğumuzda yerləşən nəhəng dövlətlə qarşıdurma yolunu seçmərik. Çünki bu bizim maraqlarımıza ziyan vurar. /“Yeni Müsavat”/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"