“Azərbaycan səbrlə sülh danışıqları yolunu tutub”-MÜSAHİBƏ
Elman Məmmədov: “Bu məskunlaşma ermənidən çox ermənilik edən düşmənlərin gözünü tökür”
Regionun geosiyasi mənzərəsi dəyişir. Yeni reallıqları həzm edə bilməyən bir çox xarici dairələr özünün yersiz müdaxilələri ilə ortaya çıxır ki, bu da birmənalı olmayan yanaşmaları önə gətirir. Qarabağ üzərindən vəziyyəti gərginləşdirməyə yönələn cəhdlərə baxmayaraq, regionun geosiyasi, geoiqtisadi, sosial mühitinin Azərbaycanın 44 günlük müharibədə cızdığı yol xəritəsinə uyğun necə hərəkət etdiyi bir daha təhlil edilir.
Bu istiqamətdə Həftə içi-nə müsahibə verən Milli Məclisin deputatı Elman Məmmədov bir çox nüanslara toxunub.
- Bu gün Qarabağ məsələsi yeni reallıqlar, regionla bağlı gedən geosiyasi proseslər müstəvisində necə müşahidə olunur?
- Proseslər onu göstərir ki, ermənipərəst dövlətlər, erməni havadarları olan bir sıra beynəlxalq təşkilatlar Ermənistanın təhriki ilə yenidən Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşdirilməsi üçün canfəşanlıq edirlər. Bu qüvvələr yenidən Ermənistana ümidverici vədlər verir, Ermənistanı silahlandırmaqla, erməni hərbçilərini NATO ölkələrində hazırlamaqla məşğuldurlar. Ancaq tam əminliklə deyə bilərəm ki, bütün bunlar əbəs yerə edilən cəhdlərdir. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, heç bir dövlətin ərazisinə müdaxilə etməyib və müdaxilə etmək fikrində də deyil. Azərbaycanı qazandığı bu qələbədən çəkindirməyə və yenidən ermənilərə nə isə vəd etməyə çalışan dövlətlər və qurumlar vəziyyəti o yerə gətirib çıxaracaqlar ki, Ermənistan onların bu hərəkətlərinin qurbanı olacaq. Əgər ermənilər yenidən bizə qarşı ərazi iddiası ilə çıxış etmək fikrində olsalar, yendən müharibə fikrinə düşsələr, yəqin ki, biz dədə-baba torpaqlarımız olan indiki Ermənistanın yerləşdiyi əraziləri də erməni işğalından azad etməli olacağıq. Ona görə də ermənilər bir qədər ağıllı fikirləşib bu sərsəm iddialarından daşınmalıdırlar.
- Bütün bu proseslərin fonunda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdırmı?
- Ermənistan rəsmiləri, başda baş nazir Nikol Paşinyan olmaq şərti ilə onun ətrafındakı komanda bütün beynəlxalq tədbirlərdə, görüşlərdə həm ölkə daxilində, həm ölkədən xaricdə bəyan edirlər ki, Azərbaycanla sülh sazişi imzalamağa hazırdırlar. Ancaq bunun müqabilində isə sürətlə silahlanır, müharibəyə hazırlaşmaqla məşğuldular. Ermənistan Azərbaycanın beynəlxalq hüquqa əsaslanmış verdiyi təkliflərə qarşı elə təkliflər verirlər ki, bu bizim üçün qəbuledilməzdir. Belə olduğu halda onlar “biz sülh sazişi imzalamağa hazırıq”-deməklə, özləri özlərini təkzib edirlər. Ermənistan əgər sülh sazişi imzalamağa hazırdısa və bunu bəyan edirsə, əməkdaşlığa, mehriban qonşuluq şəraitində yaşamağa çalışmalıdır, Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşmalıdır. Amma Ermənistan bunların hamısından boyun qaçırır. Və Azərbaycan üçün tamamilə qəbulolunmaz şərtlər irəli sürürülər. Belə olan şəraitdə deməli, Ermənistan sülh sazişi imzalamaq fikirində deyil.
- Əgər Ermənistan müharibədən sonra öz öhtəliklərini yerinə yetirmək üçün aparılan danışıqlara adekvat yanaşmırsa, 30 il olduğu kimi bu gün Avropanın, Qərbin qarşı tərəfi sülhə cəlb edən hər hansı təsirləri görünmürsə, o zaman Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün hansı tədbirlər görməlidir?
- Azərbaycan nə etməliydisə onu edib. Azərbaycan qarşısına məqsəd qoymuşdu ki, 30 il müddətində erməni işğalı altında olan torpaqlarımızı işğaldan azad etsin, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etsin. Və bu gün Azərbaycan əsgəri, sərhədçisi Azərbaycanla Ermənistan arasında mövcud olan şərti sərhəd hardadısa, həmin yerdə də dayanıb, bir addım da geri çəkilən deyil. Onlar belə bir sərsəm fikir irəli sürürlər: güzgü prinsipi ilə hər iki tərəfdən qoşunlar geri çəkilsin. Biz nəyə görə geri çəkilməliyik. Dövlətin sərhədçisi özünün sərhəd xəttində dayanır. Azərbaycan da bunu edib. Sənin əsgərin harda dayanacaq, hara gedəcək özün bilərsən. Belə olan halda Azərbaycan bundan sonra ordumuzu daim hazır vəziyyətdə saxlamalı, ordu ən müasir silah-sursatla təmin olunmalı, ordunun döyüş hazırlığı günbəgün yüksəldilməlidir. Və biz təhlükəsizliyimizi təmin etmək üçün nə lazımdırsa onu edirik. Yenə də qeyd edirəm, bizim hər hansı dövlətin ərazisində müdaxilə etmək fikrimiz yoxdur. Düzdür, Azərbaycanı belə fikirlərlə şantaj edirlər. Fransa və digərləri erməniləri qızışdırırlar ki, Azərbaycan Ermənistan ərazilərinə müdaxilə edəcək və digər iddialar səsləndirirlər. Bütün bunlar şər-böhtan xarakterli fikirlər, bəyanatlardır. Azərbaycanın belə bir fikri olmayıb və yoxdur. Ancaq bizim üçün Zəngəzur dəhlizinin açılması, anklavların azad olunması məsləsi var. Azərbaycan bu məsələlərlə bağlı səbrlə sülh danışıqlar yolunu tutub. Lazım olsa ədalətli mövqeyimizi, təkliflərimizi müdafiə etmək üçün dəmir yumruq hazırdır və hər an işə düşə bilər. Ermənistan elə etməlidir ki, bu baş verməsin.
- Siz də erməni havadarlarının sərgilədiyi mövqeyə toxundunuz. Elə bu günlərdə Fransa hökuməti cəsus qalmaqalından sonra növbəti anti-azərbaycan qətnaməsi hazırlayır. Azərbaycana qarşı sanksiyalar “Dağlıq Qarabağ”a Azərbaycan ordusunun hücumunun pislənməsi, erməni sakinlərin geriyə qaytarılması kimi tələblər qoyulur. Fransanın bu “yüz oyunu” nəyin üstündədir?
- Fransanın 150-200 illik tarixinə nəzər salsaq, bu ölkə işğalçı və müstəmləkəçi, soyqırımlar törədən dövlət kimi tanınıb. Budur Fransanın iç üzü, əməlləri. Fransa və fransakimilər I dünya müharibəsi dövründə də erməniləri silahlandırıb, təşkilatlandırıb, təlimatlandırıb Osamanlıya qarşı üsyana təhrik etdilər. Ermənilərə vəd ediblər ki, biz Osmanlını darmadağın edib, sizə böyük Ermənistan dövləti yaradacağıq. Türkiyəyə qarşı bəyanatlar, qətnamələr qəbul edib yüz oyundan çıxdılar. Qondarma soyqırım aktı qəbul elədilər. Türkiyədən təzminat tələb elədilər. Bu günə qədər nəyə nail olublar, heç nəyə… Nəyə nail olduqları tarixdən məlumdur. Ermənilər belə xam xəyallara görə başlarına nələrin gəldiyini unutmamalıdırlar. Bu gün də Fransa və fransakimilər şirin vədlərə uyan erməniləri yenə də şirnikləndirməklə məşğuldurlar. Nəticədə ermənilər yenə həmin zərbələri ala bilərlər. Ona görə də tarixi dərslərindən ibrət götürməlidirlər. Ermənilər yaşamaları, inkişaf etmələri üçün Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq şəraitində yaşamalı olduqlarını nəhayət dərk etməlidirlər. Kənardan verilən vədlərə, fitvalara uymamalıdırlar. Çünki o fitva verənlər gəlib ərazidə erməni əvəzinə döyüşməyəcəklər. 44 günlük müharibəni yadlarına salsınlar, ondan da betər olarlar. Kimlərəsə arxayın olub yenidən cızıqlarından çıxmaq istəyirlər. Anaq onları öz cızıqlarına qaytarmaq üçün dəmir yumruq başlarının üstündə hazırdır.
- Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri olacaq. Maraqlı məqam budur ki, seçki bir çox xarici dairələrin müzakirə predmetinə çevrilib. Bunu necə dəyərləndirərdiz?
- Bizim daxili işlərimizə qarışmağa heç kimin haqqı yoxdur. Həmin ölkələr də seçki keçirir, müxtəlif dövlət səviyyəli tədbirlər düzənləyirlər. Biz onların işinə qarışıb deyirik ki, niyə seçki keçirirsən, niyə indi keçirirsən və sair. Bu cür yanaşma BMT-nin, hər bir dövlətin nizamnaməsinə ziddir. Bəlkə biz onlardan seçki keçirmək üçün icazə istəməliydik?! Bu çox yanlış yanaşmadır. Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan sonra suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş vəziyyətdə ilk prezident seçkisini keçirir. Bu seçki tarixi zərurətdir və seçkilərin keçirilməsi birbaşa Azərbaycanın daxili işidir. Fransa və yaxud başqası bizim seçkilərə görə nəyə görə narahat olmalıdır. Dövlət başçımız buna qərar verib və buna heç bir xarici vətəndaşın, dövlətin müdaxilə etməyə ixtiyarı yoxdur.
- Necə hesab edirsiz, seçkilərdən sonra hansı struktur islahatları aparılmalıdır?
- Seçkilər keçirilsin. Ondan sonra cənab prezidentimizin rəhbərliyi ilə hansı islahatlar aparılacaq, hansı struktur dəyişikliyi olacaqsa, onu görəcəyik. Yəqin ki, sosial inkişafa doğru müəyyən islahatların olacağı istisna edilmir. İnsanlarımızın sosial-məişət vəziyyətinin yaxşılaşdırılması həmişə dövlətimiz üçün çox prioritet məsələlərdən olub.
- İşğaldan azad olunan ərazilərdə aparılan məskunlaşma prosesini necə dəyərləndirirsiz. Qarabağ, bütövlükdə Azərbaycanla bağlı geosiyasi maraqların toqquşduğu bir vaxtda bu məsələlərin məskunlasmaya maneə törədə biləcəyi ehtimalları da səslənir. Bu istiqamətdə nələri söyləmək olar?
- Düşmənlər fikirləşirlər ki, araqarışdırmaqla məşğul olsalar, müxtəlif sahələrdə gərginlik yaradan fikirlə söyləsələr, bəyanatlar versələr, Azərbaycan əleyhinə qətnamələr qəbul eləsələr, bu, o ərazilərin bərpasına və əhalinin məskunlaşmasına bəlkə də maneə yaradar. Ancaq bu onların ampluasıdır, onların istəyidir. Bizim fikrimiz başqadır. Məskunlaşma normal proqram üzrə kifayət qədər sürətlə gedir. Bütün ərazilərdə bərpa, quruculuq, tikinti, infrastruktur işləri görülür. Və yaşayış üçün şərait olan yerlərə də vaxtaşırı köçlər davam edir. Bu prosesi hamımız müşahidə edirik. İnşaAllah 2024-cü ilin birinci rübünün sonuna Novruz Bayramı ərəfəsində hamımız şahidi olacağıq ki, neçə kəndə, şəhərə qayıdışlar başlayıb. Cənab Prezident qarşıya məqsədlər qoyub: 2026-cı ilə qədər 140 mindən çox əhalimiz həmin ərazilərdə məskunlaşdırılacaq. Bu məskunlaşma ermənidən çox ermənilik edən düşmənlərin gözünü tökür.
- Məlumdur ki, bu il 5 rayona - Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər, Şuşaya yeni köçlər olacaq. Necə hesab edirsiz, Xocalıya, Xankəndiyə ilk növbədə kimlər köçürüləcək, harda məskunlaşacaqlar, nə qədər adamın köçürülməsi nəzərdə tutulur, yeni evlərin tikintisi gedirmi?
- Mən özüm Xocalıyam. Xocalıya ilk köçürülmə zamanı mən ailəmlə birlikdə gedəcəm. Düşünürəm ki, hər bir xocalı sakini həmin günü səbirsizliklə gözləyir. Xocalıya qayıdışımız 2024-cü ilin ilk rübündə baş tutacaq. Təbii ki, Xankəndiyə orada tarixən yaşamış sakinləri köçürüləcək. Onların sayı 16 mindən çoxdur. Hər bir Xankəndi sakini olmuş şəxsin “Qaçqınkom” və digər qurumlarda dəqiq siyahısı var. Bu ailələrin də Xankəndidə özlərinə məxsus olan evləri var. Və o insanlar da öz dogma yurdlarına, ev-eşiklərinə qayıdacaqlar. O cümlədən, xocalılar, füzulilər, cəbrayıllılar, şuşalılar, ağdamlılar, kəlbəcərlilər, laçınlılar işğaldan azad olunan ərazilərimizdə yaşamağa şərait yaradılan kimi növbə ilə köçürüləcək, qayıdış sürətlə davam edəcək.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"