Azərbaycandan kəşfiyyat BƏYANATI
"Fransa Ermənistanı yeni müharibəyə təhrik edir"
“Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev “Respublika” qəzeti üçün yazdığı məqalədə bildirib.
O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməklə yanaşı, əməliyyat şəraitinin mürəkkəbləşməsinə səbəb olur:
“Beynəlxalq aləmdə gedən proseslər təbii ki, ölkəmizdən də yan keçmir və o da sirr deyil ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə təhdid riskləri bu gün də var.
Görünən odur ki, respublikamızın dünya miqyasında gündən-günə artan nüfuzu, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə qazandığı ardıcıl qələbələr, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şərait bir sıra Qərb ölkələrini, məqsədi bölgədə heç də sülh və sabitliyin təmin edilməsi olmayan və iki dövlətin sərhədində “müşahidə missiyası” adı altında fəaliyyət göstərən dairələri, xüsusilə Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürən, əslində isə birtərəfli mövqe tutaraq uzun illər ərzində Ermənistana himayədarlıq edən, ona hərtərəfli dəstək göstərən Fransanı ciddi narahat edir”, - deyə Əli Nağıyev qeyd edib.
DTX rəisi bildirib ki, Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır.
“Fransa hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilib, zəruri və adekvat addımlar atılıb.
Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcək.
Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik”, - deyə Əli Nağıyev yazıb.
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...