Yalnız Milli Məclis dəyişməyəcək – Hakimiyyət böyük yeniliyə gedir

22:37 10-07-2024 | icon 232 | Siyasət
Yalnız Milli Məclis dəyişməyəcək – Hakimiyyət böyük yeniliyə gedir

Proseslər sürətlənib. Hadisələr bir-birini çevik şəkildə əvəz edir. Bəzən çatdırıb, şərh etmək mümkün olmur. Azərbaycan və bütövlükdə dünya siyasətində bu cür dinamikaya heç vaxt rast gəlinməyib. 

 

Siyasət hər zaman astagəlliyi, təmkini, ağırlığı ilə seçilib. “Yüz ölç, bir biç” prinsipi bu sahədə aktuallığını qoruyub. İndi isə belə şərtlər aradan qalxıb. Az qalsın qərar verilmədən, nəticə ortaya çıxır.

 

Xarici siyasətdəki dinamika öz yerində. Ölkədaxili siyasət də sürətlənib. Bütün bunlar isə Azərbaycanın yeni mərhələyə çıxması ilə bağlıdır.

 

Müharibədən sonra reallıqlar böyük miqyasda dəyişdi. Bu dəyişiklik davam edir. Dövlət özünü yeniləyir. Ərazi bütövlüyünün təmin olunması, suverenliyin bərpası ölkəni yeni hədəflərə aparır. Zaman itirmək, ləngimək olmaz. Bəzən bir neçə aya bir neçə ilin işi sığışdırılır. Başqa variant yoxdur. Ləngisək, uduzarıq, itirərik.

 

Hazırda ölkədə bir neçə istiqamət üzrə hazırlıqlar gedir. Bunlardan ikisi prioritet təşkil edir: COP29 tədbiri və Milli Məclisə seçkilər. COP29 noyabrda keçiriləcək deyə, onunla bağlı siyasi həyatda hələ çox qaynarlıq duyulmur. Dövlət bu nəhəng tədbirə yüksək səviyyədə hazırlaşır. Lakin bu tədbirin mahiyyəti daxili maraqları o qədər təsirləndirmir.

 

İndi əsas ictimai diqqət sentyabr ayının 1-nə təyin edilən parlament seçkilərinə yönəlib. Məsələni maraqlı, bir qədər də gərgin edən az qalsın 10 nəfərdən 7-nin deputat olmaq istəməsidir. Kimi dindirirsən, namizədliyini verəcəyini söyləyir. Seçib-seçilmək 18 yaşı tamam olan hər kəsin haqqıdır. Amma bu qədəri də çoxdur. Bu kütləvi arzunu, istəyi şərtləndirən, provokasiya edən siyasi, bir qədər də sosial amillər var. Hamının ürəyindən keçir ki, hökumət onun namizədliyini dəstəkləsin, xərcini çəksin, o da rahatca gedib Milli Məclisin iclas zalında otursun. Deputat olmaq istəyənlərin 90 faizi öz resursları ilə seçki kampaniyası apara bilməzlər, imkanları çatmaz. Heç buna getməzlər də. Açıqca deyirlər: “Dövlət məni deputat eləsin”. Düşünürlər, çox əhəmiyyətli, əvəzedilməz personadılar. Guya dövlətin, cəmiyyətin bunlara dəhşətli dərəcə ehtiyacı var. Bu, olsa-olsa, kütləvi psixoz halının əlamətidir. Başqa bir şey deyil.

 

Milli Məclisin tərkibinin ciddi şəkildə dəyişəcəyini deyənlər var. Amma bu dəyişikliyin maksimum 30 faizlə yekunlaşacağı iddiaları da eşidilməkdədir. Adil Əliyevin MM-in vitse-spikerliyindən Suraxanının icra başçılığına göndərilməsi düşüncələrdə kəskin “U dönüşü” etdi. Hər kəs barmağını dişlədi. Adil Əliyevin karyerasındakı bu cür radikal dəyişiklik siyasi cameənin gözünü açıb. Bu təyinat parlamentdə dəyişikliyin 30 faizi aşacağı qənaəti formalaşdırdı. Həmçinin bəzi sualları aktuallaşdırdı. Əsas suallardan biri də budur ki, qanunverici orqan hara qədər yenilənəcək? Deputat korpusunda dəyişiklik kütləvi olacaq?

 

Adil Əliyevin təyinatı bu suallara cavab tapılmasında açar rolu oynaya bilər. Bu, növbəti mərhələdə daha qlobal dəyişikliyin ola biləcəyindən xəbər verir. İdarəetmənin optimallaşdırılması, rəy və region (qrup) liderlərinin növbəti dəfə vitrindən arxa plana atılması, ehtiyat oyunçular skamyasında gözlədilməsi istisna edilmir. 2018-ci ildən start götürmüş kadr islahatı, idarəetmədəki reformalar belə çıxır, dayanmayıb.

 

Prezident seçkisindən sonra əksəriyyət Nazirlər Kabinetinin tərkibinin ciddi dəyişəcəyini gözləyirdi. Bu gözlənti doğrulmadı, amma gündəmdən çıxdığını düşünmək sadəlövhlük olar. Hər şeyin zamanı var, necə deyərlər. İlham Əliyevin müharibə vaxtı belə bir ifadə işlətmişdi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” Bu fikir postmüharibə dövrü üçün də keçərlidir.

 

Prezident İlham Əliyev 2013-cü ildən bəri komandada xeyli dəyişikliklər etdi. Bu dəyişikliyin ən qlobal fazası 2019-cu ilin ikinci yarısından sonra başladı. Onda ölkə müharibə ərəfəsində idi – bunu biz bilməsək də. Ona görə də köhnə kadrlar, əsasən də Rusiyaya bağlılığı şübhə doğurmayan şəxslər, Türkiyəyə qarşı olan qruplaşma üzvləri idarəetmədən uzaqlaşdırıldı. Ramiz Mehdiyevdən Nəcməddin Sadıkova, Hacıbala Abutalıbovdan Əli Həsənova kimi bir çox vəzifəli məmurlar sakit şəkildə komandadan qovuldu. Köhnə komandadan sonuncu “nüsxəsi” Vasif Talıbovun isə siyasi aqibəti daha acınacaqlı oldu. Hər kəsin cəzası etdiyi günaha, səhvə uyğun verilir…

 

Müharibədən sonrakı reallıqlar da hakim komandada dəyişiklikləri qaçılmaz edir. Düşüncələr, baxışlar, yanaşmalar dəyişirsə, bu nəhəng prosesdə rol alan icraçıların da dəyişməsi qaçılmazdır.

 

İndi hər kəs Milli Məclisin yeni tərkibinin kimlərdən ibarət olacağı ilə maraqlanır. 1 sentyabrda keçiriləcək seçkilər böyük dəyişikliyə doğru gedən yolda bir mərhələdir.

 

İlham Əliyev taktikanı dəyişib. Əvvəl komandanı və idarəetməni şəxslər üzərində qurub, həyata keçirirdi. Sonra bu yanaşmanı format etdi. İndi onun üçün şəxslər yox, sistem əsasdır. O sistemə kim uyğun gəlirsə, irəli çəkilir, kim geri qalırsa, bacarmırsa, uzaqlaşdırılır. Burda nə keçmişdəki xidmət nəzərə alınır, nə də kiminsə övladı, qohumu olmaq.

 

Dövlətin və dövlətçiliyin prinsipləri bunu tələb edir.

 

Azər Ayxan

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK