Jurnalistlərin saldıqları bağdan - REPORTAJ/FOTOSESSİYA
Əkdiyimiz hər bir ağac neçə-neçə insanın həyatında bir “yaşıl qələm” kimi öz özəl hekayələrini yazacaq
Dünən 100-dən çox media nümayəndəsi Zığ şosesinin kənarında “Yaşıl qələm, Jurnalistlər bağı” üçün ayrılmış əraziyə getdi. 100-dən çox jurnalistlərin böyük həvəslə qatıldığı aksiyada 2 mindən çox meyvə ağacı əkildi.
...Ağac əkilməsi ilə bağlı sosial şəbəkədə verilən elan və qeydiyyata uyğun olaraq, jurnalistlər martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısına toplaşırdılar.
Bura sanki uzun zamandan bəri bir-birini görməyən jurnalistlərin görüş yerinə çevrilmişdi. Jurnalistlərin bir-biri ilə isti görüşmələri, bir-biriləri ilə illərin xatirələrini bölüşmələri, “yaxşı ki, belə bir aksiya keçirildi və nə yaxşı ki, jurnalistlər bir araya gəldilər”- təəssüratını yaradırdı. Görünən bu idi ki, jurnalistlərimiz baharın gəlişi ilə keçirilən bu ağacəkmə aksiyasına sevgiylə, zövqlə qatılıblar.
Saat 9:00-dan başlayaraq, həmkarlarımız vədələşdiyi kimi nazirliyin qarşısına gəldilər. Hamı toparlanana qədər şəkillər çəkdirir, bir-birilərini təbrik edirdilər. Hər kəs yeni salınacaq bağda hansı ağaçı əkəcəyini planlaşdırırdı. Bu dəfəki müzakirə mövzusu əkiləcək ağaclardan hansına üstünlük verəcəyi ilə bağlı idi. Çoxları zeytun ağacı əkəcəyini və bu istəyini onun əhəmiyyətli meyvə olması ilə əlaqələndirirdi. Mən özüm də zeytun ağacını əkəcəkdim...
“Bu, Heydər Əliyevin ağac əkməyə verdiyi önəmin uğurla davam etdirilməsi anlamına gəlir”
Jurnalist Azər Həsrət, ağacəkmə aksiyasını yüksək qiymətləndirdi və əhəmiyyəti barədə danışdı:
“Yaşıllaşdırma, təbiətin qayğısına qalmaq, ölkəmiz, insanlarımız üçün çox faydalı bir işdir. Xüsusən də sənayeləşmənin sürətlə inkişaf etdiyi bir dövrdə yaşıllıqların salınması çox müsbət haldır. Belə bir aksiyanın jurnalistlər tərəfindən keçirilməsi isə digər sahənin insanları üçün bir çağırış olacaq. Ümumilikdə, Ekolgiya Nazirliyi və digər qurumlar tərəfindən ağac əkməyə göstərilən təşəbbüslər, zamanında ulu öndər Heydər Əliyevin yaşıllaşdırmaya, ağac əkməyə verdiyi önəmin uğurla davam etdirilməsi anlamına gəlir”.
“Aksiyanın adının “Yaşıl qələm” olması həm də ona görə əlamətdardır ki…”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da öz təəssüratlarını bizimlə bölüşdü:
“Bu aksiyanı çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, jurnalistlər ictimaiyyətin aktiv, fəal təbəqəsi kimi öz müsbət işləri, fəallağı ilə cəmiyətə bir örnək olmalıdırlar. Bizim bu addımımız Bakının, ümumiyyətlə Azərbaycanın gələcəyi ilə bağlı yaşıllıq ehtiyatlarının qorunub saxlanması, inkişafı üçün müsbət bir addımdır. “Yaşıl qələm” 1918-ci ildə də yaradılmışdı. Ancaq onu ədəbi camiyə formasında qurmuşdular. Bu aksiyanın adının “Yaşıl qələm” olması həm də ona görə əlamətdardır ki, 2020-ci ilə qədər özümüzü Xalq Cümhuriyyəti ab-havasında tutmağı bacaraq. Bu, Azərbaycan Xalq Cümhuriyyəti adına bir ehtiramdır”.
Budur, jurnalistlə dolu avtobuslar yola düşdü. Jurnalistlərin müzakirələri avtobusda da davam etdi…
Nəhayət, avtobuslar “yaşıl qələm jurnalistlər bağı” üçün ayrılan əraziyə çatdı.
Hər kəs böyük bir həvəslə media kollektivi üçün hazırlanan belləri, əlcəkləri götürüb işə başladı.
Artıq qısa müddətdə xeyli ting basdırıldı…
“Bu ağaclar şəhərimizin gözəlləşməsi üçün öz töhfəsini verəcək”
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə birlikdə Versus.Az İnformasiya Agentliyi adından torpağa bir dostluq tingi əkdik. Vüqar müəllim aksiya ilə bağlı öz təəssüratlarını bölüşdü:
“Hesab edirəm ki, jurnalistlərin bu cür aksiyalarda iştirak etməsi çox əhəmiyyətli və vacibdir. Düşünürəm ki, jurnalsitlərin əkdiyi bu ağaclar, gələcəkdə bir yaşıllıq zolağı kimi, şəhərimizin gözəlləşməsi üçün öz töhfəsini verəcək. Hər bir insan, hər bir Azərbaycan vətəndaşı belə təşəbbüslərə qoşulmalıdır. Yaşıllığın qorunmasına dəstək olmalı, şəhərimizin daha da oksigenləşməsi üçün öz dəstəyini əsirgəməməlidir”
Onu da qeyd edim ki, ETSN-ni əməkdaşları, nazir özü də bizimlə bərabər ağac əkdi, jurnalistlərin müzakirəsinə qoşuldu.
“Jurnalistlər hər il gəlib öz bağlarından meyvə dada bilərlər”
Ekologiya və Təbii Səvətlər nazirliyinin mətbuat katibi İradə İbrahimova jurnalistlərlə bir arada belə bir bağın salınmasından çox məmnunluq duyduğunu, gözəl hisslər yaşadığını dedi:
“Jurnalistlər yığışıb belə bir təşəbbüs irəli sürdülər ki, bu bağa “Yaşıl qələm, jurnalistlər bağı” adını versinlər. Bu da nazirlik tərəfindən dəstəkləndi. Bağa qulluq və suvarma sistemi yüksək səviyyədə həyata keçiriləcək. Düşünürəm ki, jurnalistlər hər il gəlib öz bağlarından meyvə dada bilərlər. Mən də jurnalistəm və bu gün burada ağac əkənlər mənim həmkarlarımdır. Ona görə də bu gün mənim üçün ən sevincli bir gündür”.
Nazirliyin bağban qrupu da jurnalistləri hərarətlə qarşıladılar və bizimlə bərabər ağac əkdilər…
“Mən bu arzumun reallaşmasına çox sevinirəm”
Bu aksiyanın təşəbbüskarı olan tanınmış jurnalist Azər Qismət “Yaşıl qələm jurnalistlər bağı”nın salınması təşəbbüsü ilə jurnalistlərə səslənəndən sonra nazirlikdən müsbət reaksiya aldığına görə çox məmnunluq duyduğunu dedi:
“Mən çox şadam ki, bu gün jurnalistlər bir araya gəldilər. Bu təşəbbüsü ilk dəfə ötən ilin dekabr ayında irəli sürmüşdüm. Sosial şəbəkədə sadəcə yazmışdım ki, istərdim jurnalistlərin bağı olsun. Düşünməzdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istəyimə bu qədər operativ reaksiya verər. Nəhayət, bu ay nazirlikdən xəbər gəldi ki, biz bu təşəbbüsü alqışlayırıq və Suraxanı rayonunda sizə yer ayırmışıq. Aksiya baş tutdu və mən bu arzumun reallaşmasına çox sevinirəm. Arzumun gerçəkləşməsi, həm də dövlət başçısının kadr islahatını düzgün aparmasından irəli gəlir”.
Yüksək əhval-ruhiyyədə olan jurnalistlər demək olar ki, hər əkdikləri ağacla şəkil çəkdirdilər…
Versus.az saytının nümayəndəsi olaraq 10-dan çox ağac əkdim. Belə bir xoş ortamda görülən hər bir işin uğurlu alınacağına şübhə etmirəm. Çünki birlik və sevgidən yalnız gözəllik, inkişaf yarana bilər və həmin gün jurnalist dostlarımızın iştirakı ilə bunu bir daha yəqin etdik…
Beləcə, el birliyi ilə tingləri basdırandan sonra, jurnalsitlər üçün hazırlanan çay süfrəsinə əyləşdik.
Bahar ovqatı ilə hazırlanan süfrə, Novruzun atributları sayılan şirniyyatlar, səməninin ətri və gözəlliyi “jurnalist bağbanların” yorğunluğunu əməlli başlı çıxdı.
Səmərəli zəhmətkeşliyin sonunda jurnalistlər yeni-yeni bağların salınmasında iştirak etməyə hazır olduqlarını söyləyərək, nazirlikdən yeni təşəbbüslər gözlədiklərini dedilər. Artıq jurnalistlər ağacları əkəndən dərhal sonra, onlara qulluq və meyvələrinin yığılması, arada bir bağa gəlib istirahər etmələri ilə bağlı planlar da qurdular. Hətta “Yaşıl qələm jurnalistlər bağı”na jurnalistlərin yay fəslinə hesablanan növbəti səfəri də planlaşdırıldı.
2019-cu il martın 10-nu - bazar günü jurnalistlər üçün bu tədbirlə yadda qaldı.
Beləcə, jurnalistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağac əkini mövsümünə qoşulma fürsətini çox yaxşı dəyərləndirdilər. O ümidlə ki, əkdikləri hər bir ağac neçə-neçə insanın həyatında bir “yaşıl qələm” kimi öz özəl hekayələrini yazacaq.
Bizimlə bərabər ağac əkən fotoqrafımız Teymur Hümbətova gözəl şəkillərə görə təşəkkür edirik.
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"