İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasındakı çıxışını Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin sədri Tural Gəncəliyev şərh edib.
Versus.Az xəbər verir ki, icmadan verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 24 iyun 2019-cu il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxış edərək, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fikirlər səsləndirmiş, "bölünməz insan hüquqları, öz müqəddəratını təyin etmək hüququndan" danışaraq, bunları "dağlıq qarabağ əhalisi"nin ayrılmaz hüquqları kimi təqdim etməyə yönələn əsassız iddialar irəli sürüb.
Mnatsakanyan öz çıxışında qeyd olunanlarla kifayətlənməyərək, guya "Dağlıq Qarabağ"a qarşı 1990-cı illərin əvvəllərindən həyata keçirilən "təcavüz" və oradakı "əhalinin həyatı üçün təhlükə"dən bəhs edib:
"Bildiririk ki, BMT-nin İnsan Hüquqları Şurası kimi mötəbər qurumda çıxış etmək imkanı əldə edən Mnatsakanyan rasional və məntiqli düşünmək qabiliyyətindən məhrum olaraq, məhz elə tribunasından istifadə etdiyi təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələri unutmuşdur. Bununla bağlı, Mnatsakanyanın pozulmuş yaddaşını təzələyərək ona xatırladırıq ki, BMT TŞ-nin aidiyyəti sənədlərində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri" ifadəsi öz əksini tapmışdır. Məlum məsələdir ki, Dağlıq Qarabağın əhalisi deyərkən orada yaşayan ermənilər və azərbaycanlılar, yəni iki icmanın nümayəndələri nəzərdən keçirilməlidir. Bölgənin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların fundamental hüquqlarını kobudcasına pozan Ermənistan tərəfi anlamalıdır ki, azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan və onların pozulmuş hüquqları bərpa olunmadan Dağlıq Qarabağın gələcəyi ilə bağlı hər hansı fikir söyləmək əsassızdır.
Yaxşı olardı ki, növbəti çıxışları zamanı Mnatsakanyan peşakarlıq naminə BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbycan münaqişəsi ilə bağlı sənədlərini öyrəndikdən sonra məsələyə münasibət bildirsin.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...