“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”
Arzu Nağıyev: “Heç bir məcburiyyət olmadan gedən gedəcək, qalan qalacaq”
“Məlumdur ki, əvvəllər də Qarabağda üç kateqoriya ermənilər var idi - hansı ki, Azərbaycan bayrağı altında Azərbaycan Konstitusiyasına uyğun yaşamaq istəyənlər, müxtəlif separatçı qüvvələr, silahlı qüvvələr. Bunların kateqoriyalarına uyğun olaraq dinc əhalini təbii ki, girovluqda saxlayan çoxsaylı qeyri-legitim qurumlar var idi. Bunların hamısı darmadağın edilməlidir və edildi də”.
Versus.Az xəbər verir ki, bunu lokal antiterror əməliyyatından sonra Qarabağda cərəyan edən proseslərlə bağlı açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Deputat qeyd edib ki, müxtəlif silah saxlayan qüvvələrə qarşı da həm Dövlət Təhlükəsizlik Xidmətinin müraciəti, eyni zamanda rus sülhməramlı qüvvələrlə birgə silahların təhvil verilməsi istiqamətində ciddi addımlar atılır:
“Kütləvi informasiya vasitələrindən də göründüyü kimi, gizli anbarlar aşkarlanır və orada gizlədilən silahlar təhvil alınır. Yəni əsas məsələ oranı silahdan təmizləməkdir.
Digər məsələ - humanitar dəhlizlərin yaradılması, onlara humanitar köməklərin edilməsi, sakinlərin əgər istəyirlərsə həmin ərazini tərk etməsi təmin olunur. Bu, Xocalı hava limanı vasitəsilə, eyni zamanda şəxsi avtomobillər, yaxud ayrılan digər minik avtomobillər vasitəsilə də həyata keçirilir. Yəni heç bir məcburiyyət yoxdur. Artıq Ermənistan hökuməti də nə qədər insan qəbul edəcəkləri ilə bağlı sosial şəbəkələrdə, yaxid KİV-də açıqlamalar veriblər”.
A.Nağıyevin fikrincə ki, bu gün əsas məsələ ermənilərin qanunsuz hərəkətlərindən zərər çəkmiş və müxtəlif separatçılar tərəfindən girov saxlanılan o sakinlərə qarşı atılan müsbət humanitar addımlardır:
“Bunu Azərbaycan dövləti yüksək səviyyədə həyata keçirir. Yanacaqla bağlı, çörəklə, ərzaqla bağlı, ilkin tibbi yardımla bağlı bu kimi məsələlər yüksək səviyyədə həyata keçirilir. Heç bir məcburiyyət olmadan ərazini tərk etmək istəyənlər tərk edir, qalmaq istəyənlər də qalacaqlar. Yəni Azərbaycanda dinindən, dilindən asılı olmayaraq bütün imtiyazlar onlara da şamil ediləcək. Bu gün Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, həmin o şəxslər yəqin ki, bir müddətdən sonra vətəndaşlıqla bağlı müraciət edəcəklər. Düşünürəm ki, Xankəndidə idarəçilik də ələ alınacaq və Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"