Ramil Hüseynov: “O siyasətçini döymək lazımdır, ona “stəkan” da kar eləməz”

01:02 21-10-2023 | icon 6220 | Layihə
Ramil Hüseynov: “O siyasətçini döymək lazımdır, ona “stəkan” da kar eləməz”

“Onu udmaq yalnışdır, arxasında böyük güc var, o güc böyüməlidir və Azərbaycanı qüdrətli ölkəyə çevirmək üçün prosesi sona qədər aparmalıdır”

 

Versus.Az “Masaüstü siyasi oyun” layihəsini davam edirir. Pandemiya dövründə müvəqqəti dondurduğumuz layihəmizi “Yeni Xətt” Siyası Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovla yenidən canlandırdıq.

 

Nərd oynu ilə başladıq. Oyun rəqiblərin bir-birinin əlini sıxması, bir-birinə uğur diləməsi ilə başlayır:

 

- Ramil bəy, qaralarla oynamağı xoşlayırsız, yoxsa ağlarla?

 

“Hakimiyyətdən, şəxsən İlham Əliyevdən üzr istəyin”

 

- Mən açığı çox oynamıram, amma dostlarla oynayanda həmişə seçimi onlara verirəm. Ağ, yaxud qara olsun, ona xüsusi yanaşmıram. Seçimi onlara verirəm.

 

- Bəs seçimi özünüz etsəniz?

 

- Ağları seçərəm.

 

- Amma mən qaralarla oynamağı xoşlayıram.

 

- Onda deyək ki, siz qaraları ağ günə çıxaracaqsız.

 

- Deyəsən mən daşları səhv düzürəm axı?

 

- Bəli, sizin daşlar burdan, bu daşlar isə burdan düzülməlidir.

 

- Ramil bəy, oyuna nərdlə gəlmisiz, bəs əslində masaüstü oyunlarda hansını xoşlayırsız?

 

- Açığı uşaq vaxtı, məktəbdə oxuyanda bütün oyunlarda oynamışam - şahmatı, şaşkini çox yaxşı oynamşam. Bizim kənddə o vaxt məni heç kim uda bilmirdi. Amma Bakıya köçəndən sonra bəlkə də 10-20 il o oyunları oynamamışam. Nərdi isə aradabir oynayırıq.

 

- Bizimlə niyə nərdi seçdiniz?

 

- Çünki yaxın zamanlarda oynadığım oyun budur. Ona görə bunu seçdim. Digərilərini uzun müddətdir oynamıram.

 

(İlk zər atıldı... İkimiz də şeşqoşa atdıq. Sonra şeşqoşa ilə oyuna başladım-A.Z)

 

- Sizin oyununuzda zərtutma var?

 

- Yox, bacarmıram. Mən ümumiyyətlə oyunda cığallığı sevmirəm. Bəzən uşaqlar domino oynayanda da aldadırlar. Amma mən cığallğı sevmirəm. Mənim təbiətimdə elə bir şey yoxdur.

 

- Nərddə - buna daş deyirlər də.. zəri atıram - sə bir...

Nərddə daşları yerə çırpma var, o nəyin göstəricisidir. Baxıram siz daşları xanaya sakit yerləşdirirsiz.

 

- Düşünürəm ki, bu da tərbiyədən, əxlaqdan irəli gəlir. Çünki bərk vuranda kənarda səs-küy yaranır. Məncə insan nə edirsə, kənradakına maneçilik törətməməlidir. Rəqibi oyunla qorxutmaq lazımdır, hay-küylə qorxutmaq olmaz.

 

- Siyasətçilərdən kiminlə oynamısız?

 

- Oynamamışıq. Dostlarla oynamışam.

 

- Bəs kiminlə oynamaq istərdiz?

 

- Kimin əli düz oynayırsa, onunla oynamaq istərdim.

 

- Özünüz üçün bölsəniz kimlə hansı oyunu seçərdiz?

 

- Açığı bunun üçün siyasətçiləri təbəqələrə bölmək lazımdır. O artıq siyasi yanaşma tələb edir.

 

- Yaxşı, müxalifətlə hansı oyunu oynayardız?

 

- Müxalifətlə nərd oyununu oynamaq olardı. Çünki şahmat oyunu daha intellektual, düşünməyə vadar edən oyundur. Müxalifət neçə illər ərzində o şansı əlindən buraxıb. Biz görürük ki, hakimiyyətin gördüyü işlər və indiyə qədər atdığı addımlar Azərbaycan cəmiyyəti üçün çox önəm kəsb edir. Ona görə də hakimiyyətlə şahmat oynamaq olar.

 

- Məsələn kiminlə?

 

- Hakimiyyətin istənilən nümayəndəsi ilə oynamaq olar.

 

- Heç Prezidentlə şahmat oynamağı fikirləşmisiz?

 

- Açığı fikirləşməmişəm. Amma elə bir şans yaransa, məmnuniyyətlə oynayardım. Son vaxt çox gözəl strateji gedişlər edir. O taktikaları öyrənmək siyasətçi üçün vacibdir.

Prezident taktikası ilə bizi istəməyənlərin bizim üçün cızdığı bir siyasi riyakar təhlükəli oyununu qısa zaman ərzində öz siyasəti ilə darmadağın etdi. Bizim gələcəyimizi aydınlatı. Onu dərk etmək lazımdır. Bizim övladlarımız, onların övladları bu torpaqlarda yaşayacaqlar. Onların gələcək həyatının təhlükəsizliyinin təminatının bünövrəsini qoydu. Biz bundan sonra daha da güclü olmalıyıq. Təkliflərini ver, digər məsələlərlə bağlı mübarizəni apar, amma dövlətin yanında ol. Layiqli rəqiblə qarşı-qarşıya gəlməyin özü də bir şansdır.

 

- Siz özünüz hər hansı bir idmanla məşğul olursuz?

 

- Mən tələbə vaxtında bir az Kinq-boksa getmişəm, güləşə çox az getmişəm. Sonra problemlər çoxaldı, mən demək olar ki, idmana gedə bilmədim. Amma son 5-6 il olar ki, sırf sağlamlığımı qorumaq üçün idman edirəm. Həftədə üç dəfə pover-liftinq idmanı ilə məşğul oluram.

 

“Zaman-zaman gördüm ki, gözləntilərim özünü doğrultmadı

 

- Ramil bəy, siyastə neçənci ildə gəlmisiz?

 

- 1996-cı ildə...

 

- 96-cı ilə kimi Ramil Hüseynov kim idi?

 

- Maraqlı sualdır... Mənin atam uzun illər məktəb direktoru işləyib - 24 il. Əslində mənim əsli-köküm İran Azərbaycanlısıdır, Ərdəbildən gəliblər. Anam tərəfi – Nəmindəndir, Atam tərəfi isə Ərdəbil... Təbii ki, onların ora köçməsində araşdırmalar başqa şey deyir. Yardımlının Arus kəndinə köçmüşük. Bir tərəfimiz də Lerikin Soru kəndinə. Ucqar bir kənddir, yaşamaq üçün orda heç bir şərait yoxdur. Mən orda böyümüşəm, atam o kənddə məktəb direktoru işləyib və o vaxtın məhşur siyasətçilərini atamın vasitəsi ilə izləmişəm.

 

 

- Atanızı təqdim edərdiz.

 

- Atam Hüseynov Qələmirzə rəhmətə gedib. Allah bütün ölənlərə rəhmət eləsin. Mənim anam da rəhmətə gedib, atam da..

 

- Allah rəhmət eləsin.

 

- …Beləcə, məndə siyasətə həvəs, meyl yarandı. Sonra 88-ci ildə məlum hadisələr başladı. Bilirsiz orda ən çox narahatedici məqam hansı idi, bizim qızlarımızın əsir götürülməsi. Bu hadisələri uşaq təfəkkürü ilə düşünürdüm. İstər-istəməz insan çox dərin sarsıntı keçirirdi. Sarsılırdıq ki, niyə əsir düşməlidir, niyə buna imkan verdik, niyə zəifik, gücsüzük. Təbii ki, məcbur olursan ki, zamanın tələbləri ilə razılaşasan. Nə qədər qəm-qüssə, keşməkeş də olsa, danışıb-danışıb bir yerdə durmuşuq. Mən sizə 15-16 yaşlarımdan danışıram. O vaxtdan siyasətlə maraqlanmağa başladım. Və siyasi partiyaları araşdırdım. Həmin vaxtlar idiki parlamentdə canlı yayımlar gedirdi və siyasətçilərin içində Etibar Məmmədovun çıxışlari diqqətimi cəlb edirdi. Artıq mən Bakıya gələndə o vaxtı AMİP nüfuzlu partiyalardan biri idi və mən həmin partiyaya üzv oldum. Partiya üzvü kimi proseslərdə də fəal iştirakçı olmuşam. Elə vaxtlar olub ki, işlə əlaqədar passivlik yaranıb, amma fəal iştirak etmişəm. Komissiyalarda iştirak eləmişəm, proseslərdə olmuşuq. Siyasətə belə gəlmişəm.

Sual etdiniz ki, Ramil Hüseynov siyasətdən kənar kimdir... Əslinə qalanda birincisi insanın formalaşması üçün onun tərbiyəsi, genetikası lazımdır. Əgər bir insan insanlığı dərk eləmirsə, təbii ki, ondan yaxşı heç nə alınmayacaq. Nə siyasətçi, nə insan, nə işçi, müəllim - mümkün deyil. Birinci insan olmalıdır ki, bu da tərbiyədən asılıdır. Özüm ziyalı ailəsində böyümüşəm. Mən bu günlərimə gəlib çıxmağıma görə ilk növbədə öz valideynlərimə borcluyam. Təbii ki, müəllimlərimə də borcluyam. Amma valideyn, ailə tərbiyəsi, genetik kodlar tamam fərqlidir. Həmişə çalışmışam ki, yaxşı insan obrazı olsun. Mən ədalət, ləyaqət prinsiplərinə, yoldaşlıq, dostluqda dürüstlüyə önəm vermişəm. Siyasətçi olursan ol, yaxud digər peşə məsələsi onlardan sonra gəlir.

 

- Belə deyirlər ki, siyasət çirkinlikdir. Bəs Ramil Hüseynov niyə bu çirkinliyə meyilləndi? Doğrudandamı çirkinlikdir?

 

- Hesab edirəm ki, bu, zəif insanların düşüncəsidir. Siyasət özü canlı varlıq deyil ki, çirkin olsun. Siyasətdə olanlar çirkinlik gətirə bilərlər. Bu intellekt, əxlaqi məziyyətlər baxımından kasad olan insanların düşüncəsidir.

 

- Bəlkə mövqe baxımından dəyişiklik edilmə ilə yaranır bu çirkinlik fikri?

 

- Yox, bilirsiz, insanın prinsipləri var. Siyasətdə bəli, ola bilər ki, iradənizin əleyhinə addımlar atırsız. Cəmiyyətdə düşünə bilərlər ki, bunu nə üçün elədi, mövqeyini dəyişdi. Amma bu mövqe dəyişikliyi deyil. Əslinə baxanda zaman-zaman aydın olur ki, bu addımları niyə atmışıq. Dövlətin, xalqın maraqlarına görə bu addımlar atılır. Məsələn, bizdə azadlıq deyirlər. İnsanın azadlıq məvhumu da nisbidir. Həyatda mütləq Allahdır, qalan hər şey nisbidir. Azadlıq məvhumunu da mən nisbi hesab edirəm. Çünki əgər bir bir insan mühitə tabe olursa, mühit özü bunu yetişdirirsə, demək artıq onun azadlığı orda bitir. Əgər yaşadığımız mühit bizi yetişdirisə, formalaşdırısa, biz o mühitə uyğun məcburən addımlarımızı atırıqsa, orda əmələ gələn bu olur ki, azadlıq məvhumu yoxdur. Ona görə də siz dediyiniz “siyasətin çirkinliyi” məsələsi hesab edirəm ki, zəif insanların düşüncəsidir. Siyasəti təmizləmək də olur, əxlaq çərçivəsində aparmaq da olur... Bir tədbirdə hansısa bir siyasətçi onun barəsində belə bir fikir işlətdi - Azərbaycan siyasətinə siyasətin əxlaqını gətirən insan. Deməli, kimsə bunu bacarırsa, var, yəni siyasəti çirkinləşdirmək olmaz. O sözü ona deməmək də olar. Amma siyasəti çirkin edənlər var, çünki onlar özləri o çirkin oyunlarda iştirak edirlər. Zaman-zaman o proseslər gedir. Çirkinlik siyasətdə var, amma onu təmizləmək də olar.

 

- Siyasətə əxlaqı kim gətirmişdi, onu deyən bir nəfər kim idi?

 

- Onu Araz Əlizadə Etibar Məmmədovun yubileyindəki çıxışında onun üçün demişdi.

 

- Yaxşı, özünüz belə bir partiyada, belə bir siyasətçinin yanında idiniz, niyə ayrıca partiya yaratmaq fikrinə düşdünüz? Özünüzü orada göstərə bilmədiniz, maneələrmi oldu, siz də bir lider olmaqmı istədiniz?

 

- Liderlik istəklə deyil. İnsan anadan olanda lider olaraq dünyaya gəlir.

(Ramil hüseynov salfetka istədi, rəqib tərlədi…)

 

- Mən bu sualı Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevə verəndə dedi ki, mənim sədrim Əli Kərimli bizim üzə çıxmağımızı istəmirdi, bizi kölgədə saxlamaq istəyirdi, üstəlik də dövlətçiliyə qarşı siyasət yürüdürdü.

 

- O düşüncə doğrudur. Amma partiyanı mən niyə yaratdım? Siyasətlə məşğul olmağa başlayanda rayondan təzə gəlmişdim, Bakı mühiti tamam başqadır. Mən bura gələndə o siyasətçilərdən - hansı ki, təmsil olunduğum, etimad göstərdiyim siyasətçilər idi, onlardan çox şeylər göləyirdim. Sonra zaman-zaman gördüm ki, gözləntilərim özünü doğrultmadı.

 

“Qocaman müxalifət hardadır?”

 

Əslində eyni partiyada idik. Parçalanma baş verdi. Sonra başqa partiyada təmsl olundum. Orda da həmin proseslərlə üzləşdim. Yəni gözlədiklərimi ala bilmədim. Siyasətə gəlirsənsə, mütləq dövlət bağları ilə dövlətin bütün prinsipləri ilə işləməyi bacarmalısan. Mən gördüm ki, orda məqsəd başqadır. Siyasi müxalifətin hakimiyyətə gəlmək üçün ciddi addımlarını görməmişəm. Sadəcə olaraq onlar prosesdə olmaq xatirinə prosesdə olublar və hakimiyyətə gəlmək iddiaları olmayıb. Bu da gün keçirmək, yola vermək, vaxt itirməkdir. Mən həmin ərəfədə o dəyərli vaxtlarımı itirmişəm. Peşman deyiləm, amma təəssüf edirəm ki, itirmişəm. Onu daha səmərəli istifadə edə bilərdim. Nə qədər dünya, insan var, siyasət olacaq. Ona görə gənclərə tövsiyəm odur ki, onlar ölçüb biçsinlər.

Bütün bunlar baxımından düşünürəm ki, siyasət çirkin deyil, caamatı aldatmamaqla da siyasətdə qalmaq olar. Ola bilər ki, bu gün sizin yanınızda 5-10 nəfər olsun. Amma siz ona doğru məlumatları çatdırmaqla yanınızda saxlaya bilərsiz. Onda keyfiyyət daha üstün olacaq. Biri də var ki, hakimiyətə üstünlük verib, aldatmaqla, gizlən-parç oynamaqla, aldadıcı informasiyalarla ətrafına adam yığasan. Amma o da bir müddətlikdir. Sonra hamımız da şahid olacağıq ki, o ətraf tamamilə dağılacaq, çünki bünövrəsi, təməli düzgün qoyulmayıb. Hər bir işin təməli düzgün, doğru qoyulmalıdır. Onlar hakimiyətlə öz aralarındakı fərqi müqayisə eləsələr, 30 ilin qocaman müxalifəti, “Azadlıq hərəkatı”nda iştirak edənlər hardadır? 30 ilin müxalifətində potensial var, amma onu xarakterlərinə görə, özlərinin cılız düşüncələrinə görə düzgün istiqamətə yönəldə bilmədilər və o çirkin siyasi oyunlarda özlərini məhv elədilər.

 

- Nərtaxtada cığallıq edib zər tutanlara “stəkan verirlər”, siyasətdə zər tutanlara nə vermək lazımdır?

 

- Siyasətdə cığallıq edənlərə daha ciddi cəza vermək lazımdır. Açığı bu idmanla bağlı soruşdunuz, bədən tərbiyəsi deyilən bir şey var, bədəni tərbiyə etmək. Biri də var mənəvi tərəfi tərbiyələndirmək. Bax bu ikinci çətin məsələdir. O, daxildən, xislətdən gəlir. Bəzən insanlara sərt cəzalar tətbiq olunur. İnsanlar buna etiraz da edirlər ki, niyə buna sərt davrandınız. Amma cəmiyyət bilmir ki, bunun pərdəarxası etdiyi hərəkətlər, atdığı addımlar bu cəzanı tələb edir.

 

“O siyasətçini döymək lazımdır, ona “stəkan” da kar eləməz”

 

Elə siyasətçi var ki, ona qarşı radikal addımlar atılmaldır, elə siyasətçi də var ki, həqiqətən də onu döymək lazımdır, ona “stəkan” da kar eləməz. Təbii ki, bu sözlərimizdə bir zarafat var. Amma elə siyasətçilər var və cəmiyyətdə də elə ictimai insanlar çoxdur. Ən böyük cinayət, insanların mənəviyatına etimadına zərər yetirmək, insanları xəyal qırıqlığına uğratmaqdır. Çünki bu biri cinayətlərə görə gedib həbsxanada 5-10 il yatırsan çıxırsan, bu yüngül cəzadır. O biri cinayətin isə Allahın qarşısında bağışlanılması çox çətindir. Ona görə də o cür insanları təcrid eləmək, onlara qarşı ictimai qınaq yaratmaq çox önəmlidir. İnsanlar bilməlidir ki, bu cür addımlar atmaq olmaz. Cəmiyyəti formalaşdırmaq, cəmiyyəti sivil topluma çatdırmaq, inkişaf etdirmək bizə lazımdır. O məsələlərdə onlara sərt cəza tətbiq eləmək daha yaxşıdır. Sərt cəza da odur ki, onların siyasi, ictimai təşkilatlardan uzaq olması üşün əlindn gələni etmək lazımdır. Çox təəssüflər ki, o məsələlərə hələ ciddi yanaşmırıq. Bir-birinə “salaməleyküm”,  tanışlıqların xatirinə o məsələdə ciddiyyətə getmirlər. Amma hesab edirəm ki, onu eləmək lazımdır.

 

- Siz də fikirləşirsiz ki, nərddə qalibiyyəti şans verir?

 

- Çox şey zərdən asılıdr. Amma bu oyunu düzgün oynamaqdan da çox şey asılıdır. Hansı zərin hansı daşı çox vediyini bilirsən. İnidiki zərlər standart deyil. Ona görə də o daşın xarakterinə görə də oyunu qurmaq lazımdır.

 

- Nərddə əsgərlər itirilmir, şahmatda isə itirilir...

 

- Ona görə də Şahmat daha cox ciddiyyət, düşüncə, məsuliyyət tələb edir. Şahmat çox ciddi oyundur və onu daha ciddi şəxslərlə oynamaq olar. Şahmatda qurban verə-verə şah qalib olur. Nərddə 16 əsgəri döyüşdürür, sonra yenidən öz sırasına yığırsan. Ya udur, ya da uduzur.

 

- Nərddə bütün əsgərlər, şahmatda isə şah qorunur.

 

- Düzdür, şahmatda siz dediyiniz kimi əsgəri itririk, amma daha ciddi oyundur. Nərdin böyük mənası var. Burda gecə-gündüz, neçə gün, necə ay nərdin formasına görə mənalandırılır. Zərdəki hər bir xalın da özünün fəlsəfəsi var. Sadəcə olaraq buna səthi yanaşırıq. Bunun siyasi, həyati tərəfləri var. Onu araşdırsaq, bəlkə də həyatla nə dərəcədə uyğunluğunu görərik.

 

- Bəs nəyə görə nərd həmişə tin, küçə oyunu kimi qəbul olunub?

 

- Əslində sovet vaxtı şahmat da tinlərdə oynanılırdı. Sonra şahmatın səviyyəsini qaldırdılar. O vaxt Kasparovun, Karpovun oyunlarını izləyirdik. Kasparov Bakıda doğulduğuna görə onun oyununu daha çox izləyirdik, fəxrlə yanaşırdıq. Amma nərdi vaxtilə köhnə kişilər oynayırdı. Hamı nərd oynamırdı. Bizi nərd oynamağa qoymurdular, nərdi ağsaqqal kişilər oynaya bilərdi. Amma indi hamı oynayır.

 

- Deməli bu oyunun də özünün mahiyyəti, məsuliyəti var idi.

 

- Amma ağsaqqallarımız onun məsuliyyətinin nə olduğunu bizim cəmiyyətə transer edə bilmədilər.

 

- Sizin nərdin içində ehtiyat zər də var. Bu nəyə görədir?

 

- Bu nərdtaxtanı bir dostumuz həbsxanada düzəltdirib və mənə hədiyyə edib. Amma daşlar, zər olmayıb, sonradan alıb içərisinə qoymuşam. Bu ehtiyat zəri də itər, korlanar deyə almışam..

 

“Bunlar sən demə mənə yalan yanaşıblar”

 

- Ehtiyatlısız demək..

 

- Bəli.

 

- Ramil bəy, siyasətdə ehtiyatı nə zaman əldən vermisiz və yaxud ehtiyatsızlıqdan nəsə itirmisiz?

 

- Bəli itirmişəm...

Siyasətdə insanlara özüm kimi baxmışam, sınamamışam, ehtiyasızlıq eləmişəm. Daha çox etibar eləmişəm. Əslində bu olmamalıdır indiki zamanda. Onların mənəvi cəhətdən cinayətlərdə əlləri var. Özümə onu bağışlamıram ki, o etiyatsızlığı əldən vermişəm. Siyasətçi insanı tanımadan ona inanmamalıdır, etibar etməməlidir. İnanıramsa, o da mənə qarşı kişiyə yaraşmayan hərəkət edirsə, artıq o mənim ehtiyatsızlığımıdır. Mən bəziləri haqqında onu düşünəndə özümü bağışlamıram ki, bu öz ehtiyatsızlığımdan oldu. Bunlar sən demə mənə yalan yanaşıblar. Elə dostlar olub ki, özünü bizim əqidəmizə uyğun apara bilməyib, onlardan uzaqlaşmışıq.

 

- Siyasətdə kumiriniz kimdir?

 

- Elə adam var Heydər Əliyevi, eləsi var Elçibəyi eləsi də var ki, İlham Əliyevi özünə kumir seçir. Elə adam var Hitler olmaq istəyir, elə adam var Ərdoğan olmaq istəyir, eləsi var Angele Merkel, Ata Buş olmaq istəyir. Mən özüm də elə siyasətçiyəm. Hər bir siyasətçinin özünün ideoloji bir xətti, prinsiplərini həyat keçirmək üçün startegiyasi olmalıdır. Bu səbəbdən elə mən Ramil Hüseynov olmaq istəyirəm. Heç kimin yolunu getmək istəmirəm. Təbii ki, tarixi şəxsiyyətlərimiz çox olub. Mənim o tarixi şəxsiyyətlərə böyük  hörmətim var. Siyasətdə dövlət adamı olaraq Heydər Əliyev fenomendir!

Bilirsiz, insan öyrənə-öyrənə yaşayır. Məhəmməd Peyğəmbər də deyir ki, qəbirə qədər öyrənin. Bu gün elə insanlarımız var ki, qalıblar 30 il əvvəldə, təfəkkürlərində heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq informasiya alırlar və onu düşündükləri formada göstərirlər. Ümumilikdə isə dəyişə bilməyiblər. Amma 30 il əvvəl şəhərdə hansı vəziyyət idi, bölgədə nə vəziyyət var idi. O gündən bu günə çox dəyişikliklər baş verib. Müasir texnologiyalar inkişaf etdikcə, insanların şüurunda dəyişikliklər yaranır. Amma biz özümüzü müasir tələblərə uyğunaşdıra bilirikmi, əksər hallarda yox. Bizim tarixdə çox ciddi siyasi xadimlərimiz olub: Nadir şah, Şah İsmayıl Xətai, bu gün ilini yaşadığımız ulu öndər Heydər Əliyev şəxsiyyəti var. O tarixi simaların bugünkü günə qədər Azərbaycan gəncliyinin, millətinin formalaşmasında kifayət qədər ciddi xidmətləri olub. Onların bizə ötürdükləri təkcə torpaq, tarixi abidələr deyil, həm də düşüncə, sivil siyasi, mənəvi milli əxlaqı bizə miras qoyublar. Təbii ki, biz onları unutmamalıyıq. Keçmişini unudan gələcəyini qura bilməz. Mən bu tariximizə nəzər salaraq, öyrənərək elə özüm olmaq istəyirəm. Yeni Yolu biz davam etdirəcəyik. O yol Azərbaycana mütləq lazımdır.

Siyasətdə hörmət etdiyim şəxslər çoxdur. Bugünkü gün üçün Azərbaycan siyasətində ən çox hörmət ediyim şəxsin əməlləri əsasdır. Siyasət dostluğa, tanışlığa görə hörməti sevməz. Onun məsuliyyəti böyükdür. Siyasət dövlətə xidmətdən keçir. Partiyalar, ictimai təşkilatlar dövlətin siyasi maraqlarını genişləndirmək, gücləndirmək və möhkəmləndirmək üçündür. Məsuliyyət dərk edirsizsə, bu mənim dostumdur, qardaşımdır deyib, o siyasətçiyə hörmət etmək olmaz. Qətiyyən yolverilməzdir.

Bütün bunları nəzər alaraq indiyə kimi atılan addımlar nəticəsini göstərdi.. Sevindirici haldır ki, Azərbaycandakı müəyyən qurumlar Azərbaycanın dövlət mənafeyini qorumaq üçün əlindən gələni edir. Heç vaxt büruzə vermədən, əhəmiyyət vermədən prosesləri uzun illərdir həyata keçirməyə çalışan Azərbaycanın indiki prezidentidir. Ona görə də mən Prezidentə çox böyük hörmətlə yanaşıram. O, həqiqətən də bizim qisasımızı aldı. Onun apardığı ciddi islahatların nəticəsini görürük.

 

- Niyə adını çəkmirsiz.

 

- Təbii ki, söhbətin kimdən getdiyi açıq-aydın görünür. Prezident İlham Əliyev və onun qurduğu dövlət, təhlükəsizilik xidməti. Tənqid etsək də, onların özlərində belə çox ciddi dəyişikliklər baş verir. Təhsil Nazirliyi, Sosial Müdafiə Nazirliyi və digər qurumlar. Fərdi olaraq müəyyən insanlar var ki, Azərbaycan siyasətinə hansısa zərbələri vurmaq istəyirlər. Siyasi institutların inkişafına maneə yaratmaq istəyirlər. Biz bu gün bunlardan danışmırıq. Çünki bu gün bizim üçün talaeyüklü məsələ olan Qarabağ var. Bu gün vətən üçün yanmayan, vətəni dərk etməyən, vətəni sevməyəni mən insan saya bilmərəm. Bu gün vətən üçün görülən işləri kənara qoyub digər işləri qabartmağı doğru saymıram. Məsələn, mən siyasətə gələndən aktiv siyasətə başlayab, ölkədə məmurları çox ciddi tənqid eləmişəm. Amma müharibədən sonra mən o tənqidlərə yol vermirəm. Çünki müharibə qurtarandan sonra hələ də Avropa Birliyi, Avropanın kooparativ maraqları Azərbaycanın üstünə gəlməyə çalışırlar. Bizə yenə təzyiq, təsir göstərməyə çalışırlar.

 

““Mən hakimiyyətə gələcəm” yalanını da cəmiyyətə sırıyır”

 

Bu gün dövlətin yanında olmaq lazımdır. Həmişə deyirəm ki, mən heç kimin yanında olmaq istəmirəm, mən dövlətimin, xalqımın adamı olmaq istəyirəm. Öz ideoloji xəttimi, prinsiplərimi də o xətt üzrə davam edirəm. O prinsipləri həyata keçirmək üçün xalqım, dövlətim üçün çalışmağı öz qarşıma məqsəd qoymuşam və inşallah biz buna da nail olacağıq. Proseslər də onu göstərir ki, bz bunu edirik.

 

- Sizin kimi dövlətin yanındayam, prezidentin yanındayam deyən adamlara bəzi siyasilər başqa don geydirib “trol” deyirlər.

 

- Əslində o trol sözü bir müddət çox dəbdə idi. Hakimiyyət müxalifətə trol deyirdi, müxalifətçilər də hakimiyyətdəkilərə trol deyirdi... Mən həmişə öz mövqeyimi ortaya qoymuşam və mən siyasətlə məşğul olanda heç vaxt ciddi mövqe dəyişikliyində olmamaışam. Müxalifətdə olanda mövqeyim belə olub. Siyasətçilər olub ki, 2020-ci ilin avqust ayında mübahisələrimiz olub. Onlar özlərini siyasətçi sayrılar: mən demişəm ki, İlham Əliyev torpaqları azad edəcək. Amma mənə deyirdilər ki, mümkün deyil...

 

(zəri atıram, R.Hüseynov deyir ki, əslində növbə mənimdir, siz atdınız, mən də “yaxşı ki, dediniz, onsuz da istədiyim zər düşmədi” dedim –A.Z)

 

...Torpaqların azad olunması bizim üçün çox mühüm, ciddi məsələdir. O vaxt o siyasətçilər deyəndə ki, İlham Əliyev torpaqları almayacaq. Mən sual verdim ki, necə olacaq? -  bir partiya sədri dedi ki, mən hakimiyyətə gəlib alacam.

Yəni baxın, o adam hətta belə bir vəziyyətdə hakimiyyətə gəlməyi düşünürsə, artıq yalan başlayır. Heç özü də dediyinə inanmır, əgər inanırsa, deməli şezofrenikdir, “mən hakimiyyətə gələcəm” yalanını da cəmiyyətə sırıyır.

 

- Kim idi o, siyasətçi?

 

- Onu zamanı gələndə deyəcəm, hələ zamanı deyil...

...Mən həmişə əminliyimi göstərmişəm, demişəm ki, İlham Əliyev torpaqları alacaq. Mənim üçün torpağı azad etmək bilirsiz nə deməkdir... Kimsə deyir ki, Qarabağ mənim nəyimə lazımdır, qarabağlı deyiləm ki...belə düşüncə də var. Bu, indiki dünya prinsiplərinə tamamilə yad olan, uyğun olmayan sarsaq düşüncə tərzidir. Vətən birdir, vətəni ayırmaq olmaz. Vətənin hər daşını, onun tikanını, hər bir çınqılını özünə doğma, əziz bilmirsənsə, deməli sənin vətəndə yaşamaq haqqın yoxdur. Siz o haqqı itirdiniz. İrəvan özü bizim dədə-baba torpağımızdır. Biz kimin sərhədinə keçmişik, heç kimin. 30 il bizə qarşı təhqir, təhdidlər olub, amma onlar bunları özlərinə saymayıblar. Çünki onlar özlərini bu millətdən saymayıblar. Onlar üçün siyasi düşüncə ayrıdır. Onlar deyirdilər ki, bizi hakimiyyətə gətirin, biz Qarabağı veririk. Sözün əsl mənasında trol onlardır. Son zamankı müharibədə keçmiş qondarma prezidentləri, nazirləri tutub gətirirlər Bakıya, rişğəndlə yanaşırlar, küçümsəmək istəyirlər hər uğurumuzu. Niyə, çünki bunu İlham Əliyev edib. Sizin İlham Əliyevlə düşmənçiliyiniz ola bilər... Düzü, onlar İlham Əliyevlə düşmənçlik etməyə də layiq deyillər. Düşmən olmaq üçün də gərək gücün olsun. Siz kimsiz ki, onunla düşmənçilik apara biləsiz? Siz onun səviyyəsində deyilsiz axı, düşmənçilik də edə biləsiz. İstənilən o cür adamlarla debata çıxsam, onlara isbat edərəm ki, trol özünüzsüz, yalnış yoldasız. Siz dövlətin haqqına girirsiz. Bu dövləti qorumalıyıq. Bu gün kimsə hakimiyyətdə ola bilər, onu bəyənməyə bilərsiz. Amma bu gün dövlətimizi yaxşı idarə edirsə, dövlətin, xalqın maraqlarını təmin edirsə, mən onu nə vaxtsa gördüyü işə görə bəyənməsəm də belə, onun yanında durmalıyam. Hakimiyyətə gəlmək mübarizədir. Siyasi əxlaq, etika çərçivəsində o mübarizəni aparacağıq. Xırda bir hərəkatla da hakimiyyətə gəlmək olar və onun özünün yolu var. Seçkiyə 1 il qalmış, yaxud elan olunandan sonra səsiniz gəlir. Başlayırsız ki, biz hakimiyyətə gəlirik. Hakimiyyətə gəlmək üçün 10 illərlə strategiya qururlar. Proqramlaşdırırlar, hazırlıq görürlər. Heç demir hakimiyyətə gəlirəm, bir də görünür ki, hakimiyyətdədir. Amma siz illərdir hər seçkidə deyirsiz ki, hakimiyyətə gəlirəm. Camaatı aldadırsız. Hakimiyyətdə olanlar isə həmin dövrdə hakimiyyətlərini də qurublar, mövqelərini də möhkəmləndiriblər, Azərbaycanı da gücləndiriblər. Bundan sonra hansı işlər görüləcək, onları da biz bilirik.

 

“Artıq onlar özləri haqqında o rəyi formalaşdırıblar”

 

Mənim bir mövqeyim olub: bu gün hakimiyyəti təmsil edən rəbərlik, konkret Ali Baş Komandan, hörmətli prezidentimiz bu prosesi sona qədər çatdıracaq, Azərbaycan bir qarış torpağını ermənilərdə qoymayacaq. Mən həmişə o prinsipi müdafiə eləmişəm. Amma özlərini lider adlandıran “aslar” var ey, hamısı tənqid edirdilər ki, niyə rus qoşunları gəldi ora, niyə Xankəndini ala bilmədik, niyə Xocalını ala bilmədik, onlara deyirəm ki, aldıq! İndi sözünüzün məsuliyyətini dərk edin, “sözdü də dedik” deyib keçə bilməzsiz, hakimiyyətdən, şəxsən İlham Əliyevdən üzr istəyin. İstəyəcəklərmi? Yox, çünki onların üzr istəmək mədəniyyətləri də yoxdur. Ona görə də onların kiməsə trol deməyə haqları yoxdur. Trol özləridir!

 

- Trol deyənlər, yanlış fikirlərlə ictimaiyyəti çaşdıranlar yenə də siyasətdədirlər, partiyalarını yürüdür, öndə gedirlər. Görünür yaxşı oynayırlar.

 

- Riyakar oyun mənim tərbiyəmə uyğun deyil. O trol oyunudur. Onlar trolluğu özlərində o qədər cəmləşdiriblər ki, yaxşı oynayırlar. Amma siz dediyiniz məsələ başqadır. Narkoman da, cinayətkar da, elə bu cür siyasətçilər də bizim vətəndaşımızdır. Biz onları da tərbiyələndirməliyik. Bu gün onları kənara atıb, təcrid etmək doğru deyil. Ona görə də hakimiyyətin ağıllı kəsimi o şeyləri düşünərək bəli, bu gün oyun quranlarla işləyirlər. Amma rahat, arxayın şəkildə bütün oyunların qarşısını almaq üçün özlərinin taktikası var. İstənilən vaxt oyunda saxladıqlarını rahat şəkildə oyundankənar vəziyyətdə saxlaya biləcəklər. İdarə edirlər. Siyasi institutun bu vəziyətə salınması, onların zəifliyi... Müxalifətin ciddi arqumenti yoxdur ki, hakimiyyətin qarşısına qoysun. Məntiqi hamı qəbul edir. Sizin arqumentləriniz, məntiqiniz güclü olsaydı, siz hakimiyyətdə təmsil olunardız. Demək, güclü olmayıb. Müxalifətin arqumenti o qədər zəifləyib ki, xalqın özü belə dərk edir ki, indiyə qədər bunlarla yolu boşuna gəliblər. Ona görə də sizin dediyiniz insanlar hakimiyyətdə var. Onu da zamanı gələndə, çox ciddi danışacağıq. Hakimiyyətdə kimlər hansı içi görür, biz bunu açıqlamırıq. Çünki bu mövqelər bizi zəiflədir, bizə zərbə vurur. O cür insanları Azərbaycan idarəçilik sistemindən uzaqlaşdırmaq lazımdır.

 

- Qarşınızda iki xana boşdur. İrəliyə keçməniz üçün onlardan birini tutmalısız. Amma zəriniz istədiyiniz xalı vermir. Cığallıq edib, oyuna yalan qataraq o boş xananı tutarsız?

 

- Xeyir, əvvəldən də dediyim kimi, mən ümumiyyətlə oyunda cığallığı sevmirəm.

 

- Onda uduzacaqsız.

 

- Yox, mən siyasətdə uduzmamışam, uda-uda gəlmişəm. Bu xarakterimlə udmuşam. Kimlərsə düşünür ki, bu xanada oyunlar qurub yalan gedişlər edir, kim biləcək. Amma bilsinlər ki, hamı bilir. Artıq onlar özləri haqqında o rəyi formalaşdırıblar. Necə ki, hakimiyyət deyir ki, torpaq almağın zamanı var. Elədir, dediyini eldi. Bir gün onlar üçün də hesab zamanı gəlcək. O yalançı hərəkətlərinin müjdəsini mütləq alacaqlar.

 

- Ramil bəy, az müddət də olsa mətbuatda çalışmısız...

 

- Bəli. 2000-ci ildən bu sahədə işləməyə başlamışdım. Parlamentə akreditə olmuşam, dövlət tədbilərinin əksəriyyətində iştirak eləmişəm. MSK-da, Prezident Aparatında, Daxili İşlər Nazirliyinin müxalifət-iqtidar toqquşmasında jurnalistlərin qorunması üçün yaradılan manitorinq qrupunda üzv olmuşam. Qrupun sədri Əflatun Amaşov idi. Siyasi mənsubiyyətim olub, amma jurnalistəmsə, heç vaxt işimə siyasi yanaşmamışam. Məsələyə jurnalist kimi yanaşmışam. Amma harda ki, siyasi mənsubiyyəti göstərməliyəm, orda özümü siyasətçi kimi aparmışam.

“Bilik dünyası” agentliyində işləmişəm. Təzə ailə həyatı qurmuşdum, işsizlik... Öz problemlərimi kiminsə üstünə atmağı xoşlamamışam, heç valideynlərimin də. O problemləri özüm yaşamışam. O vaxt məşğulluq idarəsinə getdim. Çox gözəl bir insanla rastlaşdım. Məni Səbail də yerləşən məşğulluq idarəsinə göndərdi. O da Xətaiyə zəng vurdu, gedib “Bilik dünyası” agentliyinin direktoru ilə görüşdüm. Agentlikdə məlumatlar rus dilində çap olunur, iş rus dilində gedir, o vaxtı mən də rus dilində zəif bilirdim. Rus dilini zəif bilməyimə baxmayaraq direktor qərar verdi ki, işə götürsün. Dedi ki, o informasiyanı gətirəcək sizə Azərbaycan dilində deyəcək, siz rus dilində tərcümə edib yazarsız. O öz qərarını verdi. Məni Press-kluba tədbirə göndərdi. Birinci dəfə idi ki, jurnalist kimi tədbirə qatılmışdım. Amma siyasi prosesləri bilirəm. Press klubda siyasi böyük bir tədbir idi. Orda özüm üçün kim nə çıxış edib tezis kimi yazdım. Sən demə bizim bu agentlikdən Lala adlı bir xanım da orda iştirak edirmiş. Redaksiyaya gələndə dedi ki, nə yazmısan onları oxu. Oxudum, qızın yazdığı ilə müqyisə elədi. Gördü ki, tamam fərqli bir şeydir. Sonra məni çağırdı ki, bundan sonra siyasi informasiyalarla siz məşğul olursuz, o xanım da başqa sahə üzrə məşğul olacaq. Sonra Parlament müxbiri oldum. İnformasiya agentliyini elə bir şəbəkə formasına saldıq ki, artıq hər yerdən bizə məlumatlar gəlirdi. Bu, jurnalistikanın əsas prinsiplərindən biridir. Sonra təklif elədim ki, qəzet, jurnal buraxaq. İlk qəzetimiz də Heydər Əliyevə həsr olundu. Onun haqqında ciddi araşdırmalar oldu. Jurnal isə Strategiya.az adı ilə çap olunurdu. Jurnal ingilis, rus dilində idi. Burda çox uğurlar qazandıq. Sora bizə xüsusi buraxılışlar üçün sifarişlər gəldi. 2003-cü ildə İqtisadi Forumda Azərbaycan-Rusiya işgüzar əməkdaşlığına dair təşkilatçı olmuşuq. Orda da xüsusi buraxılışımız olub. Əslində bu iş mənə çox şeyi öyrətdi. Münasibətlərin necə qurulmasını. O zaman qurduğum münasibətlər indi də davam edir. Çünki o münasibətlərdə əyrilik, riyakarlıq olmayıb. Bütün müddət mənim üçün böyük təcrübə oldu. Orda çalışan köhnə iş yoldaşlarıma təşəkkür edirəm, başda Gennadi Tretyakov olmaqla. Həqiqətən də formalaşmağıma ciddi dəstək olub, kömək olub. Bizim redaktorlar dövlət idarələrində çalışan adamlar olublar. Məsələn, Ayaz Mütəllibovun mətbuat xidmətinin rəhbəri olub. Siyasi polemiklarımız olub, onunla razılaşdığım və razılaşmadığım zamanlar da olub. Onun fikirlərini dinləyib öz qərarlarımı qəbul etmişəm. Və yaxud onun fikirlərini qəbul etmişəm. Sadəcə onları analiz edib, öz qərarlarımı vermişəm. Mən öz yolumu seçmişəm. Mən hər kəsə hörmətlə yanaşmışam. Kimsə səhv edə bilər, amma biz məsələləri hörmətlə çözməliyik. Siz məndən güclü deyilsiz ki, gəlib mənimlə başqa cür danışa biləsiz. Mən onu edə bilərəm, amma heç vaxt etmərəm. Allah insanı mükəmməl yaradıb - göz verib, ağıl verib. Hər şeyi ağılla həll etmək lazımdır.

İlham Əliyevlə hansı oyunu oynamaq istəyərsiz dediniz.. Bu gün gücü formalaşdırıb, o gücü də ağılla idarə edirlər. Ona görə də o güclüdür. Amma emossiyalarla idarəçilik müəyyən insanları baxın görün hansı səviyyəyə çatdırdı. Ağılla idarəçilik varsa, orda qələbə, inkişaf var.

 

“...demək onun özünün şəxsiyyətində problemləri var”

 

- Bəs, Ramil Hüseynov jurnalist olanda sözünü daha rahat deyə bilirdi, yoxsa siyasətçi olanda?

 

- Jurnalist informasiya yığır, yazır, təqdim edir, mövqe bildirmir. Amma siyasətçi özünün mövqeyini bildirir. Açığı Milli Məclisdə olanda bir də görürdün ki, deputatlar arasında çaxnaşma düşdü, stəkan qaldırmaq məsələsinə gəlib çıxırdı. Mən heç vaxt gəlib onları tənqid eləməmişəm. Çünki demişəm ki, bu mənim parlamentimdir. Öz eybimi cəmiyyətimə təqdim eləməmişəm. Çoxu elə məqamları paylaşmağı sevir, mən onu da eləməmişəm. Ona görə də məni komisiyaların iclaslarına çağırıblar. Orada baş verən qalmaqallar hamısı mənim özümdə qalıb. O adamların çoxu rəhmətə gedib. Gələcəkdə bəlkə müsahibələrimdə nələri görmüşəm, kimlə kimin davalarını görmüşəm deyərəm. Amma bizdə elə düşünürlər ki, siyasətçi hər şeyi danışmalıdır. Siyasətçi efirə çıxanda hər şeydə normal olmalıdır. Oturuşunda, duruşunda, davranşında. Ola bilər mənim də yanlışım var, kimsə onu mənə deyə bilər və mən onu növbəti dəfə düzəldərəm. Mən demirəm mükəmmələm. Mən də mükəmməl olmaq üçün çalışıram. Ona görə hərdən olur, istəyirsən bir addım geri çəkiləsən ki, o mükəmməlliyi qazanasan. İstəklərini həyata keçirdib, sonra 3 addım önə keçə bilərsən. Ona görə də hesab edirəm ki, siyasətçi hər şeyi deyə bilməz. Siyasətçi lazım olan şeyləri deməlidir.

Bir hadisəni danışım: Bələdiyyə xətti ilə 5-10 nəfər Türkiyəyə, Bursa şəhərinə getmişik. 28 May - Respublika günümüzdür. Bizim Bursada MHP-dən olan nümayəndələri dəvət elədilər ki, bu gün sizin müstəqillik gününüzü bir yerdə qeyd edəcəyik. Orda müxalifət də vardı, hakimiyyət təmsilçiləri də. Hamıya çıxış üçün söz verilirdi. O vaxt Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi var idi. O proses Türkiyə ilə münasibətlərimizdə bir qədər sərinlik yaratmışdı. Kimlərsə çıxıb danışdı ki, Azərbaycan hakimiyyəti islahatlar aparmır, hər şeyi ailəyə verib və sair. Mən bundan çox utandım. Başqa bir ölkədə evin içi ilə bağlı nələri danışdılar. İqtidar nümayəndələri də onlara qarşı danışdı. Çox təəssüfləndim. Mənə söz veriləndə dedim ki, burda danışılan məsələlərin heç biri mənim üçün önəm kəsb eləmir. Bizim üçün önəm kəsb edən odur ki, iki qardaş ölkənin bir-birindən umduğu var. Ermənistanla sərhədlərin açılması məsələsi burda qaldırılır və bu bizim xalqa, sizin qardaşlarınza dərin sarsıdıcı zərbə ola bilər. Mənim üçün önəmli olan odur ki, o sərhədlər açılmasın.

Mən heç vaxt söz demək imkanı olan yerdə çıxıb radikal çıxışlar etmərəm. İstədik-istəmədik, onlar bizim siyasi rəhbərliyimizdə təmsil olunurlar. Siyasi rəhbərlikdə çalışanlar yaxşı vətəndaş, siyasi bilgiləri olan siyasətçi üçün ölkənin siyasi namusu hesab olunmalıdır. Onu belə qəbul etmirsə, demək onun özünün şəxsiyyətində problemləri var.

 

- Ramil bəy, zəri atdınız, hansı xal sizin üçün önəmlidir.

 

- Məsələn, şeşin xanasını tutmaq lazımdır. Hərənin öz yeri var. Biri digərindən üstün deyil. Bəzən “dütdülü” də şans verir.

 

- Elə isə “dütdülü”nü seçirsiz, yoxsa şeş qoşanı?

 

- Şeşqoşanı.

 

- Niyə? Axı deyirsiz ki, hərəsinin öz yeri, əhəmiyyəti var.

 

- Əhəmiyyəti var. Əslində şeş həmişə lazım olan daşdır. Böyük daş olduğu üçün tez gəlirsən. Arzu xanıma 3 dəfə şeşqoşa versə, məni udacaq. Oyunu darmadağın edəcək.

 

- Bəzən arzuladığımız o şeş-qoşa bizə elə vaxt verilir ki, udmaq əvəzinə uduzdurur.

 

- Amma yenə də şeş qoşa istədiniz. Belə bir deyim var: şeş-beş verən zərin ola... Bəzən siyasətdə də o şans o zaman gəlir ki, lazım olmur. Məsələn, mən 5 qoşa istəyirəm, vermir axı.

 

- Zər tutun versin.

 

- Yox, mən zər tuta bilmirəm. Həm də olmaz axı. Adam var zəri belə tutur, atır, istədiyi düşür. Amma mən onu edə bilmirəm. Üstündə işləsəm eliyərəm, insan hər şeyə qadirdir, yaxşı-pis vərdişlər qazana bilər. Amma baxır kim özünü necə formaşdırır.

 

- Amma hər şeyi şansa da buraxmaq olmaz. Gərək rəqibini aldada biləsən.

 

- Şahmatda necədir, əgər intellektin varsa, sən rəqibini müəyyən gedişlərlə aldada bilirsən. O bir şeyi gözlədiyi halda, sən onun əksini edirsən. Şahmatda məsələ başqadır.

 

- Bütün oynlarda aldatma var, elə siyasətdə də. Hətta həyata da oyun kimi baxanlar var. Siyasi həyata oyun kimi baxmısız, nə vaxtsa?

 

- Həyatda uşaq vaxtı bəzən olur ki, çox şeyə oyun kimi baxırsan. Dağ yeridir, sənə təzə paltar alırlar, gedib yıxılırsan dizini cırıb gəlirsən. Özü də biz ailədə 7 uşaq olmuşuq. Düşünməmişik. Bizə oyun gəlib hər şey. Oyunu elə oynamaq lazımdır ki, sabahı reallığa çevirmək mümkün olsun. Həyatda reallıqlar da var, həyat təkcə oyundan ibarət deyil.

 

- Oyuna fikir vermədiniz deyəsən, gedişi geri qaytardınız. Bax, nərddə daşı səhv qoyanda geri qaytarmaq olur, amma şaşkidə, şahmatda buna yol verilmir. Sizin elə səhviniz olubmu ki, artıq geri dönüşü olmayıb?

 

- Olub. Üzürlə həll olunan səhvlər olur.

 

- Siyasətdə üzrlə səhvlərin bağışlanması, “cəzanın” yüngülləşməsi olur?

 

- Yox. Məsələn, biri gəlib məndən təklifləri alır, öz gələcəyi üçün baza yığır. Mən dəhşətə gəlmişəm ki, əgər biz biryerdəyiksə bu onun nəyinə lazımdır. İdeyalar oğurlanır. Belə insanlar çoxdur. Elə insanlar cəmiyyət üçün zərərlidir. Onları bağışlmaq olmaz. Zamanı gələn kimi cəzalarını alacaqlar.

 

- İdeoloji savaşdır. Sizin fikirlərinizi oğurlayıb öz işlərini qururlar.

 

- Mən bunu qəbul etmirəm. Riyakarlıqdır.

 

- Kim udur?

 

- Məncə Arzu xanım.

 

- Söhbətlərə başınız qatıldı, keçdim irəli... Bir siyasətçi bir jurnalistə oyunda uduzsa nə olar ki?

 

- Mən istərdim ki, jurnalisit udsun.

 

“Ütülü siyasətçi deyiləm və olmaram da…”

 

- Ramil bəy, bu gün indiki dövrdə gənclərin düşüncəsini, tərbiyəsini necə görürsüz?

 

- Bizim gənclərimiz arasında 20 yaşlı, 19, 18 yaşında da şəhidlərimiz var. Onlar hamısı bu dövrün gəncləridir. O uşaqlarla çox görüşmüşəm. Onlarda vətən torpaq anlayışı başqa cür aşılanmışdı. Bizim xüsusi təyinatlılarımız Qarabağda neylədilər, Qarabağda hansı şücayəti göstərdilərsə, onun arxasında bir dövlət tərbiyəsi var idi. Gənclərimiz hərtərfli yetişdirilmişdi. Bundan sonra da gənclərimiz o cür yetişdirilməlidir. Və elə yetişməlidir ki, ancaq dövlət vətən üçün layiqli olsun. Siyasi deyim var, dövlətin zənginləşdirilməsindən çox xalqın zənginləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, artıq qarşımızda xalqın tələbi var idi ki, Qarabağı azad etsin. Bu gün məsələ həll olunub. İndi isə insanların sosial rifahının yaxşılaşdırılması üçün hakimiyyət ciddi işlər görməlidir. O proses gedir. Biz bunu istəyirik və onun qarşısında hansı əngəllərin olduğunu konkret deyə bilməyəcəyik. Amma istəyimiz odur ki, bundan sonra o problemlər həll olunsun, xalqın sosial rifahı qalxsın. Əslində bizim ona gücümüz var. 

Gənclərin yetişməsi üçün birinci sağlam həyat, təhsil, elm bəxş eləməliyik. Tələb və təklif nədir. Bazar iqtisadiyyatında cəmiyyətin hansı tələbləri var. Hansı təkliflər irəli sürülməlidir. Hakimiyyətin müəyyən qanadlarında müəyyən proqramlar qəbul ediblər. Amma həyata keçirilməsinin ləngiməsini deyə bilmərik. Biz cəmiyyətə kimləri yetişdirməliyik, tələblərimiz nədir, o barədə düşünməliyik. Mən həmişə deyirəm, biz peşə məktəblərini ali təhsil satatusuna qaldırmalıyıq. Orta məktəblərdə hamı eyni səviyyədə oxumur. Öyrənmə qabiliyyəti eyni deyil. Bir uşaq öyrənə bilməsə də, onun mütləq universitetə qəbul olmasını düşünürlər. Amma bu uşağın başqa bir istedadı var. Orta məktəbdə uşaqların qabiliyyətinə, istedadına, biliyinə görə təbəqləşmə olmalıdır. O uşaqlar seçilməli və peşə məktəblərində təhsilini davam etməlidir ki, sabah dövlətə savadlı mütəxəssis təqdim edə bilək. Bu gün universitetlərdə savadsız ordu yaradırıq. Orta məktəblərdə öz qabiliyyətinə, biliyinə görə yerini tutmayan gənclər var və bu böyük problemdir. O vaxtkı məktəblərin ciddiyyətini bu gün görmürük. Biz o vaxt müəllimin necə yaşadığını, nə yediyini bimirdik. Düzdür, zaman dəyişib müasir tələblərin qarşısını ala bilmırik. Amma yenə də müəllimlərə əvvəlki hörmət olmalıdır. Hamımızı müəllim yetişdirir - prokurorou da, siyasətçini də, prezidenti də. Deməli müəllimə xüsusi hörmət qoyulmalıdır. Müəllim çalışmalıdır ki, o hörməti qazansın. O müəllim ki, həqiqətən gənc nəsli gələcəyin təminatçısı anlamında yetişdirir, onun qarşısında baş əyirəm. Amma o müəllimlər ki, “nəyimə lazım, dərs deyirəm maaşımı alıram” düşüncəsindədir, o müəllimlər bilsinlər ki, Allah qarşsında günahları bağışlanmaz.

 

- Ramil bəy, Qərbdən gələn müəyyən kosmopolik düşüncələr, feminizm və sair qeyri-standart xətləri Azərbaycan gəncliyinə də yeritməyə çalışırlar. Müasirlik adı ilə başqa-başqa formalarda gətirilən bu nəsnələr nəyə yönəlib?

 

- Təbii ki, bütün bunlar bizi öz milli dəyərlərimizdən uzaqlaşdırmağa hesablanır. Onları qətiyən qəbul eləmirəm. Qərbin də müsbət dəyərləri var. Bizim Azərbaycan cəmiyyətində nələr var. Kosmopolit düşüncəni özünü Azərbaycan siyasətinin ağası kimi tanıyan, anası kimi tanıyan adamlar deyirlər. Qərbin bu cür ideologiyalarını həyata keçirənlər “ana qızılgüllərdir”. O “ana qızılgüllər”i Azərbaycan cəmiyyətindən, Azərbaycan siyasətindən yığışdırmaq lazımdır.

 

- Ramil bəy, dama-dama nə olar?

 

- Göl.

 

- Siz dama-dama yaratdınız gölü?

 

- Mən əslində çox göllər yaratmışam. Bizim çox ibratamiz atalar misalları var. Deyir “başına gələn başmaqçı olar”. Həyatda üzləşdiklərimizdən dərs alıb, bərkiyirik. O prosesin içində olana qədər onu hiss eləmirsiz, amma girirsiz və onu yaşayırsız.

 

- Yaratdığınız o göldə batmazsız?

 

- Yox. Suyu sevirəm, üzməyi də bir az bacarıram. Su həyat mənbəyidir. O gölu öz həyat prinsiplərimə uyğun elə düzəltmişəm ki, o gölün mənə xəyanət eləməyi mümkün deyil.

 

(zərlər atılır, son mərhələ daşlar sıraya düzülür)

 

- Ramil bəy, siyasətdə axsamalar nə vaxt baş verə bilər?

 

- Beyində axsama olarsa. İnsanı idarə edən 3 əsas element var. Beyin insanı idarə edir. Sən idarəni ağılla deyil, emossiya ilə etsən uduzacaqsan. Mən məni yanıldanlardan da ciddi dərs almışam və düşünürəm ki, bundan sonra o yanlışlığa yol verməyəcəm.

 

- Belə bir ifadə var: “ütülü insan”. Siz maşallah geyimdə çox səliqəlisiz. Siyasətdə nə qədər ütülüsüz?

 

- Geyim mədəniyyəti başqa, siyasi mədəniyyət başqadır, amma “ütülü” siyasətçi deyiləm və olmaram da. “Siyasətçi harda necə danışmağı bilməlidir” fikri başqa məna kəsb edir, amma sözü ütüləyib çıxartmaq başqadır. Bu əslinə qalanda siyasi ədəb-ərkan, dövlətə bağlanacaq şeylərdir. Siyasətçi özünü dövlət adamı olaraq hiss etməyi bacarmalıdır. Bu gün müxalifətin böyük hissəsi elə hiss etməlidir ki, dövləti idarə edir, “dövləti idarə etsəm bu addımı necə ataram” və sair. O siyasətçi isə düşünür ki, - “bu gün bu olsun, onun atdığı addım səhv olsun, dövlətin ziyanına olsun, xalq da narazı qalsın, o hakimiyyətdən getsin mən gəlim”. Bu doğru deyil. Hamı yanlış edə bilər. Amma əsas odur ki, sən səhvlərini düzəltmək üçün hansı addımları atmısan. O addımları nəzərdən keçirib kimin hansı addımı atmasına baxmaq lazımdır.

 

- Deyəsən “ütülü” sözündən xoşunuz gəlmədi.

 

- Hə, xoşum gəlmədi. Sanki o söz yalanları arxasında gizlədən bir mənanı kəsb edir.

 

- Oyun sona yaxınlaşır.

 

- Şeş-qoşanın yeri var. Əsl mübarizə burda başlayır.

 

- Deyəsən zər tutdunuz.

 

- Oyunda məqbuldur, amma mən xoşlamıram. Hətta elə olub ki, udmuşam, üzümə yalandan durublar ki, mən onları aldatmışam. Düzdür, qəbul etmirəm, amma sonra o adamla oynamıram.

 

- Əslində mən burda bir səhv oyun oynadım. Siz də gördünüz, fikir vermədinz. Sizin istifadə eləmədiyiniz priyomlardan mən istifadə elədim. Tas bitmədi. Amma ilk oyunda qalib mən oldum.

 

- Halal xoşunuz olsun.

 

- Əslində başınızın söhbətə qarışmasından istifadə etdim.

 

- Bütün vasitələrdən istifadə edib qalib olmaq olar, amma o müvəqqəti uğurdur. Ona görə də mən düzgün yolu seçirəm.

 

- İnşallah bu yolla da gedib, məqsədinizə çatarsız. Ramil bəy, özünüzü parlamentdə görürsüz?

 

- Əlbəttə mən Parlamentdə təmsil olunub, öz ölkəmə, dövlətimə xidmət göstərmək istəyirəm. Öz bilik bacarıqlarımı tətbiq edib, dövlətimə xidmət etmək istəyirəm. Dövlətə necə dəstək vermək, Azərbaycanın indiki hakimiyyətinin yürütdüyü siyasəti necə müdafiə etmək və onu daha da böyütmək, daha çox töhvə vermək üçün hansı addımlar atmaq lazımdır.

 

- Söhbətə başlayanda insanlarda yanıldığınmızı dediniz. Mən də oyunu o səmtə yönəltdim və nərddə tətbiq elədim. Sizə necə təsir bağışladı?

 

- Bu yanlış gediş mənə heç pis təsir göstərmədi. Çünki məqsədim bu oyunu udmaq yox, sizin suallarınıza cavab vermək idi. Nərd mənim üçün sadə bir oyundu. Əsas odur ki, dövlət və milli mənafelərimizdə uduzmayaq. Kimi uduzar, kimi uduzmaz.

 

- Çox sağ olun. İnşaAllah deputat seçilərsiniz, sizinlə bir dəfə də şahmat üzərindən müsahibə alarıq.

 

Arzu Zeynallı & Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR