Pənah Hüseyn: ““Rəhim Qazıyev açıq şəkildə Surət Hüseynov qiyamının tərəfində çıxış edirdi” - LAYİHƏ

12:16 03-12-2018 | icon 7287 | Layihə
Pənah Hüseyn: ““Rəhim Qazıyev açıq şəkildə Surət Hüseynov qiyamının tərəfində çıxış edirdi” - LAYİHƏ

 

QƏZAN MÜBARƏK

 

 

AMİP sədriylə hakimiyyətin bölüşdürülməsi müzakirəsində Arif Hacılı faktoru

 

 

Elçibəylə Mütəllibov arasındakı hansı razılaşmanı İdarə Heyəti qəbul etməyib?

 

(əvvəli bu linkdə - birinci)

 

Müsahibəyə başlar-başlamaz çox dəyərli Pənah Hüseynin “harada qalmışdıq e?” sualının tərəfimizdən “90-cı illərdə” kimi cavablandırılması və dəyərli Əvəz Zeynallının da məclisə təşrif buyurması söhbətimizin ümumi ahənginə həm də zahiri bir gözəllik verdi. Və bu ab-havada duyulan nə isə var idi: doğrudan, deyəsən biz hələ də 90-cı illərdə ilişib qalmışıq - meydan psixologiyasının sərməstliyi, bir də o illərin çılğınlığı altında...

 

...Və beləcə biz rəhmətlik Elçibəy hakimiyyəti (Pənah Hüseynin istəyincə “AXC-Müsavat hakimiyyəti”ni beləcə təqdim edirik -red.) dönəmində 33 yaşında Azərbaycanın baş naziri olmuş, indi isə Azərbaycan Xalq Partiyasına rəhbərlik edən, Qarabağ Komitəsinin üzvü Pənah Hüseynlə müsahibəmizin ikinci bölümünü davam etdirmək istədik. Müsahibənin gedişatında o da bəlli oldu ki, bu məmləkətdə özünə “demokratik qüvvə” imicini yarlıq etmək istəyənlərin tam əksəriyyətinin düşüncələrinə totalitarizm hakim kəsilib, demokratik meyarlar yox. Bu məsələdə Pənah bəyin hansı sırada dayanmasını isə müsahibəni diqqətlə oxuyan istəkli oxucularımız biləcək. Biz də hər şeyi olduğu qədərində və hər kəsin özünü öz diliylə izhar edirik ki, kimlərsə sonradan qoca tarixi günahlandırıb tarixçilər kimi yalançı dəlillərlə çıxış etməsinlər.

Beləliklə, Söz Meydanında Pənah Hüseyn Özünü və Sözünü versus.az-da beləcə bəyan edir...

 

 

Kommunist Partiyasının vasitəçiləri rolunda kimlər çıxış edib?

 

 

- Parlamentin formalaşdırılması demokratiyaya keçidin əsas siyasi mexanizmlərindən biridir. Nədən 1990-cı ildə, elə sonrakı dövrdə də parlamentin formalaşdırılması məsələsində bu prosesə qatılmadınız? Hansı ki, əgər 90-cı ildə belə bir addım atılardısa, demokratik qüvvələrin formalaşacaq parlamentdə uğur qazanmaq şansı daha böyük idi.

 

- O zaman bütün diqqət Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinin qarşısını almağa yönəlmişdi. Çünki fevralda seçkilər keçiriləcəkdi və bu seçkilərdə də əsas yerləri Xalq Cəbhəsinin tutması labüd idi. 20 Yanvar faciəsindən sonra 400 minə yaxın üzvü olan Azərbaycan Kommunist Partiyasından 250 mini rəsmən bu təşkilatdan çıxdıqlarını elan etdilər. Seçkilər təxirə salındı. Pribaltikada o dönəmdə Xalq Cəbhəsi, Gürcüstanda Qamsaxurdiya qalib gəldi, Rusiyada əksər yerləri Yeltsin tərəfdarları əldə etdi, yalnız Azərbaycanda fövqəladə vəziyyət olduğuna görə seçkilər keçirilmədi. Buna baxmayaraq, 90-cı ilin təxminən may ayının ortalarında Anarın, Yusif Səmədoğlunun və Eldar Salayevin vasitəçiliyi ilə bir addım atıldı...

 

- Bu adamları vasitəçi olaraq kim seçmişdi?

 

- Yəqin ki, siyasi rəhbərliyin göstərişi belə olub.

 

 

Ayaz Mütəllibovla Xalq Cəbhəsi arasında olan razılaşma

 

 

- Həmin göstərişdən sonra hansısa görüş baş tutubmu? Tutubsa, o görüşdə kimlər iştirak edib?

 

- Belə bir görüş baş tutub. Ayaz Mütəllibov və respublika kommunist rəhbərliyi ilə Xalq Cəbhəsinin rəhbərliyi - Əbülfəz Elçibəy, İdarə heyətinin üzvlərindən İsa Qəmbər, Dilarə Əliyeva və Yusif Səmədoğlu arasında belə bir görüş olub...

 

- Hansı razılaşmalar əldə olunmuşdu o görüşdə?

 

- Razılaşmalardan biri ondan ibarət idi ki, Ayaz Mütəllibovun Ali Sovetdə prezident seçilməsinə Xalq Cəbhəsi etiraz etmir...

 

- Bunun əvəzində Cəbhəyə nələr vəd edilibmiş?

 

- Buna əvəz olaraq Xalq Cəbhəsinin fövqəladə vəziyyət şəraitində məhdudlaşdırıcı fəaliyyəti üçün imkanlar yaradılır, qərargahlar qaytarılır, “Azadlıq” qəzeti dərc olunur, həbs olunmuş şəxslər, o cümlədən, Etibar Məmmədov, Rəhim Qazıyev azad edilir, fövqəladə vəziyyət ləğv olunub seçkilər keçirilir...

 

- Bir yandan qeyd olunur ki, “Xalq Cəbhəsinin fövqəladə vəziyyət şəraitində məhdudlaşdırıcı fəaliyyəti üçün imkanlar yaradılır”, başqa bir yandansa vurğulanır ki, “fövqəladə vəziyyət ləğv olunub seçkilər keçirilir”!?.

 

- Mən sizə razılaşmadan danışıram. O razılaşmada keçiriləcək seçkinin demokratikliyinin təmin olunması da şərtlər sırasında olub. Bununla bağlı protokol da imzalanıb...

 

- İmzalanan həmin protokola bütövlükdə İdarə Heyətinin münasibəti necə oldu?

 

- Bu məsələ ilə Xalq Cəbhəsində məsələ müzakirə olundu, İdarə Heyəti həmin protokolu təsdiq etməkdən imtina etdi. Və beləliklə, Ayaz Mütəllibovun yenidən prezident seçilməsi məsələsini qəbul etmədi. Və bu həmin görüşdə iştirak edən Xalq Cəbhəsi rəhbərliyinin şəxsi işi kimi dəyərləndirildi.

 

- Həmin razılaşma Cəbhə tərəfindən belə qarşılandı, bəs Mütəllibov necə, imzaladığı protokola əməl etdimi?

 

- Mütəllibov verdiyi razılıqları yerinə yetirə bilmədi, çünki SSRİ var idi, digər başqa səbəblər var idi. Yaxud, özü bundan imtina elədi...

 

- Amma sonradan seçkilər keçirildi.

 

- Fövqəladə vəziyyət şəraitində həmin seçkilər 90-cı ilin sentyabrında keçirildi. Və Xalq Cəbhəsi də Demokratik Azərbaycan Bloku kimi bu seçkilərə qatıldı. Bütün çətinliklərə baxmayaraq o zaman DAB-ın nümayəndələri Bakının o zamankı 11 rayonundan doqquzunda rəsmən qalib gəldilər...

 

- Sonra nə oldu bu “qalib gələnlər”?..

 

- Sonra bunu ləğv eləmək üçün... o vaxt 50 faizlik bir kvorum var idi. Gərək seçicilərin ümumi sayının 50 faizi iştirak edəydi ki, seçki baş tutmuş sayılsın. Süni şəkildə məntəqələrin nəticələri ləğv edilərək həmin faiz 46, 47 faizə salındı.

 

- Siz özünüz də bu seçkidə iştirak etmisiniz, eləmi?

 

- Bəli. Səbael rayon dairəsindən namizədliyim irəli sürülmüşdü...

 

- Namizədliyiniz hansı təşkilat tərəfindən irəli sürülmüşdü?

 

- Xalq Cəbhəsinin rəhbərliyinə daxil olan şəxs kimi Səməd Vurğun adına Rus Dram Teatrı tərəfindən mənim namizədliyim irəli sürülmüşdü. 83 faiz səs aldım, 56 faiz kvorum olmuşdu və bunu dairə seçki komissiyası da təsdiq etmişdi. Lakin bütün bunları tamamilə əsassız olaraq Mərkəzi Seçki Komissiyası ləğv etdi, hətta qərarın özünü belə mənə vermədilər. Buna baxmayaraq DAB-ın nümayəndələrindən 14,15 nəfərin səsi tanındı, guya ki, “seçki baş tutmamış” sayıldığı üçün bir çox məntəqələr boş qaldı. Sonrakı turlarda Etibar Məmmədov, Rəhim Qazıyev həbsdən çıxdı, Tahir Əliyev, İsgəndər Həmidov seçildi. Yəni, biz həmin seçkidə tam şəkildə iştirak edib, defakto olaraq o seçkini də udmuşuq. Yəni biz parlamentdə siyasi mübarizə yolunu tutmuşduq...

 

 

“Liberallar”la bağlı Nemət Pənahlının söykəndiyi folklor janrı və oxunan siyasi serenada

 

 

- Və Xalq Cəbhəsinin bütün seçilmişləri də sizinlə həmrəy idi?

 

- O başqa məsələdir ki, Xalq Cəbhəsinin içərisində müəyyən bir qrup var idi ki...

 

- Hansı ki, tez-tez bizə də irad tutduğunuz öz siyasi mülahizələrində aşıq sənətinin incəliklərindən, folklor janrından istifadə etməklə sözlərini deməyə çağırırdılar, eləmi? Öyləsə, necə deyərlər, aldı görək nə söyləmiş o qrupun üzvləri. Pənah bəy desin, istəkli oxucularımız da hali olsunlar.

 

- Həmin qrupun ən çoxdanışan üzvü Nemət Pənahlı idi. Düzdür, bu adam 89-cu ilin sonunda Xalq Cəbhəsindən çıxmışdı. Onlar seçkinin keşirilməsinin qarşısını... Seçkilərin baş tutmasını bu adamlar özlərinin dediyi kimi Xalq Cəbhəsinin liberal qanadının hakimiyyətə gəlməsi kimi qiymətləndirirdilər. Ona görə də seçkiyə qarşı çıxmışdılar.

 

- Siz də o janr üstdə köklənərək belə deyirsiniz, yoxsa ortalıqda sübut-dəlil var?

 

- Mən hansısa janr üstündə köklənməmişəm, o sizn gördüyünüz qədərdir. Mən faktlarla danışıram. Həmin faktlar da 7-8 yanvar 1990-cı il tarixli Xalq Cəbhəsinin konfransında Nemət Pənahlının çıxışında öz əksini tapıb. Amma sonradan həbsdən çıxan Etibar Məmmədovla Rəhim Qazıyev də seçkilərə qatıldılar. Şübhəsiz ki, onların qatıldıqları dairədə bu adamların səs alması heç bir şübhə doğurmurdu...

 

 

Ayaz Mütəllibovun söylədiyi “həqiqətləri” eşitməyən Etibar Məmmədov və Rəhim Qazıyev...

 

 

- Amma Ayaz Mütəllibovun Əvəz Zeynallıya verdiyi müsahibədə başqa məqamlardan da danışılır axı...

 

- Bəli, Ayaz Mütəllibov verdiyi müsahibədə vurğulayır ki, “mən onların mandatlarını seyfə qoyub saxlamışdım. Hələ ki, cavab verməyiblər”. Amma doğrudan da onların həmin dövrdəki reytinqləri o qədər yüksək idi ki, bu adamların seçkidə uğur qazanmaları şəksiz idi.

 

- 1990-1992-ci illərdə Moskvanın keçmiş ittifaq respublikalarına təsir gücü nə qədər idi?

 

- 1992-ci ilin dekabrına qədər vahid SSRİ dövləti qalırdı...

 

- Bu fikirlə razısınızmı ki, Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya çıxarmışdı. Və ümumiyyətlə Cəbhənin hakimiyyətə gəlişində Moskvanın mövqeyi necə olub?

 

- Ə, bilirsən, bu fikir axmaq adamların inana biləcəyi bir şeydir. Buna hətta nağıl da demək olmaz, sərsəmləmədi bu. Siz bir jurnalist kimi deyin görüm bunu kim və nəyə əsasən deyib, sonra mən danışaram.

 

- Biz özümüz danışası olsaydıq, zatən sizlərə “qəzan mübarək, bəy!”deyib, deyilənlərə, dediklərinizə aydınlıq gətirilməsi üçün müraciət etməzdik. Bu birincisi. İkinci bir tərəfdən, kommmunizmə lənət yağdırıb “kommunist liderin şəklini başının üstündən asan” cəbhəçi mən olmamışam ki!? Heç “İsa bəyi qoruyun” deyən Primakov da mən olmamışam. Amma dəyərli Pənah Hüseyn həmin o cəbhəçinin Yol yoldaşı olub, meydanlara atılıb Azərbaycanın azadlığı uğrunda həmin Primakovlarla ölüm-dirim savaşına girib... Yaşadığınız tarix və cəmiyyətə yaşatdığınız tarix haqqında soruşuruq, Pənah bəy... İçinizdə yatanlara “qalx ayağa, qalx, həqiqətlər üzə çıxsın” söyləmənin tam zamanı, lütfən, buyurun.

 

- Siz jurnalistlərə aid deyil dediklərim, buna ancaq axmaq adamlar inana bilər. Dediyiniz ittifaq respublikalarının dövlət qurumları vahid SSRİ dövlətinin, sovet imperiyasının əyalətləri timsalında olan qurumlar və təsisatlar idilər. Ona görə də burada “necə təsir edirdi?” demək.... Amma 80-ci illərin sonunda Kommunist Partiyasının rəhbərliyi SSRİ-ni saxlamaq məqsədilə onu reforma etmək, ölkəni düşdüyü sistem böhranından rejimi dəyişməyərək, imperiyanı qoruyub saxlamaq məqsədilə müəyyən dəyişikliklərə getmək xətti götürdülər ki, bunun da adı yenidənqurma oldu. O yenidənqurma da baş tutmadı və əslində həmin dövrə qədər olan bir qisim tendensiyalar daha da dərinləşdi, daha da sürətləndi. Bunun nəticəsi olaraq mərkəzin yerlərdə, diqqət edin, söhbət təkcə Orta Asiya, Qafqaz və Pribaltikadan getmir, hətta Rusiyanın özündə mərkəzi hakimiyyətin, onun ideoloji-siyasi qurumu olan Kommunist Partiyasının təsiri olduqca zəiflədi. Keçmiş sovet imperiyasının dağılmasında ittifaq respublikalarında gedən milli demokratik hərəkatların ciddi rolu olub. Amma əslində ittifaqın belini 1990-cı ildə “Rusiyanın suverenliyi haqqında Qanun”un qəbul edilməsi qırıb.

 

 

““QKÇP”ni müdafiə edən yeganə rəhbər şəxs olsa da, Ayaz Mütəllibova hakimiyyətdə qalmaq üçün şərait yaradıldı”

 

 

- O zaman dağılmaqda olan Mərkəz Azərbaycanda kimlərin hakimiyyətə gəlməsində maraqlı ola bilərdi?

 

- Mərkəz son ana qədər keçmiş kommunist pəhbərliyinin hakimiyyətə gəlməsində, ya da saxlanmasında maraqlı oldu. Azərbaycanda 90-cı il Yanvar hadisələrinin məqsədinin bundan ibarət olmasını düşünürəm. Yeri gəlmişkən, Yanvar hadisələri də SSRİ-nin dağılmasının qarşısını almaq üçün həyata keçirilən əməliyyat idi. Hətta ayın 12-13-dən başlanan və erməni qırğını kimi qələmə verilən hadisələrdən bir xof yaratmaq, bu tendensiyaların qarşısını almaq üçün mərkəzin özünün təzyiqlədiyi və həyata keçirib icra etdiyi əməliyyat olduğu barədə ortada çox ciddi faktlar, sübutlar var...

 

- Yeri gəlmişkən, o zaman KP üzərində bir məhkəmə işi də keçirildi deyəsən.

 

- Bəli, belə bir məhkəmə oldu. “QKÇP”dən sonrakı dövrdə məhz Bakı hadisəsi bu baxımdan həmin məhkəmənin baş predmetlərindən biri oldu. İndi imtina etməsinə baxmayaraq 1991-ci ildə Ayaz Mütəllibov o dövrdə “QKÇP”ni müdafiə edən yeganə respublika rəhbəri olsa da, onun hakimiyyətdə qalmasına şərait yaradıldı...

 

- Mərkəzin belə sevgisini, belə mərhəmətini şərtləndirən səbəb nə olub görəsən?

 

- Burada söhbət Mütəllibovun şəxsindən getmir. Belə yanaşma onun keçmiş kommunist rəhbərliyini təmsil etməsində idi, baxmayaraq ki, artıq Azərbaycanda da KP buraxılmışdı. Demokratik platformaya malik olan, demokratik şüarlarla çıxış edən, geosiyasi baxımdan Qərbə meyilli olan  yeni qüvvələrin hakimiyyətə gəlməməsi üçün Rusiya bütün addımları atmışdı. Sonuncu cəhd də 14-15 mayda 22-ci briqadanın köməkliyi ilə həyata keçirilməsi istənilən Mütəllibov çevrilişi idi. O da baş tutmadı. O zamankı ictimai-siyasi qüvvələrin bu cəhdə qarşı çıxması həmin əməliyyatın qarşısını almış oldu. Onda Moskva üçün Mütəllibov hakimiyyətdə kimin qalmasının bir simvolu idi...

 

- Cəbhə daxilində necə, keşmiş kommunist rəhbərliyindən kiməsə rəğbət bəsləyən var idi?

 

- Mən sizin suallara hərdən irad tuturam, özüm də sonra bir az... Bilirsiz, siyasi proseslər olduqca mürəkkəb bir prosesdir...

 

 

“Həsən Həsənov özündə o cəsarəti tapmadı ki...”

 

 

- O mürəkkəbliyin tərkib hissəsi nədən ibarətdir ki, bu zamana qədər siz siyasətçilər də cəmiyyətdə maarifləndirmə işini çox aşağı bir səviyyədə qurduğunuzdan verilən suallara da irad tutmaq məcburiyyətində qalırsınız?

 

- O mürəkkəbliyin tərkib hissələrindən biri budur ki, mübarizə aparan tərəflər bir-birinin arasında öz təsir adamlarını tapmağa, onları prosesə cəlb etməyə, ən azı qarşı tərəfdə müəyən parçalanma və ziddiyyətlərin aşılanmasına nail olmağa çalışmaqdır. Həmin dövrdə keçmiş SSRİ-də gedən proseslər elə idi ki, bunu Kommunist Partiyasının rəhbərliyi Moskvada başlamışdı. Dövlətin digər strukturlarında da bir çat əmələ gəlmişdi. Bu, özünü müttəfiq republikalarda da göstərirdi. Təəssüf ki, o dövrdə Pribaltikada, Rusiyada olduğu kimi KP rəhbərliyi içərisindən bu tipli tendensiyalar müşahidə olunmadı...

 

- Amma Azərbaycandakı vəziyyət də Pribaltikada, Rusiyada olan vəziyyətdən fərqli idi...

 

- Təbii. Burada Qarabağ müharibəsiylə bağlı faktlar ortalıqda idi. Azərbaycanda vəziyyət belə idi ki, erməni separatizmi baş qaldırmışdı. O dövrdə Həsən Həsənov ola bilərdi maraq dairəsində. Onun büronun iclasında o zaman məşhur çıxışı da olmuşdu və bu, mitinqlərdə də yayılmışdı. Amma son anda Həsən Həsənov cəsarət edib Kommunist Partiyasından çıxıb Yeltsinin atdığı addımı atmadı. Sonradan məlum oldu ki, onun belə bir potensialı da yoxdur. Mərhum prezident Heydər Əliyev bu proseslərə çox gec qoşuldu. Baxmayaraq ki, 90-cı ilin yanvarında o tədbirə qatılıb öz mövqeyini ifadə elədi. Amma orada Kommunist Partiyasının əleyhinə çıxış eləmədi. O dövrdə müəyyən proseslər olub...

 

 

Nəcəf Nəcəfovun təklifi, Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlının rəsmi müraciəti nəyə hesablanmışdı?

 

 

- Hansı prosesləri nəzərdə tutursunuz?

 

- Məsələn, mərhum prezident Heydər Əliyevin Müsavat Partiyasına rəhbərlik eləməsi, Naxçıvan Xalq Cəbhəsinə özünün rəhbərlik eləməsi kimi. Amma bu məsələlərdə Heydər Əliyev çox ehtiyatlı hərəkət edirdi. Onun ən gözəl çıxışlarından biri 90-cı ilin Ali Sovetin sessiyasındakı çıxışıdır. Həmin çıxışda Heydər Əliyev imperiya və Kommunist Partiyasının əleyhinə çox ciddi tənqidi fikirlər səsləndirmişdi. Açığı o dovrdə xalq hərəkatının mütləq əksəriyyəti Heydər Əliyevin bu hərəkatın simvolu olaraq rəhbərlik səviyyəsində təmsil olunmasını, açıq səviyyədə üzə çıxmasını istəmədi...

 

- Həsən Həsənovun birinci katib seçilməsini istəyənlər kimlər idi?

 

- Rəhmətlik Nəcəf Nəcəfov Həsən Həsənovun katib seçilməsi məsələsini öz adından şəxsi fikri kimi 17 yanvarda indiki Prezident Aparatının qarşısında keçirilən nümayiş zamanı etdiyi çıxışda deyib. Amma bu, Xalq Cəbhəsinin rəsmi mövqeyi kimi qəbul olunmadı.

 

- Amma bunu dəstəkləyən qüvvələr də var idi.

 

- Var idi. Məsələn, mən xatırlayıram, rəhmətlik Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı bunun üçün hətta Xalq Cəbhəsinin sədrinə müraciət də etmişdilər. Mən özüm də İdarə heyətində o müzakirədə olmuşam. Biz qəti şəkildə bildirdik ki, Kommunist Partiyasının rəhbərliyindən kimin gəlib-gəlməməsi Azərbaycan Xalq Cəbhəsini ilgiləndirmir.

 

 

“Nemət Pənahlının Elçibəyin üzərinə silah çəkməsi dastanı”

 

 

(Bu yerdə Pənah bəyin özü də bilərəkdən, yaxud bilməyərəkdən Dədə Qorqud kimi əlinə qopuz almasa da, boy boyladı, söz söylədi və sualımıza müqabil yarımbaşlığımıza ad qoyub bunun elə beləcə də verilməsini istədi. Biz də Oğuz elinin gələnəklərinə toxunmadan Qorqud Öygüsünü olduğu kimi verdik).

 

- Rəhim Qazıyevin bizə verdiyi müsahibəyə istinad etsək, bir məsələyə aydınlıq gətirməyinizi istərdik. Nemət Pənahlı Əbülfəz bəyin üstünə nə zaman və niyə silah çıxarmışdı?

 

- Mən eşitməmişəm... Bu nə sözdü? Nemətin çıxışlarında hardasa bir-ikisində rast gəlmişəm ki.. (cümlələrin qırıqlığı Pənah bəyin bu suala münasibətdə əsəbləşdiyini apaydın olaraq büruzə verir). Bilirsiz bu, bizim bu Azərbaycan xalqının... necə deyim e... hər şeydə mənfi deyil... bir az da o Dədə Qorquddan gəlmədi nədi, bir az da o aşıq milləti var da, belə deyək... dastançılıq! Bu, Nemət Pənahlının dastanlarından biridir. Belə deyə bilərsiniz... Nemət Pənahlı və Rəhimqazıyevşünaslıq üzrə ən böyük mütəxəssis yanınızdadır, (Əvəz Zeynallını göstərir). Məncə...

 

 

“Məhkəmələrdən keçmiş adam”ın “siyasət aşıqları” barədə dəyərləndirməsi

 

- Dinləyək “Nemət Pənahlı və Rəhimqazıyevşünaslıq üzrə mütəxəssis” olan dostumuz Əvəz Zeynallını...

 

(Əvəz Zeynallı söhbətə qoşulur).

- Nemət Əbülfəz bəylə onun evində görüşəndə silahı qoyub masanın üstünə ki, özünü vur...

 

- Yooox, mən onu eşitmişəm, silah çəkməsi barədə özünün danışdığı dastandı... Bu ayrı... Ə, bu millətdən mən.. inciməyin vallahi, həqiqətən mən saz sənətinin, dastan sənətinin çox pərəstişkarıyam. Amma siyasətdə aşıqlıq edəndə, xeyli aşıqlar da var siyasətimizdə.... aşıqlarımızdan iraq e... bir var aşıqlar, yəni, bizim böyük sənətkarlarımız, bizim müdrik insanlarımız, bir də var siyasət aşıqları... Siyasətdə aşıqlıq, dastançılıq tamamilə yalan və uydurma məsələdir. Çoxlu məhkəmələrdən keçmiş adam kimi deyirəm ki, bəzi iddiaları sübutların məcmusuna görə dəyərləndirirsən.

 

- Pənah bəy, bu, “Nemət Pənahlının dastanlarından biri” yox, belə yanaşmaları şifahi xalq ədəbiyyatından seçmələr kimi qiymətləndirsəniz də, Rəhim Qazıyevin nəql etdiklərindəndir...

 

 

“Bu, “azadlıq aşiqi” bir dəfə də olsun Qarabağ tərəfə yollanıbmı?”

 

 

- Nemət Pənahlının Elçibəyin üzərinə silah çəkməsi dastanı... Bu məsələnin üstündə çox dayanmazdım, amma Elçibəylə bağlı olduğu üçün danışmalıyam. Bu Nemət Pənahlı (ismin səsləndirilməsindəki ironiyadan münasibət apaydın sezildiyinə görə Pənah bəy bizim mövzunu dəyişmək amacımıza imkan vermir) özünün dediyi kimi, “Xalq hərəkatının nəhəng və möhtəşəm Azadlıq Aşiqi” kimi bir dəfə həmin tapançanı götürüb Bakıdan kənara çıxıb Qarabağ tərəfə yollanıbmı? Özü də deyir ki, yox və vurğulayır ki, mən burada təşkilati işlərə baxmışam. Məsələn, bizim kənd balaca bir kənddir, oradan 60 nəfər Qarabağa yollanmışdı. Belə adamlar hər yandan Qarabağa axışırdı. Nemət Pənahlı yollanıbmı? Yox. Ona görə də xalq hərəkatı dövründə belində silah gəzdirən birisinin kiməsə silah çıxarması mənə inandırıcı görünmür.

 

- 1992-ci il 18 may Konstitusiya dəyişikliyinə gələn yolda Pənah Hüseyn hansı mövqedə dayanmışdı?

 

- Uufff... Vallahi, sizin bu suallarınız... Amma sual vermək hüququ sizindir. 18 mayda Konstitusiyaya edilən dəyişiklik o Milli Məclisin statusunun artırılması, keçmiş Ali Sovetin bütün səlahiyyətinin yalnız Ali Sovet deputatlarının şəxsi deputat statusu saxlanılmaqla...

 

- Pənah bəy, sualımız Konstitusiya dəyişikliyi ilə bağlı deyil, sualımız konkret olaraq sizin o zamankı mövqeyinizlə bağlıdır...

 

- Bir səbr elə də. Sənin oxucuların da qoy bilsinlər də söhbət nədən gedir və bu Konstitusiyada hansı dəyişiklik olub. Edilən dəyişikliklər sırasında Milli Məclisin statusunun artırılması, Ali Sovetin bütün səlahiyyətlərinin ona verilməsi və Ali Sovetin bu formatda toplanmasının qeyri mümkün olması var idi. Yeri gəlmişkən, o verildikdən sonra Milli Məclis bir sıra başqa addımlar atmağa başladı... Bəzi boşluqlar da var idi burada..

 

- Həmin boşluqlar barədə mümkünsə.

 

- Məsələn Ali Sovetin sədri gedirdi Milli Məclisin sədri. Ali Sovetin sədrinin müavinləri saxlanmışdı, o maddələrə baxılmamışdı. Bundan da istifadə olunaraq sonradan dekabr 1992-ci ildən başlayaraq Gəncədə baş verən iyun çevrilişinin əsas istiqamətlərindən biri kimi Ali Sovetin sesiyasının çağırılması məsələsi qoyulmuşdu. Bu da baş verən proseslərin məntiqi yekunu idi. Yuxarıda da vurğuladığım kimi, 90-cı illərdə seçkilər saxtalaşdırılaraq keçmiş kommunist rəhbərliyinin və onların tərəfdarlarının çoxluğu təmin olunmuşdu. Buna qarşı aparılan mübarizədə...

 

 

“Mütəllibovun geriyə qaytarılması silahlı güc tətbiq etməklə təmin olunmuşdu”

 

 

- Aparılan mübarizənin formatı necə idi?

 

- Səbirli olun, deyim. Xalq Cəbhəsinin mübarizəsi legitim və Konstitusion müstəvidə idi. 1991-ci ilin dekabrında 50 nəfərdən ibarət Milli Şura yaradılmışdı. O Milli Şura bir növ daimi fəaliyyət göstərən orqan kmi təsbit olunmuşdu. Milli Şuranın daimi orqanları yaradılarkən bir növ qanunverici hakimiyyət səviyyəsində müxalifət və iqtidar arasında əldə oluna konsensus kimi nəzərdə tutulmuşdu. İcra hakimiyyəti orqanlarında olmasa da, qanunverici hakimiyyətdə paritet əsasında bölgüyə gedilməsinin modeli ortaya qoyulmuşdu. Bir sıra nümayəndələr komitə sədrləri idi..

 

- O komitə sədrlərindən kimlərin adlarını sadalaya bilərsiniz?

 

- Tofiq Qasımov, İsa Qəmbər, Firudin Cəlilov və digərləri komitə sədrləri seçilmişdilər. Amma Ali Sovetin sessiyalarının səlahiyyətləri saxlanmışdı. Və bundan istifadə edərək 14-15 mayda Mütəllibovun geriyə qaytarılması həmin Ali Sovetin sessiyası şəklində silahlı güc tətbiq edilməklə təmin olunmuşdu. 18 mayda da ölkənin bütün qanunverici səlahiyyəti Milli Məclisə verilmişdi. Və bu, baş verən proseslərin məntiqi yekunu idi. Mən də deputat olmasam da, Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri olaraq bunun əsas tərəfdarlarından biri kimi çıxış etmişəm. Əslində 18 mayda deputatların statusu ləğv olunmalı idi. Yarımçıq bir tədbir oldu və sonradan bundan istifadə edərək əksinqilab edildi. Çevrilişin əsas mexanizmlərindən və subyektlərindən biri kimi həmin Ali Sovetin deputatları çıxış etdilər. Çox qısa bir müddətdə seçki keçirilməli idi. Rusiyada olduğu kimi, Əbülfəz Elçibəy ümumxalq səsverməsi yoluyla demokratik seçki keçirilməsindən sonra legitimləşmiş prezident hakimiyyətinə istinad olunaraq dərhal qanunverici və hakimiyyətin digər qollarının bütünlüklə yenidən təşkilinə keçmək lazım idi. O hakimiyyətin məğlubiyyətinin əsas səbəblərindən də biri bu idi...

 

- Pənah bəy, 18 may tarixində həm də Laçın rayonu ermənilər tərəfindən işğal olundu..

 

- Olmuşdu da. Ondan qabaq Şuşa da işğal olunmuşdu...

 

- Üzr istəyirəm, sualımı bitirim. O zaman sizin başınız Laçının qorunub saxlanılmasına deyil, hansısa maraq naminə Konstitusiya dəyişikliyinə yönəlmişdi. Biz cəmiyyət olaraq onda torpaq itirdik, bəs hakimiyyət olaraq siz nəyə nail oldunuz?

     

- Ay İgid bəy, ay İgid bəy! Sənin bu sualların məni öldürəcək...

 

- Ölən düşmənimiz olsun, Pənah bəy. Sizlər hələ bizə çox lazımsınız... Demək..... mən nə qədər istəyirəm ki, özümü...

 

 

“Şuşanın da, Laçının da işğalı ölkədəki xaosun nəticəsi idi”

 

 

- Siz öncə biz istəyən suala cavab verin, Pənah bəy. Sonra öz maraqlarınızı önə çəkərsiniz. Biz də məmnuniyyətlə o maraqlardan söz açarıq...

 

- Bir dəqiqə, ..bir dəqiqə də... Mart ayından başlayaraq ölkə faktiki olaraq siyasi xaosun içərisində idi. Ölkədə hakimiyyətsizlik hökm sürürdü. Mütəllibov istefaya gedib, Yaqub Məmmədov onun səlahiyyətlərini icra edir. Siyasi tərəflərdən biri prezident hakimiyyətinin ləğv edilməsinin tərəfdarı kimi çıxış edir, tələblər irəli sürülür. Ölkədə Heydər Əliyevin seçkiyə qatılması tələbilə bağlı nümayişlər keçirilir. Hacı Əbdülün başçılığıyla bir neçə adam Ali Sovetin və prezident səlahiyyətlərini icra edən şəxsin fəaliyyətini iflic edib. Şuşanın da, Laçının da işğalı bu xaosun nəticəsi idi. Bu dövrdə həmin təcavüzə qarşı qüvvələri səfərbər edəcək hakimiyyətə ehtiyac var idi. 14, 15, 16, 17, 18 mayda da hakimiyyətin yaradılması uğrunda iş gedirdi. Çox sürətlə bu xaosdan çıxmaq lazım idi. Bu istiqamətdə praktik addımlardan biri də həmin dəyişikliklərin edilməsi idi. Sona qədər gedilməli idi. Bir halda ki, ölkədə inqilab baş verirdi, buna da sona qədər gedilməli idi....

 

- Bu xaosu dayandırmaq, “sona qədər” getmək üçün də rəhmətlik Nizami Süleymanovun təbirincə desək, “AXC hakimiyyəti qəsb etdi”, eləmi?

 

- İndi siz ona qəsb də deyə bilərsiniz...

 

- O rəhmətlik deyib bu sözü, mən yox..

 

- Ə, bu ölü adamların adından danışmaq...

 

- Pənah bəy, o rəhmətlik sağlığında özü söyləyirdi bunu..

 

- Onu təkcə Nizami Süleymanov demir ki, Ayaz Mütəllibov da deyir. Onu YAP-çılar da deyir ki, Xalq Cəbhəsi o zaman silahlı çevriliş edərək hakimiyyəti ələ keçirib. Əlbəttə bunları başa düşmək olar. Biz onlara o qədər belə sözlərdən deyirik ki, onlar da deyirlər ki, siz zəbt eləmisiniz. Amma gəlin siz öz fikrinizi mənə deyin, mən də sizə canlı olaraq cavablar verim. Allah rəhmət eləsin Nizami Süleymanova, mən indi ona burdan nə cavab verim...

 

- Pənah bəy, bir az bundan öncə dirilərin timsalında səslənən fikirləri sizə sual formasında verəndə də buna mifoloji don geyindirdiniz..

 

- Bir dəqiqə səbr elə... Mütəllibovu Ali Sovetdəki çoxluğun səsiylə hörmətli hacı Əbdülün tüfənglilərinin rolunu mən bir kənara qoyuram. Hesab edək ki, Ali Sovet onun prezidentliyini bərpa etdi 14 mayda. Təxminən yarım milyon. Bu yarım milyon sözündə mən Moskvanın “Kommersant” qəzetinin ayın 17-də çıxmış nömrəsinə istinad edirəm. Yarım milyon insan meydana çıxdı ki, orada da Xalq Cəbhəsi liderləri öncüllük edirdi, Heydər Əliyev tərəfdarları iştirak edirdi. Demək olar ki, ölkənin bütün ictimai-siyasi qüvvələri yekdilliklə Mütəllibovun yenidən hakimiyyətə qayıdış istəyini qəbul etmədi və xalq öz hakimiyyətini təsbit elədi. Bizim hakimiyyətimiz ona görə zəbt olunmuş hakimiyyət sayıla bilməz ki, o hakimiyyəti milyonlarla insanın müdafiə etdiyi və konkret yarım milyon insanın küçədə olduğu xalq vermişdi. Xalqın verdiyi hakimiyyətə heç vaxt zəbt olunmuş adını vermək olmaz...

 

- Deyirsiniz ki, xalq vermişdi. Bəs o zaman Ayaz Mütəllibov prezidentlik iddiasından imtina barədə rəsmi bəyanat vermişdimi?

 

- Ayaz Mütəllibov yazılı şəkildə rəsmən 6 martda prezident postundan istefa verdiyini o sənəddə təsbit edib. O sənədi imzaladıqdan sonra Ali Sovetdə çıxış edərək prezidentlikdən istefa verdiyini və getdiyini bəyan edib.

 

 

“Dediyiniz “Mütəllibov legitimliyi”nin zühuru xalis dövlət çevrilişi idi”

 

 

- Bəs sonradan Mütəllibovun hakimiyyətə gəlmə cəhdi nəyə söykənirdi: bu bir istək idi, yoxsa Mütəllibov “legitimliyi”nin zühuru?

 

- O bir cəhd idi. Artıq seçki elan olunduqdan, seçkidə namizədlər qeydə alındıqdan, seçki kampaniyası başlandıqdan sonra, üstəlik Konstitusiyada istefa vermiş bir şəxsin prezidentliyinin bərpa olmasıyla bağlı bir müddəa olmadığı bir şəraitdə bu, xalis zəbt idi, dövlət çevrilişi idi. Xalq Cəbhəsi də o çevrilişin qarşısını aldı, seçkinin keçirilməsini təmin etdi.

 

- AXC-Müsavat hakimiyyəti dönəmində daha çox uğursuzluq hansı cəbhədə idi: siyasi, yoxsa hərbi?

 

- “AXC-Müsavat hakimiyyəti” sözü şərti olaraq götürülür. Bu, Əbülfəz Elçibəy hakimiyyəti idi...

 

- Qoy siz deyən kimi olsun, amma uğursuzluq haqqında da danışın.

 

- Nəzərə alsaq ki, biz müharibəyə cəlb edilmişdik, Azərbaycanın əraziləri təcavüzə məruz qalmışdı, baş verən proseslərin mütləq əksəriyyəti hərbi-siyasi və hərbi-iqtisadi xarakter daşıyırdı. Bir az da qabağa gedib hərbi-mənəvi proseslərdən də danışa bilərik. Dövr elə idi ki, o zaman hərbi tərkib mütləq mövcud idi həmin proseslərdə. O ki, qaldı uğursuzluq məsələsinə... Elçibəy hakimiyyətinin getməsinin əsas səbəbi Kəlbəcərin işğalıyla başlanmış hərbi-siyasi böhran oldu.

 

- Mediyada Elçibəy hakimiyyətinin daxilində hansısa müsavatçılar, “yurd”çular, bozqurdçular, əhrarçılar və cəbhəçilərdən ibarət qruplaşmaların olmasından gen-boluna danışılıb. Olubmu belə qruplaşmalar, olubsa siz bunlardan hansına daxil idiniz?

 

- İstənilən siyasi hakimiyyətlərdə... Əlbəttə o dövrü nəzərə alsaq ki, köhə dağılmışdı, onun yerinə yeni bir sistem hələ formalaşmamışdı, hakimiyyətə gələn Xalq Cəbhəsinin içərisində də müxtəlif ideoloji, müxtəlif geosiyasi baxışlar mövcud idi, o baxışları daşıyan subyektlər mövcud idi. Bu baxımdan tamamilə mərkəzləşdirilmiş bir hakimiyyət komandasının olmamasını da başa düşmək olar. O dövrdə rəsmən mövcud olan partiya Müsavat Partiyası idi. Mən Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olmamışam. Hakimiyyətdə təmsil olunanda da Xalq Cəbhəsinin üzvü olmuşam və həmin Cəbhənin də sədri ölkənin prezidenti olub. Başqa siyasi partiyaların qurulmasında da iştirak etməmişəm. Baxmayaraq ki, Azərbaycanda Müsavat Partiyasının bərpa olunmasını Azərbaycanın siyasi tarixində böyük hadisə hesab edirəm. Müsavat ideologiyası 1991-ci ildə də I qurultayında Xalq Cəbhəsinin Nizamnaməsində öz təsdiqini tapmışdı.

 

 

““Hakimiyyətdən getməyəcəyik” ifadəsilə bağlı Telli Pənahqızına dedim ki...”

 

- “95 faiz əhali əleyhimizə olsa belə hakimiyyətdən getməyəcəyik”. Bu ifadə sizə aiddirmi? Əgər sizə aiddirsə, onda sizləri kim, nə və necə məcbur etdi ki, Əbülfəz bəy Kələkiyə, özünüzsə etibarlı sığınacaqlara yön aldınız?

 

- Bir dəqiqə... bir dəqiqə... Bu, mənə aid olunduğu söylənən və dəfələrlə təkzib olunsa da, yenə də söylənən məsələlərdən biridir. Telli Pənahqızı sağdır da...

 

- Bəli, sağdır.

 

- O zaman AzTv-də Telli Pənahqızının apardığı bir veriliş var idi. Telli xanımın siyasi simpatiyası və şəxsi münasibətləri də AMİP-lə əlaqədar hesab olunurdu. Onun apardığı canlı verilişdə Telli xanım mənə sual verdi ki, sosioloji sorğuların nəticələrinə görə rəyi soruşulan əhalinin 40 faizi Əbülfəz Elçibəy hakimiyyətinin apardığı siyasəti qəbul etmədiyini bildirir. Telli xanım buna istinad edərək mənə sual etdi ki, siz hakimiyyətdən getmək barədə düşünmürsünüzmü. Və mən dedim ki, hətta bu və ya digər başqa bir sosioloji sorğunun 95 faizi bizim əleyhimizə olmaqla bağlı müddəalar irəli sürsə, buna görə biz istefaya getmərik. Çünki hakmiyyətlər Konstitusiyaya görə müəyyənləşir, hansısa sosioloji rəy sorğularının nəticələrinə görə yox.

 

 

“Surət Hüseynovu cismən məhv etmək istəyim olub”

 

 

- 1993-cü il qiyamı zamanı Surət Hüseynovu cismən məhv etmək fikriniz olubmu?

 

- Subyektiv olaraq elə fikrim olub. Amma mən dövlətin rəhbərliyində təmsil olunmuşam. Bizim o dövrdəki zehniyyətimiz hüquqa və qanuna söykənən vasitələrdən istifadə etməklə bu və ya digər məsələləri həyata keçirmək olub. Ona görə də bizim qəlbimizin dərin guşəsində hansısa subyektiv çağrıların olmasına baxmayaraq bu məsələləri qanuna uyğun şəkildə həll etməyə çalışmışıq. Başqa sualınız var?

 

- Suallar burdan Cəbhə hakimiyyətinin qapısınacandır, Pənah bəy. Öncədən AMİP-çi olan, sonradan Böyük Azərbaycan Partiyasını yaradıb indi də bu quruma rəhbərlik edən Elşad Musayev deyir ki,  “o zamankı qiyam zamanı hakimiyyət nümayəndələri AMİP-in qərargahına gəlib “nə edək?” deyə bizdən kömək diləyirdilər”. Supergüclərlə kəllə-kəlləyə gələcək hakimiyyət bir qiyamçının əlində bunca mağmun durumdaydımı?

 

- Elşad Musayev mənim dostumdur və kifayət qədər də ciddi adamdır. İndi də zəng edib danışa bilərəm...

 

- Zəng edin, öz tərəfimizdən biz məmnun olardıq...

 

- Həə, siz qiyam vaxtı deyirsiniz?..

 

- Bəli...

 

- Qiyam vaxtı AMİP-in sədriylə dövlət müşaviri Arif Hacılı görüşüb. Ona belə bir fikri çatdırıb ki, yaranmış situasiyada hakimiyyətin müxalifətlə bölüşdürülməsi mümkünlüyü var. Buna Arif bəy daha dəqiq şəkildə özü cavab verə bilər. O dövrdəki qiyamın qarşısının alınması və ölkənin başına gələcək fəlakətlərin önlənməsi üçün siyasi rəhbərlik müxtəlif istiqamətlərdə, o cümlədən müxalifətlə təmaslar qurub, danışıqlar aparırdı, müəyyən kompromislərə getməyə cəhd göstərirdi. Onlardan biri də hörmətli Arif bəyin Etibar bəylə olan söhbətidir. Bu söhbət də dövlətin mənafeyi ilə bağlı olan məsələdir. Bunun “nə etməliyik” kimi primitiv müstəviyə gətirilməsini mən güman etmirəm.

 

 

“Əsas icraçılardan biri Rəhim Qazıyev olub”

 

 

- Mətbu açıqlamalarınızda da vurğulamısız ki, “o zaman Rəhim Qazıyev daha kəskinliklə Elçibəyin istefasını tələb edib”. Maraqlıdır, Rəhim bəyin hikkəsinin kökündə hansı marağın dayanmasını baş nazir olaraq Pənah Hüseyn saf-çürük etmişdimi?

 

- Onu Rəhim Qazıyevin özündən soruşsanız daha yaxşı olar. Rəhim Qazıyev açıq şəkildə Surət Hüseynov qiyamının tərəfində çıxış edirdi. Gedirdi, gəlirdi və bunu hamı xatırlayır. O dövrdə Milli Məclisin iclası gedirdi, köhnə deputatlar da orada iştirak edirdilər. Rəhim Qazıyevin indi dediyinə görə o qan tökülməsinin qarşısının alınması üçün Əbülfəz Elçibəy məsələsinin daha tez həll edilməsi üçün çağırışlar edilmişdi, ölkədə vətəndaş müharibəsinin qarşısı alınmışdı. Rəhim Qazıyevin özünün şərhi bundan ibarətdir. Amma mən Əbülfəz Elçibəyin Kələkiyə getdikdən sonra keçən bir neçə günü xatırlayıram. Dəfələrlə prezidentin səlahiyyətlərinin qeyri-qanuni ləğv edilməsinə dair olunan qərara qədər iclaslarda, canlı efirdə bu işin əsas icraçılarından biri Rəhim Qazıyev olub.

 

- “4 iyunda hakimiyyətə gəlmək və hakimiyyətdən getməkdən daha dərin motivlər var idi” deyib Pənah Hüseyn. Geniş kütlənin leksikonuna söykənsək, bununla sanki Pənah bəyin özü də ironiya ilə yanaşdığı şifahi xalq yaradıcılığına üz tutaraq tapmaca janrından istifadə edib. Nə idi bu “dərin motivlər”, Pənah bəy?

 

- Dövlətin qorunub saxlanması. Çünki hakimiyyətə bu və ya digər siyasi qüvvələrin..

 

- Xalqın maraqlarına söykənərək seçki yoluyla hakimiyyətə gələnlər bəyəm dövləti qorumurlar?

 

 

“Elçibəy özünü prezident hesab etsə də, faktiki olaraq hakimiyyət verilmişdi”

 

 

- Səbr edin ki, sualınızı cavablandırım. Dövlətin ali maraqları dövlətin mövcudluğunu təmin edən məsələdir. Bir haşiyə çıxım:

1991-ci ilin “QKÇP” vaxtı şəxsən mən təklif etdim ki, biz MK-nın binasını, Nazirlər Sovetini götürək və Azərbaycanda kommunist rəhbərliyini inqilabi yolla devirək. Əbülfəz Elçibəy o vaxt bunu qəbul etmədi. Dedi ki, bizim bu gün təkbaşına hakimiyyətə gəlməyimiz Azərbaycan dövləti üçün hansı dərəcədə xeyir və zərər gətirəcəyini gərək düşünək. Bax o dövrdə də dövlətin ali maraqları əsas götürülərək ona gedilmədi. Eləcə də, 1993-cü ildə də, hərçənd ki, Əbülfəz Elçibəy prezidentlikdən istefa verməyib, 1997-ci ilə qədər özünü prezident hesab edib tərəfdarlarıyla birgə, amma faktiki olaraq real hakimiyyət verilib. Həqiqətən ölkə çox ciddi qarşıdurmayla üz-üzə idi. Ermənilər də cəbhəboyu hücuma keçmişdilər. Dövlətin qorunub saxlanıması təhdid altında idi. Mən çox təəssüf edirəm ki, siyasətdən yazan bir jurnalist olaraq hakimiyyətə gəlməkdən daha mühüm olan maraqlar məsələsində siz mənim söylədiklərimi şifahi xalq yaradıcılığının nümunəsi kimi dəyərləndirirsiniz..

 

- Pənah bəy, dəyərləndirmirəm, dəyərləndirilir... İndi neyləyək ki, siz razılıq verdiyiniz müsahibənin formatında tələb olunan deyilənlərə cavab vermək və dediklərinizə imza atmaq şərtindən xəbərsizsiniz...

 

- Sizin bunu belə qiymətləndirməniz..

 

- Biz yox, Pənah bəy, sizlərdən yol gözləyən geniş ictimaiyyət..

 

- Siz bunu mənə sataşmaq üçün edirsinizsə, bunu qəbul edərəm. Ola bilsin ki, mənim bayaqkı sözlərimdə sizin izzəti-nəfsinizə toxunan ifadələrim olsun...

 

- Əsla, Pənah bəy. Zatən sizlərin belə müsahibələrdə söylədikləriniz özünüzün təqdimatınızdır, mənim izzəti-nəfsimin əhvalü-şərifi deyil...

 

- Sizin öz aləminizdə belə əks cavab verməyiniz əlifba səviyyəsində olan məsələdir. Burada “nə deməkdir” sualının qoyulması bir az başqa şeydən xəbər verir və başqa şeyin adını demirəm...

 

- Elə biz də qəlbinizdən axıb gələn zadların sizə çox şeyləri öyrətdiyinin fərqində deyilik. Amma fərqindəyik ki, demokratik hərəkatımızın üzvlərindən biri olaraq Pənah Hüseyn haqqında söylənilən yanlışlar cəmiyyətdə bir naxışa çevrilməsin. Gerçəkləri öz dilinizdən bəyan edək ki, həqiqətlər üzə çıxsın. Buna təhəmmülünüz yoxsa, onda yenə də söz sizindir, buyurun.

 

- Başqa suallara keçək...

 

- Siz necə hakimi-mütləq idiniz ki, tabeliyinizdə olan bir nazir  “paradı pozacağı” ilə bağlı sizləri təhdid edirdi? Bir nazirlə bacara bilməmənizin üzə çıxardığı cılız potensial gerçəkliyini görüb nədən hakimiyyətdən kənara çəkilmədiniz ki, deməli, geosiyasi oyun qurdlar qarşısında duruş gətirə bilməyəcək sizlər üçün deyilmiş..

 

- Bura bax...qurtardıq şeyi...müsahibəni...O nə deməkdir ki, “cılız potensial”...Hörmət edirəm, yoxsa başqa cür cavab verərdim....Bitirdik...Ə, sənin “cılız”...Mən çox istəyirəm ki, bir-birimizə hörmət edək.... Bunun sözünə bax e... “cılız potensial”...”cılız potensial” haa...

 

- Qos-qoca bir hakimiyyətin hansısa nazirin təhdidinə cavab verə bilməməsi “cılızlıq” deyil, bəs nədir?

 

- Bəy, sizinlə mənim sual-cavabım qurtardı...

 

QEYD: Pənah bəylə müsahibəmizin ikinci bölümünün əsas suallarına keçmək istərkən diskussiyaya aqressiv notların hakim kəsildiyini görüb, AXP sədrinin istəyincə mövzunu qapatdıq. Biz qapaq altında yatan nəsnələri üzə çıxarmaq istərkən Pənah bəyin yenidən su qaynatmaq nümayişi daha bir gerçəkliyi apaydın şəkildə ortaya qoydu: bugünkü Azərbaycanda ən böyük demokrat hər zaman obyektiv tənqidə açıq olan YAP funksionerləriymiş. Elçibəy hakimiyyətinin yetkililərisə deyəsən Əhməd Ağaoğlunun da vurğuladığı kimi demokratiyanın ən ilkin şərti olan Cavabdehlik və Məsuliyyət hissini “dərin motivlər” kontekstindən çıxarıblar...

 

P.S: Ardı olacaq(mı), doğrusunu dəyərli Pənah Hüseyn bilər...

 

İGİD TEYMURLU

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR