"Xalq ulduzu" yarışmasının sevilən iştirakçısı Şəhla Həmidovanın Qaynarinfo-ya müsahibəsini təqdim edirik.
- Səsi və sənəti ilə milyonların qəlbinə yol tapan müğənni Şəhla Həmidova "gözəllik salonunda masaj ustası kimi çalışıram” deyə açıqlama vermisiniz. Həqiqətən masaj ustası kimi çalışırsınız, yoxsa bu, bir zarafatdır?
- Səsim, sənətim var, amma neynim, əlacım kəsilib, necəsə dolanmalıyam. Belə baxanda bütün restoranlar monopoliyadadır. Nə vaxt baxırsan, eyni adamlar, eyni məkandadırlar. Mən də baxıram ki, əlim onların heç birinə çatmır.
- Ehtiyac siz masaj ustası işləməyə vadar edib?
- Təbii, ehtiyac olmasa, niyə işləyim ki... Mənim də ailəm, övladım var. Sənətim yerindədir, oxuyuram, mahnılar yazdırıram. Dəvət olduğum hər bir yerə getmişəm. Bu gün də kim məni hara dəvət edirsə, ora gedirəm. İndi Azərbaycan müğənnilərinin bir qazanc yeri var - o da şou-proqramlar və toylardı. Toyu olan müğənni gedir, olmayan da mənim kimi gözləyir. Düzünü deyəcəyəm, şəxsən məni şou proqramlara dəvət etmirlər.
- Səbəbi nədir?
- Bilmirəm, amma bu bir faktdır ki, məni proqramlara dəvət etmirlər. Əvvəllər edirdilər, amma son illər qəti yada salmırlar. Belə deyirlər ki, həmin proqramlara ancaq səhər-axşam haqqında məlumat yayılan, qalmaqallı sənətçilər dəvət olunur. Hər şey onların əlindədir, istəsələr, dəvət edirlər. Mən zorla həmin dəstəyə qoşula bilmərəm axı. Şadlıq evlərindən bir neçəsinə müraciət etmişəm. Baxıb, dinləyirlər, deyirlər ki, "əla səsiniz var, sizin kimi sənətkar yoxdur, mütləq dəvət edəcəyik”, filan. Amma aylarla gözləyirsən, heç bir dəvət gəlmir. Repertuarımda bütün mahnılar var, muğamlardan tutmuş estrada, xalq mahnılarına kimi nə desələr, hamısını oxuyuram.
- Masaj ustası işləmək sizinçün çətin deyil?..
- Gözəllik salonudur. Üz masajı, göz ətrafı, kosmetologiya... Artıq öyrənmişəm. İşçi olaraq burda çalışıram, axşama kimi nə qazandım, onunla da dolanıram. Mən 8 il "Dan ulduzu” ansambılının solisti olmuşam. AzTV-nin nəzdinə keçiriləndə mənə dedilər ki, sən lazım deyilsən. Məni solist olaraq orada istəmədilər. Əgər orada məni qeydiyyata alsaydılar qabağa gedərdim.
- Sizi niyə istəmədilər?
- Azərbaycanda yaxşı səsi, ifası olan sənətkar heç kəsə lazım deyil. Tamaşaçılardan danışmıram, küçədə məni kim görürsə, qucaqlayıb, xoş sözlər deyir. Yeri gələndə onların birini belə tanımıram, hamısı da heyifsilənir ki, niyə efirdə deyilsiniz, sənətdən uzaqlaşmısınız?..
- Toy müğənnilərinin əksəriyyəti Azərbaycandan Rusiyaya köçdü. Belə bir fikiriniz varmı?
- Rusiyaya getmək üçün gərək kimsə dəvət edə, kimsə mənə yiyə dura. Özbaşıma Rusiya kimi böyük bir məmləkətə necə gedim? Qadın, özü də tək... Durub oğlumu da dalıma yükləyib gedə bilmərəm ki... Şükür Allaha ki, onun işi-gücü var. Bunların özü də sonda bir-birinə bağlı olan şeylərdir. Onlar da bir monopoliyadır.
- Mədəniyyət Nazirliyi dəyişilib, bəlkə siz də yeni nazirə müraciət edəsiniz...
- Başına dönüm, vaxtında qabağıma böyük daş, odun, çəpər qoyublar ki, artıq yorulmuşam. Nazirliyə gedib nə deyəcəm? Deyəcəm ki, mən də varam?
- Deyirsiniz ki, yolunuza daş qoyanlar olub. Sirr deyilsə, kimdir onlar?
- Adını deyə bilməyəcəm...
- Niyə, qorxursunuz?
- Yox, sonra deyər ki, özünü mənim adımla reklam edir. Bunu deyəcəm artıq, ifası və sənəti gözəl olan müğənnilər Azərbaycanda həmişə səhnə arxasında qalır. Bu birmənalıdır. Ya gərək yaxşı, böyük arxan-dayağın, köməyin olsun, ya da... Yaxşı və istedadlı sənət kimə lazımdır?
- Tamaşaçılara...
- Tamaşaçıları elə günə qoyublar ki, harada eybəcər musiqilər var, onu dinləyirlər. Mən qəti sənətimdən küsmürəm. Bacardığım qədər mahnılar yazdırıb "Yutub”da yerləşdirirəm. Bu nə vaxta kimi davam edəcək, onu zaman göstərəcək.
- "Xalq ulduzu” yarışmasının iştirakçıları və münsiflər heyəti ilə münasibətlərin davam edir?
- Əlbəttə, hamısı ilə münasibətlərimiz davam edir. Nə sözüm olub, nə kobudluğum. Bacardığım qədər hörmətlərin saxlamışam, saxlayıram da.
Versus.az