Bu gün Əməkdar artist Firuzə İbadovanın doğum günüdür.
Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edib.
Belə ki, Firuzə İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Firuzənin iki yaşı olanda, atası onları tərk edərək başqa bir qadınla ailə qurub. Uşaqları ilə heç vaxt maraqlanmadığından aktrisa heç vaxt atasını bağışlamayıb və müsahibələrində onu heç vaxt görmək istəmədiyini deyib.
Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. 1963-ci ildə uşaq yaşlarında səhnəyə gələn müğənninin ilk oxuduğu ansambl Əfsər Cavanşirovun xoru olub.
Uzun illər “Azkonsert”in, “Dan ulduzu” ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır.
Firuzə İbadova “Sevgi bayatıları”, “Gözləyirəm yolunu”, “Əlvida”, “Qəlbimdə qaldı”, “Qurban olum”, “Bu diyara vuruldum”, “Dalğalar” adlı mahnıların bənzərsiz ifaçısı olub.
Gəncliyində çox gözəl olan müğənni erkən ailə həyatı qurub. Bu evlilikdən onun Hülya adlı bir qızı dünyaya gəlib. Ancaq Firuzə xanımın 40 yaşı olanda onun həyat yoldaşı vəfat edir. Bu barədə müsahibələrinin birində deyir:
“Tək olmağa artıq alışmışam. 40 yaşımdan təkəm. Həyat yoldaşım dünyasını erkən dəyişib. Gündüzlər kimsə görməsin deyə gecələr göz yaşı töküb ağlayırdım. Körpəmi sinəmə sıxır, gözləyirdim yuxuya getsin, göz yaşlarımı görməsin. Gənc idim. Ağrı-acını qəlbimdə yaşayırdım. Amma illər ötdükcə övladımla təskinlik tapdım”.
Sonralar müğənni ilə ailə qurmaq istəyənlər çox olsa da, o, nədənsə ikinci dəfə heç kimlə həyat yollarını birləşdirməyib. Hətta illər əvvəl televiziya rəhbərlərindən biri onu dəlicəsinə sevib, onunla ailə qurmaq istəyir. Bacısı vasitəsi ilə onunla ailə qurmaq istədiyini bildirir. Lakin xanəndə onun bu təklifini rədd edir.
Firuzə İbadova uzun illər əvvəl həmkarı Cavanşir Məmmədovla duet oxumağa başlayır. Onların birgə duet oxuması, məşhurluq və qazanc gətirsə də, bir çox söz-söhbətə də səbəb olur. Belə ki, çoxları Firuzə xanımla Cavanşir Məmmədovun arasında sevgi macərası olduğunu dilə gətirir. Bu barədə Firuzə xanım heç vaxt açıqlama verməsə də, Cavanşir Məmmədov müsahibələrinin birində onunla sevgili olduğunu deyir:
“Azərbaycana bir daha Firuzə İbadova kimi bir sənətçi gəlməyəcək. Belə sənətçilərin qədrini bilmək gərəkdir. O, yazıq adamdır, amma həm də böyük adamdır. Firuzə xanım, həqiqətən də, peşəkar sənətçi və yaxşı dostdur. Mən ona həm yaxın dost, həm də qardaş olmuşam. Onunla sevgili də olmuşuq. Ümumiyyətlə, vətənə, dosta, qohuma da sevgi bəsləmək gərəkdir”.
Firuzə İbadovanı sevənlər arasında Dubayın üçüncü şeyxi də olub. Bir dəfə müğənni Dubayda toyda olanda Dubayın üçüncü şeyxi toya qonaq gəlir. Şeyx ona elçi düşür, müğənnilərin musiqiçilərinə deyir ki, onu burada qoyun gedin, onu alıram. İbadovanın duet ortağı, əməkdar artist Cavanşir Məmmədov müğənniyə dəfələrlə elçi düşdüyünü söyləyib:
“Firuzə xanımı çox istəyən olub. Bir dəfə toyda mənə yaxınlaşdılar ki, Firuzə xanımla rəqs edə bilərəm? Dedim ki, olar, təklif et. Deyir ki, mən onu cavan yaşlarımdan sevmişəm. Dedim ki, özünə de. Çox da mədəni adam idi. Qayıtdım ki, vaxtında alardın Firuzə İbadovanı, indi oturardı evində. Əli Mirəliyev də Firuzə İbadovanı sevib. Bunlar yeni mövzular deyil. Firuzə xanımı bütün Azərbaycan sevib”.
Müğənni bir çox hərəkətləri ilə gündəmdə olub. 2014-cü ildə Əməkdar artist aclıq aksiyası keçirərək 3 gün ac qalıb. Satdığı torpaq sahəsi hansısa deputat tərəfindən mənimsənildiyindən o, bu addımı atmağa məcbur olub.
Firuzə İbadovanın sözlərinə görə mərhum müğənni, Xalq artisti İlhamə Quliyevanın ona borcu olub. İlhamə xanım rəhmətə gedəndən sonra onun yaxınları məbləğin 3 min manatını geri qaytarsalar da, 4 min dollar borc hələ də qalıb.
Firuzə İbadova bir dəfə müğənni Xatunun verilişində qonaq olanda, kliniki ölüm keçirib. Qəfildən nəfəs ala bilməyən, yerə yıxılan müğənniyə təcili yardım gələnə qədər Xatun süni nəfəs verib. Həkimlər Firuzə xanıma ilkin tibbi yardım göstərəndən sonra onun kliniki ölüm keçirdiyini deyiblər.
Müğəni qızı Hülyaya 17 aprel 2008-ci ildə Bakıda təmtəraqlı toy mərasimi keçirib. Cavid adlı şəxslə ailə quran Hülya bir qızı doğulandan sonra həyat yoldaşından ayrılır. Müğənni qızının yolunda çox əziyyətlər çəkdiyini, hətta ona görə evini də satdığını deyib. Ancaq yenə də qızının evliliyi xilas olmayıb.
Xanəndənin bacısı aktrisa Rəhilə Quliyeva 2006-cı ildə heç kimin gözləmədiyi halda tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilir və Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilir. Firuzə İbadova həmin vaxtlar bu hadisə haqda danışarkən bildirib:
“Mənim bacımı şərləyiblər. Ona məxsus olan evi və pulu əlindən alıblar. Bacım bir müstəntiqin şərinə düşdü. Amma indi o, bacımdan halallıq istəyir. Yeddi il bacım heç nədən cəza çəkdi. Sonda ədalət yerini tapdı. Müstəntiqin özünü cəzalandırdılar. Bacıma həbs müddətində yaxşı hörmət edirdilər. Digər məhbuslarla yox, öz şəxsi otağında qalırdı. Yaxşı baxırdılar. O, 38 ilin sənətkarı olub. Aktrisa idi. Çox üzüntülü bir həyat yaşadı. Onunla bərabər hamımız yandıq. Onu bu günə salanları görüm ondan da o yana getsinlər. Həm mənim adımı batırdılar, amma tam ləkə yaxa bilmədilər”.