Ürəklərdə əbədi yaşayan Xalq artistinin XATİRƏSİNƏ
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət teatr Muzeyində Xalq artisti Mobil Əhmədovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Versus.Az xəbər verir ki, Mobil Salman oğlu Əhmədov 1931-ci il sentyabrın 10-da Gəncə şəhərində anadn olub.
Hələ uşaq yaşlarından rəsmə, musiqiyə, səhnə ifaçılığına həvəsi yaranan Mobil artıq seçimini etmiş, yaradıcılıq yolunu müəyyənləşdirmişdir. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbinə, bir ildən sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuşdur və burada dahi vokal ustadı Bülbüldən dərs almışdır. Uğurlarının başlanqıcında Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı və Cahangir Cahangirovun “Xəzər” mahnısı ilə ilk imzasını atmışdır. Mobil Əhmədov 1961-ci ildə Dövlət Radio və Televiziya xorunda solist işləməya başlayıb və həmin ildən ömrünün sonunadək taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamışdır. İlk addımını Hacı Xanməmmədovun “Bir dəqiqə” adlı musiqili komediyasında atan Mobil Əhmədov, sonralar “Xəsis”, “Məşədi İbad”, “Özümüz bilərik”, “Durna”, “Altı qızın biri pəri”, “Ulduz”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Ev bizim, sirr bizim”, “Qayınana”və bir çox əsərlərdə obraz yaradaraq, öz möhürünü vurdu. Gənclərə vokal sənətinin sirlərini öyrətməklə yanaşı, aktyor həm də rəssamıqla məşğul olurdu. Tədbirdə onun rəsmlərindən ibarət kiçik bir sərgi də təşkil olunmuşdur. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Mobil Əhmədov 1978-ci ildə Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlara layiq görülmüşdür. 2006-cı il iyun ayının 2-də Bakıda vəfat edən aktyor doğulduğu Gəncə şəhərində dəfn olumuşdur.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət teatr Muzeyində Xalq artisti Mobil Əhmədovun əziz xatirəsinə həsr olunmuş tədbirdə onun yaxınları, dostları, tələbələri, onun yolunu davam edən gənclər iştirak edirdi.
Tədbiri Azərbaycan Dövlət Teatrı Muzeyinin direktoru Sevinc Mikayılova açaraq, aktyorun həyat yolundan qısa xəbər verdikdən sonra aparıcılıq etmək üçün sözü M.Əhmədovun tələbəsi, mənəvi nəvəsi olan, respublıkanın əməkdar artisti Ramil Qasımova verdi.
R.Qasımov xatirələrini mərasim iştirakçıları ilə bölüşdükdən sonra isə, səhnədə gənc və istedadlı ifaçılar həm Mobil Əhmədovun repetuarından, həm də dünyada məşhur olan opera və operettalarından parçalar ifa etdilər.
Çıxış edən sənətşünas, s.ü.f.d., əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xalq artisti Ramiz Quliyev, əməkdar rəssam Vüqar Əli də öz xatirələri ilə bölüşərək, Mobil Əhmədovun yaradıcılığından, insansevərliyindən bəhs etdilər.
Çıxışlar arası Mobil Əhmədovun bənzərsiz ifasında mahnılar səsləndirildi. Sonda Mobil Əhmədovun qızı Nigar Əhmədova onun dəvətini qəbul edib bu tədbirə qatılanlara öz təşəkkürünü bildirdi.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"