Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

13:25 21-10-2024 | icon 608 | Şəhidlər və şahidlər
Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

2020-ci il 27 sentyabr tarixində Ermənistanın işğalçı qoşunlarına qaşı əks hücuma keçən Azərbaycan Ordusu böyük rəşadət göstərərək torpaqlarını düşmən tapdağından azad etdi. 44 gün ərzində Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə böyük zəfərə imza atdı. Azərbaycan tarixinə “Vətən müharibəsi” kimi daxil olan 44 günlük savaşda 3 minə yaxın şəhid verdik. İgid oğullarını torpağa vermək Vətən, analar, atalar üçün nə qədər ağrılı-acılı olsa da, 30 ildir əyilən qaməti düzəldi, qürurlandı. Çünkü Azərbaycan əsgəri çəkməsini torpağa elə möhkəm vurdu ki, düşmənin bağrı yarıldı.

 

“Həftə içi” qəzetində qəhrəman igidlərdən biri - Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşən Şəhid Məmmədli Cəmil Habil oğlundan bəhs edilib. Şəhidin anası sevgi ilə boya-başa çatdırdığı oğlundan, onun həyatından danışıb. O, oğlunun Şəhidlik zirvəsinə ucalana qədər keçdiyi yolu xatırlayacaq, bizimlə birlikdə anıb.

 

Versus.Az həmin söhbəti təqdim edir.

 

Şəhid…bu söz o igidin kimliyini tək kəlmə ilə açan, içində böyük mahiyyəti, zəngin fəlsəfəni ifadə edən bir dastan, bir tarixdir. ŞƏHİDin yaşadığı həyatı anasının dilindən eşitmək isə başqadır…

 

 

- Aygün xanım, bizə Şəhidimiz Cəmildən danışın. Onun uşaqlıq, orta məktəb illəri necə keçdi. Cəmil hansı xüsusiyyətləri ilə diqqət çəkirdi. Müəllimləri, dostları onun haqqında hansı düşüncələrə malik idilər?

 

- Cəmil 1999-cu ildə İsmayıllı rayonunda dünyaya gəlib. O 17 günlük olanda Bakıya köçdük. Cəmil 2 yaşından bacısı Aybənizlə birlikdə Bayılda yerləşən 85 nömrəli bağçaya gedirdi. Bacısı ondan 3 yaş böyükdür. Demək olar ki, Cəmilin qayğısını ən çox o çəkirdi. Çünki mən işləyirdim. Bağçadan sonra qardaşının yeməyi, geyimi, Cəmil yıxılmasın, heç yerə dəyməsin - bütün bunlar hamısı Aybənizin diqqətində idi…

Biz Cəmili 6 yaşdan məktəbə qoymuşuq. Cəmil Səbael rayonunda 163 nömrəli məktəbdə təhsil alıb… Hələ lap balaca idi, bilirdi ki, mən çiçəkləri, gülləri sevirəm. Bağçadan gələndə yaşıl otların arasında açan çiçəkləri dərib mənə gətirirdi. Həmin gülləri ya stəkanın, ya başqa bir qabın işinə qoyub stolun üstünə qoyurdu ki, işdən evə gələndə görüm… çox mehriban idi. Heç vaxt bizi incitməmişdi. Sakit, sanki tez böyümüşdü, ağıllı idi… Mən hələ də onun haqqında danışanda “maşallah” deyirəm. Həqiqətən də “maşallah” deyiləcək qədər ağıllı, tərbiyəli... 11 il 163 nömrəli məktəbdə təhsil aldı. Müəllimlərinin də çox sevimlisi idi. Artıq yoxluğundan 4 il keçib. Bu gün də onun təhsil aldığı məktəbə getsəniz, onun xatirəsinin orada necə yaşadıldığını, Cəmili necə əziz tutduqlarını görərsiz. Hər onun adı çəkiləndə müəllimləri göz yaşlarını saxlaya bilmirlər. Bilirsiz, oktyabrın 15-də ildönümü idi. Həmin gün bütün müəllimləri statuslarında Cəmilin şəklini qoymuşdu. Məktəbdə bütün siniflər ayrı-ayrılıqda Cəmili yad etdilər. Məktəbdə Cəmilin büstünə tər güllər, çiçəklər qoyublar. Mən özüm həmin məktəbdə təsərrüfat işləri üzrə direktor müaviniyəm və ona olan münasibəti görürəm.

Cəmil bütün nəslin, dayılarının, əmilərinin sevimlisi idi. Çünki çox tərbiyəli idi, heç kimi incitməzdi. Balaca siniflərdə olanda yay tətillərində İsmayıllda dayısıgildə qalırdı. Dayısı yoldaşı nə desəydi, bütün işlərdə ona kömək edərdi. Yəni bir işin dalınca Cəmili yüz dəfə də buyursaydım üzünü turşutmadan, incimədən o işin dalınca sevə-sevə gedərdi. Cəmilin insanı incidən bir tərəfi olmadı…

 

- Cəmil ali təhsilini harda aldı və necə oldu ki, müharibəyə getməyə qərar verdi. Bir gənc olaraq torpaqlarımızın işğal edilmsini necə qarşılayırdı?

 

- Cəmil Azərbaycan Texniki Universitetini bitirmişdi. Orta məktəbdə oxuyanda - 2012-ci ildə Səbayel rayonu üzrə Xocalı soyqırımına həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilmişdi. O vaxt Cəmil 3-cü yerə çıxmışdı. Cəmil Vətənpərvər gənc idi. Mən özüm də Şəhid xəbəri eşidəndə çox yanmışam, özümü onların valideynlərinin yerinə qoymuşam. Həmişə fikirləşmişəm ki, gənclərimiz şərəfsiz ermənilərin uzündən məhv olur.
Cəmil 2020-ci ildə Universiteti bitirdi və iyulun 16-da həqiqi hərbi xidmətə getdi. 40 gün Ağçəbədidə hərbi hissədə qaldı, sonra bölgü əsasında Füzulidə yerləşən 706-cı hərbi hissəyə düşdü. Müharibə başlayanda cəmi 2 ay 11 günün əsgəri idi…

 

- Müharibəyə gedişini necə bildiniz, sizinlə əlaqə saxlayırdımı, hansı xəbərlərini alırdınız, sizinlə danışırdımı?

 

- Biz Cəmilin müharibədə olduğunu bilməmişik. Cəmilin Şəhid xəbəri gələndə mən məcbur elədim ki, ona baxmalıyam. Çünki Cəmil bizi heç vaxt aldatmayıb. Hətta gördüyü hər hansı bir işə görə cəza alacağını bilsəydi də onu bizdən saxlamazdı. Deyirdim Cəmil məni aldatmaz, o müharibəyə getməyib, bəlkə başqa bir Cəmildir, səhvən bizə gəlib çıxıb. Müharibə başlayandan sonra biz onunla 4 dəfə danışmışıq. Müharibədən əvvəl özü hər gün zəng vururdu. Amma müharibə başlayandan sonra zəng vurmadı. Oktyabrın 2-nə qədər gözlədik, zəng eləmədi. Onun əvvəllər zəng etdiyi nömrələrə zəng edib, axır ki, tapa bildik. Sən demə komandirinin telefonu ilə zəng vururmuş. 15 dəqiqə Cəmili telefonda gözlədik. Gəldi, dedi narahat olmayın. Əslində silah səsləri telefonda eşidilirdi, deyirdi ki, səsin gəlməsinə baxmayın, biz uzaqdayıq, sadəcə maşınlara silah doldururuq, bizi müharibəyə aparmırlar. Amma sonra döyüş yoldaşları, əsgər yoldaşları ilə əlaqə saxladıq, özləri evimizə gəldilər, hazırda da gəlirlər qonağımız olurlar, dedilər ki, Cəmil ilk dəqiqədən müharibədə iştirak edib. Bizi aldadıb. Cəmil ilk dəfə bizi bir onda aldatdı…başqa heç vaxt Cəmil bizə yalan danışmayıb. Xəbəri gəldi, Cəmil yaralanıb dedilər… (ağlayır)

 

- Bu dünya ölümlüdür, hamımız bu dünyadan köçüb gedəcəyik. Amma bizim bu müharibədə ölülərimiz yox, şəhidlərimiz oldu. Oğlunuzun şəhid olması xəbərini sizə gətirməzdən öncə bunu sizə duyduracaq hisslər yaşadınızmı?

 

- Müharibə başlayandan sonra zəng vurub Cəmillə danışırdıq, bir az rahat olurdum. Danışıb qurtarandan sonra ürəyimdə narahatçılıq başlayırdı. Deyirdim kaş 1 saatdan sonra bir də zəng edə, bir də danışaq. Amma mümkün deyildi. Özümüz də tez-tez kimisə narahat eləmək istəmirdik ki, vəziyyət pisdir, çətindir. Füzuli ön cəbhə sayılırdı deyə, düşünürdük ki, bəlkə komandirləri qabağa gedib. Ağlımıza başqa şey gəlmirdi, düşünürdük ki, Cəmil yerindədir, hərbi hissəsində, müharibədən uzaqdadır. Ona görə də atası deyirdi ki, tez-tez zəng vurub komandirini narahat edə bilmərik. Ayın 11-i axırıncı dəfə Cəmillə danışmışdıq. Sonra ayın 13-ü atasına dedim ki, Cəmillə danışaq, dedi darıxma qoy bir gün də keçsin, tez-tez narahat etməyək insanları… kiminləsə danışmışdı, demişdilər ki, bu gün Cəmil sizinlə əlaqə saxlayacaq. Ayın 14-ü gecə bərk darxırıdıq. Qızım dedi ki, qonşuya - dayısıgilə keçib bir az oturaq. Orda birdən nə oldusa oturduğum yerdən qəfil qalxdım. Gəlin də “sənə nə oldu”-deyə soruşdu. Dedim bilmirəm. Qızıma dedim ki, gedək evə. Dedi niyə ana, təzə gəlmişik, dedim ürəyim nəsə çox pis oldu. Elə bil içimdə bir çaxnaşma baş verdi. Səhər qızıma dedim ki, gedək bazara isti corablar, əsgərlərə lazım olan başqa şeylər alaq. Dedim ki, deyirlər müharibə tez qurtaracaq, ya biz gedərik Cəmilin yanına, ya onu evə buraxarlar. Onda da əsgərlərə, qardaşına isti corablar apararıq. Bazardaydıq, zəng gəldi mənə…”Cəmil yaralanıbdır” dedilər… (ağlayır) İsmayıllıya aparıblar. Dedim ki, yalan deyirsiz, yaralanıbsa niyə İsmayıllıya aparıblar… O gündən hər yerdə Cəmili görürüəm - evdə, küçədə. Çətindir…

 

- Sizin o anlar keçirdiyiniz o ağrını, acını hissləri təsəvvür etmək mümkün deyil…

 

- Allah heç bir anaya bunu yaşamağı qismət eləməsin.

 

- Müharibə qan-qada deməkdir. Onu itkisiz başa vurmaq da mümkün deyil. 4 ildir ki, müharibə bitib. Şəhidlərimiz hər gün hər dəqiqə hörmətlə anılır. Oğlunuza bir qəhrəman Azərbaycan igidi kimi kənardan baxıb, ürəyinizdən hansı düşüncələri keçirdiniz?

 

- Təbii ki, burda qürur hissi var. Lakin bütün hallarda mən Cəmili itirdiyimə görə çox pisəm. Mən ona deyirdim ki, sən mənim atamsan. qardaşımsan… Cəmil hamının yerini verə biləcək bir oğul idi. Düzdür, bu gün torpaqlarımız azaddır, düzdür, “Şəhid anası” deyəndə Prezident də ayağa qalxır və bunun nə demək olduğunu dərk edirik. Amma özümlə bacarmıram. Onun yoxluğunu qəbul edə bilmirəm. Mənim üçün Vətən Cəmildən başlayır, niyə yalan deyim ki? Mənim üçün ən yaxşısı Cəmilin varlığı idi. Mən gedib nökərçilik eləməyə, hər şeyə razı idim, təki Cəmil yanımda olaydı… bir möcüzə baş verəydi, Allah mənim canımı alaydı, onu yaşadaydı…

 

- Allah səbr versin… bir onu düşünək ki, bu ölümlü dünyada sizin oğlunuz hansısa qəzada deyil, Vətən uğrunda Şəhid oldu.

 

- Bəli hər zaman düşünürəm. cavanlar avtoqəzalar keçrirlər və sair. Bir anda fikirləşirəm. Bu ölümdür, amma mənim oğlum ölməyib, Şəhiddir. Bir dəfə məni göstərib dedilər ki, bunun oğlu ölüb. Özümdən asılı olmayaraq o qadının üstünə qışqıdrım, dedim - “lal olasan səni, mənim oğlum ölməyib”. Ona “ölüb”deyilməsini heç vaxt qəbul etmirəm. Amma cavanların müxtəlif qəzalarla öldüyünü görəndə, fərqli bir hiss yaranır, “mənim oğlum qəhrəmandır, onu dünya tanıyır”-deyə düşünürəm.

Biz dövlət xətti ilə Türkiyəyə qonaq getmişdik. Bizi orda çox yüksək səviyyədə qarşıladılar. Çoxlu Şəhidləri olan Türkiyədə qarşımızda baş əyirdilər. Bütün bunları başa düşürəm. Eyni zamanda deyirəm ki, oğlum Azərbaycanın adını yüksəklərə qaldırıb, tarix yazıb. Bu, bir anlıq baş verir, sonra görürsən ki, əlim boşdur...

 

- Bu gün şəhid ailələrinə, analarına, bacılarına istər cəmiyyət, istərsə də dövlət münasibəti necədir?

 

- Mən öz adımdan onu deyə bilərəm ki, övladımız Şəhid olub deyə, bizim dövlətdən heç bir umacağımız yox idi. Bu bizim çox imkanlı ailə olmağımız anlamına da gəlmir. Bu gün biz Bayılda 18 kvadratlıq evdə yaşayırıq. Dövlət bizə Xocahəsən yeni yaşayış massivində ev verib. Amma ora bizə uyğun deyil. Mən Bayılda məktəbdə işləyirəm, yoldaşım oğlumdan sonra sağlamlığını itirib, işləyə bilmir. Bir dəfə Xocahəsəndəki evi Bayılda jurnalistlər üçün tikilən və sonradan Şəhid ailələrinə verilən evlərdən biri ilə dəyişdirilməsi üçün Səbaelin deputatı Nigar Arpadaraiyə müraciət elədim. Heç bir kömək edilmədi, tədbir görülmədi. İstəsəydi, bu məsələdə mənə köməklik edə bilərdi. Dediyim kimi, Bayılda işləyirik, Xocahəsənə gəlib-getmək çətin olar. O evin kupçası da verilmir. Deyirlər 5 ildən sonra veriləcək. O da ya nəsib, ya qismət. Kupçası olsaydı, bəlkə də oranı satıb gəlib işimizə yaxın tərəflərdə ipoteka ilə ev götürmək olardı.

 

- Şəhid adından istifadə edib yeri gəldi-gəlmədi hay-küy salan bəzi ailələr haqqında eşidirik, onlara münasibətiniz nədir?

 

- Elə insanlara çox pis baxıram. Biz ailə tərbiyəsi görmüşük. Məndən kimin qızı olduğumu soruşanda atamın adını Fəxrlə çəkmişəm. Yəni bu gün gəzişimiz, geyimimiz, hərəkətimiz, ağzımızdan çıxartdığım söz hamısı Cəmilin adınadır. Nəsə etsəm, bunu Cəmillə bağlayacaqlar. Şəhid adından yersiz sui-istifadə edənlərə ayıb olsun. Belə davranışlar Şəhidin adına ləkədir. Elə ailələr tanıyıram ki, deyirəm heyif o oğuldan ki, ata-anası filankəsdir. Sən kimlərəsə əsəbi ola bilərsən, lakin sən Şəhid ailəsi, atası, anası, bacısı qardaşı olduğunu unutmamalısan. Bu ada görə ikiqat məsuliyyət daşıyırsan. Qızım polisdir. Hər zaman deyirəm ki, addımınıza diqqət edin, sizin addımınız Cəmilin adıdır. Biz heçkimik. Mən Cəmilin kölgəsindəyəm. Bəzi analar da var ki, önə keçiblər, oğulları kölgədə qalıb, bunu qətiyyətlə pisləyirəm.

 

- Son olaraq bütün şəhidlik zirvəsində olan igidlərimizin ailələrinə nə sözünüz var?

 

- Allah bütün Şəhid oğullarımızın məkanını cənnət eləsin. Onlar hamısı mənim oğullarımdır…

 

QEYD: Cəmil Məmmədli 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşünaslıq fakültəsində ali təhsil alıb. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində 3-cü yerə layiq görülüb. 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib.

"Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə Milli Qəhraman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini demişdi"

"Atıcılıq" - bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-nə keçən gecə Hadrut döyüşü (Füzuli rayonu) zamanı qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.
Cəmil Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Xocavəndin azad olunmasına görə" medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR