Son zamanlar İranla Azərbaycan arasında yaşanan gərginlik bu ölkədə «dini təhsil» alanların diplomlarının tanınması məsələsini də gündəmə gətirib. Sirr deyil ki, İran ayətullahları yetişdirdikləri «din xadimləri» vasitəsi ilə Azərbaycanda casus şəbəkəsi yaradır, burada özləri üçün gənclər arasında ciddi təbliğat işləri apararaq İranın maraqlarına xidmiət edən «məzhəbçi ordu» yaratmağı qarşılarına məqsəd qoyurlar. Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlar Nazirliyinin son aylarda həyata keçirdikləri əməliyyatlar zamanı aşkarlanan faktlar İranda «təhsil alan din xadimləri»nin əksəriyyətinin hansı fəaliyyətlə məşğul olduğunu ortaya qoydu. Bəs təhlükə tək İranda dini təhsil alanlardanmı gəlir? Digər ölkələrdə dini təhsil alanların diplomları Azərbaycanın müvafiq qurumları tərəfindən hansı səviyyədə tanınır?
“Xaricdə dini təhsil alanların diplomlarının tanınması üçün mexanizmlərin hazırlanması nəzərdə tutulub”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib. O bildirib ki, xaricdə dini ali və orta ixtisas təhsili almış şəxslərin diplomları qəbul olunur. Onun sözlərinə görə, Sənəd qəbulunda onlar iştirak edirlər. Xaricdə dini təhsil almaqla bağlı qanunvericiliyin müəyyən tələbləri var. Həmin tələblərdən biri də ondan ibarətdir ki, gənclər xaricdə dini təhsil almağa yalnız Dövlət Komitəsinin razılığı ilə dini mərkəz tərəfindən göndərilə bilərlər. İş ondadır ki, son 20 il ərzində Dövlət Komitəsinə belə bir müraciət daxil olmayıb. Ümumiyyətlə, xaricdə dini təhsil alanların diplomları ilə bağlı məsələ çox ciddidir. Nəzərdə tutulur ki, bu şəxslərin diplomlarının tanınması üçün mexanizmlər hazırlansın.
Versus.az xəbər verir ki, ilahiyyatçı Tural İrfan, ilk növbədə, ölkə daxilində dini təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı müəyyən məqamlara diqqət çəkib.
Ekspert bildirir ki, Təhsil Nazirliyi Bakı İslam Universitetində təhsil alan 3573 nəfər tələbənin diplomunu tanımır:
“Ona görə də Azərbaycanda ali din xadimi yetişditrmək mümkün deyil. 3573 nəfər tələbənin diplomu artıq heç nəyə yaramır. Elmlər Akademiyasında dissertasiya işi götürüb elmi iş müdafiə edib ali dini rütbəyə yüksələ bilmirlər”.
Dünyada daha çox hansı xarici ölkənin dini diplomlarının tanınmasına gəlincə, ilahiyyatçı Misirin məhşur “əl-Əzhər” Universitetinin, Türkiyədə dövlət ilahiyyat universitetlərinin adını çəkib. O bildirib ki, Misir Universitetində məzhəb təəssübkeşliyindən uzaq, obyektiv dini təhsil verilir. Həmin universitetlərin məzunlarının diplomları tanınmalı, qəbul olunmalıdır.
T.İrfan təəssüflə qeyd edir ki, Azərbaycanda mövcud olan dini universitetlərdə bir çox mənada beynəlxalq təcrübə nəzərə alınmır:
“Beynəlxalq təcrübə ona əsaslanır ki, din təhsili verilən universitetdə məzhəb təəssübkeşliyi olmamalıdır. Dünyada min ildən artıq tarixi olan dini universitetlər, akademiyalar var. İranda birmənalı olaraq şiəlik tədris olunur. Səudiyyə Ərəbistanında birmənalı şəkildə sələf vəhabidir, başqa dövlətlərdə də sünni əqidəsidir. Amma bu doğru deyil. Bu baxımdan xarici təcrübədə qədim dini unversitetlərdən nümunə götürülə bilər”.
İlahiyyatçı qeyd edir ki, hər ölkədə dini tədris birmənalı deyil. Fərqli islam modelləri var. Çox vaxt o modellər əsasında verilən təhsil sonradan ölkəmizə qarşı işləyir:
“Biz bunu İranla bağlı gördük. Azərbaycanda ali dini rütbəli alimlər olmayacaqsa, inanclı insanlarımız İranın ayətullahlarına, İraq müştəhidlərinə və xaricdə olan din alimlərini təqlid edəcəklər”.
İlahiyyatçı problemin aradan qaldırılması üçün mütləq milli ali rütbəli dini akademiyanın yaranmasını vacib sayıb. T.İrfan hesab edir ki, milli islam modelimiz formalaşmalıdır. Bunun üçün ali din xadimləri yetişməlidir:
“Tarix boyu Azərbaycan islam modelini yayıb. Sovet sistemi qurulandan sonra bu model dağıdıldı. Bu gün də inanclı insanlarımızın tələbatını ödəyən din xadimlərimiz var. Müəyyən dini təhsilli insanların daha böyük alimlərə ehtiyacı var və onların ehtiyaclarını qarşılayacaq alimlər yoxdur. Ona görə də xaricə üz tuturlar. Həmin alimlər Azərbaycanda yetişməlidirlər. Azərbaycanda ali dini titullu alimlərin yetişməsinə şərait yaradılmalıdr. Dövlət bunda maraqlı olmalıdır”.
Təhsil eksperti Kamran Əsədov, ilk növbədə, bildirib ki, Azərbaycan dünyəvi ölkədir, din dövlətdən ayrıdır. Bununla yanaşı onun fikrincə, ölkə mürəkkəb coğrafiyada yerləşdiyi üçün və müəyyən risklər nəzərə alınaraq dövlət eyni zamanda din məsələsinə də nəzarət edir.
K.Əsədov statistik göstəricilərə diqqət çəkərək bildirib ki, təxminən, 3 min nəfərə yaxın azərbaycanlı xaricdə təhsil alıb. Eyni zamanda, bu günə kimi Bakı İslam Universitetində, təxminən, 3850, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 819 nəfər dini təhsil alıb.
Ekspert qeyd edir ki, hazırda dünya əhalisinin çoxu səmavi dinləri daha məqbul hesab edərək onlara iman gətirir:
“Bəziləri daxili aləmi ilə inancındakı Allah arasında rabitəni daha intellektual və effektiv etmək üçün təkcə ibadətlə kifayətlənmir. Din barədə daha çox oxumaq, daha çox bilgi almaq şövqü də hisslərinə və beyninə hakim kəsilir”.
Bununla belə, ilahiyyat təhsili bəzən dinin ali məram və məqsədindəki sülhpərvərlik, tolerantlıq modellərini ortaya qoya bilmir:
"Bunun acı nümunələri dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da müşahidə edilib. Bu baxımdandır ki, Azərbaycanın aidiyyəti qurumları ölkədə xaricdə dini təhsili əvəz edəcək qurumların yaradılmasına və ya onun təkmilləşdirilməsinə start verib. Dünyanın əksər ölkəsində dini təhsil mövcuddur, Azərbaycanda da ilahiyyat təhsili verən Bakı İslam Universiteti və İlahiyyat İnstitutu kimi ali təhsil ocaqları var. Bu ali təhsil müəssisələrinə qəbul imtahanlarında az bal toplayan şəxslər qəbul olduğu üçün bu sahədə müəyyən problem var”.
Ekspert bildirir ki, son 25 ildə yüzlərlə şəxsin Səudiyyə Ərəbistanında, minlərlə gəncin İranda, bundan əlavə çoxlu sayda vətəndaşımızın Suriya, Misir, Liviya, Pakistan, Malayziya, Rusiya (Dağıstan) və Türkiyədə dini təhsil alması diqqətdən yayına bilməz. Onun sözlərinə görə, xaricdə təhsil alanların ölkədə təhsil alanların sayından xeyli çox olması dini təhsil sahəsində mövcud və potensial problemlərin miqyasından xəbər verir:
“Vətəndaşlarımızın qeyd edilən müsəlman ölkələrində dini təhsil almalarını Azərbaycanda oturuşmuş din təhsilinin olmaması ilə əlaqələndirmək də olar. Üstəgəl, vaxtilə Azərbaycanda xarizmatik din xadimlərinin olmaması, dini bilgi verən institutların qıtlığı da buna təsir edir. Xaricdən gələn təhlükələrin qarşısını almaq üçün İlahiyyat İnstitutunda dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə dövlətin maraqlara uyğun məlumatlar da aşılanır. Hesab edirəm, ölkədə fəaliyyət göstərən dini ali və orta ixtisas təhsili müəssisələrində məqsəd məzunların əxlaqı, mənəviyyatı təbliğ edən din xadimi kimi yetişməsini təmin etməkdir və buna müəyyən qədər nail olunub”.
Bununla yanaşı ekspert qeyd edir ki, bu müddət ərzində daha çox kişi ali və orta ixtisas təhsilli kadrlar yetişdirilib. Qadınlar arasında da savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsinə ehtiyac var:
“Bu gün İlahiyyat İnstitutunda dini biliklərlə yanaşı, dünyəvi elmlər də tədris olunur ki, bu da olduqca müsbət tendensiyadır”.
K.Əsədov vurğulayır ki, xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişdi. Ekspertin qənaətinə görə, bu, inqilabi dəyişiklikdir. Bu, kifayət qədər müsbət dəyişiklikdir və insanların təhsil hüququnun təmin olunmasıdır.
Məlum dəyişikliyə görə, tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub: “Yəni daha təhsil aldığınız dildən imtahan verməyəcəksiniz. Bu, çox yaxşı haldır. Amma əvəzində bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər.
Digər tərəfdən, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Bu, doğru addımdır. Təhsil Nazirliyi bunu yoxlaya bilməzdi. Eləcə də təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək. Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu çox yaxşı dəyişiklikdir.
Eləcə də xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq.
Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və ya dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və ya magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.
Eyni zamanda, xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar”.
K.Əsədov bildirir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər:
“Dünya reytinqində ilk 500-də olan universitet məzunlarının diplomu Azərbaycan ərazisində avtomatik olaraq tanınır”. (həftə içi)
Tahirə Qafarlı
Versus.az