“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”
Könül İsmayılova: “Qarabağdakı erməni əsilli vətəndaşlarımız da bundan nəticə çıxarsınlar”
“Hələ 44 günlük müharibə dövründə Azərbaycan xalqı olaraq rəsmidən qeyri rəsmiyə kimi hər kəs cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşmişdi. Bu gün də o birlik var və ölkə daxilində ünsürlərin olmasına baxmayaraq, Prezidentlə DƏMİR YUMRUĞa dönən birliyimiz hər zaman var olacaq. Bu gün də ölkə başçısının öz xalqından tələb etdiyi nədirsə, onu edəcəyik. Çünki cənab Prezident nəyi necə və nə vaxt etməyi çox yaxşı bilir”.
Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciət çıxışını şərh edərkən bildirib.
K.İsmayılova qeyd edib ki, ölkə başçısının hətta ümumdövlət çağırışlarında da ayrıseçkilik nümayiş etdirərək birlik nümayiş etdirməkdən kənarda duran Müsavat, AXCP, Real Partiyasını bir daha tanıyan xalq indi kimin yanında durmalı olduqlarını bilirlər:
“Nəhayətdə bu qaraguruhçuların arxasınca gedən kütlə də anladı ki, bu dövlətin, bu xalqın rifahını düşünən yalnız bu ölkənin prezidentidir. Boğazdan yuxarı çıxış edib ölkədə çaşqınlıq yaradanlar isə öz şəxsi mənafeləri üçün Azərbaycanın böyük qələbələrinə hələ də kölgə salmağa fürsət gəzənlərdir. Ona görə də xalq, ictimai-siyasi xadim olaraq artıq hər kəs doğru yolun hansı olduğunu bilir. Ölkə başçısının diplomatik müharibədə də uğur qazanması xalqımızın inamını bir daha artırır. Budur, artıq antiterror əməliyyatımızda da uğur qazandıq, üstəlik Qarabağdakı erməni əsilli vətəndaşlarımıza da sahib çıxırıq, beləcə Ermənistanı necə deyərlər, qram-qram enirik”.
Könül xanım bildirdi ki, Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunan görüş də müsbət həllini tapacaq. Onun sözlərinə görə, Qarabağdakı erməni vətəndaşlarımız nəhayət kimin qanunları altında yaşamaq istədiklərinə qərar verəcəklər:
“İşğaldan azad etdiyimiz torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və bu torpaqlarda yaşayan hər kəs – hansı millətdən olmasından asılı olmayaraq – Azərbaycanın vətəndaşı sayılır. Qarabağdakı erməni separatçılar oradakı erməni sakinlər arasında çaşkınlıq yaratsalar da, ölkə başçımız şəxsən erməni əsilli Azərbaycan vətəndaşlarına çağırış etməklə məsələni kökündən çözdü. Bu gün separatçılar tərksilah edilir, torpaqlarımızdan çıxarılır. Bu o deməkdir ki, suverenliyimizin tam bərpası öz həllini tapdı. Azərbaycanda başqa millətlərdən olan vətəndaşlarımız çoxdur və onlar dövlətimizin qanunları ilə yaşayırlar burada. Erməni əsilli vətəndaşlarımız da bu sıradandır”.
K.İsmayılova təəssüflə vurğuladı ki, erməni silahlı qüvvələri ilə bu mübarizədə də şəhidlərimiz oldu, mülki vətəndaşlarımız erməni terrorunun qurbanı oldular:
“Amma heç bir müharibə, mübarizə şəhidlərsiz, qurbanlarsız olmur. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Nəticədə qələbə bizimdir, düşmən məğlubdur. Yəni Azərbaycan oğulları əbəs yerə şəhid olmadılar, bu qələbəni bizə yaşatdıqları üşün ruhları şaddır. Bir də qarşı tərəfə baxaq, itkiləri, ölənləri çoxdur və məğlubdular. İndi Qarabağdakı erməni əsilli vətəndaşlarımız da bundan nəticə çıxarmalıdır. Ya bizimlə bizim qanunularımızla yaşasınlar, ya da çıxıb getsinlər. Cənab Prezidentimizin də dediyi kimi – “Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!” Biz bir azərbaycanlı olara Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"