İLHAM ƏLİYEV: TARİX YAZAN VƏ TARİXƏ YAZILAN LİDER
ELMAN NƏSİROV
/deputat, Siyasi Araşdırmalar İnstitutunun deirektoru,
Siyasi Elmlər Doktoru, Professor/
Müasir beynəlxalq koordinatlar sisteminin nizamı pozulubdur. Beynəlxalq hüquq “erroziya”ya uğrayıbdır. Bu reallığı şərtləndirən çoxsaylı motivlər və səbəblər mövcuddur. Onların sırasında bir amilin rolu xüsusi çəkiyə malikdir. Bu,ilk növbədə planetimizdə qlobal lider kəsiri-məhdudluğu ilə bağlı məsələdir. Bu gün ABŞ-a heç də Franklin Delano Ruzveltlər, Böyük Britaniyaya Uinston Çerçillər, Fransaya Şarl de Qollar və Almaniyaya Konrad Adenauerlər rəhbərlik etmirlər. Bu qlobal siyasi liderlərin müasir varisləri heç bir halda sələflərinə adekvat deyillər. Xələflər nəinki dünya miqyasında təhlükəsizliyin təminatına töhfə verə bilmir, bir çox hallarda öz davranışları ilə lokal, regional və beynəlxalq səviyyələrdə qarşıdurma mühitinin formalaşmasına rəvac verirlər. Bu baxımdan planetimiz, bəlkə də, heç vaxt indiki qədər təhlükəli olmamışdır. Təhlükənin olduğunu hiss etməməyin özü isə ən böyük təhlükədir.
Müasir dünyamızın sadalanan acı reallıqları fonunda Prezident İlham Əliyev elə də böyük olmayan dövləti-Azərbaycanı beynəlxalq siyasətin subyektindən onun aktoruna çevirmişdir. Qlobal təhlükəsizliyin, o cümlədən qitəmizdə enerji və nəqliyyat təhlükəsizliyinin təminatında Azərbaycanın rolu misilsizdir. Azərbaycan dünyaya təkcə neft və qaz deyil, eyni zamanda multikultural dəyərlər ixrac edir. Bu xüsusda Prezident İlham Əliyevin fikirləri aforizm tutumuna və reallığa adekvat gücünə malikdir: “Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, sözünün məna və çəkisi böyükdür.” Dövlətimizin rəhbəri olduqca təvazökar insan olduğundan Azərbaycanın dünya miqyasında sözünün izafi çəkiyə malikliyinin real səbəbi qismində öz adını və tarixi fəaliyyətini vurğulamır. Xalqın gözü tərəzidir. Xalq öz liderini sevir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı öna görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi «Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm»,- fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bir daha bəyan etdi: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".
Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərçiyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artıralacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
Yuxarıda qeyd etdiyimiz fikir və mülahizələri empirik yanaşmalarla təsdiqləməyə çalışaq.
2003-2008-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard manatdan 30,7 milyard manatadək artdı. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollara çatdı ki, bu da keçid dövründə yaşayan dövlət üçün çox böyük rəqəmdir. Azərbaycan 2004-2008-ci illər ərzində iqtisadi artım sürətinə görə dünyada birinci yeri tutdu. 2003-2008-ci illər ərzində sənaye istehsalı 2,7 dəfə artdı.
Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə bu göstərici 15 milyard dollara bərabər oldu. 2003-cü ildə ölkənin valyuta ehtiyatları 1,6 milyard dollar səviyyəsində idi. 2008-ci ilin sonunda bu rəqəm 17 milyard dollar təşkil etdi.
Özəl sektorun inkişaf etdirilməsi məqsədilə hər il bu sektorda fəaliyyət göstərən sahibkarlara 80 milyon manat məbləğində güzəştli kreditlər verildi.
Hələ 31 oktyabr 2003-cü ildə Prezident İlham Əliyev beş il ərzində Azərbaycanda 600 min yeni iş yerinin açılacağına vəd edəndə, çoxları buna xəyal kimi baxırdı, lakin zaman dövlət başçısıının sözlərinin həqiqət olduğunu sübut etdi. Hesabat dövründə 741 min yeni iş yeri açıldı ki, onlardan da 531 mini daimi iş yerləri idi.
Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 2003-2008-ci illər ərzində ordu quruculuğu prosesi də çox sürətlə getdi. Ordunun hazırlıq, peşəkarlıq səviyyəsi artdı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görüldü. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatdı.
Eyni zamanda İlham Əliyevin birinci prezidentliyi dövründə Azərbaycanda neft-qaz hasilatı da yüksək nəticələrlə xarakterizə oluna bilər. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton, qaz hasilatı 5,5 milyard kubmetr idisə, 2008-ci ildə anoloji göstəricilər neft istehsalında 50 milyon ton, qaz hasilatında isə 20 milyard kubmetrdən çox oldu.
Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.
Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 5 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakteizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-itisadi, hüquq-məhkəımə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.
Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezient İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin-Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və mülahizələrimizi əsaslandıraq. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın qətiyyəti və iradəsi böyükdür. Prezidenti və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bugünə kimi bağlıdır. Onların açılması baglanmasına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkün ola bilər. Bu hər iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.
Prezident İlham Əliyevin bütün diplomatik addımları millli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətələb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi boyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.
Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarıda general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti , 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, Bakı 6-cı dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara ev sahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.
Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 20 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. Dekabrın 31-də isə Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu.
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.
Son 20 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi çox böyük layihələrdir. Xüsusilə 2019-cu ildə Azərbaycanın qlobal nəqliyat qovşağı kimi statusu daha da möhkəmlənmişdir. Çindən gələn ilk qatar Bakı-Tbilisi-Qars dəmir yolundan keçərək Avropaya çatmişdir. Milli iqtisadiyyata təkan verəcək, daşınma xərclərini azaldacaq dəmir yolu sistemi müasirləşdirilib və bu proses davam etməkdədir.
Onu da qeyd edək ki, müvafiq düzəlişlərdən sonra Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılmışdır. Bununla da ölkəmizin qlobal reytinq sıralamasında mövqeyi 191 dövlət arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilmişdir. Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı 10 ölkəsindən biri” olaraq dəyərləndirilmişdi.
Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbayacan son 20 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.
“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”,-deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılıarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-cildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unukal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük tohfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.
2019-cu ilin 15 oktyabr tarixndə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indiki adı Türk Dövlətləri Təşkilatı) VII Zirvə görüşünün keçirilməsi və quruma sədrliyin Azərbaycan həvalə edilməsi, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi və Azərbaycana tərkibində BMT-yə üzv dövlətlərin 2/3-nin təmsil olunduğu bu nəhəng beynəlxalq quruma 3 il müddətinə sədrlik etmək hüququnun verilməsi, həmin ilin 14 noyabr tarixində Azərbaycan paytaxtının Dünya dini liderlərinin II Bakı Sammitinə ev sahibliyi etməsi, 2019-cu ili oktyabrı 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə baş tutacaq Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması, həmin ildə Çin Xalq Respublikası ilə iqtisadi və siyasi münasibətlərini daha da inkişaf etdirərək Azərbaycanın “Bir Kəmər Bir yol” təşəbbüsündə “orta marşrut”un fəal və mühüm iştirakçısı kimi yerini möhkəmləndirməsi və digər mühüm tədbirlər, heç şübhəsiz, müəllifi Prezident İlham Əliyevin olduğu Azərbaycanın müstəqil və milli maraqlara söykənən fəal xarici siyasət kursunun böyük uğurları kimi qiymətləndirilməlidir.
Bundan savayı, Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılmışdır. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir.
Böyük fəxr hissi ilə onu da vurğulayaq ki. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşfiqi, sahibkarlara dövlət dsəsəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir. Məsələyə bu xüsusda yanaşdıqda ABŞ-ın kifayət qədər müfuzlu “İrs” Fondunun 2020-ci ili mart ayında təqdim etdiyi dünyanın 180 ölkəsi üzrə “İqtisadi azadlıq indeksi”ndə Azərbaycan mövqeyini 16 pillə yaxşılaşdıraraq 44-cü yerə sahib olmuşdur. Azərbaycan dünyada “iqtisadi azadlıq” indeksini ən çox təkmilləşdirən 11 ölkə sırasındadır. Azərbaycan bu uğuru ilk növbədə biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyətlərə görə qazanmışdır. Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan “iqtisadi azadlıq” indeksinə görə hətta Avropanın Polşa, Portuqaliya, İspaniya, Fransa və Belçika kimi ölkərini belə arxada qoyaraq,” köhnə qitə”nin 45 ölkəsi arasında 24-cü yerdə qərarlaşmışdır.
Ölkəmizin qazandığı bütün bu tarixi uğurlar fonunda 2019-ci ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın bütün ölkərini əsarətə alan koronovirus pandemiyası dünya iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi yaratdığı kimi, Azərbaycana da təsirsiz qalmamışdır. Xüsusilə bu infeksiyanın məlum təsirləri fonunda dünya neft bazarında qiymətlərin 2 dəfədən artıq enməsi, heç şübhəsiz, ölkəmizin də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq iqtisadi əlaqələrinə mənfi təsir göstərmişdir. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməlkə bağlı çağırışları yalnız bir məqsədə xidmət edirdi. Bu məqsəd xalqımızı və dövlətimizi bu qorxulu infeksiyanın fəlakətli nəticələrindən hifz etmək və qorumaqdan ibarət idi. Elə bu niyyətlə də dövlətimizin rəhbəri koronovirus pandemiyasına qarşı mübarizədə preventiv, profıaktik, ardıcıl və sistemli addımların atılamsını təmin etməklə bu qorxulu xəstəliyin təsirlərinin minimuma endirilməsinə nail olmaq üçün fədəkarlıq nümunəsi göstərdi. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısında oldu. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmuşdur. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 10 aprel tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmin il mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş zirvə görüşlərinin (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir. Qoşulmama Hərəkatının qeyd edilən zirvə görüşündə Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilmişdir. Nəticədə dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi-COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilmişdir. BMT Baş Məclisinin sayca 31-ci xüsusi sessiyasında həm milli səviyyədə, həm də Qoşulmama Hərəkatı adından çıxış edən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesinə müxtəlif səviyyələrdə töhvə verdiyinə diqqət cəlb edərək onu da xüsusi olaraq vurğulamışdır ki, məlum təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmişdir.
Eyni zamnada Azərbaycan beynəlxalq müstəvidə “peyvənd millətçiliyi”nə qarşı prinsipial mövqe ortaya qoyur. 2022-ci ilin müvafiq olaraq mart və noyabr aylarında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımlar göstərmişdir.
Bu gün müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan ordusu torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.
Onu da xüsusi olaraq qeyd edək ki, ermənilər hərbi qarşıdurma reallığında öz ənənəvi xislətlərinə sadiq idilər: onlar döyüş meydanını qoyub-qaçır, cəbhə xəttindən xeyli kənarda yerləşən şəhər və kəndlərimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər. Cəsur Azərbaycan Ordusu düşmənin yalnız hərbi qüvvələrinə və obyektlərinə zərbə endirir, mülki əhalini və obyektləri hədəfə almırdı.
Azərbaycan dövləti müharibənin acı reallıqlarını nəzərə alaraq informasiya siyasətini də yenidən qurdu. Bu prosesdə hücum taktikasına üstünlük verdi. Uğurlu informasiya siyasətinin də müəllifi Prezident İlham Əliyev idi. Ali Baş Komandan müharibə zamanı müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına müsahibələr verdi və beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri büsbütün dağıtdı. Bu müsahibələrin hər biri, hər bir cümləsi altından qırmızı xətt çəkiləsi, xalqın ürəyindən xəbər verən sözlərdir. Türkiyənin “A Haber”, ABŞ-ın “Fox News”, İtaliyanın Rai-1, Almaniyanın ARD və s. televiziya kanallarına, Rusiyanın TASS və İnterfaks, İspaniyanın EFE informasiya agentliklərinə, Yaponiyanın “Nikkei”, Fransanın “Figaro”, İtaliyanın “La Repubblica” qəzetlərinə və s. müsahibələr zamanı dövlətimizin başçısı erməni faşizminin əsl simasını açıb-göstərmiş, erməni vandallığının ağlasığmaz cinayətlərini faktlarla sübut etmişdir. Müdrik Prezidentimiz bəzi xarici müxbirlərin bəzən ittiham xarakterli, böhtan səpkili, qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və dezinformasiya səciyyəli suallarını güclü məntiq, əsaslı fakt və dəlillərlə cavablandırmış, onları dəmir məntiqli arqumentləri əsasında susdurmuşdur. Müsahibələr zamanı jurnalistləri Azərbaycanın yalnız öz doğma və müqəddəs torpaqlarını azad etdiyinə və hərb qayda-qanunlarını qətiyyən pozmadığına inandırmış, həqiqətin, haqqı-ədalətin kimin tərəfində olduğunu açıqlayaraq, beynəlxalq hüququn da bizim tərəfimizdə olduğunu söyləmişdir. Məsələn, Almaniyanın ARD telekanalının müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına cənab İlham Əliyev belə gözəl və sərrast cavab vermişdir: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”. Ermənilərin guya etnik təmizləməyə məruz qalmasını iddia edən müxbirin fikirlərini təkzib edən Prezident qeyd etmişdir ki, əslində etnik təmizləyə məruz qalan biz olmuşuq. Ermənilər Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edəndə məhz azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar. Lakin Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmır və bunu planlaşdırmır: “Biz birlikdə yaşamalıyıq”. “BBC News” müxbirinin də təxminən eyni məzmunlu sualını – Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağı ilə bağlı zəmanət verilməsini Ali Baş Komandan qısa, lakin kəskin və tutarlı cavablandırmışdır: “Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq”.
8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+ Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.
Artıq bir ildir ki, müzəffər Azərbaycan ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. O hərbi əməliyyatlar ki, düşmənin üzləşdiyi hərbi texnika və sursat baxımından itkiləri 4 milyard ABŞ dollarına bərabərdir. Dövlət büdcəsi cəmisi 350 milyon ABŞ dollarına malik olan təcavüzkar Ermənistanın belə iri həcmdə silah-sursat almaq imkanına malik olmaması bəlli həqiqətdir. Deməli, təcavüzkarın şirnikləndirilməsi siyasəti onda “arxayınçılıq sindromu” formalaşdırmış və cəzasız qalacağına inam yaratmışdır. Bu baxımdan beynəlxalq ictimaiyyətin də üzərinə məsuliyyət payı düşür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu həmin “arxayınçılıq sindromu”nu və “cəzasızlıq rejimi”ni darmadağın etdi.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradıldı.
Böyük fəxr və qürur hissi ilə onu da qeyd edək ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cari ilin 12 noyabr tarixində Türkdilli Ölkələrin Əməldaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən VIII Zirvə Göruşündə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu təşəbbüsün müəllifi qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da özü təqdim etmişdir.
Türk Şurasının tam hüquqlu üzvü olan dörd dövlətin-Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinin məlum seçimini şərtləndirən amilləri şərti olaraq üç qrupa bölmək olar.
Birincisi, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edən tarixi zəfər;
İkincisi, bu tarixi zəfərə imza atmaqla türk birliyinin formalaşması prosesinə mühüm töhfə;
Üçüncüsü, tarixi qələbə nəticəsində bölgədə davamlı sülh və sabitliyin əldə olunamasına yolun açılması.
Həqiqətən də müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır,Türk dünyası kimi daha geniş coğrafi arealı əhətə edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan olduqca böyük məna kəsb edir :”Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.”
Sonda onu da qeyd edək ki, tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəszilik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat komunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, miinalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.
Təəssüf hissi ilə onu da qeyd edək ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayəsi altında Qarabağdakı xunta rejimininin tör-töküntüləri, görünür, hələ də strateji məğlubiyyətlərindən lazımı nəticə çıxara bilməyiblər. Əks halda Ermənistanla şərti sərhədlərimizdə tərətdikləri hərbi insidentlərə, doyüş mövqelərimizi iri çaplı silahlarla atəşə tutmalarına, mülki şəslərə və polis nəfərlərinə qarşı mina terroru siyasəti həyata keçirmələrinə, qondarma “pezident seçkiləri” keçirmələrinə nə ad vermək olar?
Bu xüsusda məslələrə qiymət verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən qeyd etdi ki, “Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi.”
Formalaşmış şəraitdə sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Qeyd olunan tədbirdə Prezident İlham Əliyevin vurğuladığı kimi “Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi”.
Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni “miatsum”u, “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi.
Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırım törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onalara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı lübüddür.
Müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur.
Isbata ehtiyacı olmayan bu və digər həqiqətlər oktyabrın 12-də Milli Məclisin İlham Əliyevin Azərbaycan Respublikasının Prezideni seçilməsinin 20-ci ildönümü ilə bağlı xüsusi ilclasında ətraflı müzkirə olundu.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, bugünkü xüsusi iclasın gündəliyinə 1 məsələ - İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilmişdir.
Spiker diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanmışdır.
Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
Bu məqamda Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksand Duqinin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarını müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır.” Sitatın sonu. Əlavə şərhə ehtiyac yoxdur.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ