Şərqşünas alimin “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabı Təbrizdə nəşr olunub
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” adlı kitabı Təbrizdə “Aydın” nəşriyyatı tərəfindən çap olunub.
Bu barədə Varsus.az-a AMEA-dan bildirilib.
Məlumatda bildirilib ki, kitab Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə çap edilib. Monoqrafiyanın “1905-1906-cı illər kütləvi qırğınlar və 1918-ci il Mart soyqırımı” adlı 1-ci fəslində qeyd edilən dövrün insanlıq əleyhinə cinayətləri barədə ətraflı məlumat verilir. İkinci fəsildə 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyasından bəhs edilir.
Üçüncü fəsildə Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlardan, 1990-cı il 20 Yanvar faciəsindən (1990-cı il 25 yanvar Neftçala və Lənkəran faciələri) söz açılır.
“Qarabağda soyqırımlar” adlanan 4-cü fəsildə Ağdaban soyqırımı və onun tanıdılması istiqamətində hüquqi-siyasi fəaliyyətdən, Qaradağlı soyqırımından, Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından, Malıbəyli, Aşağı və Yuxarı Quşçular qətliamından, bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət olan Xocalı soyqırımından bəhs edilir.
Beşinci fəslin mövzusu Aprel döyüşləri və Vətən müharibəsidir. “Azərbaycanlıların soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin siyasəti” adlanan 6-cı fəsil Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinə, həmçinin Quba Soyqırımı Memorial Kompleksinə həsr olunub.
Kitabın elmi redaktoru AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlı, rəyçiləri isə akademik Nərgiz Axundova, professor Qasım Hacıyev, Şərqşünaslıq İnstitutunun şöbə müdiri dosent Səməd Bayramzadə, Tarix İnstitutunun icraçı direktoru dosent Cəbi Bəhramovdur.
Versus.az
Xəbər lenti
Aliment üçün nikaha xitam verilməsi mütləq deyil
Tərəflər nikah müddətində olduğu zaman da aliment məhkəmə qaydasında...