Dünyanın seysmoloji MƏNZƏRƏSİ
Harada güclü zəlzələ olur, harada heç olmur...
Xəbər verdiyimiz kimi, bu gün Abşeron yarımadasında 5.6 bal gücündə zəlzələ baş verib. Yarımadanın müxtəlif hissələrində, o cümlədən Bakı şəhərində silkələnmə hiss olunub. Bu ilin fevralında qardaş Türkiyədəki Kahramanmaraş mərkəzli və 10 vilayəti əhatə edən 7.8 ballıq zəlzələdən sonra insanlar arasında seysmologiyaya maraq artıb. Artıq cəmiyyətdə bu mövzuya həsslıq müşahidə olunur.
Ümumiyyətlə, Yer kürəsində 3 seysmik qurşaq mövcuddur. Bunlar aşağıdakılardır:
1. Sakit Okean "odlu" qurşağı: Yerdəki zəlzələlərin 80 faizi bu zonada baş verir. Bu bölgəyə Çilidən şimala Cənubi Amerika sahilləri, Mərkəzi Amerika, Meksika, ABŞ-ın qərb sahilləri və Alyaskanın cənubundan Aleut adaları, Yaponiya, Filippin, Yeni Qvineya, Cənubi Sakit okean adaları və Yeni Zelandiya daxildir. Zəlzələ ilə yanaşı, vulkan püskürmələri də bu qurşaqda geniş yayılıb.
2. Alp-Himalay qurşağı: Dünyadakı zəlzələlərin 17 faizi bu qurşaqda qeydə alınır. Alp dağlarından tutmuş Avropadan İndoneziyayadək Himalay dağları və Aralıq dənizi vasitəsilə Atlantik okeanı sahillərinədək nəhəng ərazini əhatə edir.
3. And-Kordilyer qurşağı: Bu qurşaq Alyaskadan başlayaraq Çilidən Antarktida sahillərinə qədər Sakit okean boyunca qövsvari uzanan qurşaqdır. Bu qurşaq da seysmoaktivliyi ilə xüsusi seçilir. Dünyadakı zəlzələlərin 3 faizə qədəri məhz And-Kordilyerdə özünü göstərir.
Alp-Himalay qurşağında yerləşən Azərbaycanın da böyük bir hissəsi - xüsusilə Şamaxı-İsmayıllı zonası zəlzələ baxımından "zəngindir". Bu vəziyyət Azərbaycanın yerləşdiyi coğrafiyanın hələ geoloji inkişafını başa çatdırmadığını göstərir.
Zəlzələ zonaları dərəcələndirilir ki, burada 5 dərəcədə zonalar qiymətləndirilir. 1-ci dərəcəli zəlzələ zonasında tektonik çökəkliklərə və aktiv qırılma xətlərinə yaxın ərazilər yerləşir. Burada baş verən zəlzələlər böyük itkilərə səbəb olur. 2-ci dərəcəli zəlzələ zonası zəlzələlərin birinci dərəcəli zəlzələ zonasına nisbətən daha az zərər verdiyi ərazilərdir. 3-cü dərəcəli zəlzələ zonası zəlzələlərin az ziyanla baş verdiyi ərazilərdir. 4-cü dərəcəli zəlzələ zonası zəlzələlərin cüzi və ya heç bir ziyan olmadan baş verdiyi ərazilərdir. 5-ci dərəcəli zəlzələ zonası zəlzələlərin minimal olduğu və ya heç hiss olunmadığı ərazilərdir.
Zəlzələnin tərifinə nəzər yetirsək, Yer qabığındakı qırılmalar nəticəsində qəfil baş verən titrəyişlər dalğalar şəklində yayılaraq keçdikləri mühitlərdə yer səthini silkələyir ki, bu hadisəyə zəlzələ deyilir. Dünyada hər il təxminən 500 min zəlzələ baş verir və bu zəlzələlərin yalnız 5-də 1-i hiss edilir. Zəlzələlər əmələ gəlməsinə görə 3 kateqoriyaya bölünür: tektonik, vulkanik və çökmə. Tektonik zəlzələlər sarsıntı, intensivlik və maqnituda baxımından ən dağıdıcı zəlzələ növüdür. Yer qabığındakı çatlarda baş verən hərəkətlər zəlzələlərə səbəb olur. Bu qırılmalar dalğalar şəklində yayılan ani titrəyişlər nəticəsində keçdikləri mühiti və səthi silkələyir.
Zəlzələ riski ən yüksək olan ölkə və ərazilər:
Aleut adaları (ABŞ)
Kaliforniya (ABŞ)
Meksika
Çili
Peru
İspaniya
İtaliya
Keçmiş Yuqoslaviyaya daxil olan Balkan ölkələri
Yunanıstan
Türkiyə
İran
İndoneziya
Filippin
Yaponiya
Kamçatka (Rusiya)
Şimali Afrika ölkələri
İslandiya
Zəlzələ baxımından ən az riskli bölgələr isə geoloji inkişafını başa vurmuş coğrafiyalar, qoca dağların olduğu ərazilər və platforma səthli bölgələrdir. Məsələn, Avstraliya Rusiyanın Sibir bölgəsi, Kanada, Böyük Britaniya, Almaniya, Polşa, Braziliya, Şərqi Avropanın bəzi hissələri, Fransa, Niderlanddır. Skandinaviya ölkələrini də zəlzələ riski ən az olan bölgələr kimi təsvir etmək olar. Sibir, Kanada, Mərkəzi Afrika və Braziliya kimi köhnə massivlərdə demək olar ki, heç bir zəlzələ baş vermir.
Göründüyü kimi, dünyanın böyük bir hissəsi güclü zəlzələlərin təsirindən sığortalanmayıb. Lakin fəsadların minimuma endirilməsi, insan itkisinin və geniş miqyasda dağıntıların qarşısını almaq mümkündür. Bunun üçün zəlzələyədavamlı binaların inşası, şəhərsalma norma və prinsiplərinə əsaslanaraq yaşayış məskənlərinin qurulması, mülki müdafiə vasitələrinin gücləndirilməsi, cəmiyyətin bu sahədə məlumatlılıq səviyyəsinin artırılması, keyfiyyətli tikinti materiallarından istifadə, sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi və dövlət nəzarətinin, tənzimləyici qurumların effektivliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Məsələn, Yaponiyanın praktikası dünyada ən qabaqcıl nümunələrdən hesab olunur. Burada ən dağıdıcı zəlzələlər zamanı da itki və dağıntıların minimuma endirilməsinə çoxdan nail olunub. Seysmoaktiv ərazidə, seysmik qurşağın üzərində və müxtəlif fay xətlərinin kəsişməsində yerləşən Azərbaycanda da bu sahədə görülməli olan işlər var. /Modern.az/
Versus.Az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ