"Laçınsız günlər" xatirə-gündəlikdən - BABAMIN DEDİKLƏRİ
Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ƏR kişinin işidir
QƏZƏNFƏR HÜSEYNOV
Babam Hüseyn Abdulla oğlu əslən Laçın rayonunun Abasqışlağı (Məzməzək), indiki Güləbird kəndindəndir. 1917 ci ildən kommunist partiayasının üzvü olmuş, Qubadlı, Zəngilan və Laçın rayonlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Məni rəhmətlik babam böyüdüb, tərbiyə etmişdir. Elimizin ağsaqqalı idi, hər yerdə sözü keçirdi, çünkü haqq söz deyərdi, haqq da iti olur, kəskin olur, nə olur olsun haqqı nahaqqa verməzdi. Onunla bağlı çoxlu xatirələrim var. Babamın dedikləri başlıqlı xatirələrin birini Sizinlə bölüşmək istəyirəm.
(babam Hüseyn Abdullayev)
1920-30 cu illərdə rayonlaşma tam başa çatmamış, indiki rayonlarda 3-4 nahiyyə var idi. Babam indiki Qubadlı, o zamankı Xanlıq rayonu Həkərli – Muradxanlı nahiyyə soveti icrayə komitəsinin sədri imiş. Qubadlı qəza partiaya komitəsində keçirilən iclasların birində Qubadlı rayonunun Həmzəli kənd sakini, kasıblar komitəsi (batrakkom) deyilən bir təşkilatın rəhbəri, olduqca sadəlövh bir insan olan Muxtar çıxış edərək sovet hökumətində müxtəlif vəzifələrdə çalışan bəyləri tənqid edərək, çıxışının sonunda deyər: ay yoldaşlar biz bu fəhlələr-kəndlilər hökumətini ona görə qurmadıq ki, bəylər gəlib bizə rəhbərlik etsinlər.
(Canbaxış Abdullayev)
Hamının diqqəti orada iştirak edən Xanlıq nahiyyə soveti icrayyə komitəsinin sədri Canbaxış Abdullayevə yönəlir, hamı bilirdi ki, o, əslən bəy nəslindəndir. Canbaxış babamın ən yaxın dostu olub. İclas qurtaran kimi Canbaxışla babam atlanaraq Həkərli çayı tərəfə gedirlər və yolda bu vəziyyətdən çıxmaq üçün məsləhətləşirlər. Babam məsləhət görür ki, sən də bilirsən ki, bu Muxtarı öyrədən qruplar var, indi də tut ha tutdur, sən savadlı adamsan (Canbaxış Abdullayev o dövr üçün yüksək təhsil verən Qubadlı 4 illik rus-tatar məktəbini bitiribmiş), yaxşı olar ki, sən get Bakıya. Xeyli məsləhətdən sonra Canbaxış Abdullayev işini dəyişir və köçür Bakıya.
İndi gələk Muxtarın taleyinə. Muxtarı Laçında yaşlı nəsil yaxşı xatırlayar. Şəhərin aşağı hissəsində kiçik çörək dükanında Məşədi Muxtar adlı yaşlı kişi işləyirdi. O, həmin Muxtar idi, köçüb gəlib Laçında məskunlaşmışdı. Sakit, öz işi ilə məşğul olan fağır bir adam idi, Allah rəhmət eləsin!
... Təxminən 1950 ci illərdə hansı səbəbə görəsə Məşədi Muxtara cinayət işi qaldırıb, məhkəmə qərarı ilə ona icbari iş verirlər və kommunist partiyası sıralarından da çıxarırlar. Məşədi Muxtar yol tədarükü görərək, yol alır Bakıya tərəf və məqsədi də o olur ki, Mərkəzi Komitəyə ərizə yazıb cinayət işini ləğv etdirib, partiyaya bərpa olunsun. Çiynində xurcun indiki İstiqlaliyyət küçəsində Sabir bağının qarşısından Baksovetə tərəf gedirmiş ki, yanında bir M-1 (emaddin) markalı bir xidməti avtomobil dayanır və sürücü düşərək onu maşının arxa qapısına tərəf dəvət edir. Bütün bunları təəcüblə qarşılayan Məşədi Muxtar özü də başa düşmədən sürücünün bütün göstərişlərinə əməl edib, arxa oturacaqda əyləşir. Birdən yanında əyləşmiş səliqəli geyinmiş, qalstuklu, başında ”panama” olan Canbaxış Abdullayevlə qarşılaşır, utandığından istəyir geri qayıtsın, lakin artıq gec idi, avtomobil küçə ilə şütüyürdü. Canbaxış əsl bəy idi, o Muxtarla heç bir şey olmamış kimi hal-əhval tutur və Bakıya nə məqsədlə gəldiyini soruşur. Məşədi Muxtar bütün olmuşları danışır. Canbaxış Abdullayev həmin vaxt maliyyə nazirinin müavini olub. Onun MK-ya bir başa girmək rüsxəti olduğundan Muxtar kişini özü ilə oraya aparır və ona lazım olan hər bir köməyi göstərir. Axşam işdən çıxanda onu özü ilə mağazinə aparıb yaxşıca geyindirib, evinə aparır. Kəndarda ərinin yanında Məşədi Muxtarı görəndə qanı qaralan həyat yoldaşına Canbaxış kişi deyir ki, ay arvad gör kim gəlib bizə, bu evi, bu həyatı bizə verən bu kişidir. O, olmasaydı indi mən ya həbsxanada ölmüşdüm, ya da bunun kimi əziyyətlə yaşayardıq. Canbaxış Abdullayevin yaxından dəstəyi ilə Məşədi Muxtarın cinayət işinə son verilir və kommunist partiyası sıralarına bərpa olunur.
(Canbaxış Abdullayevin oğlu, Azərbaycan respublikası xalq artisti Rauf Abdullayev)
Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ƏR kişinin işidir. Bu əməl Canbaxış Abdullayev kimi ƏR KİŞİLƏRİN əməlidir. Həmin ƏR KİŞİNİN keçmiş SSRİ-nin incəsənət aləmində olduqca tanınmış övladları yetişmişdi, onlardan biri də Azərbaycan musiqisini bütün dünyada tanıdan, respublikamızın xalq artisti, “ŞÖHRƏT” və “ŞƏRƏF” ordenli dirijor, professor Rauf Abdullayevdir.
Xəbər lenti
Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur