Əfəndilər, Yardımlı da Azərbaycandır
Və burası gerçəkdən Azərbaycandır(mı)
İGİD TEYMURLU
Əfəndilər, hanı bu "samballı" deyə vəsf elədiyiniz "YARDIMLIDAN OLAN ZİYALILAR"?! Və ümumiyyətlə hanı bu Yardımlı? AMMA VƏ LAKİN...məhz diqqətsizlik və laqeydlik ucbatından bütün parametrlər baxımından çıxılmazlıq pentaqrammasında can çürütsə belə, YARDIMLI DA AZƏRBAYCANDIR!...
Hansısa bir yeyib içmək tədbiri olanda onlarla "ziyalı" özünü "bir Adam yol gedir bizdən qabaqda" formatında təqdim edir ( həm də edilir) və Sizlər də şəninə mədhiyyələr yağdırırsınız!
DOĞRUDANMI BU ADAMLAR SOSİAL, İQTİSADİ, PEDAQOJİ, EKOLOJİ, KULTUROLOJİ FƏLAKƏTİN girdabında can verən YARDIMLININ gerçək vəziyyətini görmürlər?!..
Yardımlıda nələrin baş verməsiylə bağlı dəyərli aydınlarımızdan olan qazi qardaşımız, hüquqşünas VÜQAR DADAŞOVUN həyəcan təbili çalan bir paylaşımına baxanda həm vətəndaş-dövlət münasibətləri kontekstində sosial narazılığın formalaşmasına zəmin yaradan mənurlara, həm də cəmiyyətimizə ağız dolusu "ziyalı" kimi sırınanlara nifrətim birə on qat artdı...
Doğrudanmı bu "ziyalılar" Vüqar Dadaşovun gördüklərini görmür, eşitdiklərini də eşitmirlər?!.
Axı doğrudan da gözdən, könüldən iraq olan Yardımlının gerçək halına diqqət edəndə adamın dəsmal götürüb oxşama deməyi gəlir. Və deyəndə ki, bu gün Yardımlı dağıdıcı qüvvələrin işğalı altındadır, hələ adama sual da verirlər ki, "nə mənada?"...
Bütün mənalarda, atam, qardaşım, bütün mənalarda....
Hanı Yardımlının qazı, suyu, təhsili, səhiyyəsi, yolu, kolu, ekolojisi, iş yèrləri, meşələri?!..Cəhalətin, mövhumatın qurbanına çevrilən toplum, milli-mənəvi dəyərlərin məhv edilməsi, kimliyimizi öz adında yaşadan toponimlərin dəyişdirilməsi, tapdalanan tariximiz...
Bütün bunlar bəyəm hansısa gizli "işğal"ın görüntüsü deyilmi?
Öyləsə, əfəndilər, siz ey yeyib içmə tədbiri keçirənlər, nədən bu kar, kor, kürkü yırtıq kilkəli və daz başlardan bir matah qayırıb "Yardımlının qaymaqları" adlı seriallarınıza "təqdimat mərasimləri" düzənləyib ağız dolusu yalanlarınızla yırtıq donlar biçib əsil həqiqətləri zorlayırsınız?
Belə məqamlarda səmimi deyin, sındırdığınız güzgü qırıntılarında Özünüzü və üzünüzü tanıyırsınızmı?!
Belə bəy tərifləriylə, belə yalanlarla Yardımlının hansı problemi həll olunub və olunur?
Hansı daş karxanasının yanından keçirsən, vallahi, billahi, yazılası belə mümkün olmayan və insanlığa utanc verən bir şəraitdə yatan, duran, işləyən fəhlələrin tam əksəriyyəti dana, keçi satıb ali təhsil diplomu alıb nənələrinin sandığına qoyan yardımlılar....
Bakının bütün qul bazarlarında yenə də həmin dana, keçi satıb ali təhsil diplomu alan və olan yardımlılar...
Heç düşündünüzmü ki, axı nədir bu yardımlıları cəlayi-vətən edən "yaşamaq" eşqi?..Allah köməkləri olsun, hansına da baxırsan, rəhmətlik cicəm demişkən, hamısı da "vərəzan gündə"....
Paralel olaraq başqa bir səhnədə də "çiçəklənən Azərbaycan"ın "çiçəklənən Yardımlı"sından danışan kar, kor, kürkü yırtıq kilkəli və daz başlarla onların nəsil nəcabətlərini görürsən...
Halbuki Statistika Komitəsinin məlumatlarına görə Yardımlının "çiçəklənən Azərbaycan"da "əhəmiyyətini, rolu"nu artıran bir bazarı var - o da, eşşək bazarıdır, onların da tam əksəriyyəti emiqrant eşşəklərdir...
BAXIN:
Yardımlının təhsili?
Yoxdur! Zatən məktəblərə gedən yox, həzrəti elm və təhsil naziri.
Yardımlının səhiyyəsi?
Yoxdur!
Yardımlının mədəniyyət sektorunda fəaliyyət?
Yoxdur!
Yardımlıda ekologiya?
Yoxdur! Zəncirlənmiş Yardımlı şəlaləsini keçəndən sonra biz qayalar, keçəl dağlar yol yoldaşın alır. Dövlət paytaxt Bakıda pul qoyub, para qoyub qotur yolkalardan bağ salır. Amma Yardımlıda Azəriqazın ekologiyamıza olan düşmən münasibətinin məntiqi nəticəsi olaraq hektarlarla meşə zolağı kəsilir desəm, dilim quruyar, əməlli başlı "şumlanır". Bunu harın məmurlar, seçicisinin üzünü belə görməyən, o kənd-kəsəyin yerini belə tanımayan "millət vəkili", daha doğrusu, deputatxana işçisi görmür? Qaz ixrac edən ölkənin Yardımlı rayonunun 95 faizi qazla təmin edilməyib!!! YARDIMLI REALLIĞINA GÖRƏ TƏBİİ QAZLA TƏMİN OLUNMAQ İSTƏYİRSƏNSƏ, KƏNDDƏ YA DEPUTAT "İSTEHSAL" ELƏMƏLİSƏN, YA DA "AĞIR SEYİD". ALÇABULAQ VƏ ODURAĞARAN KƏNDLƏRİ bu tələbatı ödəmədiynə görə indiki kimi bütün zamanlarda da təbii qaz, yol başda olmaqla digər növ xidmətlərin üzünə həsrət qalacaq...
Yardımlıda iş yeri?
Yoxdur! Kimin adamı varsa, onu "yaşıllaşdırma idarəsi"nə 200-300 manatlıq işə götürürlər. Xatırladım ki, bir maşın odunun qiyməti 450 manatdan da yuxarıdır. Orta statistik ailə də bir qışı çıxarmaq üçün ən azından 3 maşın odun almalıdır, ay Azəriqazın Yetimçəsi! İndi siz deyin, ekologiya buna deyirlər?..
Kəsəsi, Yardımlıda o yoxdur, bu yoxdur, ümumiyyətlə heç nə yoxdur.
Yardımlı yer Allahlarının qurbanına çevrilib.
Bütün bu "yoxlar"ı "var" kimi görən heç qırağı demirəm, əslən Yardımlıdan olan diletantlar, mənsəbpərəstlər, şöhrətpərəstlər ordusu var!! Və bu "ordu" paytaxt Bakının bütün idarə və təşkilatlarında, eləcə də dövlətin idarəetmə, qanunverici, hüquq-mühafizə orqanlarında, media sektorunda Yardımlıdan olduğunu demək olar ki, yardımlılara bəyan etmədən əməlli başlı kök salıblar...
Yenə də rəhmətlik cicəm demişkən, "şaxətir olsun" belə kök salma...
Sanki bu adamlar digər yardımlılardan qorxurlar, hürkürlər, iyrənirlər, çəkinirlər. Bir çeçələ barmağın yarasına zad eləməkdən, dərman qoymaqdan uzaqdılar...
Amma hər birinə Allah can sağlığı versin, göydə Mərrixlə ütarid ulduzları sönəndə, "göstərən saətdə dövrani-fələk bir inqilab" olanda, bax onda yazılan ədəbi nekroloqlar üzərində oxunan bayatılardan bilirsən ki, illərlə sənin böyründə çalışan, sənə ikrahla baxan, səni heçə sayan, sənin tapdalanan haqqına öz "şkura"sı xatirinə göz yuman da elə Yardımlı kökənli imiş...
Yardımlının bugünkü halına göz yuman ziyanlı "ziyalılar" problemi nəinki qabartmırlar, əksinə, əsil gerçəyi malalamaqla birbaşa Yardımlının çıxılmaz labirintə sürüklənməsində katalizatorluq edirlər, əvəzində qohum əqrəbalarına, oğul-uşaqlarına gün ağlayırlar.
Yalanlara həqiqət donu geyindirən ziyanlı "ziyalılar"ın qarın və mədə niyyəti onlarda çox şeyi üstələyib, özlərinin münasibətləri və açıqlamaları fonunda desək, onların vicdanı çox naqislikləri qəbul edir.
Əfəndilər, sonucda onu deyim ki, MƏHVƏ DOĞRU SÜRÜKLƏNƏN YARDIMLININ TİMSALINDA DÖVLƏT BABA ALDADILIR VƏ DÖVLƏT BABAnı aldadan da zatən bunlar: Yardımlı da aldadılanla aldadanın qurbanına çevrilib!!! Məmləkəti və məmləkət İnsanını böyləmi sevirlər. Və böylədirsə, necə deyəlim, YARDIMLI DA AZƏRBAYCANDIR! VƏ BURASI GERÇƏKDƏN AZƏRBAYCANDIR(mı)?...
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ