Muzeydə Latviya Seyminin (Parlamentinin) sədri xanım Daiga Mieriņanın Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Respublikasının Azərbaycandakı Səfirliyi Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə Azərbaycanda Latviya mədəni irsinə həsr olunmuş “Yuliys Straume — 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı multimedia sərgisi təqdim edilib.
Versus.Az xəbər verir ki, tədbirdə millət vəkilləri, bir sıra ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov açaraq, Latviya və Azərbaycan tarixi əlaqələridən danışıb. T.e.d. F.Cabbarov qeyd edib ki, "İki ölkə arasında son dövrlər inkişaf edən mədəni, siyasi, iqtisadi əlaqələr bizi sevindirir. Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin bu önəmli sərgiyə ev sahibliyi etməsinin isə böyük əhəmiyyəti var. Yuliys Straume özündən sonra böyük irs qoyub. Biz şadıq ki, bu irsdə Qafqazın, Azərbaycanın da izi var".
Daha sonra Latviya Seyminin sədri Daiga Mieriņa çıxış edərək, qeyd edib ki, “Yuliys Straume Qafqazın dağ kəndlərində apardığı elmi ekspedisiyalarda toxuculuq sənətinə və toxuculuq ənənələrinin öyrənilməsinə böyük maraq göstərib. 1907–1923-cü illərdə Y. Straume Tiflisdə Qafqaz Sənətkarlıq Komitəsində işləyib. Elmi ekspedisiyalar zamanı Y.Straume tekstil qrafikasına, toxuculuq ənənələrinin öyrənilməsi və yerli mədəni irsin qorunub saxlanmasına diqqət yetirib. Bu gün Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyində Straumenin kolleksiyasından 500-dən çox əşya var, eyni zamanda Yuliys Straume bu muzeyin yaradıcısı və ilk gürcü dizayneri hesab olunur. Straume 1908–1911-ci illərdə Şuşa Real məktəbində rəsm müəllimi kimi fəaliyyət göstərib. Straume Latviyaya qayıtdıqdan sonra Latviya peşəkar tekstil sənətinin banilərindən biri olub. Onun eskizlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanırdı”.
Latviya Seyminin sədri Daiga Mieriņa çıxışından sonra bir sıra ictimai xadimlərə, mədəniyyət nümayəndələrinə, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya hədiyyələr təqdim edib.
Daha sonra Azərbaycan Respublikasının əməkdar rəssamı, sözügedən multimedia sərgisinin kuratoru Səbinə Şıxlinskaya sərginin hazırlanması və əhəmiyyəti haqqında danışıb.
Tədqiqatçı Fuad Axundov isə qonaqlara Yuliys Straumenin Qafqazda, Azərbaycanda mütəmadi olaraq etnoqrafik ekspedisiyalar aparması haqqında ətraflı məlumat verib.
Sonda qonaqlar Milli Azərbaycan Tarix Muzeyini ziyarət edib və muzeyin yeni ekspozisiyasının Azərbaycanın 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Zəfər” zalında nümayiş olunan eksponatları ilə tanış olub.
Sərgi iyun ayının sonlarına qədər davam edəcək. Giriş sərbəstdir.