“İran narahatdır, Paşinyan havadarlarının istəyi ilə Zəngəzur dəhlizini aça bilər”

17:00 01-08-2024 | icon 271 | Siyasət
“İran narahatdır, Paşinyan havadarlarının istəyi ilə Zəngəzur dəhlizini aça bilər”

Natiq Miri: “Ermənistanın, qlobal güclərin Azərbaycan əleyhinə başlatdığı qərəzli proses dünyada ifşa olunmalıdır” 

 

 

44 günlük zəfər savaşı Qərbin, Avropanın erməni havadarlarının Qarabağ münaqişəsini beynəlxalq müstəvidə dartışdırmaq planını alt-üst etdi. Xarici qüvvələr Ermənistan qoşunlarının 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarından qısa vaxtda hərbi ustalıqla qovulacağını ağllarına gətirə bilmədikləri üçün sonda “fransız” qaldılar. Bu gün də Qərbin, Avropanın Azərbaycana qarşı müdaxilə, aqressiya, qərəz manevrləri davam edir.

 

Versus.Az politoloq Natiq Mirinin “Həftə İçi”-nə verdiyi müsahibəni təqdim edir:

 

- ABŞ, Fransa, Avropa İttifaqı Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycanla bağlı hansı planlarını həyata keçirməyə çalışır, Ermənistana nələr vəd olunur, nə baş verir?

 

- ABŞ-ın "ipini çəkdiyi" Qərb dünyası Ukrayna-Rusiya cəbhəsində baş verən hadisələri eyni ilə Cənubi Qafqaza transformasiya edir. Bu təkcə Cənubi Qafqazla məhdudlaşacaq məsələ deyil. Bunun Rusiyanın geosiyasi maraqlarının olduğu Mərkəzi Asiyaya da sirayət edəcəyi artıq müşahidə olunmaqdadır. Əlbəttə ki, birinci növbədə Rusiyanı sıxışdırıb Cənubi Qafqazdan çıxarmaq və bölgəni Qərbin təsir dairəsinə salmaq istəyi var. Burda yeganə əngəl ölkə Azərbaycandır. Cənubi Qafqazın ən zəif ölkəsi olan Ermənistan vasitəsi ilə Qafqaza sirayət edib bütövlükdə Cənubi Qafqazı özlərinin təsir dairəsinə salmaq… Ancaq problemləri var. Birincisi, Gürcüstan tam olaraq Qərb dünyasının istədiklərini yerinə yetirmir və bu baxımdan Gürcüstanda parlament seçkilərinin "isti" keçəcəyi gözlənilir. Digər bir ölkə isə Cənubi Qafqazın ən həlledici ölkəsi olan Azərbaycandır. Qərb tərəfindən ram edilə bilinmədiyi üçün onun təzyiqləri, aqressiyası ilə üzləşirik. Yəni region üzərində mübarizə təkcə Azərbaycan-Qərb arasında deyil, eyni zamanda Qərb-Rusiya, Türkiyə, region dövlətləri, İran, eyni zamanda Gücüstanda da gedir.

 

- Ermənilərin Qərbdəki havadarları Azərbaycanda həbsdə olan separatçıların azadlığa buraxılmasını, ermənilərin Qarabağa qaytarılmasını tələb edir və COP 29 konfransında dünyanın diqqətini bu məsələyə çəkmək istəyirlər. Bu manevrlərin təsirləri nə ola bilər və beynəlxalq hüquqla bu nə dərəcədə doğrudur?

 

- COP 29 konfransından istifadə edərək Azərbaycanın üzərinə gəlirlər. Avropada Azərbaycana qarşı böyük bir proses başladılıb. Bu prosesə keçmiş Cinayət Məhkəməsinin prokuroru Okampo başçılıq edir. Təbii ki, Okampo nə erməniləri, nə Azərbaycan dövlətini, nə də Qarabağın tarixini araşdırıb bir cümlə belə öyrənməyib. Ortada qlobal kriminal erməni lobbisinin maliyyəsi var. Bu kontekstdə üzdəniraq hüquqşünasdan Azərbaycan əleyhinə bir alət olaraq istifadə edilir. Məlumdur ki, Okamponun ilkin təklif etdiyi məsələ COP 29 konfransı ərəfəsində beynəlxalq hümanitar hüquq kontekstinə guya Azərbaycanda olan erməni əsirlərin azadlığa buraxılması məsələsi ilə bağlıdır. Fikir verirsizsə, paralel olaraq ABŞ-da fəaliyyət göstərən bir çox QHT-lər, Qarabağda separatçıların mövcud olduğu illərdə oradakı erməni QHT-ləri, eyni zamanda ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Fredoum Hause” və onun ətrafındakı QHT şəbəkəsi bu işə girişiblər. Burada Qarabağdan guya zorla köçürülmüş ermənilərin dönüşü məsələsi qaldırılır ki, bunu təmin etmək mümkün olsun. Eyni zamanda paralel olaraq Azərbaycan-Ermənistan sərhədində son günlər hərbi təxribatların artmasını da görürük. Yəni bütün bunlar bir-birini şərtləndirən, tamamlayan bütöv bir prosesin tərkib hissələridir. Bu təxribatlar ona görə törədilir ki, Azərbaycan səbirsizlik edərək buna adekvat cavab versin və COP 29 ərəfəsində konfransa dəvət olunan bütün beynəlxalq güclərin, dövlətlərinin diqqətini Azərbaycanın Ermənistana qarşı guya aqressiya törətməsinə yönəltsinlər. Bütün bunlar COP 29 ərəfəsində Azərbaycan əleyhinə başladımış böyük bir prosesin tərkib hissəsidir. Təbii ki, Azərbaycan da boş durmalı deyil. Qərbi Azərbaycan icması 88-ci ildən bu günə qədər Qərbi Azərbaycanda yaşamış 300 minə yaxın azərbaycanlının başına açılan soyqırım, bütün faciələrin fotolentlərini, videomaterialları beynəlxalq təşkilatlara və Azərbaycanda mətbuat konfransı keçirməklə bütün səfirliklərə nümayiş etidrməlidr. Bu məlumatlar mütəmadi olaraq dünyanın diqqətinə çatırılmalı, bizə qarşı başladılan prosesi ifşa etməliyik. Eyni zamanda Qarabağda 88-ci ildən bu yana 30 il müddətində 1 milyona yaxın insanın hansı soyqırıma məruz qaldığı, hansı zülmə məruz qoyulduğu, yurd-yuvalarından qovulduğu, insanların kütləvi olaraq qətlə yetirildiyi faktları sənədlərlə, foto, video görüntülərlə bütün dünyaya təqdim olunmalı, Ermənistanın, qlobal güclərin Azərbaycan əleyhinə başlatdığı proses ifşa olunmalıdır. Qarabağ ermənilərinin qayıdışı məsələsi qaldırılırsa, paralel olaraq Qərbi Azərbaycandan qovulmuş 300 min insanın geri qayıdışı məsələsi qoyulmalıdır. Əgər beynəlxalq humanitar hüquqdan söhbət gedirsə, Qərbi Azərbaycanlıların da qayıdışı humanitar hüquqla ölçülüməli və davamlı olaraq işlənməlidir.

 

- Paris Olimpiya Oyunlarında Azərbycana qarşı həddini aşdı. Olimpiyadada qalib olan Azərbaycan idmançısının əlindən bayrağın alınması epizodu, idmançının qalibiyyətinin bayraqla nümayiş olunmasına icazə verilməməsi bu ölkənin hansı simasını göstərir?

 

- Fransa Azərbaycana qarşı qərəz və nifrətini gizlədə bilmir. Azərbaycan tərəfindən verilən cavab təkcə Fransaya deyil. Məlumdur ki, Azərbaycan dövləti Ermənistanı COP 29 konfransına dəvət etdi. Bu xüsusi yanaşması idi. Hansı ki, dünya praktikasında belə olmur. Çünki dünyada bütün dövlətləri adətən yaxşılar, pislər, dostlara, düşmənlərə ayırırlar. Azərbaycan yaxşı və pis ayırımı etmədən Ermənistana bu cür dəvət göndərdi. Bu təkçə siyasi deyil, mənəvi, psixoloji, insani yanaşmadır. Burada düşündürücü amillər çoxdur və Fransa da bu yöndə Azərbaycandan bir insanlıq dərsi almış olsaydı, Azərbaycan idmançısına qarşı bu cür həqarət dolu addım atmazdı. Bu, Fransanın cılızlığını bilavasitə ortaya qoyur.

 

- İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei yeni prezidentin andiçmə mərasimində Tehrana gələn Nikol Paşinyanla görüşüb və Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. İran nədən narahatdır. Xamenei “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” deyib. Paşinyanın da dəstəklədiyi bu fikir nədən xəbər verir?

 

- İranın dini liderinin bu fikri yeni deyil. Sadəcə indiyə qədər səsləndirdiyi fikirlərin yenidən təkrarıdır. Bu, Paşinyana bir xatırlatmadır. Çünki narahatdırlar və düşünürlər ki, Nikol Paşinyan öz havadarlarının istəyi ilə Zəngəzur dəhlizini aça bilər. Yoxsa Əli Xamenei Ermənistanı İrandan çox istəmir ki... Digər tərəfdən, əgər bu, Ermənistanın məsələsidirsə, İran niyə narahatdır və niyə bunun Ermənistan üçün zərərli olduğunu iddia edir. Burda Ermənistana zərərli olan məqamın harda olduğunu niyə demirlər. Onlar bunu ərazi bütövlüyü ilə əsaslandırırlar. Birincisi, nəqliyyat kommunikasiya sisteminin Ermənistan ərazisindən keçməsi onun qlobal maraqlar kontekstində əhəmiyyətini artırır. İkincisi, bu, Ermənistan üçün yeni maliyyə qazancı, yeni maliyyə bazarlarına çıxışı təmin etmək deməkdir. Burda Ermənistanın əleyhinə olan hansı məqam var? Sadəcə, “ərazi bütövlüyü” məsələsini üzlərinə pərdə edərək, bu məsələni zaman-zaman dilə gətirirlər. Ermənistana xatırladılır ki, Zəngəzur məsələsi İranın maraqları kontekstində deyil, açmayın. Düşünürəm ki, bu əhəmiyyətsiz açıqlamadır. Sabah Ermənistanın havadar dövlətləri əmr versələr ki, “dəhliz açılmaldır”, dəhliz açılacaq və İran da burda heç nə edə bilməyəcək. Çünki bu, Ermənistanın müstəqil verə biləcəyi qərardır. Əgər Ermənistan öz ərazisində hər hansı nəqliyyat, logistika, kommunikasiya sistemini açırsa, İranın bu məsələyə nə aidiyyatı var.

 

- İrəvan və Ankara arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələr 5-ci dəfə görüşdülər və bir sıra razılıqlar əldə olundu. Ümumilikdə bu gün Türkiyə ilə Ermənistan arasında dəmir yolu sərhəd qapısının açılması nə dərəcədə gözləniləndir və sülh prosesinə, Zəngəzur dəhlizinin açılmasına nə vəd edir?

 

- Türkiyə və Ermənistan rəsmilərinin 5-ci raund olaraq növbəti sərhəd görüşü əhəmiyyətlidir. Ona görə ki, bu məsələ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə sıx bağlıdır. Bu görüşdə Türkiyə dövləti Ermənistanın diqqətinə çatdırıb ki, əgər həqiqətən də dünyaya çıxmaq, Türkiyə ilə münasibətləri tənzimləmək istəyirsə, buyurub Azərbaycanla münasibətləri tənzimləsin, sülh müqaviləsini imzalasın. Görüşdə o da deyilib ki, Zəngəzür dəhlizinin Azərbaycan və Türkiyənin maraqları kontekstində açılması arzuolunandır. Çünki bu, Türkiyənin vaz keçmək istəmədiyi məsələlərdən biridir. Hər iki tərəf bəyan edib ki, bu görüş yaxşı və konstruktiv məcrada davam edib. Deməli, perspektivdə müəyyən anlaşmalar ola bilər. Sadəcə, Türkiyə-Ermənistan sərhədinin açılması deyil, həm də Azərbaycanla Ermənistan münasibətləri kontekstində irəliləyişlər ola bilr. Məsələn, Azərbaycanın konkret şərtləri var ki, ərazi iddiası Ermənistan konstitusiyasından çıxarılmalıdır, paralel Azərbaycan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistanla birgə ATƏT-ə müaciət etməyi şərt kimi irəli sürüb. Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun ləğvi məsələsi daha tez həll olunacaq. Çünki Ermənistanda bu məsələyə pozitiv baxılır. Bu, ABŞ-ın Qafqaz üzrə nümayəndəsinin bir neçə gün öncə Ermənistana səfəri zamanı kiçik nüansla özünü göstərdi. Belə ki, təqdimat Ermənistanın rəsmi dövlət saytında əvvəlki kimi deyildi. Luyi Bono əvvəl ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi təqdim olunsa da, artıq sadəcə Qafqaz üzrə xüsusi nümayəndə statusunda təqdim olunub. Deməli, bu məsələ bir problem olaraq ortadan qaldırılmaqdadır. Ona görə də düşünürəm ki, Türkiyə-Ermənistan 5-ci raund görüşü hələ Ermənistan-Türkiyə sərhəd qapısının açılacağı demək deyil. Çünki sərhəd qapılarının açılması Azərbaycan-Ermənistan münasibətlərinə bağlı məsələdir. Ermənistana dəfələrlə bildirilib ki, prosesin gələcək inkişafı və perspektivi Ermənistan rəhbərliyinin davranışından asılı olacaq.

 

- Bir yandan da Çin qlobal təhlükəsizliyi, sabitliyi və inkişafı təmin etmək üçün “Bir kəmər, bir yol” təşəbbüsünü inkişaf etdirməyi təklif edir. Bu təşəbbüs kimləri narazı salır və regionda Azərbaycana qarşı olan hücumları nə dərəcədə aktivləşdirəcək?

 

- ABŞ maraqlıdır ki, yeni nəqliyyat kommunikasiya xətləri Rusiya və Çindən yan keçərək Mərkəzi Asiya ölkələrini əhatə edib, Azərbaycan və Ermənistan vasitəsi ilə Türkiyəyə, ordan Qara Dənizi, Aralıq dənizini keçərək Avropaya çıxsın. İndiki halda Mərkəzi Asiya ölkələrinin yükdaşıma ticarəti əsasən Rusiya Çin üzərindən həyata keçirilir. ABŞ burda Rusiya və Çini oyundankənar vəziyətdə saxlamaq istəyir. Azərbaycan Gürcüstan və Zəngəzur üzərindən Türkiyəyə və dünyaya çıxış etməkdə maraqlıdır. Azərbaycan eyni zamanda Çindən gələn yükləri də böyük məmnuniyyətlə qəbul edəcək. Azərbaycan ABŞ-ın Çinə qarşı olan siyasətinin içərisində yoxdur. Çünki bu yeni nəqliyyat kommunikasiya sistemləri işlədiyi təqdirdə ən böyük yüklər Çindən gələcək. Ona görə Azərbaycan maraqlıdır ki, “bir kəmər bir yol layihəsi” içərisində Çin də yer alsın. Çindən gələn yüklər Qazağıstana, oradan Xəzər dənizi vasitəsi ilə Gürcüstana, Türkiyəyə çıxışı təmin etsin. Azərbaycan bu məsələni öz maraqları kontekstində həll edəcək, ABŞ-ın istəyi ilə deyil. Əgər ABŞ istəyirsə ki, Mərkəzi Asiyanın çıxışı Rusiya, Çinlə deyil, ancaq Azərbaycan, Ermənistan vasitəsi ilə dünya bazarlarına olsun, buyurub Ermənistanı razı salsın.

 

- Bütün gərginliyin düyün nöqtəsi olan Zəngəzur dəhlizi mübarizəsi nə ilə bitəcək?

 

- Yeni nəqliyyat-kommunikasiya sistemi olaraq Zəngəzur dəhlizi açılacaq. Hansı statusda olacağı isə yaxın perspektivdə müəyyən olacaq. Ancaq Azərbaycanın maraqları nəzərə alınacaq. ABŞ-ın da bu prosesdə geosiyasi maraqları var. Qeyd etdiyim kimi, ABŞ Rusiya və Çini bu layihədən kənarda saxlamaqla, dolayısı ilə dəhlizdə özünün nəzarətini təmin etmək istəyir. Yəni, bu nəqliyyat sisteminin açılması olmasza olmazdır və sülh prosesinin tərkib hissəsidir. Kimin nə istəməsindən asılı olmayaraq açılacaq.

 

- Qərbin, Avropanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində özünü “baş məsləhətçi” kimi aparması, üstəlik Ermənistanın silahlandırılması, hərbi təlimlər, iki ölkə arasında sülh müqaviləsinin reallaşmasına nə dərəcədə imkan yaradır. Sülh müqaviləsi bu gedişlə noyabra qədər bağlana biləcək?

 

- Qərb dünyası - ABŞ, Avropa İttifaqı sülh müqaviləsinin imzalanmasını istəyir. Çünki dəyişən geosiyasi vəziyyət kontekstində gələcəkdə böyük əngəllərlə qarşılaşa biləcəklərini düşnürlər. Belə ki, artıq Ukrayna-Rusiya cəbhəsində böyük qeyri-müəyyənlik var və sülh danışıqlarının getməsi ilə bağlı məlumatlar dolaşır. Atəşkəs və danışıqların başlayacağı bir vaxtda Rusiyanın başı açılacaq və özünün geosiyasi maraqları olan regionlara daha çox diqqət ayıracaq. Bu xüsusda Ermənistana təzyiqlər fonunda onu Rusiyanın orbitindən çıxarmaq mümkün olmayacaq. Qərb daha çox bundan narahatdır. Çünki bu gün Qərbin Cənubi Qafqaz siyasəti Ermənistan üzərindən qurulub. Əgər Ermənistanı Rusiynın orbitindən çıxarıb Qərbə inteqrasiyasını təmin edərlərsə, bu, Qərbin Cənubi Qafqaz siyasətində ciddi irəliləyiş olar. Əslində Azərbaycan və Gürcüstana olan təzyiqlərin əsas məqsədləri bununla bağlıdır. O ki qaldı Ermənistanın silahlandırılmasına, əlbəttə ki, bu, bir tərəfdən Ermənistanın ayaqda duruşunu, dayanıqlı bir ölkə olmasının təmin edilməsi, bir tərəfdən də Azərbaycana yönəlik hərbi balansı təmin etməklə bağlıdır. Bu təminat sülh masası arxasında Ermənistanın rahat danışa bilməsi üçündür. Qərbin, Avropanın bu yanaşması regionda sülhüə töhfə vermir, yeni eskalasiyaya, hərbi təxribatlara yol açıb. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. İşğalçı dövlətin sülh müqaviləsi imzalamadan silahlandırılması doğru davranış deyil, beynəlxalq qaydalara ziddir.

 

- Cənubi Qafqaz regionunun ikinci Ukraynaya çevrilməsi nə dərəcədə real ola bilər?

 

- Regonu Ukraynaya çevrimək mümkün olmayacaq. Çünki burada Azərbaycan və Gürcüstan kimi müstəqil dövlətlər və bizi dəstəkləyən Türkiyə var. Düzdür, Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq istəyənlər var, amma bu onların qursaqlarında qalacaq. Digər tərəfdən, əgər müharibə ehtimalı varsa, bundan daha çox Ermənistan narahat olmalıdır. Çünki yeni müharibə Ermənistanın varlığını şübhə altında qoyacaq. Ermənistan bu təhlükəni bilməmiş deyil. Ona görə də regionun ikinci Ukraynaya çevrilməsini görmürəm.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?