“ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürərsə…”

17:09 08-08-2024 | icon 284 | Siyasət
“ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürərsə…”

Rauf Məmmədov: “Ermənilər deyəsən axırda Cənubi Qafqazı tərk edib qaçacaqlar”

 

 

Cənubi Qafqaz regionunda vəziyyət gərginliyi ilə diqqət çəkir. Dünyanın böyük gücləri bölgədə mövqelərini möhkəmləndirmək üçün yeni manevrlər edir. Hədəfdə regionun əsas mərkəz, güc dövləti olan Azərbaycandır. 44 günlük zəfər savaşına qədər ATƏT-in Minsk Qrupu Həmsədrləri kimi status-kvonu qorumaq üçün dəridən-qabıqdan çıxan Avropanın, Qərbin məlum dövlətləri əllərində olan erməni separatçı aləti Azərbaycanda dağıdılandan sonra öz aqressiyalarını açıq şəkildə, başqa bir formada büruzə verərək, üzərimizə gəlirlər.

 

Ermənistan silahlandırılır, hərbi təlimlər keçirilir, erməni hərbi əsrilərin buraxılması, ermənilərin geri qaytarılması, insan haqları, Minsk Qrupunun bərpası bəhanəsi ilə edilən “alovlu” çıxışlar bölgədə gərginliyin yeni bazaya daşınmasını şərtləndirir. Başda ABŞ olmaqla böyük gücləe artıq regionla bağlı maraqlarını açıq bəyan edirlər.

 

Ötən həftə isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O, Brayn Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında bildirdi ki, Azərbaycan və Amerika sülh sazişini dəstəkləyir. Belə hesab edir ki, kommunikasiyalar açılmalıdır. Əsas məqsəd bu xətlərin Mərkəzi Asiya ölkələri, Çin və Rusiyadan yan keçərək bu dəhliz vasitəsi ilə resurslarının Qərb bazarına çıxarılmasını təmin etməkdir.

 

ABŞ-ın bu istəyi bölgəyə nə vəd edir və hansı halda gerçəkləşə bilər?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən politoloq Rauf Məmmədov bir çox mühüm nüanslara toxunub.

 

- O Braynın Zəngəzur Dəhlizi ilə bağlı açıqlaması, Amerikanın Cənubi Qafqazda guya sülhü istəməsi, kommunikasiyanın açılması və bu kommunikasiyaların Çinlə Rusiyadan yan keçməsi məsələsini ortaya qoyması Amerikanın maraqlarına cavab verən istiqamətdir. Bu, həmçinin Amerikanın bölgədə aktivləşməsinin göstəricisidir. Azərbaycanın Şərq-Qərb layihəsi, bilinən İpək Yolu - “Bir kəmər bir yol” layihəsi istiqamətindən danışırıqsa, o yol Çindən Orta Asiyaya, oradan trans Xəzər yoluyla və qismən də İrandan keçərək Azərbaycana gəlir. Eləcə də həmin xətt üzrə Zəngəzur dəhlizi açılır, oradan istiqamət Türkiyəyə, Türkiyə vasitəsi ilə də Avropaya çıxır. Bizim dəstəklədiyimiz layihə budur. Bu layihə ilə bağlı bizi dəstəkləyənlər çoxdur. Azərbaycan Türkiyə ilə birlikdə uzun müddətdir ki, bu istiqamətdə real iş aparır. Təbii ki, ölkə rəhbərliyi konkret strateji mövqeyini bilir və buna uyğun da hərəkət edir.

 

- Zəngəzur dəhlizi uğrunda mübarizə hansı yeni mərhələyə qədəm qoyur. Kartların açıq ortaya qoyulduğu bu mərhələdə Azərbaycanın burdakı mövqeyi nədən ibarət olacaq. Sülh sazişi, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyində dəyişiklik ola bilərmi və biz nə istəyirik?

 

- Azərbaycanın mövqeyini dəyişməsi ehtimalı çox zəifdir. Təbii ki, hər şey ola bilər, amma bu, dünyada vəziyyətin dəyişməsindən asılıdır. Dünyada qlobal güclər arasında gedən bu qarşıdurmada hansı tərəf qalib çıxacaqsa, təbii ki, Azərbaycan da öz mövqeyini ona görə dəyişə bilər. Ancaq faktiki olaraq indiki halda bundan danışmaq tezdir. Azərbaycan strateji olaraq öz mövqeyini seçib. Strateji mövqe seçimi artıq Azərbaycanın da, Türkiyənin də maraqlarına cavab verir. Bu istiqamətdə iş gedir və mən deyərdim ki, Azərbaycan, Türkiyə və Pakistan dünyada gedən bu qlobal qarşıdurmaların xırda oyunçuları deyillər. Onlar da burda artıq get-gedə, tədricən güc sahibinə çevriliblər. Bilmək olmaz bu qarşıdurmanın nəticəsində üçüncü güc olaraq Turan Birliyi ortaya çıxa, o hərbi bir blok, siyasi bir struktur kimi formalaşıb öz sözünü deyə bilərsə, onda Azərbaycanla Türkiyə tərəfi konkret olaraq öz layihəsini dəstəkləyib onun üzərində sona qədər dayana bilər. Müşahidələr işlərin bu istiqamətdə getdiyini göstərir. Yəni Azərbaycan-Türkiyə-Pakistan üçlüyü güclü bir dövlət birliyi yaradır, bunun Turan Birliyi məsələsi ortaya gəlib və gələcəkdə o qlobal güclərin, eləcə də Amerikanın təqlininin qarşısında dura biləcək bir gücə çevrilmək məqsədi daşıyır. Ona görə də Azərbaycanın bu layihədən geri çəkilmə məsələsi çox az ehtimal olunur.

 

- ABŞ-ın Zəngəzurla bağlı layihədə irəli sürdüyü təşəbbüslərdə məqsədləri nədir və bizim maraqlarımıza nə dərəcədə uyğundur?

 

- Bu layihənin Amerika versiyası bizi maraqlandırmır və sərfəli deyil. Birincisi, Amerikanın layihəsinə görə Hindistandan gələn Baharat yolu vasitəsi ilə Cənubi Qafqaza, oradan Zəngəzur dəhlizindən keçəcək. ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürsə onu Azərbaycana yox, Ermənistana verəcək. Zəngəzur dəhlizinə status verib orda öz qoşunlarını yerləşdirib ordan həmin yola nəzarət edəcək. Zəngəzurdan da Şimala, Gürcüstana, ordan da Qara dənizə çıxış edib, Qara dənizdən keçib Avropaya - Baltik ölkələrinə, ordan da Şərqi Avropa ölkələrinə yayılır. Yəni Amerikanın məqsədi odur ki, həm Cənub, Şərq, Qərb Dəhlizinə logistiklə nəzarəti öz üzərinə götürsün və bununla da dünyada həm Avropanı ona təzyiq vasitəsi kimi nəzarətdə saxlasın, həm də Asiya bölgəsində öz mövqeyini gücləndirsin. Amerika burada əsas gücü -Zəngəzur dəhlizinə nəzarəti öz əlində saxlayıb orda bir forpost yaradıb erməniləri gücləndirmək, onların vasitəsilə ölkədə daha da güclənməkdir. Çünki Amerikanın heç bir zaman bizi gücləndirmək, bizimlə getmək məqsədi ola bilməz. Ona görə ki, Azərbaycanın bölgədə sosioloji, əsasən mədəni kimliyinə, kodlarına baxanda Azərbaycan Avrasiya məkanında geniş yayılıb. Azərbaycan bir mədəni və sosial bir fenomen olaraq özündə həm türk dünyasını birləşdirir, həm də müsəlman dünyasını birləşdirir. Ermənistan isə elə bir ölkədir ki, özündən başqa heç kimi sevmir və yalnız özünə bağlıdır. Bu ölkəyə bir imkan, güç lazımdır ki, ona xidmət etsin. Ona görə də ABŞ həmin statusu Ermənistana vermək istəyir. Amerikanın maraqları bizim maraqlarla uyğun gəlmir. Bu baxımdan Azərbaycan təbii ki, öz layihəsində Türkiyə ilə bir yerdə möhkəm dayanıb. Azərbaycanın gücü Türkiyənin güclü olmasında, Türkiyənin də gücü Azərbaycanın güclü olmasındadır. Bunlar bir-birinə dəstəkdilər. Bu baxımdan Azərbaycan Amerikanın bu layihəsinə razılıq verməyəcək.

İkincisi, Azərbaycanın Çinlə müqavilələri var, iqtisadi, siyasi əməkdaşlıq, müttəfiqlik haqqında bəzi sənədlər imzalanıb. Düzdür, əvvəllər Çinin Azərbaycan haqqında başqa fikirləri var idi, ancaq indi Çində başa düşülür ki, Orta Asiya Azərbaycan və Türkiyə vasitəsi ilə orta yol layihəsini işlətməsi üçün başqa variant qalmır. Çinin marağı budur ki, bu layihə işləsin. Ancaq Amerika bu layihənin Çində işləməsini istəmir. Bax burda da məsələ qəlizləşir.

 

- ABŞ-ın Zəngəzurla bağlı layihəsi regionda hansı gərginliyi yaradır və yaxud, Çinin, Rusiyanın kənarda saxlanması sülhə, regiondakı vəziyyətə nə vəd edir?

 

- Çinin, Rusiyanın bu layihədən kənara qoyulması əlbəttə ki, bölgədə vəziyyəti gərginləşdirəcək. Çünki Çin birmənalı şəkildə özünün mövcudluğunu ancaq bu layihədə təmin eləyir. Yəni əgər Çin bu layihəni reallaşdıra bilməsə, özlüyündə bir dövlət kimi yox olub gedər. Çünki iki milyarda yaxın əhalisi olan dövləti iqtisadiyyatı olmadığı halda saxlamaq mümkün deyil. Ona görə də Çin bu məsələdə axıra kimi gedəcəkdir. Aydın məsələdir ki, Çin yumşaq yolla gedir. Təbii ki, bu məsələdə Çin Rusiya ilə, Rusiya da Çinlə yaxınlaşacaq. Yəni bölgədə situatsiya gərginləşəcək. Bunun bizə də xeyri yoxdur. Bizə bu layihələrin işləməsi xeyir edir. Biz bu layihə ilə gələcək planlarımızı həyata keçirə bilərik. Məsələyə bu baxımdan yanaşanda da Amerikanın bu planının reallaşması real görsənmir. Çünki Amerika bu planı reallaşdırmaq üçün bölgədə güc sahibi olmalıdır. Ölkədə isə fakt belədir: Əgər güc mərkəzi kimi Cənubi Qafqazı götürsək, Cənubi Qafqazın güc sahibi Azərbaycandır. Azərbaycan Amerika ilə bir çox məsələlərdə razılaşmır, maraqları üst-üstə düşmür. Gürcüstan aydın məsələdir ki, Avropa birliyi Amerika ilə yaxın əlaqələrdə idi, ancaq son dövrdə gördük ki, artıq orda liberallar arxa plana keçir və hakimiyyətdə daha çox bölgə siyasətinə meyl göstərilir. Yəni Gürcüstan Rusiya, bölgə ölkələri ilə yaxınlığa daha çox meyl edir. Bu onu göstərir ki, Amerika Gürcüstanda öz mövqeyini itirir və öz mövqeyini bərpa eləmək üçün hakimiyyət dəyişikliyi etməyə səy göstərir. Ancaq indi Gürcüstanda hakimiyyət artıq ABŞ-ın dedikləri ilə razılaşmır.

Fakt budur ki, bölgə ölkələri ümumi bir maraq çərçivəsində bir araya gəlməyə çalışırlar. Yəni 3+3 formatı məsələsi gündəmdədir. Ancaq bu istiqamətdə maneələr təbii ki, var və olacaqdır. Bölgə ölkələrinin məqsədi bölgədə bütün bölgə dövlətlərinin maraqlarını təmsil edərək ortaq iqtisadi bir məkan qurmaq və orda inkişaf etməkdir. Bunda Çin, hansısa məqamda Rusiya da maraqlıdır. Düzdür, Rusiya bölgədə Zəngəzur dəhlizinə özü nəzərət etmək istəyir. Yəni dəhliz “dünyanın damarıdır”, kim onun üzərində nəzarəti götürsə, dünyaya hökmüranlıq edəcək.

 

- Rusiya Cənubi Qafqazdan nə dərəcədə uzaqlaşıb və ABŞ boşalan yerlərdə necə bərkiməyi düşünür?

 

- Bəli, indi Amerika Rusiyanı Qarabağdan çıxardıb. Məhz Qarabağdakı ermənilərin Xankəndini tərk edib Ermənistana getməsi Amerikanın işi idi. Amerika Rusiyanın ordan çıxması üçün bunu elədi. Ancaq Amerikanın məqsədi Azərbaycana xidmət deyil. Amerikanın növbəti maraqları Rusiyanın tamamilə Cənubi Qafqazdan, Ermənistandan çıxardandan sonra özünün gəlib Xankəndidə oturmasıdır. ABŞ Zəngəzurda oturub, orada yenidən ermənilərə dəstək verəcək və sair. Məqsəd budur. Biz bunu bilirik və Amerika ilə razılaşmırıq.

Azərbaycanın maraqları bölgə xalqları, xüsusilə türk xalqları ilə bir araya gəlməkdir. Biz bu istiqamətdə dünyada böyük bir güc mərkəzi kimi formalaşmalı və inkişaf etməliyik ki, yeni dünya düzəninin formalaşmasında əsas aparıcı rollardan biri üzərimizə düşsün. Təbii ki, o gücün formalaşması istiqamətində çox sürətli işlər getməlidir. Birinci növbədə Turan hərbi Birliyi yaradılmalıdır. Pakistan kimi bir çox ölkələr də burda cəm olmalıdır. Yəni proseslər bu istiqamətdə gedir. Bu istəyimizə çatdıqdan sonra bölgədə sülh yaranacaq, ermənilər də məcbur olub şərtlərimizi qəbul edəcəkdir. Ancaq bu situasiyanın gedişatı onu göstərir ki, həqiqətən də ermənilər mövcud durumla barışa bilmirlər. Onlar həmişə alət olublar, alət olmaqda da davam edirlər. Həm də indiyə kimi Rusiya, Amerika, Avropa ölkələri onlara dəstək verməklə onları o qədər qudurdublar ki, özlərindən başqa heç kimi görmürlər, özlərini qeyri-adi insanlar sayırlar. Bu hikkələri onların psixologiyasını o qədər pozub ki, Azərbaycanın, Türkiyənin bölgədə güclənməsinə heç cür alışa bilmirlər. Ona görə də onlar hər cür təxribata, xəyanətə əl atacaqlar. Ancaq onların bu mövqeləri gətirib o yerə çıxarda bilər ki, onlar deyəsən axırda Cənubi Qafqazı tərk edib qaçacaqlar. Çünki artıq onların başqa yolu qalmayıb artıq.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?