Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının Baş katibi seçilib

16:56 09-08-2024 | icon 352 | Cəmiyyət
Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının Baş katibi seçilib

İndoneziyanın Batam şəhərində keçirilən 28-ci Dünya Tibbi Hüquq konqresində azərbaycanlı alim, tibb elmləri doktoru, hüquq elmləri doktoru, məhkəmə-tibbi ekspert, professor Vüqar Qurban oğlu Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA; WAML, World Association for Medical Law) Baş katibi seçilib.

 

Onun namizədliyi Assosiasiyanın yeni seçilmiş prezidenti, Belçikalı professor Tyerri Vansvivelt tərəfindən irəli sürülüb. Baş katib kimi yüksək vəzifəyə daha iki ölkədən - İsrail və Macarıstandan namizədliklər irəli sürülmüşdü. Macarıstanlı professor Cudit Şandor öz namizədliyini azərbaycanlı alimin lehinə geri götürüb və sonradan baş vermiş seçkidə Assosiasiyanın 33 nəfərdən ibarət İdarə Heyətinin üzvləri gizli səsvermə yolu ilə Vüqar Məmmədovu səs çoxluğu ilə Baş katib seçiblər.

 

İxtisasca məhkəmə-tibbi ekspert olan Vüqar Məmmədov həm tibb, həm hüquq üzrə elmlər doktorudur, ölkəmizdə və xaricdə yaxşı tanınan alimlərimizdəndir. Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Türkiyə, Pakistan, İndoneziya, Ukrayna, Qazaxıstan, İran, Litvanın 18 universitetində professor və dəvətli professor kimi çalışıb, 54 ölkədə məhkəmə təbabəti, tibbi hüquq, insan hüquqları, bioetika və ətraf mühit hüququ üzrə mühazirələr oxuyub, 360 elmi işin müəllifidir. 2008-ci ildən DTHA-nın üzvü, 2012-ci ildən - İdarə Heyətinin üzvü, 2016-cı ildən İcra Komitəsinin üzvü və Xəzinədarı, 2018-ci ildən - Birinci vitse-prezidenti, Təhsil komitəsinin rəhbəri, 23-cü (Bakı, 2017), 25-ci (Tokio, Yaponiya) və 27-ci (Vilnyus, Litva) Dünya Tibbi Hüquq konqreslərinin elmi proqramlarının rəhbəri olub. Professor Vüqar Məmmədov həmçinin YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, Ümumdünya Səhiyyə Təşkilatının (WHO, World Health Organization) əlillik, reabilitasiya və köməkçi texnologiyalar üzrə eksperti, İpək Yolu ölkələrinin Məhkəmə Ekspertizaları Assosiasiyasının vitse-prezidentidir, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti olub.

 

2019-cu ildən o, Haaqada Beynəlxalq Cinayət Məhkəməsində (İCC, İnternational Criminal Court) DTHA-nı və ölkəmizi təmsil edib, 2022-ci ildə isə İCC-nin Məhkəməsinin Baş Prokuror Ofisində məhkəmə-tibbi ekspertiza üzrə dəvətli mütəxəssis qismində 6 ay ərzində çalışıbdır. Hal-hazırda, professor Məmmədov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır, ATU-nun məhkəmə təbabəti kafedrasında dərs deyir.

 

DTHA 1967-ci ildə Belçikada tibb və səhiyyədə insan hüquqları, hüquqa aid multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq, tibb və məhkəmə təbabəti üzrə 9 nəfər dünya şöhrətli mütəxəssis tərəfindən yaradılıbdır. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, Haaqada Beynəlxalq Cinayət Məhkəməsi, bir çox beynəlxalq və milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir. DTHA-nın qərargahı ABŞ-da yerləşir, çünki təsisçilərindən biri, keçmiş prezidenti, Yaponiya əsilli professor Tomas Noquçi «ulduzların eksperti» adlanaraq Amerikanın əfsanəsi və dünyanın ən tanınmış məhkəmə-tibbi ekspertlərindən biri olub. O, 20 ildən çox Hollivudun yerləşdiyi Kaliforniya ştatının Baş məhkəmə-tibbi eksperti olduğu üçün ABŞ Prezidenti Con Fijerald Kennedi, senator Robert Kennedi, Hollivud ulduzları Merilin Monro, Vilyam Holden, Con Beluşi, Natali Vud, Gia Skala kimi məhşurların qətl və müəmmalı ölüm işlərinin tədqiqatına cəlb olunub. Məhkəmə təbabəti elminə verdiyi xidmətlərə görə ABŞ höküməti və Yaponiya imperatoru tərəfindən dəfələrlə təltif olunub.

 

2017-ci ilin 11-13 iyul tarixlərində Bakıda JW Marriott Absheron otelində Paşa Travel və Türk Hava Yolları şirkətlərinin dəstəyi ilə keçirilən 23-cü Dünya Tibbi Hüquq Konqresində professor Noquçi DTHA-nın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevaya postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimi olduğu üçün “WAML 50th Golden Anniversary Award” təltifi və DTHA-nın Fəxri Diplomunu konqresin açılış mərasimində təqdim edib.

 

DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi layihələri, və eləcə də sulh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlər arası multikultural dialoqun təmin edilib təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürü olub.

 
 
 

 

 

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?