"İçimizdəki nadanlar Qarabağda əcaib mənzərə yaradırlar”

17:12 25-08-2024 | icon 699 | Qarabağ
"İçimizdəki nadanlar Qarabağda əcaib mənzərə yaradırlar”

Onlar dövlətimiz əleyhinə aparılan anti-təbliğatın üzərinə BARIT TÖKƏNLƏRdir

 

Bir neçə gün əvvəl işğaldan azad edilmiş ərazilərdə qeydə alınmış antisanitar vəziyyət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yay fəsli olduğu üçün insanların istirahət məqsədilə üz tutduğu bu məkanlar qısa müddətdə bərpa edilərək sadə vətəndaşların istifadəsinə verilib. Bəzilərinin elementar mədəni istirahət qaydalarına riayət etməməsi hiddət doğurur. Ən azından "işğaldan azad edilmiş ərazilər" ifadəsi şəhidlərimizin qanı, canı hesabına başa gəlib. Bu müqəddəs ərazilərə səfər edərkən hər birimizdə məsuliyyət hissi artmalıdır. Təbii ki, məlum mənzərə ölkəmizin digər turistik ərazilərində də müşahidə edilir. Bu dəfə vəziyyət fərqlidir. Söhbət məhz işğaldan azad edilmiş ərazilərimizdən gedir.

 

 

“Belə əməllər ikrah hissi doğurur"

 

Politoloq Nəsib Məhəməliyev bildirir ki, Laçın və Şuşaya səyahət edənlər, yaxud işğaldan azad olunmuş torpaqlarda məskunlaşmış vətəndaşlarımız tərəfindən ərazilərin çirkləndirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoları ürək ağrısız izləmək mümkün deyil.

 

Ekspert minlərlə şəhidin qanı ilə yuyulmuş müqəddəs torpaqlara belə münasibətin göstərilməsini yolverilməz hal kimi dəyərləndirir:

 

“Belə əməllər ikrah hissi doğurur. Sovet səhiyyə sisteminin yaradıcısı Nikolay Semaşko deyirdi ki, “Sanitar mədəniyyəti olmadan, ümumiyyətlə mədəniyyət yoxdur”. Mahnı oxumaqla, pafoslu şerlər söyləməklə mədəniyyət olmur. Hər bir insan gündəlik həyatında, fərq etməz yaşadığı və yaxud işlədiyi yerdə təmizliyə fikir verməli, ətrafını abadlaşdırmalı, yaşıllaşdırmalı, gül-çiçəyə çevirməli, nümunə göstərməlidir. Başqalarından da bunu tələb etməlidir. Hər birimiz başa düşməliyik ki, ətraf mühitin təmiz saxlanılması səhhətimizlə, gələcəyimiz olan övladlarımızın sağlamlığı, ekoloji mühitin qorunması, bilavasitə millətimizin imici ilə bağlı məsələlərdi”.

 

N.Məhəməliyev qeyd edir ki, Azərbaycan dünyaya açıq ölkədir. O, turizmin inkişafının iqtisadiyyata, dolayısı ilə sosial siyasətə dəstək olduğunu vurğulayaraq, ətraf aləmin təmizliyinin mühüm əhəmiyyətini önə çəkib:

 

“Bu sahədə yüzminlərlə insan fəaliyyət göstərir. Ölkəyə daha çox turist axının gəlməsi təbii ki, göstərilən xidmətin səviyyəsindən, təmizlikdən, sanitar mədəniyyətindən asılıdır. Çalışmalıyıq ki, ölkəmizi, xalqımızı müsbət mənada tanıdaq. Düşünürəm ki, problemin həllinə daha dərindən yanaşılmalı, bütün ictimaiyyət cəlb olunmalıdır. Müxtəlif texnoloji metodlardan və kütləvi informasiya vasitələrindən istifadə etməklə, məişət tullantılarını hara gəldi atan, ətraf mühiti çirkləndirənləri ifşa etmək lazımdır. Sistemli şəkildə - hər bir ailədə, məktəblərdə, kollektivlərdə, ali və orta ixtisas təhsili müəssisələrində təbliğat aparılmalıdır”.

 

N.Məhəmməliyev bu kontekstdə noyabr ayında iqlim dəyişiklikləri ilə bağlı ölkəmizdə keçiriləcək COP29 konfransına diqqət çəkib. O, 120-dən artıq ölkənin dövlət və hökumət başçılarının, 100 minədək qonağı qəbul edən ölkədə ətraf mühitdə təmizliyin, səliqə-səhmanın qorunmasını mühüm hesab edib. Politoloq hesab edir ki, belə bir ərəfədə işğaldan azad olunmuş, eləcə də digər ərazilərdə ətrafı zibilləmək, sosial şəbəkələrdə, dövlətimiz əleyhinə aparılan anti-təbliğatın üzərinə “barıt tökmüş” olar.

 

 

"Bu, sadəcə nadanlıqdır"

 

“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, kimlərinsə təbiətin gözəlliyini məişət tullantıları ilə çirkləndirməsi sadəcə nadanlıqdır.

 

Onun sözlərinə görə, bu hərəkət elmi dildə desək, ekoloji ətraf mühitin insan sağlamlığı üçün nə qədər vacib olduğunu anlamazlıq, sadə dildə desək, düşüncəsizlikdir:

 

“Torpaqlarımız işğaldan azad ediləndən sonra biz uzun müddət ermənilərin bu torpaqlarda törətdiyi vandallığı, bu ərazilərdə nə cinayətlər, dəhşətlər törətdiklərini dünyaya çatdırmaq istədik. Biz ermənilərin o torpaqarda məscidlərimizi, təsərrüfat təyinatlı torpaqları necə yandırıb dağıtdıqlarını, yerin altındakı sərvətlərimizi necə amansızcasına talayıb, evləri söküb daşlarını apardıqlarını dünyaya təqdim elədik. Biz dünyaya söz verdik ki, bu əraziləri əvvəlkindən də gözəl vəziyyətə gətirəcəyik, bərpa edəcəyik. İndi biz bu torpaqları bərpa edirik. Birdən burdakı gözəlliyə heyran olan insanlar görürlər ki, hansısa bir çayın, gölün, bir yolun qırağında lazım olmayan məişət tullantıları var. İstər-istəməz insanların könlündən bu faktı ermənilərin vaxitlə bizim ərazilərdə apardığı çirklənmə ilə müqayisə aparmaq, ittiham etmək keçir. Bizim içimizdə olan nadanlar Azərbaycan dövlətinin, xalqının min bir qayğı ilə düzəltməyə, gözəlləşdirməyə çalışdığı həmin ərazilərdə əcaib mənzərə yaradırlar”.

 

 

"Buna qarşı qətiyyətlə “yox” deyilməlidir"

 

Kulturoloq Aydınxan Əbilov təbiət, ətraf mühitin qorunması, ekoloji problemlərin son illərin ən mühüm məsələsinə çevrildiyini qeyd edib. Son 50 ildə dövlətlərin müharibələrdə çirkləndidiyi çayları, dənizləri, səhraya çevirdikləri torpaqları yenidən canlandırıb, yeni meşələr yaratmaq üçün çalışdığını deyən A.Əbilov, bu gün dünyanın ətraf mühitə vurduğu zərəri azaltmaq üçün plastik qablardan tutmuş, sellofan torbalara qədər bir çox materialların məişətdə istifadəsini inkar etdiyini qeyd edib. 

 

A.Əbilov son vaxtlar dövlətin həyata keçirdiyi layihələrlə bu sahədə bir çox işlər görüldüyünü qeyd edib. Eyni zamanda bir çox bölgələrdə ekoloji aksiyalar keçirməklə təbiətə dəyən zərərin qarşısını almaq üçün addımlar atıldığını vurğulayıb. O, bununla belə insanların təbiəti zəhərləməsinə təəssüflə yanaşıb:

 

“Nəinki Qarabağdakı torpaqlarda, insanlarımız öz yaşadıqları yerləri, dəniz kənarında istirahətə getdiyi sahələri, kanalları, çayları həyətindən kənar küçələri zibillərlə elə pis vəziyyətə qoyurlar ki, adam 21-ci əsrdə yaşadığına inanmaq istəmir. Son illər Qarabağı geri qaytarandan sonra insanlarımız o yerlərə can atır. Amma orada da ətraf mühitə olan münasibət ürəkaçan deyil.  Onsuz da ermənilər o torpaqları yandırıb, ağaclarımızı kəsib, şəhər və kəndlərimizi dağıdıblar. Yaşıllqlar, heyvanat aləmi məhv edilib. İndiki zamanda da orada təbiət lazımi səviyyədə təmizlənib, mühafizə olunmur. Torpaqlarımız minalanıb, çaylarımız zəhərlənib. Yeraltı, yerüstü sərvətlərimiz talan edilib. Bizim bəzi vətəndaşlarımz da  olanları dərk etmir. Bir çoxları özlərini sivil qaydada aparıb ətraf mühitə ziyan vurmamağa, zibilləri paketlərə qoyub müəyyən bir yerlərə daşısalar da, əksəriyyəti hara gəldi atır. Ən təhlükəli məsələ isə meşədə kabab çəkib, sonra ocağı söndürməmələri, siqareti quru otların üstünə atmalarıdır. Nə qədər ki, insanlar ətraf mühitə öz evi kimi baxmayacaq, nə qədər ki, atdıqları plasik əşyaların, sellofan torbaların maşınların təkərləri altında əzilib, sonra havadan ciyərlərinə dolmasını, yaxud yağış yağanda yuyulub kanallara, dənizlərə töküldüyünü və bunun biomüxtəlifliyi məhv etdiyini, su, dəniz qidaları vasitəsilə yenidən öz içinə keçib ağır xəstəliklərə səbəb ola biləcəyini anlamayıblar belə  hadisələr davam edəcək”.

 

A.Əbilov bildirir ki, onsuz da müharibə Qarabağa öz ağır zərərini vurub. Müharibə bombaları, ermənilərin istifadə etdiyi kimyəvi silahlar torpaqlarımızı, sularımızı zəhərləyib. İndi də insanlarımızın məsuliyyətsiz davranışı qəbuledilməzdir, buna qarşı qətiyyətlə “yox” deyilməlidir:

 

“İnsanlarımız maarıfləndirilməli, ictimai qınağa çəkilməlidir. O hadisələri törədənlər cəzalandırılmalıdır. Hər kəs anlamalıdır ki, yerə atdığı bir zibillə bu günümüzə, gələcəyimizə güllə atmış olur. Biz bu gün təbiəti zibillə zəhərləyiriksə, sabah o da bizi zəhərləyəcək. Hər kəs məsuliyyətli olmalı, təbiətə sevgi, sayqı ilə yanaşmalıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?