“Azərbaycanın istənilən situasiya ilə bağlı konkret planları mövcuddur”
Rəşad Bayramov: “Bütün hallarda Azərbaycan istənilən situasiyaya hazır olmalıdır və hazırdır”
“Ermənistanın Azərbaycanla sərhəddə qoşun və texnika yığması həmin istiqamətlərdə növbəti təxribatların olacağı ehtimalını artırır. Lakin Müdafiə Nazirliyinin son həftəlik toplantısında təxribatlara hazırlıqla bağlı tapşırığın verilməsi onu göstərir ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi də baş verənləri kifayət qədər ciddi izləyir və istənilən situasiya ilə bağlı konkret planlar mövcuddur”.
Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Ermənistanın sərhəddə qoşun və texnika yığması, Azərbaycana qarşı yeni müharibəyə çağırışlar və yeni müharibə riskinin nə dərəcədə real olması ilə bağlı bildirib.
R.Bayramov qeyd edib ki, bir neçə gün öncə Avropa İttifaqı müşahidə missiyasınn 8 nümayəndəsi erməni hərbçiləri ilə birlikdə həmin istiqamətdə baxış həyata keçirmişdilər və o zaman da hansısa təxribatların hazırlanacağı məlum idi:
“Çünki hər dəfə Avropa İttifaqının mülki müşahidə missiyasının sərhəd istiqamətində görüntülənməsindən sonra mütləq şəkildə o istiqamətdə təxribatların törədilməsinə şahidlik etmişik. İndi də həmin istiqamətə əlavə texnika, qoşun yığılması, eyni zamanda Ermənistan daxilində yeni müharibə ilə bağlı çağırışlar, eləcə də Ermənistanın siyasi rəhbərliyinin ayrı-ayrı beynəlxalq tribunalarda Azərbaycan tərəfindən guya ki, gözlənilən hücumla bağlı ictimai rəy yaratmağa cəhd göstərməsi, o cümlədədn Paşinyanın özünün "Zvartnos"hava limanına baxışı zamanı Ermənistanın təhlükəsliyi və kənardan gələn təhdidlərə hazır ola bilməsinin vacib olması ilə bağlı çıxışı nöbəti təxribatların olacağını göstərir”.
Politoloq hesab edir ki, COP 29-a qədər davamlı olaraq bu cür təxribatlara şahidlik edəcəyimizi bildirib. O, seçki ərəfəsində olan Gürcüstanda Qərbin uğur qazanacağı təqdirdə bizə olan təzyiqlərin artmasının proqnozlaşdırıldığını deyib. Onun sözlərinə görə, belə bir mərhələdə yeni bir qarşıdurmanın meydana gəlməsi məhz Qərbin “Ermənistanın təhlükəsizliyi” adı altında ora qoşun yeritmə ehtimalı ilə bağlı ola bilər:
“Bu baxımdan bugünkü kampaniya və faktlar yeni müharibə riskini artırır. Amma Gürcüstandakı seçkilərdə Qərbin uğursuzluğu Cənubi Qafqazdakı güc balansını zəiflədəcək. Bundan sonra Qərb Ermənistana rəvac verməkdən, yeni təxribatlara yer verməkdən geri çəkilmək məcburiyyətində qalacaq. Çünki Cənubi Qafqaz maraqlarını təmin etmək istəyirsənsə, regionun lider dövləti ilə hansıa kompramisə gedib normal münasibətlər qurmalıdır. Bütün hallarda Azərbaycan istənilən situasiyaya hazır olmalıdır və hazırdır”.
LƏMAN
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ