"Bu, bizi ümumi məqsədlərimizə yaxınlaşdıracaq"

14:00 25-10-2024 | icon 91 | Siyasət
"Bu, bizi ümumi məqsədlərimizə yaxınlaşdıracaq"

Hikmət Məmmədov: “Təəssüf ki, qayıtmağımızı istəməyən güclər qəsdən Qərbi Azərbaycan coğrafi terminini siyasiləşdirir”

 

Qərb, Avropa təsisatlarının Azərbaycana qarşı qərəz və ikili yanaşması fonunda regionda vəziyyətin gərginləşdirilməsi cəhdləri davam edir. Azərbaycan bölgədə sülhün tam bərqərar olunması və birdəfəlik sülh və təhlükəsizliyin təminatı ilə bağlı addım atdıqca, maraqlı güclər müxtəlif bəhanələrlə ölkəmizi köşəyə sıxışdırıb yarımçıq sülh və hansısa absurd şərtlərin qəbul etdirilməsinə çalışılır. ABŞ prezidentinin Azərbaycan dövlət başçısına göndərdiyi məktub, bunun ardınca Avropa Parlamentinin Azərbaycanı sanksiyalara sürükləyən müzakirələri, eləcə də Qərbi Azərbaycana qayıdış proqramının ölkəmizin təcavüz siyasətinin tərkib hissəsi kimi beynəlxalq müstəvidə siyasi münipulyasiya elementi kimi istifadə edilməsi güc dövlətlərinin sərsəm iddialarından geri çəkilmədiyini açıq şəkildə göstərməkdədir. Belə bir təzyiq və yaranan gərginlik fonunda imperialist qüvvələrin müharibə riskini alovlandırdığı da müşahidə olunur. Belə bir müstəvidə Azərbaycan parlamentində Qərbi Azərbaycana qayıdışla bağlı komissiyanın yaradılması xüsusilə diqqətlə izlənir.

 

Versus.Az Milli Məclisin komitə üzvü Hikmət Məmmədovun bu istiqamətdə “həftə içi” qəzetinə verdiyi müsahibəni təqdim edir.

 

- Azərbaycanın Milli Məclisində xanım sədr Sahibə Qafarovanın sərəncamı ilə Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi bir komissiya yaradıldı. Bu, Azərbaycanın yaratdığı yeni reallıqların, insan hüquqlarının bərpa olunmasının təntənəsi hesab edilə biər. Nəticə etibarı ilə Azərbaycan Prezidentinin də qeyd elədiyi kimi, yeni milli vəzifələrimizin içərisində başlıca vəzifələrdən biri Qərbi Azərbaycana qayıtmaqdır, əcdadlarımızın əsrlər boyu yaratdığı mədəni, mənəvi mirasa sahib çıxmaqdır və burda beynəlxalq hüquqa uyğun olaraq hüquqları tapdalanmış 300 mindn çox azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasıdır. Şübhəsiz ki, müxtəlif güc mərkəzləri, islamafob dairələr, yalançı insan hüquqları təşkilatları bu məsələni manipulyasiya edərək dərhal Qarabağ erməniləri və onların qayıdış hüquqlarını gündəmə gətirirlər. Amma burada çox ciddi bir fərq var. Azərbaycanın Qarabağda yaşamış ermənilərə verdiyi təhlükəsizlik təminatından, vətəndaşlıq statusundan, əmlak və digər hüquqlardan imtina edərək könüllü şəkildə ərazilərimizi tərk ediblər. Qərbi azərbaycanlıların Ermənistandan istədiyi Azərbaycan dövlətinin erməni sakinlərinə verdiyi, ancaq imtina edilən təminatlarla bağlıdır. Digər məsələ ondan ibarətdir ki, ermənilər Qarabağda yaşayan zaman xalqımza qarşı terror, soyqırımlar törətdilər, separatçılıq fəaliyyəti ilə məşğul oldular, ərazilərimizi minaladılar. Qarabağda yaşayan elə bir erməni tapmaq olmazdı ki, o, Azərbaycan dövlətinə qarşı xəyanət, cinayətdə iştirak etməmiş olsun. Onlar psixoloji baxımdan xəyanət etdikləri dövlətin vətəndaşı olmağa hazır olmadıqları üçün ərazilərimizi tərk etdilər. Amma 1987-91-ci illərdə azərbaycanlılar Ermənistanda heç bir qanun pozuntusu, hər hans bir cinayət əməlləri törətmədi. O cümlədən muxtariyyat statusu istəmədi, dövlət yaratmaq istəmədi, mərkəzi hakimiyyət orqanlarına qarşı separatçı, terror fəaliyyəti ilə məşğul olmadı. Qərbi azərbaycanlılar öz torpaqlarında özlərini Ermənistan vətəndaşı kimi aparmalarına baxmayaraq deportasiyaya məruz qoyuldular, öz yurdlarından qovuldular. İndi isə pozulan o hüquqlarının bərpa olunmasını istəyirlər. Qarabağda yaşayan ermənilərlə, Qərbi azərbaycanlıların fərqi bundan ibarətdir. Hesb edirəm ki, komisiyanın yaradılması ilə Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması baxımından yeni bir mərhələyə qədəm qoyduq. Bu, Azərbaycan xalqının iradəsinin ifadə olunması baxımından çox əhəmiyyətlidir. Çünki parlament xalqın iradəsinin təmsilçilərinin oturduğu bir yerdir. Və o komisiya tərkibində parlament üzvləri olmaqla bir daha xalqımızın iradəsini və vəzifələrinin icra olunmasını özündə ehtiva edəcəkdir. Yeni mərhələdə daha ciddi fəaliyyət göstərmək üçün yeni imkanlar yaradacaqdır. Parlamentin verdiyi səlahiyyətlərdən istifadə edərək, Qərbi Azərbaycanlıların dünyada təbliğ olunması, daha mötəbər kürsülərdən Qərbi Azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı fikirlərin səsləndirilməsinə gətirib çıxaracaqdır ki, bu da nəticə etibarilə bizi ümumi məqsədlərimizə yaxınlaşdıracaq.


- Azərbaycan dövləti, cəmiyyəti “Qərbi Azərbaycana qayıdış” dedikcə, Ermənistan və onun Qərb, Avropa havadarları ürküb, ölkəmizə qarşı təzyiq, təsir göstərmək üçün sanksiyalara əl atırlar. Bu ifadəni bəhanəyə çevirərək, guya Azərbaycanın Ermənistana təcavüzü kimi qiymətləndirib, beynəlxalq müstəviyə çıxarılmasına cəhd edirlər. Hansı maraqlar güdülür?

 

- Qərbi Azərbaycan - tarixi Azərbaycandır və bu həqiqəti heç kəs dana bilməz. Amma Qərbi Azərbaycan icmasının beynəlxalq təşkilatlara, o cümlədən erməni baş naziri Paşinyana müraciətində qeyd olunur ki, “biz doğulduğumuz torpaqlara Ermənistan respublikasının verdiyi təhlükəsizlik təminatı altında qayıtmaq istəyirik”. Təkcə bu cümlədə Ermənistan respublikasının, onun konstitusiyasının qəbul olunması da var. Deməli biz 1987-91-ci illərdə vətəndaşı olduğumuz ölkəyə yenidən Ermənistan respublikasının vətəndaşı olaraq qayıtmaq istəyirik. Çox təəssüf ki, bizim qayıtmağımızı istəməyən güclər qəsdən Qərbi Azərbaycan coğrafi terminini siyasiləşdirir, ərazi iddiası kimi qəbul edirlər. Bu, erməni xofu ilə bağlıdır. Dünyanın heç bir yerində hər hansı bir qeyri-hökumət təşkilatı hər hansı bir ölkənin ərazi bütövlüyünü öz fəaliyyətinə təhdid hesab edə bilməz. Ona görə də hesab edirəm ki, qayıtmağımızı istəməyən islamafob dairələr, ermənipərəst qüvvələr bizim hüquqi niyyətimizə başqa don geyindirmək üçün bu şəkildə manipulyasiya edirlər. Bundan həmçinin regionda gərginlik yaratmaq üçün istifadə edirlər. Çünki ermənilər deyirlər ki, etnik uyğunsuzluq var, birgə yaşaya bilməzlər. Amma biz deyirik “yox” biz 91-ci illərə qədər o torpaqlarda yaşamışıq və ortaq coğrafiyanı, ortaq hüquq sistemini bölüşmüşük. Ona görə də biz qayıtmaq istəyirik.

 

- ABŞ prezidenti Cozef Baydenin Azərbaycan prezidentinə məktub ünvanlayaraq ölkəmizi aralıq sülh müqaviləsi imzalamağa çağırması nəyə hesablanır. Ümumiyyətlə, bu məktubun özü nəyi ifadə edir?

 

- ABŞ Prezidenti Cozef Baydenin özünün xüsusi nümayəndəsini Azərbaycana göndərməsi və sülh müqaviləsinin ilin sonuna qədər imzalanması istəyi ilə bağlı məktubu hər şeydən əvvəl Azərbaycanın nüfuzunun qiymətləndirilməsidir. Co.Bayden yaxşı başa düşür ki, regionda sülhün, tərəfdaşlığın açarı Azərbaycanın cibindədir. Bu özü-özlüyündə faktdır. Amma hər kəsə bəllidir ki, regionda hamıdan çox sülhü Azərbaycan istəyir və ilk sülh təşəbbüsləri də Azərbaycandan gəlib. Azərbaycan sülh istədiyi halda bəzi tərəfdaşlarımız yarımçıq və manipulyasiya edilmiş sülh istəyirlər. Elə ABŞ prezidentinin məktubunda Azərbaycanla Ermənistanı eyniləşdirmək cəhdi də buna xidmət edir. 100 illərdir regiona sülh gətiribsiz və sülh üçün tarixi şərtlər var. Yəni ermənilərin bu coğrafiyada bizimlə bərabər eyni dövrdə yaşadığına işarə etməklə fikir bulanıqlığı yaradır. Ermənilərin yaranma tarixinin cəmi 100 il tarixi var. Ona görə də biz bu torpaqlarda ermənilərlə bərabər yüz illər yaşaya bilməzdik. İkinci bir tərəfdən, ABŞ prezidenti “kreativ həll yolları və güzəştlər” deyərkən burada da haqlarımızın itirilməsinə cəhdlər var. Azərbaycan Ermənistana kifayət qədər güzəştlər edib. Ermənistan öz konstitusiyasında dəyişiklik etməsə, əsaslı sülhün əldə edilməsi mümkün deyil. Azərbaycan prezidentinin erməni konstitusiyasında dəyişikliyi israr etməsi əbəs deyil. Çünki əcdadlarımız bir dəfə səhv ediblər. Əgər 1918-ci ildə 9 min kvadrat kilometr ərazini o dövrdəki baş nazirimiz F.X.Xoyskinin sözləri ilə desək, peşkəş çəkməsəydik və yaxud bunu edəndə erməniyə imza atdırsaydıq ki, biz sizə 9 min kv km ərazini vermişik, bu gün biz o sənədi beynəlxalq arenaya hüquqi sənəd kimi təqdim edə bilərdik. İndi Azərbaycan Prezidenti istəmir ki, bizdən sonra gələn nəsillər də desinlər ki, bu qədər zəfərə imza atdı, amma sülh sənədi imzalamaq üçün Ermənistan konstitusiyasında dəyişikliyə nail olmadılar. Ermənistan konstitusiyasında ərazi iddiası qalır. Çünki 9 min kv km ərazini verəndə ermənilər öhtəçilik götürmüşdülər ki, Göyçəyə, Zəngəzura, Dərələyəzə iddia etməyəcəklər, müharibəni dayandıracaqlar. Onlar sözlərinə əməl etmədilər. Dünənki erməni ilə bugünkü Paşinyanın heç bir fərqi yoxdur. Paşinyan da aralıq sülh müqaviləsi bağlanandan sonra eyni hərəkəti edəcək.

Bu gün sərhədlərin təhlükəsizliyi, delimitasiya, demorkasiyası ilə bağlı Ermənistan parlamentinə reqlament göndərilib. Ermənistanın birləşmiş müxalifəti - Hayastan bloku orda iştirak etmir, deyir ki, bu, Ermənistan Konstitusiyasına ziddir. Ona görə də bu gün bizə həqiqi sülhə imza atmaq lazmdır. ABŞ da bu faktdan çıxış edərək görməlidir ki, Azərbaycan mövqeyində nə dərəcədə haqq var.

 

- Regionda cərəyan edən geopolitik proseslərin fonunda görünən budur ki, ABŞ, Fransa, Rusiya sülhü istəmir, Zəngəzur dəhlizinin açılmasını istəmirlər. Və bu gün ABŞ-dan Azərbaycan prezidentinə gələn məktubun mətninə baxanda regionla bağlı kənar qüvvələrin atdığı addımların davamıdır. Nəyə nail olmağa çalışırlar?

 

- ABŞ, Fransa, Rusiya mümkün keçici sülhün təminatçısı olma və sülh sazişi içərisində özlərinin maraqlarını təmin edən bir mexanizm hazırlamağa çalışırlar. Avropa İttifaqı, Fransa monitorinq missiyasının timsalında regiona nəzarət etməyə çalışır. Rusiya sərhəd qoşunlarının dəhlizə nəzarət etməsini israr etməklə prosesdə iştirak etmək istəyir. ABŞ da iddia edir ki, buna nəzarət onda olmalıdır. Amma hər üç imperiyaya həm də Ermənistanı gücləndirmək üçün vaxt lazımdır. Ona görə də Azərbaycanı yarımçıq sülh sənədinə imza atdırıb, bununla da vaxt udmaqla Ermənistanı o səviyədə gücləndirsələr ki, sabah Ermənistandan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etsinlər, ona görə də Azərbaycan bunu rədd edir. Bu, hər üç ölkənin imperialist məqsədləri üçün strateji əhəmiyyət daşıyır. Buna geniş miqyasda baxsaq, orta Asiyadan Türkiyəyə qədər gedən yola, hətta Çindən, Orta Asiyadan, Azərbaycandan keçən yola nəzarəti ələ almaq istəyirlər. Bu Zəngəzur yolu mühüm strateji əhəmiyyətli dəhlizə çevriləcək. Üstəlik bu yolun üzərində Türk Dövlətləri təşkilatı var ki, gələcəkdə çox perspektivləri var. Həm də onun üzərində nəzarət mexanizmi əldə etmək istəyirlər.

 

- İmperialist güclərin öz niyyətlərini həyata keçirmək üçün COP 29-dan da istifadə cəhdləri görünür. Konfrans ərəfəsində Azərbaycana qarşı çevrilən təsir və təzyiqlər hansı nəticəni verə bilər?

 

- COP 29 ərəfəsində Azərbaycana qarşı təzyiqlərin edilməsi arxada qaldı. Diqqət etsək görəcəyik ki, ABŞ, Norveç, Hollandiyanın da verdiyi bəyanatlar arxada qaldı. Heç bir təsirə nail ola bilmədilər. Ona görə də hesab edirəm ki, COP 29-a qədər nəyisə gözləmək doğru olmazdı. Çünki COP 29 sülh imzalamaq üçün platforma deyil. COP 29-u manipulyasiya edib Azərbaycana təzyiq göstərmək istəyən qüvələr var. Amma edə bilmədilər. Yaxınlarda uğurlu bir beynəlxalq konfrans öz işinə başlayacaq və uğurlu yekinlaşacaq. Əminik ki, öz predmeti üzrə də qlobal problemlərin həlli üçün nümunəvi tədbir olacaq.

 

- Regionda Avropa, Qərbin yaratmaq istədiyi gərginlik yeni müharibə riskini nə dərəcədə real edir?

 

- Yeni müharibə riski var. Çünki ortada sülh sazişi yoxdur. Ermənistanın silahlanmasını izləyirik, görürük bu çox realdır. Amma sülh sazişi imzalasaq belə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılsa belə, Ermənistan özünü güclü hiss edən kimi dərhal Azərbaycanla müharibəyə başlayacaq. Ona görə də nə qədər ki, regionda Ermənistan kimi qonşumuz var, əlimiz tətikdə olmalıdır.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?