Diqqətlər ABŞ-a yönəldi
Seçki marafonunda son 4 gün...
ABŞ-da keçiriləcək prezident seçkilərinə 4 gün qaldı. Hazırda bu mövzu dünyanın əsas ictimai-siyasi mərkəzlərinin diqqətindədir. “Washington Post-Schar School”un keçirdiyi sorğunun nəticələrinə görə, prezidentliyə namizəd Donald Tramp və Kamala Harrisin ölkə üzrə ümumi faizi, demək olar, eynidir. Hər iki namizəd təxminən 47 faizlik dəstəyə malikdir.
Siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, son bir ayda ölkə üzrə keçirilən sorğuların əksəriyyətində Harrisin cüzi üstünlüyü qeydə alınıb:
“Harris seçki kampaniyasına çox fəal başlamışdı. O, Baydeni əvəz etdikdən sonra dərhal aktiv seçki kampaniyasına start verdi. Harris bu kampaniya ərzində əsasən gənclər və xanım elektoratın dəstəyini qazanmağa fokuslandı. Həmin vaxt üçün Trampla yaranmış səs fərqini tədricən “əritdi” və ilk debatda onu böyük fərqlə məğlub etdi. Harrisin daha bir üstünlüyü də seçki kampaniyasının maliyyələşdirilməsində hiss olunur. “Financial Times”-ın məlumatına görə,iyuldan sentyabrın sonuna qədər Harrisi dəstəkləyən qruplar 971 milyon dollar vəsait toplaya biliblər. Bu Trampın komandasının 2024-cü il boyu topladığı ümumi məbləğdən daha çoxdur”.
Siyasi şərhçinin sözlərinə görə, qeyd olunan bu nisbi geriliyə baxmayaraq, Trampın qələbə üçün böyük şansı qalmaqdadır:
Elvin Baxşalızadə
“Yayda baş vermiş uğursuz sui-qəsd cəhdi, onun ardınca Tramp kamandası tərəfindən yürüdülən uğurlu seçki kampaniyası, Trampın populist iqtisadi vədləri, milyarder-aktivistlərin son həftələrdəki dəstəyi onun qələbə şanslarını artıran əsas faktorlardır. Ümumən isə Tramp kampaniya boyunca iki əsas məsələni gündəmdə saxlamağa çalışdı:
1) İqtisadi inkişafla bağlı gələcəyə dair tezislər
2) Təhlükəsizlik,xüsusilə miqrantlarla bağlı məsələlər.
Onun populist iqtisadi vədləri cəmiyyətin əksər hissəsi tərəfindən qəbul olunsa da, miqrantlarla bağlı sərt çıxışları və iddiaları bir çoxları tərəfindən birmənalı qarşılanmadı. Ümumiyyətlə, ABŞ qurulduğu zamandan bəri immiqrantlar ölkəsi kimi tanınıb. Ölkə iqtisadiyyatının inkişafında immiqrantların hər zaman böyük rolu olmuşdur. İstər leqal, istərsə də illeqal olsun. Bu proses ABŞ iqtisadiyyatında “pastanı” böyüdən faktordur. Bu baxımdan Trampın bu yöndə çıxışlarını populizm adlandırardım. Bunlardan əlavə Tramp və komandasının son həftələrdə “swing” ştatlardakı uğurlu fəaliyyətini də qeyd etmək lazımdır. Bilindiyi kimi ABŞ prezident seçkilərinin taleyi böyük ölçüdə bu ştatlardakı səsvermədən asılı olur. Bu baxımdan Tramp yekun qələbə üçün son həftələrdə əsas enerjisini məhz bu yöndə sərf etməyi qərarlaşdırıb”. /globalinfo.az/
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ