COP 29 və Azərbaycana verdiyi vədlər…
Sadiq Qurbanov: “COP 29-a ölkəmizin innovativ inkişafının nəticəsi kimi baxmaq lazımdır”
Paytaxt Bakı noyabrın 11-dən 22-nə dək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (COP 29) ev sahibliyi edəcək. Konvensiyada 198 ölkə iştirak edir. COP 29-un ölkəmiz ücün əhəmiyyəti, Azərbaycanın regionda və dünyada nüfuzunun artması baxımından rolu və eləcə də Bakının bu prosesdəki aktiv fəaliyyətinin ölkəmizin beynəlxalq müstəvidə yerini necə təsbit etməsi, Azərbaycan həqqətlərinin dünyaya çatdırılmasında yaratdığı imkanlar müxtəlif aspektlərdə təhlil olunmaqdadır.
Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən deputat Sadiq Qurbanov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi yalnız ölkəmiz üçün deyil, eyni zamanda Cənubi Qafqaz üçün önəmli hadisədir və mühüm tarixi əhəmiyyət kəsb edir.
Deputatın sözlərinə görə, bu böyük bir məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməliyik, eyni zamanda yaxşı nəticələrin əldə olunmasına öz töfhəmizi verməliyik:
“COP 29-un Azərbaycan Respublikasında keçirilməsinə ölkəmizin innovativ inkişafının nəticəsi kimi baxmaq lazımdı. COP 29-a ev sahibliyi üçün Bakının seçilməsi də ölkədə keçirilən uğurlu siyasətin, bu sahədə ardıcıl fəaliyyətin, davamlı inkişafın, düzgün proqnozların və onların əsasında uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinin nəticəsidir. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanı COP 29-a aparan yolun ilk əsası 20 il öncə atılıb. Buna misal olaraq Prezident İlham Əliyevin 21 oktyabr 2004-ci il tarixli 462 nömrəli Sərəncamını göstərmək olar. Həmin Sərəncamla Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı təsdiq edildi. Bu o zaman idi ki, torpaqlarımızın 20 faizi işğalda idi, ölkəmizdə yoxsulluq 35 faiz təşkil edirdi, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Bütün bunları ona görə deyirəm ki, Ali Baş Komandanın uzaqgörən siyasətini bir daha şahidi olasınız. Prezident İlham Əliyevin alternativ və bərpa olunan enerji ilə məşğul olması onun dünyada gedən prosesin aktuallığını hər kəsdən qabaq vahid kompleks şəklində görməsindən irəli gəlirdi”.
S.Qurbanov qeyd edib ki, sessiya çərçivəsində iqlim dəyişikliyindən yaranan risklərin maliyyə institutlarının dayanıqlığına təsirinin neytrallaşdırılması üzrə tənzimləyici və nəzarət çərçivəsinin formalaşdırlması, dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, maliyyə institutları tərəfindən kredit və investisiyaların iqtisadi sahələrin dekarbonizasiyasını dəstəkləyən layihələrə yönəldilməsi üzrə könüllü maliyyə öhdəliklərinin götürülməsi istiqamətində müzakirələr aparılacaqdır:
" Cop29-un ölkəmiz üçün əhəmiyyətinə və nə qazandıracağına gəlincə, 200-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri, nazirlər, 3 mindən çox dünyanın aparıcı media təmsilçiləri ölkəmizdə olmaqla bizim iqlim müzakirələrinə liderlik etmək, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəmizlə tanış olacaqlar. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması üçün digər bu sahədə qabaqcıl təcrübələrin mənimsənilməsində ölkəmizə kömək edəcək ki, bu təcrübələrin Azərbaycana inteqrasiya olunması asanlaşacaq".
T.Qafarlı
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ