“Tağıyev: Neft” filminin təqdimatı “CineMastercard”da
“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” filminin təqdimatı keçirilib.
Versus.Az xəbər verir ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.
“Tağıyev: Neft” filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.
Filmdə XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur. Azərbaycan tarixinin bu mərhələsinin tanıdılması və milli dəyərlərimizin təbliğinə əhəmiyyətli töhfə olan 4 seriyalı filmin məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd edildiyi 2024-cü ildə təqdim olunması əlamətdar hadisədir.
Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.
Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.
Təqdimata buyuran qonaqlar filmi böyük maraqla izlədilər və çox təsirləndilər.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ