COP29-da tarixi RAZILAŞMA
250 milyard dollar iqlim dəyişikliyi ilə mübarizəyə yönəldiləcək
"Bir çox göstəricilərinə görə COP29-un kifayət qədər uğurlu bir tədbir olması barədə qənaətlər irəli sürmək olar və bunu təsdiq edən müəyyən indikatorlar da var. Bu tipli mötəbər tədbirlərin kəmiyyət göstəriciləri və keyfiyyətə təsir edə biləcək çox vacib məqamları var".
Bunu Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçildikdən dərhal sonra ölkəmizə qarşı təşkil olunmuş qarayaxma və böhtan kampaniyasını şərh edən deputat Azər Allahverənov deyib.
"Əminliklə və birmənalı şəkildə deyə bilərik ki, COP29-un keçirilməsi və kifayət qədər hazırlıqlı bir şəkildə baş tutması bəşər tarixinə yazılmış yeni bir səhifə, tarixi hadisədir.
Azərbaycanın digər sahələrdə əldə etdiyi uğurlarla yanaşı, BMT-nin ən mötəbər tədbirlərindən birinə uğurlu ev sahibliyi etməsi olduqca mühüm bir hadisədir. Çünki Prezidentin açılış mərasimində söylədiyi kimi, bütün dünya Bakıda toplaşıb. Bu tədbirdə 196 ölkənin nümayəndələri, 72 mindən çox əcnəbi, 80 ölkənin prezidentləri, vitse-prezidentləri, baş nazirləri təmsil olunurlar ki, bu da olduqca vacib göstəricidir.
Burada bir sıra dövlət başçıları var idi ki, onların yüksək tribunadan səsləndirdikləri fikirlər Azərbaycanın da bu sahədə həyata keçirdiyi strateji xəttin ayrı-ayrı elementlərini özündə ehtiva edir. Liderlərin, faktiki olaraq, Azərbaycanın bu sahədə əsas götürdüyü kursa uyğun fikir söyləmələri həm də ölkəmizə dəstək kimi də dəyərləndirilə bilər.
Artıq bəzi razılıqlar da var. Düzdür, Paris Sazişinin altıncı maddəsi ilə bağlı hələlik yekdil fikri olmasa belə, iqlim dəyişmələrinə xərclənəcək vəsaitin akkumulyasiya olunması baxımından çox vacib qərarlar qəbul olunub.
Sammitin ikinci günü belə bir informasiya yayıldı ki, dünya liderləri 250 milyard həcmində vəsaitin karbon qazlarının emissiyasının azaldılmasına sərf olunması, qlobal istiləşmənin fəsadlarının yumşaldılması kimi məsələlərə yönəldilməsinə dair razılığa gəliblər. Bu, olduqca vacib bir hadisədir. Yaxın tarixə nəzər salsaq, görərik ki, 2009-cu ildə COP tədbirlərində iştirak edən həmin dünya liderləri qərara gəlmişdilər ki, 2020-ci ilə qədər 100 milyardlıq bir büdcə formalaşdırsınlar və bu 100 milyardlıq büdcə yalnız 2022-ci ildə tam oldu. Bu da onu göstərdi ki, xüsusilə də söhbət maliyyədən getdiyi bir halda dövlətlər bu prosesdə elə də fəal olmurlar. Amma 2024-cü ildə keçirilən COP29-da 250 milyard həcmində vəsaitin ayrılmasına dair razılıq əldə olunması, təbii ki, çox vacib bir göstəricidir. Məlum məsələdir ki, əldə olunan bu vəsait Paris Sazişinin üç əsas təməl hədəfinin əldə olunmasına sərf ediləcək".
Onun sözlərinə görə, COP29 tədbiri çərçivəsində keçirilən sessiyalar arasında yeni müstəmləkəçilikdən əziyyət çəkən dövlətlər də var ki, onlar bilavasitə iqlim dəyişmələrinə məruz qalırlar:
"Qlobal Cənubda qərarlaşan dövlətlərin də iqlim dəyişmələrindən çox ziyan çəkməsi, eyni zamanda, burada karbon qazlarının emissiyasının havaya buraxılmasında əsas pay sahibi olan G20-yə daxil olan dövlətlərin olması barədə fikrin irəli sürülməsi və buraxılan qazın 80%-nin məhz G20 dövlətlərinin üzərinə düşməsi, təbii ki, artıq bir sıra məsələlərdə mövqelərin müəyyən olunması, məsuliyyətin kimə məxsus olması barədə müəyyən fikirlərin irəli sürülməsinə səbəb olur.
Bu öhdəliklər müxtəlif konturlarda özünü büruzə verir. Bu gün Azərbaycan nümunəsi bir sıra dövlətlər üçün örnək ola bilər. Bu da onunla əlaqədardır ki, Azərbaycan bu gün neft-qaz hasilatından əldə etdiyi gəlirin yaşıl enerjiyə, yaşıl iqtisadiyyatın qurulmasına, yaşıl gündəliyin həyata keçirilməsinə sərf edən dövlətlərdən biridir və konkret hədəfləri, üzərinə götürdüyü öhdəlikləri var.
Misal üçün, istixana qazlarının emissiyasının 35% azaldılması kimi bir öhdəliyi Azərbaycan 2030-cu ilə qədər öz üzərinə götürüb. İlkin təhlillər göstərir ki, Azərbaycan 2027-ci ildə buna nail olacaq. Yəni Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri çox ləyaqətli şəkildə icra edir və bütün dövlətlərin, xüsusilə də istixana qazları, istixana qazlarının emissiyası ilə bağlı böyük pay sahibinə malik ölkələr tərəfindən bu tipli yanaşma sərgilənməsi olduqca vacibdir.
Sırf bu mövqedən çıxış edərək Azərbaycanın uğuru, gördüyü işlər bir çox dövlətlər üçün bir nümunə kimi də nümayiş olunmaqda və göstərilməkdədir. Bu da bütün dünya liderlərinin çıxışları zamanı xüsusilə vurğulanır. Bu baxımdan da Azərbaycan tək ev sahibi kimi yox, həm də bu prosesə çox böyük qatqı verən tərəf qismində iştirak edir və öz konkret nümunələri ilə bir növ yaşıl dünya naminə həmrəyliyinin məhz COP29 üzərindən əldə olunmasına xidmət edən bir siyasət həyata keçirir.
Misal üçün iqlim fondunun yaradılması təşəbbüsünün irəli sürülməsi, COP-a ev sahibliyi edən üç dövlətin - Birləşmiş Ərəb Əmirliyi, Azərbaycan və Braziliyanın, yaratdığı üçlüyün təşəbbüsünün irəli sürülməsinin 2024-cü ilin fevral ayında, o cümlədən Azərbaycanın iştirakı ilə baş verməsi, bir sıra beynəlxalq münasibətlər sistemində mövcud olan aktual məsələlərin, o cümlədən də yeni müstəmləkəçilikdən əziyyət çəkən dövlətlərin hüquq və azadlıqlarının təmin olunması kimi məsələlərdə ada ölkələrinin səsinin eşitdirilməsi üçün bir platformanın yaradılması baxımından, Azərbaycan COP29-da olduqca vacib uğurlara imza atmış oldu".
O bildirib ki, bunlarla yanaşı, gənclərlə, əlillərlə, əhalinin müxtəlif qrupları ilə bağlı olan məsələlər, o cümlədən də iqlim dəyişmələri ilə mübarizədə həmin qrupların iştirakının təmin olunması təşəbbüsləri də məhz Azərbaycan tərəfindən irəli sürülür ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır:
"Hesab edirəm ki, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində bir sıra fəaliyyətlərin - yaşıl enerji, bərpaolunan enerji ilə bağlı işlərin yerinə yetirilməsi və işğal dönəmində boz zona kimi tanınan Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının ərazilərində yaşıl zonanın qurulması, ən müasir texnologiyalara cavab verə biləcək infrastrukturun yaradılması və bütün bu proseslərin məhz yaşıl gündəlik çərçivəsində həyata keçirilməsi həm də ölkəmizin dünyada gedən böyük bir prosesə özünün böyük töhfəsinin bariz nümunəsidir. Halbuki, havaya buraxılan karbon qazlarının emissiyasının təqribi faiz bölgüsünə nəzər saldıqda görürük ki, bu məsələdə Azərbaycanın payı heç 0.1% belə deyil. Buna baxmayaraq, Azərbaycanın bu prosesə verdiyi töhfə vurulan zərərdən minqat artıqdır və düşünürəm ki, bu fakt beynəlxalq ictimaiyyət, o cümlədən iqlim dəyişmələri ilə mübarizə aparan dövlətlər tərəfindən çox yüksək dəyərləndirilir.
O ki qaldı boykot məsələsinə, hətta bu gün də həmin mövqelərini nümayiş etdirməkdən çəkinmirlər. Amma bunlar hamısı əbəsdir. Çünki Azərbaycan çox ciddi və israrlı şəkildə müəyyən etdiyi hədəflərə doğru gedir. COP29-un uğurlu keçirilməsi də həmin boykot edənlərə tutarlı cavabdır. Onların boykotu, sadəcə olaraq, havanı silkələməkdən başqa bir şey deyil. Yəqin ki, onlar özlərinin bu kimi fəaliyyətinin nə dərəcədə səmərəsiz olduğunu artıq dərk edirlər". /oxu.az/
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ