Şou-biznesin yaradıcısı - 38 il
Əbəs yerə ona "İlklər Kraliçası" deyilmir
Xalq artisti, Azərbaycanın müasir estradasının banisi Aygün Kazımovanın yaradıcılığının 38-ci ildönümüdür.
Versus.Az xəbər verir ki, səhnəyə gəldiyi gündən Azərbaycanın müasir estradasında yeniliklər edib, canlanma yaradıb. Əbəs yerə ona "İlklər Kraliçası" deyilmir.
Bəzi mənbələrdə Pop kraliçanın peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəldiyi qeyd edilib. Kazımova sənət fəaliyyətinə bundan əvvəl başlayıb. Belə ki, o, hələ 9-cu sinifdə oxuyan zaman "Ozan" qrupunun solisti olaraq səhnəyə çıxıb. 1986-cı ildə Mədəni Maarif Texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalıb.
O dövrdə Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərib. Müğənni "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm eylə bizə, İlahi" adlı mahnını duet şəklində ifa edib və böyük səs-küyə səbəb olub.
Bundan sonra Pop kraliçanın böyük səhnədəki fəaliyyəti parlayıb. Onun ilk uğuru "Bakı payızı" yarışmasının qalibi seçilməklə başlayıb. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını ifa edib. İlk qrand-prisini məhz bu yarışmada qazanıb. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən "Bu qız kimdirsə, Xalq artistidir" deyib. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayıb. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi, Kazımovaya daha da stimul verib.
1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edərək, Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını oxuyub. Mahnını muğam ilə sintez edən 18 yaşlı Aygün bütün diqqətləri özündə cəmləşdirməyi bacarıb.
Aygün 38 illik səhnə fəaliyyətinə müsabiqələrdəki çıxışlarını, qalibiyyətlərini, hit mahnılarını sığdırmaqla yanaşı, vətənpərvər davranışları ilə də imza atıb. 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak edib. 1990-cı ildə Sovet Ordusunun Bakıda törətdiyi "20 Yanvar" faciəsi qurbanlarının xatirəsinə "Şəhidlər" mahnısını oxuyub.
Azərbaycanı təmsil etmək üçün qatıldığı müsabiqələrin isə sayı-hesabı olmayıb. 1992-ci ildə Qazaxıstanda keçirilən "Asiyanın səsi" mahnı müsabiqəsində iştirak etmişdir.
1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Türkvizyon" mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə layiqincə təmsil edib vəikinci yerə layiq görülüb. Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlı olub.
2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Bu böyük uğur idi, amma Aygün Kazımova təşkilatçıların erməni olması səbəbi ilə "Big Apple Music Awards"dan imtina edib.
Pop kraliçanın yaradıcılığı tək mahnılar, müsabiqələrdən ibarət olmayıb. Ölkənin əsas ulduzu həm də özünü aparıcı kimi sınayıb. O, reytinqlərdə birinci olan "Aygün bu gün" və ATV-də həftəiçi 5 gün yayımlanan "Xeyir ola" əyləncəli musiqili verilişində aparıcılıq edib.
O, "Qış nağılı" filmində rol alıb. 2005-ci ildə "Məşədi İbad-94" filmində xarakterinə uyğun Sənəm obrazını canlandırıb. Həmin ildə Arif Qaziyevin çəkdiyi "Xarı bülbüllər" filmində yaratdığı Xan qızı Natəvan obrazıyla aktrisa kimi, bəstələdiyi "Sevərsənmi", "Bir gün" mahnıları ilə bəstəkar kimi də özünü sınayıb. Onun bəstələdiyi mahnıların sayı isə getdikcə artıb.
2002-ci ildə "Best Model of the World" model yarışmasının prezidenti, türkiyəli iş adamı Erkan Özərmanın seçimi ilə "Best Model of Azerbaijan – 2002" müsabiqəsinə təşkilatçılıq edən Diva aylarla müzakirələrə səbəb olub. Möhtəşəm keçən yarışmadan sonra Pop kraliça türk mediasında tanınmağa başlayıb. O, türk mediasında Azərbaycanın Ajda Pekkanı və "Azeri Diva" ləqəbi ilə təqdim edilib.
İlk solo konsertini 1996-cı ildə Gəncə şəhərində verib. Bu tədbirdən Aygün cəmi 1 manat qazandığını hər zaman etiraf edib. Bundan sonra fəaliyyəti dövründə saysız-hesabsız solo konsertlər verən ölkənin əsas ulduzu hər dəfə yeniliklərə imza atıb. Konsertlərində göstərdiyi şoular illərlə digər sənət adamları tərəfindən təkrarlanıb. 2017-ci ilin sentyabrın 22-də Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyi münasibətilə "Aygün Kazımova — 30 il" proqramı ilə Kristal Zalında səhnəyə çıxıb. Pop kraliçanın orada göstərdiyi şou illərdir gündəmdən düşmür. "Crystal Hall"da ilk konsert verən azərbaycanlı müğənni məhz Aygün Kazımova olub. Bugünə qədər də zalda solo konsert verən azərbaycanlı ifaçı olmayıb.
Azərbaycan estradasında daha bir yeniliyə imza atan Kazımova dünya ulduzu Snup Doqla "Coffee from Colombia" duetini oxuyub. Bu layihə üçün evini satan Ulduz bir ilk edib. Onun bu addımı hələ də gündəmdən düşmür. Belə ki, bu günlərdə Ermənistanda konsert verməli olan Snupun çıxışı təxirə salınıb. O, ölkədən 6 milyon dollar qonorar alsa da, konsertə getməyib. Ermənistan hökuməti qonorarı geri ala və ya onu ölkəyə gətirməyi bacarmayıb. Bundan sonra "Ermənistan hökumətinin bacarmadığı Aygün Kazımova bacardı" başlıqlı yazılar yayılıb. Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla da oxuduğu duetlə adından söz etdirməyi bacarıb.
Aygün Kazımova illərdir gündəmdən düşməyən əsərlər oxuyub. Onun oxuduğu ilk lirik mahnı "İtkin gəlin" hələ də sevilir və dinlənilir. Kazımovanın repertuarında olan "Nigaranam", "S.U.S", "Gecə keçir", "Sənsizliyim", "Depresyondayım", "Şəklimi çək", "Tez gəl" və bunlar kimi yüzlərlə mahnı hər zaman gündəmdə qalıb.
Şou-biznesdə bütün yeniliklər məhz Kazımovanın adı ilə bağlıdır. İstər oxuduğu mahnıların tərzi, istər göstərdiyi şouları, istər geyimləri ilə hər zaman bir ilkə imza atıb. Kazımova son bir neçə ildi yaradıcılığında yeni mərhələyə imza atıb. Görünüşünü tamamilə dəyişən Pop kraliça oxuduğu mahnılara da yeni tərz qatıb. "Nirvana" albomu ilə yaradıcılığının yeni mərhələsinə başlayan Kazımova "Qorxuram" hitini təqdim edib. 18 milyon baxış toplayan mahnı hələ də dijital platformalarda ilk sıralarda yer alır.
Bunun ardınca Kazımova "Vəfasızlar" klipini təqdim edib və qısa zamanda yutubda izlənmə sayı 13 milyona yüksəlib. Sükut çökmüş şou-biznesdə daha bir dirçəlmənin təməlini qoyan Diva bir-birinin ardınca "Parol", "Bilmək olmaz", "Sağ-salamat" kimi hitlər oxuyub. Hər bir mahnısının klipi üçün Kazımova ya Türkiyəyə, ya da Rusiyaya üz tutub. Və Pop kraliça sonuncu təqdim etdiyi "S.O.S" mahnısı ilə böyük səs-küyə səbəb olub. Qısa zamanda hitə çevrilən mahnı balacadan böyüyə hər kəsin dilində əzbər olub. Təkcə Azərbaycanda yox, "S.O.S" bir çox xarici ölkədə də tanınıb və sevilib. Əcnəbi blogerlər yutubda çarxlar hazırlayaraq mahnını müzakirə ediblər. Kazımova bu çıxışları ilə şou-biznesdə bir çoxlarına stimul verib. Ondan sonra bəzi müğənnilər həmin tərzdə mahnılar yazdırıb, fotosessiyalar etdirib.
Müasir estradanın banisi isə bunun onun yaradıcılığında bir pik olmadığını deyib. O, hər açıqlamarında fəth etdiyi zirvənin onu qane etmədiyini, daha da maraqlı işlər ərsəyə gətirərək, böyük zirvələrə doğru addımladığını vurğulayıb. Kazımovanın son günlər qatıldığı hər bir tədbir də böyük marağa səbəb olub. O, təkcə şou-biznesdə yox, toy səhnəsində də yeniliklərə imza atıb. Toy məclislərini konsert konseptinə salan Kazımova ilk dəfə rəqqaslarla səhnəyə çıxaraq, bir-birindən maraqlı şoular təqdim edib.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ