“ELÇİBƏY GƏRƏK ÖZÜNÜ PREZİDENT SƏVİYYƏSİNƏ SALMAZDI” - LAYİHƏ

13:32 30-03-2019 | icon 7177 | Layihə
“ELÇİBƏY GƏRƏK ÖZÜNÜ PREZİDENT SƏVİYYƏSİNƏ SALMAZDI” - LAYİHƏ

QƏZAN MÜBARƏK

ƏLİ ƏLİYEV: “Seçkidə uduzan müxalifət maliyyələşdirilir, onlardan kölgə kabineti qurulur"

  

 

 Ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərdə yaranan mövcud siyasi durum, SSRİ imperiyasının Azərbaycana qarşı həyata keçirdiyi qətliamlar, məhz həmin imperiyanın birbaşa rəhbərliyilə torpaqlarımızın işğal edilməsinin ssenarisinin hazırlanması, eləcə də sonrakı dövrlərdə özünü bu imperiyanın varisi kimi aparan Rusiyanın ermənilərin əliylə aparılan qəsbkarlıq siyasətinə birbaşa və dolayı yolla razılıq verməsi, işğalçı ordunun timsalında ermənilərə dəstək olması Azərbaycan məkanında hərbi və siyasi müstəvidə Vətən Fədailərinin, aparıcı siyasi fiqurların üzə çıxmasını ortaya qoydu. İmperiya ilə Cəng Meydanında dözüm nümayiş etdirən siyasi fiqurlarımızın bir qismi gələcyimiz naminə gəncliyin daha mükəmməl formada yetişməsi üçün səylər göstərsələr də, başqa bir qisim, yumşaq desək, bunun marağında olmayıblar. Çox təəssüf ki, bu proseslərdə korporativ maraqların önə çəkilməsinin də şahidi oluruq. Məhz həmin maraqlar gəncliyin arxa planda qalmasına, onların potensiallarından yetərincə istifadə edilməməsinə şərait yaradıb. Baxmayaraq ki, bu gəncliyin siyasi cəhətdən yetişməsində, yetkinləşməsində elə həmin Cəng Meydanının qəhrəmanları da az rol oynamayıblar. Sonradan bu gəncliyin bir qisminin siyasətdən uzaqlaşması, bir qisminin də o qəhrəmanlardan fərqli olaraq əllərində informasiya resurslarının olmaması ucbatından həmin kəslərin ictimai diqqətdən kənarda qalmaları da fakt olaraq ortalıqdadır...

 

“VANADALİZM”Ə  VƏ “BALACA SİÇOVULLAR”ın DAVRANIŞLARINA BAXIŞ

Amma yetkinləşən gəncliyin iştirakçılığıyla prosesləırin sonrakı inkişafı yavaş-yavaş bütün qaranlıqlara aydınlıq gətirdi və indi də gətirməkdədir.

 

Versus.az saytı həm o zamankı gəncliyin, həm də o zamankı gəncliyə dayaq duran, o zamankı gəncliyin qarşısına sipər çəkən qəhrəmanları Sözün Cəng Meydanında sorğuya tutub yaşanan reallıqları onların öz dilylə cəmiyyətə təqdim edir..

Saytımızın budəfəki qonağı öncə Cəbhə sıralarında olan, sonra AMİP-in yaranmasında birbaşa iştirak edən, sonradan bu partiyanın sədri olmuş, hazırda Vətəndaş və İnkişaf Partiyasının sədri olan ƏLİ ƏLİYEVdir...

          

 - Xoş gördük, Əli bəy. Öncə milli düşüncədən başlayaq. Milli düşüncə formatında bu zamana qədərki hakimiyyətlərin eləmədiklərini saf-çürük edəndə Əli bəy hansı məqamları konseptual formada ortaya qoya bilər?

 

- Dövlətin təməlini düzgün qoymamışıq. Təməl ölkənin siyasi sistemidir, ölkənin ideoloji hədəfləridir, milli iqtisadiyyatıdı və təbii ki, qarşıda duran digər tərmə problemlərdir. Cəmiyyətin dayanıqlığını təmin edən milli doktrina olmalı, strateji hədəflərimiz dəqiq müəyyənləşməlidir. Bir sıra irəliləyişlər olsa da, sadaladığım məsələlərdə, vətəndaş dövlət münasibətlərində hansısa nailiyyətlərdən danışmağa yer yoxdur.

 

- Amma iddialar başqa şeylərdən xəbər verir. Onda belə demək mümkündür ki, məhz siyasətçilərimizin təqdimatında cəmiyyətimizdə autizm sindromlu yaşam tərzi mövcuddur. İqtidarın öz dünyası və müxalifətin də söz dünyası, öz “həqiqətləri” mövcuddur bu məmləkətdə.

 

Autizm bir xəstəlikdir, Autizmin əlamətləri bir az fərqlidir. Müqayisə bir az düzgün deyil. Amma cəmiyyətimizdə kifayət qədər fəsadlar mövcuddur....

 

- Deyin o fəsadları...

 

“DÖVLƏT BİR ŞƏXSƏ BAĞLIDIR”

 - Bayaq da söylədim. Ölkə möhkəm təməllər üzərində durmayıb. Dövlət bir şəxsə bağlıdır. Ona görə də belə cəmiyyəti təbii ki, sağlam adlandırmaq olmaz. Ancaq mənə elə gəlir ki, vəziyyətdən çıxmaq mümkündür...

 

- Sizin  Cəbhəyə gəlişiniz necə oldu?

 

- 1988-ci ildə mən ordu xidmətindən qayıtmışam. 17 noyabr hadisələrində tələbə hərəkatının iştirakçılarından biri olmuşam. Meydan dağılandan sonra Xalq Cəbhəsinin institutumuzda dayaq dəstəsuini yaradanlardan olmuşam...

 

- Cəbhədə təmsil olunanda siz siyasətin sirlərini öyrənə bildinizmi, yoxsa siyasətdə daha çox istifadə olunan ikili münasibətlərin şahidi oldunuz?

 

- O zaman mən öz vətəndaşlıq borcumu duyaraq Xalq Cəbhəsinə gəlmişdim. O zaman peşəkar siyasətçi deyildim. Cəbhəyə gələndə də niyyətimin işərisində yalnız milli hədəflər olub.

 

- Bildiyim qədərində rəhmətlik Elçibəy gəncliyə böyük önəm verib. Nə əcəb həmin dönəmdə gənc Əli Əliyev başqalarıyla müqayisədə daha çox gözdən, könüldən iraq qalıb?

 

 Mən siyasətdə karyera qurmaq haqqında düşünməmişəm. Tibb Universitetinin tələbəsi idim, niyyətim də öz peşəmlə məşğul olmaqdan ibarət olub. İnstitutda da pis təhsil almırdım. Düşünürdüm ki, öz vətəndaşlıq borcumu yerinə yetirəndən sonra yenə də öz sahəmə qayıdıb öz işlərimlə məşğul olacam. Dırnaq arasında desək, özümü gözə soxmağı xoşlayan adam olmamışam. Baxmayaraq ki, 89-90-cı illərdə Cəbhənin bütün ali orqanlarının rəsmən nümayəndəsi olmuşam, ancaq yenə də hər zaman öz yerimi bilib dəyərləndirmişəm...

 

“CƏBHƏ RƏHBƏRLİYİNDƏKİ İKİLƏŞMƏ SİYASİ MÖVQEYİMƏ HƏLLEDİCİ TƏSİR EDİB”

 

- Siyasi mövqeyinizdə hansı amil həlledici rol oynayıb?

 

- Mənim siyasi mövqeyimin formalaşmasında 20 Yanvar hadisələri həlledici rol oynayıb. O qanlı gecədə mən küşlərdə olmuşam, rusların vəhşiliklərini, insanlarımızın necə qətlə yetirilmələrini görmüşəm. Sonra təcili yardım xəstəxanalarına gəlib yardım göstərmişəm. Və bundan sonra ola bilər ki, mənim taleyimdə psixoloji olaraq dəyişiklik baş verib. Eyni zamanda 20 Yanvar hadisələrindən sonra Cəbhə rəhbərliyində ikiləşmə mənim siyasi mövqeyimə təsir edib.

 

O zaman Tibb Universitetində təhsil alan dostlarınızdan, yoldaşlarınızdan daha kimlər siyasi mübarizəyə qoşulmuşdu?

 

İdarə heyətinin fəal üzvləri sırasında Mehman Tağıyev, Eldar Abbasov, Paşa Qəlbinur və digərləri var idi (adlar yaxşı eşidilmədiyindən konkret isimləri yazmaq mümkün deyil)...

 

Sülhəddin Əkbər də o heyətdə olub?..

 

- Yox, Sülhəddin Əkbər heç vaxt bizim İdarə heyətimizdə olmayıb. O rəhbərlikdə, mərkəzi təşkilatda təmsil olunub. Səhv etmirəmsə hərəkat dövründə o, artıq universiteti bitirmişdi..

 

SİMVOLLARI DAĞIDAN ŞİMALİ AZƏRBAYCAN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI

  

Əsaslı, ya da əsassız olmasını deyə bilmərəm. Ancaq ayrı-ayrı vaxtlarda mətbuatda da öz əksini tapan bir yanaşma tez-tez səsləndirilir ki, “o zaman “KQB” deyilən qurum Tibb Universitetindən siyasi sferaya qədəm qoyan bir çoxlarını “verbovat” edibmiş”. O zaman siz də həmin universitetin tələbəsi olaraq həm də siyasi sferaya qədəm qoymuşdunuz, olubmu belə bir şey?

 

- Mən sizə bir misal deyim. 89-cu ilin payız ayları olardı. Deyəsən oktyabr ayı idi. O vaxtı SSRİ simvollarının paytaxtdan sökülməsi işləri gedirdi. Onda biz Tibb Universitetinin qarşısında Xalq Cəbhəsinin gənclər təşkilatının üzvləri olaraq toplaşmışdıq. Xalq Cəbhəsinin tərkibində Şimali Azərbaycan Tələbə Gənclər Təşkilatı var idi. Təşkilatın müxtəlif universitetlərdə dayaq dəstələri var idi..

 

“FAZİL QƏZƏNFƏROĞLU, QÜDRƏT HƏSƏNQULİYEV, ÜLVİ BÜNYADZADƏ, ƏLİ KƏRİMLİ, DİLAVƏR ƏZİMLİ, RÜSTƏM ƏLİYEV VƏ BAŞQALARI...”

  

 

Təşkilatın sədri kim idi?

 

Sədrimiz yox idi..

 

- Bəs üzvlərdən kimlərin adını sadalaya bilərsiniz?

 

Fazil Qəzənfəroğlu, Əli Kərimli, Qüdrət Həsənquliyev, Dilavər Əzimli, Xarici Dillərdən Ülvi Bünyadzadə, Konservatoriyadan Rüstəm Əliyev...

 

- Sonradan İsa Qəmbər də bu ad altında bir partiya yaratmaq istəyirdi – Şimali Azərbaycan Demokrat Partiyası...

 

- ...xeyir...Bu, bir tələbə hərəkatı idi..

 

“”KQB”-NİN TİBB UNİVERSİTETİNDƏKİ KURATORU FUAD MÜƏLLİM DEDİ Kİ...”

 

 - MTN-lə bağlı sualın cavabını deyərdiniz..

 

- Elə həmin məqama gəlirəm. Tibb Universitetinin qarşısındakı mitinqlərimizin birində bizim ali təhsil ocağımızın kuratoru var idi..Mən binaların qarşısında durub binaya girməmələri və bizə qoşulmaları üçün təşəbbüs göstərirdim. Bu adam mənim qarşımı kəsdi, universitetdən qovulacağımla bağlı mənə xəbərdarlıq etdi...

 

- Adı yadınızda deyil o kuratorun?

 

- Səhv eləmirəmsə, adı Fuad idi. O zaman onunla mənim aramda çox sərt bir söhbət oldu. Burada bir məsələni də xüsusi olaraq qeyd etməliyəm...

 

- ...buyurun..

 

“YAQUB MÜƏLLİM BİZİ QORUYURDU, İSTİSNA ETMİRƏM Kİ, ƏLƏ ALINMIŞ İNSANLAR VAR İDİ”

  

- O vaxtı bizim universitetin rektoru Yaqub müəllim idi, Yaqub Məmmədov. Yaqub müəllim bizi çox qoruyurdu. Milli düşüncəyə malik tələbələrin həyatda özlərinə yer tutmasında da Yaqub müəllimin rolu danılmazdır. Təbii ki, o zaman rektorumuz qorxağın biri olsaydı, bizim də başımız ağrıyacaqdı. Amma Yaqub müəllim öz mövqeyini bildirdiyindən bizə çox təzyiq göstərməyə cürət etmirdilər. Amma istisna etmirəm ki, o zamankı KQB-nin bizim sıralarımızda da ələ alınmış adamları ola bilərdi. Onların təsiri də ola bilərdi. Həmin günü biz İdman İnstitutuna yürüş edib Kirovun heykəlinin sökülməsinə nail ola bildik.

 

“ZƏRDÜŞT MÜƏLLİM YANLIŞLIĞA YOL VERİR”

 

- AXC-nin 1990-cı il 6-7 yanvar tarixli iclasından sonra siz gənclərə münasibətdə dəyişilən hansısa yanaşmaların şahidi olmusunuzmu?

 

- Qətiyyən, belə bir halın şahidi olmamışam. Mən radikalların tərəfində idim. Hesab edirdim ki, onların mövqeyi düzgündür.

 

Zərdüşt Əlizadə düzmü söyləyir ki, “1990-cı il yanvar iclasından sonra AXC-yə gələnlər KQB agentləri olub”. Siz də o zaman AXC-də olmusunuz...

 

Zərdüşt müəllim çox səhv edir. Birincisi, kiminsə KQB agenti olmasıyla bağlı fikir irəli sürəndə əlində əsas olmalıdır. İkincisi, hesab edirəm ki, Zərdüşt müəllim yanlışlığa yol verir, günaha batır. Başqası haqqında da danışa bilmərəm.  

 

- Söz Zərdüşt bəyin münasibətlərindən düşmüşkən, elə bir məqamı da Sizdən soruşum.. Zərdüşt bəy o zaman deyir ki, “Etibar, Becan və Pənah Cəbhə daxilində dağıdıcılıqla məşğul olurdular”. Belədirsə, sizcə bu adamlar onda nəyi və niyə dağıdırdılar?. Və siz nədən sonradan “dağıdıcılıqla məşğul olan Etibar bəy”in yanında yer aldınız?

 

“QORXAQLIQ EDƏNLƏR CƏBHƏ SIRALARINDAN QAÇDILAR”

 

- Hadisələrin üstündən 30 il ötəndən sonra indi həmin məsələlərə münasibətdə ağıllı münasibət bildirmək asandır. Zərdüşt Əlizadə 90-cı ilin yanvar konfransından sonra Leyla Yunusla birgə İdarə Heyətinin sıralarından çıxdı. Amma mən həmin mövqeyi qorxaqlıq adlandırıram. Çünki hamı görürdü ki, Xalq Cəbhəsinin nüfuzu həlledici dərəcədə artıb, Kommunist Partiyasının yerlərdəki dayaqları iflic vəziyyətindədir, dövlət və hökumət strukturları fəaliyyət göstərmir. Hakimiyyət faktiki olaraq xalqın əlində idi. Və Xalq Cəbhəsi tərəfindən idarə olunan xalqın tərəfində idi. Qarşıda parlament seçkiləri gözlənilirdi. Hamı görürdü ki, Moskva bunun qarşısını almaq istəyir. Moskva bunun qarşısını almaq üçün hərəkət edəcək. Təxribatların ola biləcəyi gözlənilirdi. Və belə bir durumda mənim fikrimcə qorxaqlıq edənlər Cəbhə sıralarından qaçdılar...

 

- Cəbhə daxilində olan liberal qanadın mövqeyinə münasibətiniz necə idi?

 

Onların da mövqeyini bəyənmirdim...

 

“KONFRANSADAN SONRA FİKİR HAÇALANMASI BİR NÖV RƏSMİLƏŞDİ”

 

Demək faktiki olaraq fikir haçalanması o dönəmdə pik nöqtəsinə çatdı...

 

- Bəli.. Əvvəl də var idi. Amma o konfransdan İdarə heyətindəki fikir haçalanması, bölünmə demək olar ki, rəsmən öz təsdiqini tapdı...  

 

- Və siz də öz seçiminizi edib radikalların yanında yer aldınız..

 

- Bəli. Konfransın əsas sualı demokratiyadan müstəqilliyə, yoxsa müstəqillikdən demokratiyaya idi.... 

 

- Bu suala cavabı tərəflər necə təqdim edirdilər?

 

- Liberallar deyirdilər ki, biz SSRİ-nin daxilində demokratiya qurub sonra müstəqilliyimizə nail olmalıyıq. Şərti olaraq radikal adlandırılan tərəfsə deyirdi ki, milli müstəqillik olmadan heç bir demokratik cəmiyyət qurula bilməz. Rusiya imperiyadır. İmperiyanın formasını dəyişməklə onun mahiyyəti dəyişməyəcək. Ona görə də ilk olaraq biz milli müstəqillik məsələsinə can atmalıyıq. Bu tədbirin kasetləri də var .

 

“ELÇİBƏY İSA QƏMBƏRİN MÖVQEYİNİ MÜDAFİƏ ETDİ, O ADAMLAR ZƏRBƏDƏN YAYINA BİLDİLƏR”

  

 

- Məsələyə münasibətdə rəhmətlik Elçibəyin mövqeyi necə idi?

 

- Çox təəssüf edirəm ki, məsələyə münasibətdə mərhum Elçibəy də liberalları müdafiə etdi. Və məhz Elçibəyin mövqeyi həlledici oldu. Faktiki olaraq həmin adamlar özlərini zərbədən yayındıra bildilər...

 

- Nəsə inandırıcı görünmür e, Əli bəy! Ötən əsrin 70-ci illərindən SSRİ adlı imperiyaya qarşı mübarizə aparan Əbülfəz Elçibəyin durub öncə demokratiya, sonra müstəqillik deməsi dediyim kimi inandırıcı görünmür...

 

- Mən bildiyim qədərində o kaset Pənah bəydə və başqa adamlarda da var. O kasetdə çox aydın surətdə görünür ki, mən deyənlər həqiqətdir. Zərdüşt Əlizadə, ümumiyyətlə sosial-demokrat qanadı Cəbhə sıralarını tərk etdi, qalanlarsa iki qrupa bölündülər və bunu da bayaq dedim ki, həmin qrupların istəklərində nələr var idi. Elçibəy də məhz liberal qanadın tərəfində dayandı. Liberal tərəfin məruzəçisi İsa Qəmbər idi. Radikalların məruzəçisi də Etibar Məmmədov idi. Cəbhənin sədri Əbülfəz Elçibəy idi. Elçibəy də İsa Qəmbərin mövqeyini müdafiə etdi...

 

- Deməli, bu mövqe də ondan ibarət idi ki, SSRİ-nin tərkibində demokratiya qurulandan sonra müstəqillik haqqında düşünmək olar..

 

- Bəli..Elçibəyin bir ifadəsini deyəcəm, indiyədək mənim qulaqlarımda hələ də cingildəyir. O deyirdi ki, “müstəqillik ifadəsini rəsmi sənədlərdə yazsaq, tankın tırtılları altında qalarıq”...

 

- Bu 7 yanvarda səsləndirilən ifadə idi...Bəli, 7 yanvarda Elçibəyin işlətdiyi ifadədir...

 

“ƏGƏR METROPOLİYA KİMLƏRİSƏ PRİMAKOVUN TİMSALINDA MÜTƏLLİBOVA TAPŞIRIRSA...”

 

 - Sonradan Sizin AMİP-ə gəlişinizi şərtləndirən səbəb nə olub. Bununla bağlı bəzi mətbuat orqanlarında çoxları tayfa prinsiplərinin əsas rol oynadığını bildirirlər. Belə olubmu, yoxsa bu məsələdə daha həlledici rol oynayan sizin siyasi baxışlarınız olub?

 

- Mənim mövqeyim 90-cı ildə necə olubdusa, indi də elədir. Bizim siyasi baxışlarımız üst-üstə düşüb. Siyasi fəaliyyətiminin heç bir dönəmində öz prinsiplərimə xilaf çıxmamışam. O illərdə dediyim sözləri indi də müdafiə etmək qüdrətindəyəm.

 

AXC-yə üzvlüyünüz kimin təşəbbüsüylə olub və vəzifə bölgüsündə siz nəyə görə yükümlü olmusunuz?

 

Yanvar hadisələrindən sonra həbsə alınmış imperiyanın münasibətindən nəticə çıxararaq, kimin imperiyaya sərf eləyib bayırda saxlanıldığını, kiminsə həbsedildiyini əsas götürərək kimin daha aktiv olaraq bir gənc olaraq müəyyən etmişdim. Əgər rəqib tərəf, imperiyanı qorumaq istəyən tərəf, metropoliya kimlərisə izolyasiya edir, kimlərisə Azərbaycanın yeni seçilmiş birinci katibi Ayaz Mütəllibova Primakovun timsalında tapşırırsa, bu, seçim etmək üçün Azərbaycanın siyasi sferasında seçin etmək üçün çox ciddi bir mesaj idi.

 

- Lideriniz Etibar bəy 1989-cu il 5 dekabrda Həsən Həsənova “vaxtdır, istefa verin” deyirdi. Sonradan özünü də Həsən Həsənovun qruplaşma üzvü kimi qiymətləndirdilər. Elçibəylə də yola getmədi, Heydər Əliyevlə anlaşa bilmədi...Liderin üzünə ağ olmaq deyəsən milli istiqlalımızda sanki bir peşə, həm də deyəsən bir qazanc mənbəyi olub.. Belədirmi?

 

- Birincisi, o adamların heç biri həmin şəxsin lideri olmayıb..

 

- Mən demədim ki, o adamlar həmin şəxsin lideri olublar. Həmin şəxs sizin lideriniz olub...

 

- Bu sualları onun özünə ünvanlasanız, daha düzgün olardı...

 

- Təbii ki, dediyiniz variant daha məqbul olardı. Amma o o dönəmlərdə siz AMİP-in kimi daha çox güvəndiyi gənclər təşkilatına rəhbərlik etmisiniz...

 

- Gördüyünüz kimi 2005-ci ildə mən də ayrılmışam. O zamankı xarakterinə, davranışlarına, elədiklərinə və etmədiklərinə görə də bütün məsuliyyəti özü daşıyır. Özünün burada olmadığı halda mənim o hərəkətlərə qiymət verməyim düzgün olmazdı. Haqlı saysaydım, hər halda bir yerdə olardım...

 

- Siz məsələyə sonrakı dövrün prizmasından cavab verməyin. O dönəmin gənclər təşkilatının rəhbəri olaraq məsələyə yanaşın...

 

- O dönəmlə bağlı mən sizə bir şey deyim. Mən təbii ki, o təşkilata xeyli borcluyam. Mən orada formalaşmışam, orada böyük siyasi məktəb keçmişəm. O siyasi məktəbin mənim formalaşmağımda, bir siyasətçi olaraq təşəkkül tapmağımda oradakı insanların əvəzsiz rolu olub. Mən bunu dana bilmərəm. Amma oradakı adamların, xüsusilə birinci adamın etdiyi düz, yaxud yanlış əməllərə görə mən məsuliyyət daşımamalıyam...

 

“GÖRƏNDƏ Kİ, HAKİMİYYƏTLƏ ANLAŞMA AÇILIB, BU TƏŞKLATDA QALMAĞI DÜZGÜN SAYMAMIŞAM”

 

Demirəm ki, məsuliyyət daşıyırsınız, qiymət verməyinizi istəyirəm..

 

- Mən orada sıradan bir adam olmuşam. Qərar qəbul edilməsində iştirak etmiş olsam da, həlledici tərəf olmamışam. 1996-cı ildən 2005-ci ilə qədər aparatda çalışmışam. O zaman hiss etmişəm ki, artıq proseslər dəyişib, hakimiyyətlə anlaşma açılıb, ondan sonra o təşkilatda olmağı düzgün saymamışam. 

 

Səhv etmirəmsə, 1992-ci il 4 fevralda Xalq Cəbhəsi Ali Sovetin binasında bir müşavirə keçirib. Etibar bəy də o müşavirədə olub bildiyim qədərində. Sədriniz Etibar bəy sonradan öz partiayadaşlarına deməmişdi ki, həmin müşavirədə nələr müzakirə olunub? Pərdə arxasında “Ayaz Mütəllibov hakimiyyətini sarsıtmaq üçün 5-6 kənd boşaldaq” deyənlərin kimliyini sizlərə söyləmişdimi. Və ümumiyyətlə bu söhbət doğrudurmu?

 

- 1991-ci ildə Xalq Cəbhəsinin birinci qurultayı keçirildi və mən həmin gündən Xalq Cəbhəsinin üzvlüyündən istefa vermişəm. Və 92-ci ilin əvvəlindən başlayaraq  AMİP-in yaranmasında iştirak etmişəm.Bu və ya digər təşkilati işlərlə məşğul olmuşam, bu qədər..

 

“ELÇİBƏYİ TƏHRİK ETDİLƏR Kİ...”

  

Sizcə Elçibəyin hakimiyyətə gəlişi düzgün idimi, ümumiyyətlə onu bu posta təhrik edənlər var idimi, var idisə onların məqsədi nə olub?

 

- Mən hesab edirəm ki, 90-cı ilin yanvar konfransından sonra Elçibəyin ətrafına toplaşmış liberallar qanadı 92-ci ilin prezident seçkilərində digər namizədə üstün gələ bilməyəcəklərini təxmin etdilər və ona görə də Elçibəyi təhrik etdilər ki, namizədliyini versin. Onların heç biri həmin şəxslə təkbətək mübarizədə qalib gələ bilməyəcəkdi. Elçibəyin bir hərəkat lideri statusu var idi. Onun ideya adamı olması kimi missiyası var idi. Ona görə də Elçibəyin həmin şəxsin qarşısına çıxarılması həmin heyət tərəfindən həyata keçirilmişdi. Mənim fikrimcə bu addım yanlış idi. Elçibəy gərək özünü prezident səviyyəsinə salmayaydı, çünki Azərbaycanda bir mənəvi liderə ehtiyac var idi. Hesab edirəm ki, Elçibəy o zaman prezidentliyə getməsəydi və mənəvi lider olaraq öz statusunu qoruyub saxlasaydı, o vaxt hakimiyyətə gələn istənilən şəxs məhz onun liderliyi altında fəaliyyət göstərəcəkdi. Bir münsif kimi özünün rəhbəri olduğu təşkilatdan çıxmış şəxslərin siyasi mübarizəsinə nəzarət etməliydi, onların yanlışlarını düzəltməyə çalışmalıydı, öz ağsaqqal statusunda fəaliyyətini davam etdirməliydi. Elçibəyin prezident səviyyəsinə endirilməsilə sadaladığım məqamların üstündən xətt çəkildi mənim fikrimcə..

 

- Əli bəy, mən bu sualı bir siyasi qurumda təmsil olunub sonradan həmin qurumdan uzaqlaşan hər bir kəsə vermişəm və siz də həmin kəslərdən birisiniz. Elə ol səbəbdən də həmin sualı sizə də verirəm...

 

- Nə sualdı belə..Buyurun sualınızı verin...

 

ETİBAR BƏYİN “PİS NİYYƏTİ” BARƏDƏ...

 

- Roma tarixçisi Plutarx “”tarixin atası”nı məlumatları təkzib etməkdə suçlu bilərək “Heredotun pis niyyəti haqqında” əsər yazmışdı”.  Sizin öz qohumunuz və keçmiş lideriniz Etibar bəy haqqında belə bir əsər yazmaq niyyətiniz varmı?

 

- Hər adama qismət olmur, Allah ömür versə, yaşlaşsam, memuar yazmaq istəsəm, onda həmin hadisələrə qiymət verəcəm...

 

Etibar bəyin pis niyyəti barədə, eləmi?

 

- Yazanda oxuyarsınız...

 

Hər halda bununla bağlı ortaya bir eskiz qoyardınız...

 

- Bununla bağlı mən bir söz deyə bilmərəm...Hələ tezdir...

 

- Mövcud hakimiyyətin bütün siyasi qərarlarını qəbul edirsinizmi?

 

- Mən əgər bu hakimiyyətin qərarlarını qəbul etsəydim, yəqin ki, onların dəstəkçisi olardım..

 

- Siyasi hakimiyyətlərin mövcud qərarlarını qəbul etməmək müxalifətçiliyin göstəricisidir?  

 

- Müxalifətçilik tək bu deyil ki..

 

“MÜXALİFƏTİ OLMAYAN CƏMİYYƏT MƏHVƏ MƏHKUMDUR”

 

- Ama mövcud durumda tək olan həm də budur ki, demək olar ki, bütün kateqoriyalar daxil olmaq şərtilə hakimiyyət tərəfindən atılan addımların hamısı müxalifət tərəfindən qınaqla qarşılanır. Bəyəm bu hakimiyyətin atdığı elə bir müsbət addım yoxdur ki?

 

- Onu mən sizə izah edim də. Müxalifətin vəzifəsi hakimiyyətin vəzifə borcunu icrası zamanı gördüyü müsbət işləri qeyd eləmək deyil...

 

Vətəndaş sülhü, vətəndaş həmrəyliyi naminə də?

 

Müxalifət hakimiyyətin etmədiklərini, edə bilmədiklərini, yanlışlarını ifadə etmək üçün yaradılmış siyasi institutdur. Məsələn, Böyük Britaniyada seçkiləri uduzan müxalifət qüvvələrini hökumət maliyyələşdirir. Kölgə kabineti qurur ki,müxalifət hakimiyyətdə olan müvafiq qurumları təbiq etsin. Belə rəqabət hissi həmişə cəmiyyətin sağlam qalmasına şərait yaradır. Müxalifəti olmayan cəmiyyət məhvə məhkumdur..

 

Bu "konuda" Azərbaycandakı gerçək durum nə yerdədir?

 

“DÜŞMƏN MƏSƏLƏSİNDƏ ÖLKƏMİ TƏMSİL EDƏN ADAMA DƏSTƏK VERİRƏM”

 

Azərbaycanda hakimiyyətin müxalifəti sıradan çıxarmaq təşəbbüsü ən ciddi amillərdəndi. Hakimiyyətlər zəif, özünə inamsız olduqca öz müxalifətini, öz rəqibini sıradan çıxarmağa çalışırlar. Belə hakimiyyətlər kompleksli hakimiyyətlərdi, müxalifətdən qorxur, müxalifətdən çəkinirlər. Hər halda dünənə qədər belə idi. Onlar maaş almaqla yanaşı mətbuatda yazılanlara istinad edəsi olsaq, bunlar milyardlar da oğurlayırlar. Bizim vəzifəmiz də onların çatışmazlıqlarını aşkara çıxarıb cəmiyyətə faş eləməkdi. Müxalifətin missiyası budur, onları tərifləmək deyil.

 

“HAKİMİYYƏTİ ƏN QƏTİ ŞƏKİLDƏ PİSLƏYƏNLƏRDƏN BİRİNCİSİYƏM”

 

Dediyiniz missiyanın mahiyyətindən belə çıxır ki, müxalifətlə hakimiyyətin ortaq məxrəcə gələ biləcəyi nöqtə yoxdur?

 

Var, niyə də yoxdur ki. Ümummilli məsələlərdə, Dağlıq Qarabağ məsələsində ortaq mövqedən çıxış etmək olar. Məsələn, mənim bu günlərdə Osmanqızı kanalda çıxışım var. İlham Əliyev Avstriyada Paşinyanla birinci dəfə təmas edəcək və buna dəstək vermişəm. Düşmən məsələsində mən ölkəmi təmsil edən adama dəstək verirəm. Amma ölkənin iç məsələlərində, yanlış idarəçilikdə, o qurumlarda məmur özbaşınalığında, yanlış korrupsiya siyasətində və digər bunun kimi neqativ məsələlərdə hakimiyyəti ən qətiyyətli şəkildə pisləyənlərdən birincisiyəm.

 

“DÜNYANIN HANSI BİR YERİNDƏ İNSANI ÖVLADIYLA İMTAHANA ÇƏKİRLƏR”

 

İddia edildiyi kimi “Azərbaycan dövlətçiliyinin qorunması” baxımından xaricdən aparılan informasiyaların təsir gücünü və mahiyyətini necə dəyərləndirirsiniz?

 

Burada fərqli məqamlar var. Mən sizə bir şeyi deyim. Yaxşı bir deyim var, müqəddəs yer boş qalmır. Sən balaca bir siçovulu da küncə sıxsan adamın üstünə tullanar. Bütöv bir cəmiyyəti öz iradənə tabe etmək, bütöv bir xalqın hakimiyyətini mənimsəmək, bütöv bir xalqın var-dövlətini dağıtmaq nəticədə əks reaksiyaya səbəb olmalı idi. Siz harada görə bilərsiniz ki, hətta yanlış, hətta haqsız olsa belə kiminsə atasının qəbri vandalizmə məruz qoyulsun, hörmətsizlik edilsin. Dünyanın hansı yerində görünüb ki, insanın 95 yaşında anasını çıxarıb övladından üzr istətsinlər!? Dünyanın hansı yerində görünüb ki, insanı övladıyla imtahana çəksinlər!? Dünyanın harasında görünüb ki, prezidentliyə təlxək namizədi qeydə aldırıb müxalifətçilərin xanımlarını söydürürlər!? Mənn heç vaxt hörmətsizlik edən kanallara çıxmasam da, ancaq bütün bunların cavabı da o olmalıydı. İzləyirsinizsə, görərsiniz ki, heç onları təqdir də etmirəm. Ancaq bu, hər iki tərəfdən gələn yanlış siyasətdir ki, təsir əks təsirə bərabər olan Nyutonun üçüncü qanununun təzahürüdür...

 

 

“HAKİMİYYƏT QORXDUQCA CƏMİYYƏTƏ GÜZƏŞTLƏR ETMƏYƏ BAŞLAYIB”

 

Xaricdən ötürülən, yayılan informasiyaların mahiyyətini siz beləcə qiymətləndirirsiniz....

 

Əgər hakimiyyət ölkənin daxilində plüralizmə şərait yaratmırsa, öz opponentlərini informasiya məkanından sıxışdırırsa, cəmiyyətlə kommunikasiya yaradılmırsa, təmasların qarşısı alınırsa, seçkilərdə bizi qeydə almırlarsa, parlamentə buraxmırlarsa, bütün imkanlardan məhrum edirlərsə, təbii ki, Allahın yaratdığı şəraitdən biz istifadə edəcəyik. Kimin ağlına gəlirdi ki, bir müddətdən sonra hər adamın əlində bir videokamera olacaq, kimin ağlına gələrdi ki, mən bir düyməni basmaqla cəmiyyəti istənilən nötəsi və istənilən nümayəndəsilə danışmaq əmkanları əldə edəcəm!? Sosial şəbəkələrin imkanları Allahın Azərbaycan xalqına bəxş elədiklərindəndir. Dünənə qədər bizi eşitmirdilər, cəmiyyət yatmışdı. İndi biz bu hakimiyyətin siyasətini faş etdikcə cəmiyyət oyanmağa, hadisələrin fərqində olmağa başlayıb. Hakimiyyət də qorxuya düşüb. Hakimiyyət qorxduqca cəmiyyətə güzəştlər etməyə başlayıb. “Diqlas” ticarət mərkəzindəki yanğından iki gün sonra prezidentin kompensasiyaların verilməsilə bağlı imzaladığı sərəncam məhz müxalifətdən və cəmiyyətin oyanışından çəkinməsinin əlaməti idi.

 

Heç şübhəsiz ki, bu, hər kəsin təbii haqqıdır və bu haqqa görə heç kimi heç kimi nə ittiham edə bilər, nə də hansısa sapındırıcı mövqedə günahlandıra bilməz. Ama məsələ burasındadır ki, bizim cəmiyyətimizdə “iqtidarla qohumluq” məqamına bu və ya digər maraqlar daxilində hansısa don geyindirilir, bir növ qarşı tərəf hədəf qismində cəmiyyətə təqdim edilir. İndi də sizi deyirlər...

 

(ardı var)

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR