“Milli QHT”-lərin ikibaşlı oyunları
Əlində şər yığını olan materialları hazır saxlayan mərkəzlər var
MÜŞFİQ ƏLƏSGƏRLİ
Avropanın media təşkilatları yeni kampaniya başladıblar. Mayın 26-da Avropa parlamentinə keçiriləcək seçkilər prosesindən yararlanaraq, diqqəti peşəkar medianın ciddi problemlərinə yönəltmək istəyirlər. Təklif edirlər ki, AP-yə namizəd olan şəxslər özlərinin seçki platformalarında medianın problemlərinə də yer ayırsınlar, peşəkar medianın qorunub saxlanılması, imkanlarının artırılması üçün planlar hazırlasınlar. Kampaniya təşkilatçıları elan edirlər ki, niyyətləri sonda Avropadanın dövlətlərarası təşkilatlarını, hökumətləri ənənəvi və peşəkar KİV-lərin yaşadılması üçün yardım proqramları hazırlamağa vadar etməkdir. Onlar informasiya məkanını başına almış yalan xəbərlərdən, nifrət çıxaşlarından qurtarmağın yolunu peşəkar KİV-lərin yaşadılmasında görürlər. ATƏT-in media komissarlığı özünün 20 fevral tarixli açıqlamasında bu tendensiyanı müdafiə edib: dövlətləri peşəkar media qurumlarının yaşadılması üçün proqramlar hazırlamağa, mövcud proqramları inkişaf etdirməyə çağırıb.
Azərbaycanda isə bu kampaniyanın, demək olar ki, əksi baş verir. Yəni dövlət peşəkar KİV-ə yardım proqramını hazırlayıb, icra edir, həmən proqramın təkmilləşdirilməsi yönündə addımlar atır; “bəlli bir qrup” isə bunun əksinə çıxışlar edir. Bu “bəlli qrup”un kimlərdən təşkil olunduğu, KİV-in inkişafı üçün icra edilən proqramlara necə reaksiya verdiklərini hər kəs bildiyi üçün, üzərində durmuram. Zatən yazının məqsədi də KİV-ə dövlət dəstəyi proqramını dartışmaq və ya Avropadakı kampaniyaların hansı nəticələr doğurduğunu qeyd etmək deyil. Gətirdiyimiz nümunə, uzun müddət müşahidə edilən, amma hələ dəqiq qiymətini almayan bir tendensiyaya diqqət çəkmək üçündür.
Azərbaycanda qlobal çağırışlara uyğun olan çoxsaylı proqramlar icra edilir. Proqramların bir çoxu orijinal modellər üzərində qurulur, əgər mahiyyəti üzrə dəstəklənərlərsə, digər ölkələr üçün örnək olacaq səviyyədədirlər. Amma, sanki ənənədir, ölkəmizdə hansı addım atılırsa- atılsın, anındaca tənqid edilir, gözdən salınır, durdurulması üçün əks kampaniyalar başladılır. Eynən, KİV-in yaşadılması üçün icra edilən proqramlar kimi. Qəribə olan budur ki, həmən əks-kampaniyaların çoxu Azərbaycandakı “Qərb yönümlü” “milli QHT-lər” tərəfindən yönləndirilir. Uzunmüddətli müşahidələr göstərir ki, özünü “Avropa yönümlü” elan etmiş həmən “milli QHT-lər”in, “hüquq müdafiəçiləri”nin, “ekspertlərin” əsas hədəfi, qarşı çıxdıqları məqam məhz, Azərbaycanın Avropaya inteqrasiyası yönündə atılan addımlar olur. Hansı ki, özünü “Avropa yönümlü” elan etmiş bir təşkilatın işi, məntiqlə, Avropaya inteqrasiya, dünyaya uyğunlaşma yönündə atılan addımları dəstəkləmək olmalı. Amma əksi baş verir.
Diqqət etsək görərik ki, özünü “Avropa yönümlü” elan etmiş “milli QHT-lər”in son 6 il ərzində əsas hədəfləri Azərbaycanı inteqrasiya olunduğu Qərb təşkilatlardan uzaqlaşdırılmağa yönəlib. Bu, versiya deyil, ehtimal deyil, uzun illər ərzində isbatını tapmış, arqumentlərlə təsdiqlənmiş tendensiyadır.
2015-2016-cı illərdə Mədən Hasilatı üzrə Beynəlxalq Şəffaflıq Təşəbbüsü (MHBŞT) platformasında baş verənlər əyani sübutdur. Ölkəmizin bu platformada təmsilçiliyini istəməyənlər, Azərbaycanın qarşısında şərtlər qoydular. Qəribədir ki, bu şərtləri həmən “milli QHT-lər”in tələbləri əsasında formalaşdırdılar. Qarşıdurma dərinləşməsin deyə, MHBŞT İdarə Heyətinin sədri xanım Kler Şortun xahişini nəzərə alan Azərbaycan Prezidenti nəinki bu koalisiyaya daxil olan milli QHT-lərin, o cümlədən bütün milli QHT sektorunun faliyyəti üçün yeni, daha rahat mühit yaradılması baxımından bir gündə üç sərəncam verdi. Prezidentin sərəncamları oktyabrın 21-də, saat 15/29-da ictimailəşdirildi, KİV səhifələrinə çıxdı. O dövrdə hesablanaraq müəyyən edildi ki, Prezident sərəncamının açıqlanmasından cəmi 4 saat sonra “Qərbdən” ilk reaksiya gəldi. Təsəvvür edək, 4 saat ərzində bu sərəncamlar “araşdırılmış”, “münasibət bildirilmiş”, həmin münasibət Azərbaycan dilinə çevrilmiş və “Qərbin təsirində olan medianın səhifəsinə çıxmışdı! Dünyanın harasında, hansı ölkədə mədən sənayesi ilə bağlı qeyri-şəffaf proses var idisə, hamısı bir yerə toplanmış, ümumiləşdirilərək Azərbaycanın adına yazılmışdı. Prezident sərəncamlarının ictimailəşdirilməsi ilə Qərbdən ona verilən yanlış reaksiya arasındakı qısa zaman kəsiyinə nəzər salsaq, bu qədər operativliyin qeyri- mümkün olmasını hər kəs etiraf edər. Belə nəticə çıxır ki, əlində şər yığını olan materialları hazır saxlayan mərkəzlər var. Bu şər mərkəzi Azərbaycanın istənilən müsbət addımını dərhal qeydə alaraq, əks təbliğata başlayır.
MHBŞT platformasında yaşananlar yeganə hal deyil. 2017-ci il yanvarın 16-da həmən “Avropa yönümlü milli QHT-lər” Avropa Şurasının Parlament Assambleyasına müraciət ünvanlayaraq, AŞPA-nın yaxın günlərdə keçirilməli olan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasını tələb edirdilər. Digər QHT-lər isə buna cavab olaraq yanvarın 19-da AŞ PA prezidenti Pedro Aqramunta müraciət ünvanlayaraq, bu tələbin əsasında hər hansı bir zərurətin dayanmadığını, qəbul edilərsə, ziyanlı olacağını isbatlamağa çalışırdılar. Zahirən elə təəssürat yaranırdı ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları iki cəbhəyə bölünüblər: “Avropa yönümlülər” Azərbaycan nümayəndə heyətinin AŞPA-da səlahiyyətlərinin dondurulmasına, ikinci qrup isə bunun baş verməməsinə çalışır.
Məsələ ondadır ki, 2012-ci ilin Avroviziya mahnı yarışması dönəmində də, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi ərəfəsində də, həmçinin Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəndə də, 2015-ci ildə Bakı I Avropa Oyunları keçiriləndə də bənzər kampaniyalara start verilib, ölkəmizin şərlənərək gözdən salınmasına, bu strukturlara yaxın buraxılmamasına cəhd edilib. Bütün bu kampaniyalar ayrı-ayrı dönəmlərdə həyata keçirilsələr də, onaların bir xətt ətrafında düzüldüyünü, vahid məqsədə xidmət etdiyini görməmək mümkün deyil. Ən əsası isə, bütün kampaniyaların kökündə eyni mənbənin dayandığı, bütün anti-Azərbaycan müraciətlərin altında eyni imzaların dayandığı aşkar görünür.
Bədnam komanda bu gün də iş başındadır. İndi də hədəfləri Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (OGP) platformasından uzaqlaşdırılmasına nail olmaqdır. 11 nəfər “Avropa yönümlü milli QHT rəhbəri” adından yayılan müraciətdə, Azərbaycanın qurumun şərtlərini yerinə yetirmədiyi elan edilib, ölkəmizin bu qurumda üzvlüyünə son verilməsi istənilib. İddia edirlər ki, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı (OGP) platformasının Rəhbər Komitəsinin üzvlükdə saxlanılmaqdan ötrü 2 il ərzində icra edilməli olan 5 şərtini yerinə yetirməyib.
Yuxarıda, bu təşkilatların hansı qurumlara müraciət etdiklərini, Azərbaycanın hansı yerlərdə üzvlüyünün dayandırılmasına cəhd göstərdiklərinin təsvirini verdik, tarixdən nümunələr gətirdik. Təzad burada üzə çıxır: əgər bu təşkilatlar “Avropa yönümlü milli QHT-lər”dirləsə, Azərbaycanın Qərb təşkilatlarında üzvlüyünü əngələməyi nədən istəsinlər ki? Axı Azərbaycanın bu strukturlarda təmsilçiliyi, prinsipcə onların maraqarına daha çox uyğundur. Nəticə çıxır ki, fəaliyyətlərində ikibaşlı oyun qurulub, “Avropayönümlü” imici bunlara, sadəcə iz azdırmaq üçün lazımdır.
MHBŞT platformasında problemlər yaşanan dönəmlərdə, Fransanın nüfuzlu “Le Nouvel Observateur” qəzetində bu prosesləri pisləyən maraqlı bir material dərc edilmişdi. Məqalədə bir ifadə diqqətimi çəkirdi:
“Sanki, Avropada hansısa mərkəz Qafqazı Avropadan ayırıb başqa güc mərkəzlərinin qucağına atmaqda israr edir. Avropada olsa da, bu güc mərkəzinin Avropaya aidiyatı yoxdur”.
Bu halda təbii sual yaranır: sözdə “Avropayönümlü”, reallıqda əksi olan bu təşkilatları, bu adamları toplayıb bir xətt ətrafında düzən, təzadlı müraciətlərə imza atmağa vadar edən kimdir?
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi