Gülnarə Səlimova ilə qeyri-siyasi DAMA oyunu - LAYİHƏ

10:22 08-04-2019 | icon 7448 | Layihə
Gülnarə Səlimova ilə qeyri-siyasi DAMA oyunu - LAYİHƏ

Gülnarə Səlimova: “Nağıllar gözəldir, çünki sonu yaxşının qalibiyyətilə qurtarır”

 

 

Versus.Az saytının MASAÜSTÜ OYUN layihəsi ilə bu dəfə “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyinin sədri GÜLNARƏ SƏLİMOVAnın qonağıyıq.

Layihəmiz Gülnarə xanımın marağına səbəb oldu.

 

- Mən bir çox mətbuata müsahibə və açıqlamalar vermişəm, amma doğrusu belə bir layihə-müsahibəni birinci dəfədir görürəm. Çox maraqlıdır, pozitiv və xoş oldu. Layihənizə uğurlar arzulayıram. İnanıram ki, çox maraqlı oyun olacaq, çünki mənim iş həyatım da maraqlı bir “oyundur”.

 

“Nağıllar bizə həm qəhrəman olmağı, həm qalib çıxmağı öyrətdi”

 

- Gülnarə xanım, bəzən deyirlər ki, bu həyat da maraqlı oyundur. Siz necə düşünürsünüz, həyat sizin üçün oyundur, yoxsa...

- Biz özümüz bilmədən bu oyuna çevrilir. Amma şahidi olmuşam ki, o istər iş həyatında, istər elə həyatın özündə oyun quranlar  həmişə özləri məğlub olurlar.


- Ağ daşları seçdiniz, niyə?

- Əlvan, bəyaz rəngləri çox sevirəm. Tündlüyü sevmirəm.



- Nağıllardakı ağ atlıoğlan, ağ qoçun belinə minib dünyaya çıxmaq kimi bir şey. Nağıllara inanırıq da.

- Bəli, nağıllar gözəldir, çünki sonu yaxşının qalibiyyətilə qurtarır. Bu,insana həvəs, ruh verir. Yaxşı ki, nağıllarla böyüdük. Nağıllar bizə çox şey öyrətdi. Həm qəhrəman olmağı, həm qalib çıxmağı. Bu, əslində gözəl bir psixologiyadır.

- Həyata fəlsəfi baxışları olanlar deyirlər ki, nahaq bizi nağıllarla böyütdülər, bizi gözəl gələcəyə inandırdılar. Amma nəticədə bəlli oldu ki, yox, sadəcə nağılmış hər şey.

- Mən nahaq deməzdim, yaxşı ki, elə nağıllarla böyüdüblər bizi. İşimə ilk gəlişimdən danışmaqla fikrimi əsaslandıracam.
Mən 2005-ci ildə “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyini yaratdım. Bu işə ilk gələndə dünyaya, insanlara tamamilə başqa baxışlarla baxırdım. Amma məndən təxminən 14-15 yaş böyük bir dostum mənə dedi ki, Gülnarə, sənin oxuduğun kitablardakı kimi, aldığın tərbiyədəki kimi, televiziyadan izlədiklərin kimi deyil bu həyat, tamamilə başqadır.

Doğrudan da mən bu işə deyə-gülə, oynuya, saf bir uşaq həvəsiylə, yəni çox pozitiv başladım. Amma iş prosesində elə hallarla qarşılaşdım ki... Hər dəfəsində də o dostumun sözlərini xatırladım. O vaxta kimi isə tər-təmiz dünya görmüşəm, qətiyyən çirkablı dünyanın da olduğunu düşünməmişəm. İnanmazdım ki, kimsə mənə qarşı çıxa bilər, danışdıqlarımı başqa formada kiməsə çatdırar, əleyhimə çıxar. Düşünürdüm ki, mənim niyyətim təmizdir, addımım yaxşıdır, kimsə mənə qarşı çıxmayacaq. Amma türklər demiş, malesef, oldu bu. Ancaq yaxşı ki, bu da oldu, yaxşı ki, elələri də var. Çünki onların belə olması məni daha güclü edir, daha mübariz oluram. Yaxşı ki, öz kimliklərini göstərirlər.


- Elə böyük əzələniz yoxdur, bəs onda nədən qorxurlar sizdən?


- Yəqin ki, Allahın mənə verdiyi qüvvədən qorxurlar. Qorxduqları üçün də sadəcə arxamdan iş çevirirlər. Əslində mən onlar barədə danışmağı sevmirəm. Çünki onlar öz cılız hərəkətləri ilə gözümdən elə düşüblər ki, demək olar ki, mənim üçün yoxdular, görmürəm onları. Yazıq onlara, yazıq.

 

İnanın ki, mən uğurlarımın, xoşbəxtliyimin çoxunu gizlədirəm. Çünki sabahı “sən Gülnarəyə bunu etdin, mənə niyə etmirsən, mənə də ona etdiyini etməlisən” mübahisəsinə, tələbinə başlayırlar.



- Gülnarə xanım kimi özünə əks görür?

- Özümdən güclü heç kimi görmədiyim üçün özümə əks də heç kimi görmürəm.

“Qarşıma məqsəd qoydumsa, geri çəkilməyi sevmirəm”

 

- Yaxşı, gəlin onlardan danışmayaq. Hər kəsin həyatında sevinc də olur, kədər də olur. Görürsüz, yaşamımız şirin olanda deyirik ki, həyat nağıldır, amma bir az acılığı, çətinliyi olanda deyirik - həyatdır da.

- Mən üsyan etməyi heç sevmirəm. Çünki neqativə yükləndikcə, üstünə-üstünə gələcək. Yəni kədəri, dərdi qəbul etdikcə daha da çoxalır.

İnsan qarşısına məqsəd qoymalıdır ki, mən udacam, qalib olacam. Fikirləşsəm ki, uduzacam, təbii ki, uduzacam.


- İndi siz bizi udacaqsız şaşkidə?

- Masa oyunlarını mənə rəhmətlik atam öyrətmişdi.
Bilirsiz, atam mənə ən gözəl tərbiyəni, ən gözəl elmi, yaşamaq, qurmaq həvəsi verdi. Mən deyərdim ki, mənim işgüzarlığım məhz rəhmətlik atamdan gəlib. O da iş adamı idi, çalışqan idi, işini sevən idi, bütün uğurlara öz zəhməti ilə nail olmuşdu. Anam da həmçinin. Anam həmişə bizə dərslərimizdə yardımçı olurdu, kitab oxuyurdu.

Atam da, anam da bizə Azərbaycanın tarixindən danışardılar. Millətimizi, vətənimizi, torpağımızı sevməyi, xidmət etməyi mənim valideynlərim öyrədirdilər.
Mənə o qədər ağırdır ki, başqa ölkələrdə gedib yaşamaq. Təkliflər gəlir ki, Azərbaycanda gördüyün işlərin cüzi hissəsini gəlib burda etsən, daha müsbət nələrsə əldə edərsən. Amma mən o təklifləri qəbul etmədim. Çünki mən öz ölkəmi, öz millətimi heç nəyə dəyişə bilmərəm. Axı mən özüm üçün yaşamıram. İnsan özü üçün yaşayanda elə özündə qalır. Elə yaşamalısan ki, öləndən sonra da yaşayasan. Yəni biz bu dünyanı tutub getməyəcəyik. Ona görə də hər kəs kimlər üçünsə yaşamalıdır, xeyirli işlər görməlidir. Və əgər onlar üçün yaşayıb, onlar üçün nəsə edirsənsə, deməli əbədi yaşayırsan. Ona görə də, biri var sözlə, hay-küylə, yalandan qışqır-bağırla yadda qalasan, biri var yaxşı əməlinlə. Yaxşı əməl göstərib, yaxşı əməllə yaşamaq lazımdır ki, özündən sonra yaxşı xatırlanasan, xatirələrdə yaşadılasan.


- Bəziləri “kimin üçünsə yaşamaq lazımdır” sözünü həmin kimsənin illah da öz övladı, əzizi olmalı olduğu düşüncəsindədir.

- Başqaları üçün necədir deyə bilmərəm, amma mənim üçün mənim vətənim, mənim millətim elə mənim ailəmdir.


- Aqressiv olduğunuz vaxtlar olub yəqin ki...

- Çox az olub. Əsasən sakit oluram. Mən qətiyyən davakar, mübahisə sevən deyiləm.

- Uşaqkən olubmu ki, inciyib “mən oynamıram” deyəsiz?

- O qədər olub ki... Çox küsəyənəm.

- Küsəyənləri sevmirlər amma.

- (gülür) Amma məndə belə bir xarakter var – bir şeyi qarşıma məqsəd qoydumsa, geri çəkilməyi sevmirəm. Udsam da, uduzsam da, axıradək gedirəm.

- Şaşkidə necə?

- Bir az zəif olmuşam. Çünki laqeyd yanaşmışam. Rəhmətlik Samir qardaşım qəşəng oynuyurdu. Ümumiyyətlə, o hər işdə çox mübariz adam olub. Bizim kompyuter kurslarımız var idi, orda 4 min tələbəmiz olub. Samir həmin kursda dərs verirdi.

 

Qeyd edim ki, kompyuterdən əlavə tələbələrimizə tariximizi, milliliyimizi, adət-ənənələrimizi də öyrədirdik.

- 4 min tələbə az deyil. Necə toplaya bildiniz onları?

- Biz 2005-ci ildə işimizi quranda 20 tələbəylə başladıq. Elə sürətlə artırdı ki, sıraları. Hətda Ağsuda olanda başqa rayonlardan da ora gəlirdilər, kirayə ev tutub qalırdılar ki, kompyuter kurslarımıza qatılsınlar.

- Gülnarə xanım, baxıram, şaşkidə ilk gedişi sol cinahdan başladınız. Niyə məhz sol cinah? Ortadan da başlaya bilərdiniz, “toplumdan”mı ehtiyat etdiniz?

- Mənim adətimdir, həmişə bu oyunda kənarlardan başlayıram. Bilmirəm niyə. Mənə elə gəlir ki, xarakterimə uyğundur. Yəni sakit yanaşmalarla qələbəyə çatmalıyam.

- Buyurun, Gülnarə xanım, mən oynadım, sizin gedişdir.

(Gülnarə xanım xüsusi cəhdlə daşı damaya itələyir. Bununla da çətinlikləri beləcə öz gücü ilə dəf etdiyini bir daha göstərdi)

- Bu daşı bura qoymaq istəyirəm...

“Mediadan narazı olduğum məqamlar da var”

 

- Əla gediş, ikinci gedişlə artıq iki daşımı uddunuz. Heç belə başlamamışdım (gülürük).
Gülnarə xanım, bayaq danışdığımız, amma çəkilişlə bağlı yarımçıq qalan söhbətə qayıtmaq istəyirəm. Belə başa düşdüm ki, jurnalistlərlə bağlı narazılığınız var.

- Bəli, mediadan narazı olduğum məqamlar var, təbii ki, bəzilərinə aiddir. Mənim özümün çox yaxşı tanıdığım, xoş münasibətdə olduğum dost media işçiləri var. Onlar millətsevərlikləri, vətənsevərlikləri, dürüstlükləri ilə mənim üçün dəyərlidirlər. Jurnalistika mənim üçün çox böyük, məsuliyyətli peşədir. Uşaqkən jurnalistkanı Nadejda İsmayılova, Salatın Əsgərova, Çingiz Mustafayevadan görüb sevdik, jurnalist olmaq həvəsimiz yarandı, onlar kimi qəhrəman olmaq istəyirdik. Hətda jurnalist olmaq istəyirdim. Atam bəlkə də jurnalistikanın çətinliklərini bilirdi deyə, bizi bu fikrdən daşındırırdı. Atam mənim həkim, bacımın isə müəllimə olmasənə istəyirdi. İndi bacım müəllimədir. Mən isə həkim olmasam da, işimelədir ki, elə həkim kimi sağlamlığı məhdud insanlarla məşğulam, onlarla işləyirəm, onları sağlamlıqları üçün yönləndirirəm, ən azından sağlam düşüncə verirəm. Sağlamlığını sonradan itirən insanlar var ki, çox əziyyətlər çəkirlər, aqressiv, həyatdan küskün olurlar. Allah mənə o gücü verir ki, onlara kömək edə bilirəm.

Hər bir kəsi Allah yaradır. Mən hər şeyi Allaha bağlayıram. Hər birimizin Allaha belə bir bağlılığımız olarsa, hamımız gözəl əməl sahibi olarıq.

 

Narazı olduğum media işçiləri bayaq ki, oyundan danışdıq, bax o oyunquranlardandırlar. Şou xətrinəmi, ya nəyəsə görə lazımsız insanları çox işıqlandırırlar. Nə bilim, filankəs qəzaya düşdü. Belə-belə bəlkə də özləri də bilmədən mənasız söhbətləri gündəmə gətirirlər. Mənim fikrimcə, o jurnalistlər əyləncəyə meyillidirlər. Cəmiyyəti naraht edən problemləri gündəmə gətirib, həlli yönündə xidmət göstərsələr daha düzgün olmazmı? O cür şou xarakterli yazılar, verilişlərlə əslində insanların tərbiyəsini, psixikasını pozurlar, tamaşaçı və oxucuların zövqünü korlayırlar, mənəviyyatını zəhərləyirlər.

Qiymətli musiqilərimiz, dəyərli müğənnilərimiz var, siz onları çıxarın üzə. Sağlamlığı məhdud olan şəxslər arasında elə işləri – idmanda, musiqidə, əl işlərində bacarığı, faydaları olan insanlar var ki, bax onlardan yazılmalıdır.

- Bizim Gülnarənin gələcək işlərində nə kimi planları var, daha nələrə imza atmaq istəyir, hansı maneələri dəf etmək istəyir, fikrində nələr var, nələri qurub-yaratmaq istəyindədir? Yəni bura kimi edilənlər artıq bəllidir, burdan sonra qarşıda nə var?


“Kurs keçdiyimiz insanları işlə də təmin edirik”

 

- Qarşıda dəf etmək istədiyimz mərhələ var. Hazırda yeni layihəmiz var, onunla məşğuluq. Elə fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, kollektivinə təşəkkür etmək istəyirəm. Biz artıq 7-ci dəfədir qalib oluruq. Budəfəki qalibiyyətimiz də tikiş kursuyla bağlıdır. Yaxşı haldır ki, biz bu layihəni davamlı edirik. Yəni layihənin vaxtı bitsə də, biz hesabatımızı versək də, layihəmizi hər il davam etdiririk. Keçən il əl işləri ilə bağlı idi və hazırda bu, davam edir. İndi də dərzilik kursu ilə bağlıdır. Maddi imkansız ailələrə və sağlamlığı məhdud olan şəxslərə biz bu sənəti veririk. Dərzilik kursu ilə bağlı üçüncü dəfədir bizim layihəmiz olur. Hər dəfə də çox uğurlu olur. Mən həm də ona görə çox rahatam ki, biz kurs keçdiyimiz insanları işlə də təmin edirik.

 

Gələcək planlara gəlincə, mən reallaşa biləcək planlar qururam və onun da arxasınca gedirəm. İmkanım daxilində, gücüm yetdiyi qədər istərdim ki, sosial durumu yaxşılaşdırım. Cənab prezidentin məqsədi də sosial durumu yaxşılaşdırmaqdır və biz bu işdə dövlətimizə hər zaman dəstək olmağa hazırıq.

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi olaraq biz də istəyirik ki, imkanımız çatan qədər sosial durumu zəif olan şəxslərə kömək olaq. Biz QHT-lər bunun üçünük, mənim fikrimcə belə də olmalıdır.



PS. Gülnarə xanımla söhbətimiz müsahibə bitdikdən sonra da davam etdi. Müzakirələr əsnasında Gülnarə xanım təklif etdi ki, əlilliyi olan insanlar barədə danışılarkən, yazılarkən onlara ünvanlanan “qüsurlu”, “əlil” və buna bənzər sözlərin “fiziki məhdudiyyətli” sözü ilə əvəzlənməsi üçün məsələni ictimailəşdirək. Beləliklə, gəlin onlara FİZİKİ MƏHDUDİYYƏTLİ – deyib, müraciət edək.

 

Tahirə Qafarlı & Arzu Zeynallı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR