Zümrüd sular, yoxsa göz yaşları?
Millət vəkili statusu və…
İGİD TEYMURLU
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, axı sırf qanuni müstəvidə götürəndə siz bu millətin, seçicilərinizin haqlarının təminatçısı, müdafiəçisi qismində yambızlarınızı o yumşaq kresloya basmısınız. Öyləsə, nədən sizlər öz seçicilərinizin deyil, ancaq YAP hakimiyyətinin koordinatorları kimi davranırsınız?
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, vallahi, billahi, YAP hakimiyyətinin heç sizlərə ehtiyacı da yox. Amma YAP hakimiyyətindən nə gedir ki, sizlərdən bir vasitə kimi istifadə edəndə? Təbii ki, heç nə. Ona görə məhz sizlərin ağaya “can-can” deməyiniz də onların ürəyincədir ki, öz gerçək güclərini qoruyub saxlamış olurlar.
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, bəyəm siz hələ də anlamaq istəmirsiniz ki, Azərbaycanda hakimiyyətin 3 qolu var: qanunverici, icra və məhkəmə?! Amma siz qanunverici hakimiyyəti öz müti davranışınızla icra hakimiyyətinin əl quzusuna çevirib söz sahibliyini məhv etmisiniz!
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, torpağı işğal altında olan məmləkətdə Vətən Sevdalıları böyütmək üçün dərsliklərə şablon nümunələr salmaq, bir şeyi qədərindən artıq göstərməklə ilahiləşdirmək lazım deyil, bununçün dövlətin vətəndaşına sahib çıxma düsturu öz əməli təsdiqini tapmalıdır. Ki, yetişən nəslə getdiyimiz yollar, bu yola verilən qiymətlər yetişən nəslə görk olsun!!
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, siz öz məddahlıq konsepsiyanızı ortaya qoymaqla həm mövcud hakimiyyəti cəmiyyətə hədəf qismində göstərir, həm sosial narazılıqların baş qaldırmasında vasitəçi rolunda çıxış edir, həm qanunverici orqanın statusunu gülüş obyektinə çevirir, həm də cəmiyyətimizə yaltaqlığın konturlarını təqdim edirsiniz!
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, siz bəyəm cəmiyyətimizin torpaq itkisinə münasibətdə yeri-göyü lərzəyə gətirən hayqırtısını eşitmirsiniz?! Siz cəmiyyətimizin bugünkü durumunu, bugünkü çətin yaşam tərzini görmürsünüz ki, işıq, qaz limitinin ləğv edilməməsindən danışır, uşaq puluyla bağlı cəmiyyətə söyüş ola biləcək ifadələr işlədirsiniz? Baxın, dövlət baba özünü əhalinin sayının artmasında maraqlı olduğunu ortaya qoyur, amma siz deputatxana işçiləri “bununçün gərəkən pul ehtiyatı yoxdur” deyirsiniz. Və qarşılığında əhali bir ağızdan, ay….“gərəkən pul ehtiyatı” olmayan dövlət dəyəri yüz milyondan yuxarı olan ralli yarışını necə keçirir?” deyib, nifrət püskürür. Və belə nifrətin püskürdülməsində katalizatorluq edən məhz ağzını yaltaqlıq yolunda qoyan siz deputatxana işçilərisiniz.
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, seçiciyə sizin diletant baxışlarınız lazım deyil, seçiciyə tərəfinizdən qəbul edilən boşluqlarla dolu qanunların işləmə mexanizminin ortaya qoyulması, xalqın rifah halını yaxşılaşdıra biləcək qanunverici aktların təqdim olunması, lazımdır...
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, ərəb dünyasından qaçqın düşən və 1400 ildən artıq bir müddətdə azərbaycansayağı İCTİMAİ LQOTLA yaşayan, o biinsaf göl ərəblərinin məcburi köçkün halına saldıqları milliləşdirdiyimiz SEYİDLƏRİMİZin cəddi haqqı mən öz dövlətimizin gücünə inanıram. Di gəl ki, sizin açıqlamalarınız bizim o inamımızı, bizim o sevgimizi öldürür!
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, həzrət Abbasın düşən qolları haqqı yazılanlara və deyilənlərə inansaq (və inanırıq da), deməli bizim ayaqlarımızın altından zümrüd sulu irmaqlar axır. Di gəl ki, siz deputataxana işçilərinin və biz seçicilərin gerçək halına baxanda belə anlaşılır ki, axan millətin göz yaşlarıymış, zümrüd sular deyilmiş. Əgər siz deputatlar 6 min mantla dolana bilmirsinizsə, bəs onda biz seçicilər necə 180 manatla dolanaq? Ya sizin qarnınızın dibi yoxdur, bizdə var? Ya sizin qohum-əqrəbalarınız var, bizimki yox? Ya sizin övladlarınız göydəngəlmədi, bizimki yox? Öyləsə, nədən sizinkilər bəy balası kimi dolanmalı, amma bizim kimi Yurd Sevdalılar, Vətən Fədailəri bir qarnı ac, bir qarnı tox olmalıdır?
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, qocalar evini xatırladan hökumətimizin kabinetindəki əsaları, dolmaq bilməyən kasaları, “savrimenni” masaları, biznesmen deputatlarımızın mnoqokratnı hacılığı, xanım deputatlarımızın bacılığı, Məşhəddən alınan kitayski çərəkələr, düzəldilən möhürlər ucbatından çala-çuxur olmuş Kərbəla çöllərinin zülmət gecələri, balalı inəkləri boyun aldığımız və içində kimin belə uyumasından xəbərsiz olduğumuz şırğalı ağacın altında uyuyan kimsənənin zərif gülüşləri, axşamın mehi, səhərin şehi, tarixdə ilk dəfə şah Qacarın, şah Nadirin türk kəndlilərinin qabırğasının altından çıxardıqları qızıla bürüdükləri, sonucda quşbaz əl-Məktumun da təmsil olunduğu Səud övladları olan vəhabilərin darmadağın edərək çapıb taladıqları imam Hüseyn türbəsinin əlvanlaşdırılmış quşqonmaz günbəzi, el arasında at… (dalı da, dalı) dediyimiz sirgilə ağacının möcüzəsi, qorxudan yerdən belə götürmədiyimiz sınan budaqların gözləntisi, alnımızı sürtə-sürtə ağappaq elədiyimiz Alyabaddakı, Oradakı, Buzovnadakı Əli ayağının ləpirləri, 4-cü imamımız Zeynalabidinin (r.a) farsların ərəblərə məğlubiyyətindən sonra qürbətə aparılaraq həzrəti Əliyə (r.a) cariyə kimi verilən, əvəzindəsə gəlin olaraq qəbul edilən III Yezdəgirdin qızı olan fars anası rəhmətlik Şəhrəbanunun (r.a) yurd, vətən sevgisi, 40 milyonluq Güney Azərbaycanımız olan indiki İranda QUMda batıb, vaxtilə “İran” adlanan dövlətin zaman-zaman fəxr etdiyi, indisə bilərəkdən susuzlaşdırılan Urmiya gölünün dilindən səslənən “Vaveyla” tipli şəbihləri dinləyən qulaq seyvanlarınızın tutduğu ritm, dövlət, millət, xalq, kütlə, toplum, camaat, xurafat, mövhumat, cəhalət, rəzalət, zəlalət, məlalət, ət, mət, siyasi proseslərdəki əziyyət, şişirdilən keyfiyyət, keyfiyyətsiz kəmiyyət, seyid ağzından püskürdülən, yüksək çinli məmur burnundan fışqırdılan "XIXX"dakı “kəramət”, be zəbər tə, ə zəbər te və bütün bunların fonunda təqdim etmək istədiyimiz xoş niyyət, keçmiş dua-pitilərin modernləşdirilmiş bülleten formatıyla az qala Əzrayıla belə saqqız çeynətdirə bilmək bacarığıyla bütün regionu, Qərbi, Şərqi, Amerikanı, Mamerikanı ağzı açıq qoyaraq Mələdən ZAHİRi göyçək oğlanlarımızın malik olduqları cazibə qüvvəsi, ətalət qanunu haqqı verdiyiniz açıqlamaların təqdimatından belə görünür ki, Araz sizlərin aşığınızdan, Kür də topuğunuzdandır. Ay Allah evinizi yıxmasın torpaqlarımız işğal altındadı e!!! Siz bu millətin Ruhunu öldürməyin sərsəm açıqlamalarınızla...
Dayandığınız yerlər deyəsən çox yüksəkdir, ol səbəbdən də yerdəkiləri sezmirsiniz!
Siz BÖYÜK AZƏRBAYCAN yox, “A-Z-Ə-R-B-A-Y-C-A-N” həsrətlisi kimi davranırsınız!
And olsun Şeyximizin təzə-təzə tanıdığı vicdanına ki, mən elə bilirdim yazanda nəsə düzəlir. Di gəl ki, bu da belə deyilmiş!
Sonda həmd olsun Uca Tanrıya! Nöşün ki, bizə uğrunda can qoyduğumuz torpağımız, müstəqil dövlətimizin varoluşunda bizlərdən öz lütfünü əskik etməyib. İndi nə olsun ki, bizim Hadılarımız, bizim Haqiflərimiz, bizim Urudlarımız, bizim Ağacanlarımız, bizim Aydınlarımız sadə seçicinin o lütfdən yararlana bilmədiyini görmək belə istəmir. İndi nə olsun ki, məmur özbaşınalığı, diletantlıq kasıb təbəqəni doğulduğuna görə peşman edib. İndi nə olsun ki, yambızı yumşaq kreslo görən hər kəs özünü xan kimi, bəy kimi aparır, işlədiyi idarəni özünün dədə mülkü sanır...
Ay adını çəkmək istəmədiyim deputatxanamızın aydınları, yazdıqlarım günümüzün gerçəyinin bir hissəsidir, siz bu gerçəklik fonunda istehzalara dözməyi bacarın! Axı istehzalar insanda davravış gözəlliyini formalaşdırır. Eybəcər göründüyünüz güzgünü sındırmayın, özünüzə, sözünüzə əl gəzdirin. Yetmədimi bunca yad kimi davranmağınız, yetmədimi bunca laqeydliyiniz, bunca haqqı tanımamağınız!? Seçicilərin koordintoru kimi davranın, YAP hakimiyyətinin yox. Zatən YAP-ın sizin kimilərə ehtiyacı yox...
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi