Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

15:49 20-04-2018 | icon 804 | Siyasət
Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

 

“...Onu hakimiyyətin əlinə işləyən siyasətçi adandırmaq yanlışdır”

 

Müsavat Partiyasının sədri Arif Hacılının Versus.Az-a müsahibəsi

 

- Arif bəy, prezident seçkisində iqtidar partiyasının vahid namizədi qalib oldu. Müqayisələr aparsaq, sizcə bu seçki müxalifətin hansı xarakterdə və gücdə olduğunu ortaya çıxardı?

 

- Hesab edirəm ki, azad və ədalətli seçki keçirilmədiyi üçün hansı siyasi partiyanın güclü, hansı siyasi liderin daha nüfuzlu olduğunu müəyyən etmək mümkün olmayıb. Təəssüf ki, 2005-ci ildən sonra ölkədə azad seçki prosesinin olmaması bu suallara imkan tapmağa imkan vermir. Real siyasi müxalifət qüvvələri - Müsavat Partiyası, Milli Şura seçkilərdə iştirak etməsələr də, həm kütləvi aksiyalar vasitəsilə, həm sosial şəbəkələr üzərindən cəmiyyətin təşkili və toparlanmasında daha çox fəallıq göstərdi. Real müxalifət seçki kampaniyası dövründə diqqət mərkəzində oldu. Təsadüfi deyil ki, hətta seçkilərdə iştirak edən namizədlər öz seçki kampaniyaları dövründə əsas oponentləri olan İlham Əliyevi yox, seçkilərdə iştirak etməyən Müsavat Partiyasını, Milli Şuranı hədəf seçmişdilər.

 

“O, Müsavat Partiyasını hakimiyyətə gətirəcək”

 

- Arif bəy, ilk sualımda “iqtidarın vahid namizədi” sözünü sözgəlişi demədim. Fərqli siyasi yönü olan partiyaların seçki fəaliyyətini müqayisələrlə araşdırsaq, sizcə müxalifətin qarşısında hansı şərt və tələblərin dayandığını söyləmək olar. Yaxud, müxalifət ilk növbədə nə etməlidir ki, gələcək seçkilərdə çaşqın vəziyyətdə qalmadan qalibiyyəti qazana bilsin?

 

- Sözsüz ki, bu gün Azərbaycanda azad rəqabət seçki mühiti yoxdur. Hakimiyyət öz resursslarından yalnız bir siyasi qüvvənin müdafiəsi, eyni zamanda dövlət resurslarını real müxalifət qüvvələrə qarşı yönəltməklə istifadə edir. Biz belə bir qeyri-bərabər şəraitdə fəaliyyət göstərmək məcburuyyətindəyik. Bu da uzun müddət davam edə bilməz. Əminəm ki, minimum demokratik seçki şəraiti, siyasi rəqabət şəraiti yaranan kimi real demokratik qüvvələr, ilk öncə Müsavat Partiyası önə çıxacaq. Çünki mən bilirəm ki, Müsavat Partiyası Azərbaycanda ən nüfuzlu siyasi təşkilatdır və xalqın iradəsi nəzərə alınaraq iqtidarı formalaşdırarkən o, Müsavat Partiyasını hakimiyyətə gətirəcəkdir.

 

- Siz, yəni mitinqdə iştirak edən partiyalar - AXC, Real və Müsavat - özünüzə “real müxalifət” deyirsiniz. Digərlərini ya müxalifət hesab etmir, ya da seçkiyə qatıldıqları üçün “əl müxalifəti” adlandırırsınız. Təbii ki, bu cür yanaşmalar qarşı tərəfin sizə qaşı əks reaksiyalarını doğurur. Sizcə, müxalifətin bir-birinə qarşı bu cür qıcıqlandırıcı davranışları, dağınıqlığı müxalifəti hara kimi aparacaq?

 

- Mən birbaşa seçkidə iştiraketmə səbəbi ilə hər hansı siyasi partiyanın “hakimiyyətin əlinə oynayan siyasi partiya” adlandırılmasının tərəfdarı deyiləm. Hətta hər hansı bir namizəd, bərabərhüqulu siyasi rəqabət şəraitin olmadığı bir vəziyyətdə seçkilərdə iştirak edirsə, onu hakimiyyətin əlinə işləyən siyasətçi adandırmaq yanlışdır. Sadəcə siyasi kampaniyanın gedişində biz real müxalifət mövqelərinin  şahidi olmadıq. Müxalifət nümayəndələri televiziya debatlarında iştirak edərkən öz əsas opponentləri olan İlham Əliyevə qarşı hər hansı təbliğat aparmadılar. Namizədlərin əksəriyyəti seçiciləri onlara yox, İlham Əliyevə səs verməyə çağırırdı. Eyni zamanda onlar öz proqramlarını irəli sürmək barədə yox, daha çox hakimiyyətə yarınmaq və əvvəlcədən nəticələri bəlli olan seçkilərdən sonra hansısa özlərinə aid olan problemlərin həlli barədə danışırdılar. Təbii ki, bu cür qüvvələr real müxalifət adlandırıla bilməz. Əslində Azərbaycanda ən real müxalifət elə xalqın özüdür. Sadcə olaraq cəmiyyət öz müxalif mövqeyini ortaya qoymaq imkanından məhrum edilib.

Təbii ki, partiyaların hansının güclü, hansının zəif olduğu seçkilərdə bilinir. Siyasi xadimin gücü onun seçkilərdə aldığı səslərlə ölçülər. Siyasi partiyanın gücü onun parlament seçkilərində aldığı səslərlə ölçülər. Burda isə seçkilərin nəticəsinin xalqın iradəsini əks etirməməsi bu qarmaqarışıqlığın yaranmasına səbəb olur. Əslində hakimiyət süni surətdə siyasi təşkilatlar yaratmaq, oppanentlər uydurmaqla, müxalif siyasi partiyaların kloun təşkilatlarını yaratmaqla faktiki olaraq ölkədə belə bir qarmaqarışıqlığın, qeyri-müəyyən vəziyyətin yaranmasına nail olub.

 

- Dediniz ki, siyasi partiya seçkidə iştirak etməlidir ki, müəyyən bir nəticə əldə edə bilsin. O zaman sual oluna bilər ki, siz niyə seçkidə iştirak etmədiniz. Belə tələblər var ki, siz seçkidə iştirak etməliydiniz ki, seçkidəki səhvlər barədə mühakimə yürütməyə də haqqınız çatsın. Bir sözlə, seçkidə iştirak etməməyiniz sizin ən böyük yanlışlığınız kimi qeyd edilir.

 

- Belə fikirdə olan adamlar Müsavat Partiyasının daxilində də var və mən bu cür qiymətləndirməyə hörmətlə yanaşıram. Ancaq bu seçkilərdə iştirak etməməyimiz seçkilərin növbədənkənar elan olunması, faktiki olaraq cəmiyyətin seçkilərə köklənməsinə imkan verilməməsi, seçki qanunvericiliyində irəli sürdüyümüz təkliflərin müzakirəyə çıxarılmaması, nəhayət seçici siyahısında olan qarmaqarışıqla həll olundu. Yəni biz seçkilərə hazırlaşırdıq, seçkilərdə iştirak etmək niyyətində idik. Namizədlərimiz var idi, seçki qərargahımızı da yaratmışdıq. Növbədədnkənar seçkilər elan olunmazdan əvvəl partiya strukturlarına  seçkilərə hazırlıqla bağlı göstəriş vermişdik və bu barədə qərar qəbul edilmişdi. Lakin növbədənkənar seçkilər təyin olundu. Demək istəyirəm ki, bu seçkilər təkcə Müsavat Partiyasını deyil, Azərbaycan cəmiyyətini də gözlənilməz olaraq yaxaladı. Seçkilərin növbədənkənar təyin edilməsi əvvəla bizə seçki siyahısının əvvəlcədən müəyyən olunmasna imkan vermədi, cəmiyyətin seçkilərə köklənmək imkanlarını aradan qaldırdı. Müxalifətin vahid namizədinin müəyyənləşməsi və ya seçki kampaniyasında əməkdaşlıq istiqamətində intoqrasiya prosesinin başlanmasına imkan vermədi. Bu kimi addımlar bizim seçkidə iştirakımızı qeyri-mümkün etdi. Nəinki seçkilərin nəticələri əvvəlcədən məlum idi, hətta normal seçki prosesinin olmayacağı da əvvəlcədən məlum idi. Ona görə də biz seçkidə iştirak etməmək barədə qərar verdik.

 

“Son illər parlamentə müxalifət nümayəndələri buraxılmır”

 

- Arif bəy, Müsavat kimi bir partiya növbədənkənar seçki ilə bağlı belə bir vəziyyətlə qarşılaşırsa, bu, hazırlıqsız olmanız anlamına gəlmirmi?

 

- Mən sualınıza cavab verərkən bildirdim ki, müxalifət partiyası seçkilərə hazır idi, bütövlükdə Azərbaycan cəmiyyəti buna hazır deyildi.

 

- İstərdim, son mitinqlə bağlı da öz fikirlərinizi deyəsiniz. Məlumdur ki, mitinqdə müəyyən sayda insanlar və məhdud sayda partiyalar iştirak edirdi. Eyni zamanda birmənalı olmayan yanaşmalar var idi. Mitinqlə bağlı bu panoramaya nəzər salsaq, belə bir aksiyanın hansı sifarişi ödəyə bildiyini söyləmək olar. Sizcə, aksiya hansısa təsiretmə mexanizmi ilə özünü ifadə edə bildi?

 

- Təkcə mitinqlərin yox, ümumiyyətlə bütün siyasi mübarizələrin nəticəsi var. Təbii ki, biz ölkədə hüquqi bir dövlətin, cəmiyyətin qurulması uğrunda mübarizə aparırıq. Biz bu istəyimizə nail ola bilməmişik. Ancaq hakimiyyət bunun əksinə, müxalifətsiz, opponentsiz bir cəmiyyətin olması istiqamətində addımlar atır. Əvvəllər parlamentə müəyyən müxalifət nümayəndələrin iştirakına imkan  verilməklə parlamentdə bir opponentlik mövcud idi. Hakimiyyət son illərdə parlamentə müxalifət nümayəndələrini buraxmır. Məhkəmələrdə də müəyyən müstəqil vəkillərin fəaliyyəti opponentlik yaradır. İndi də bütövlükdə müstəqil vəkillərin ədalətin mühakiməsi sistemindən kənarlaşdırılması ilə opponentsiz hüquqq-müdafiə sistemi qurmaq istiqamətində çalışır. Siyasi partiyaların fəaliyyəti də bu cür məhdudlaşdırılsa da, hər halda yenə də Azərbaycanda öz mövqeyini səsləndirən demokratik dəyərlərə əsaslanaraq fəaliyyət göstərən siyasi partiyalar, vətəndaş cəmiyyəti mövcuddur.

Əslində son mitinqlərdə qarşıya qoyulan məqsədə nail olundu. Məqsəd həm yerli, həm beynəlxalq ictimaiyyətin diqətini ölkədə azad və ədalətli seçkilərin keçirilmədiyinə yönəltmək idi. Mitinqdəki çıxışlar sosial şəbəkələr üzərindən 100 minlərlə insan tərəfindən izləndi. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti bizim hakimiyyəti dəyişmək üzərindən necə bir cəmiyyət qurmaq istəyimizi eşitdi və dəyərləndirdi.

 

“Bizim onlarla heç əvvəldən əlaqəmiz yox idi”

 

- Digər müxalifət partiyalarının bu mitinqə qarşı etirazı müşahidə olunmaqla, müxalifətdaxili vəziyyətin gərginliyi ortaya qoyuldu. Artıq seçkidən sonra Sərdar Cəlaloğlu özünü əsas sayan və mitinqdə iştirak edən müxalifəti revanşsız adlandırdı. O, bir partiya lideri olaraq AXC-Müsavatla əlaqələrini tamamilə bitirdiyini bəyan etdi.

 

- Bizim onlarla heç əvvəldən xüsusi əlaqələrimiz yox idi. Son dövrlərdə verilən bu tip bəynatların ciddi siyasi nəticələrə gətirib çıxaracağını düşünmürəm. Mitinqlər istəyinə nail olub.

Kimlərsə bu məsələdən narazı qalıbsa, buna da normal yanaşmaq lazımdır. Pülüralizmin şərtlərindən biri də ondan  ibarətdir ki, kimlərinsə düzgün hesab etdiyini kimlərsə yanlış hesab edə bilər.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?