129 nömrəli məktəbdə maarifləndirici tədbir
16:55 04-11-2024
|
63 |
Cəmiyyət
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı“ çərçivəsində 129 nömrəli tam orta məktəbdə “Hüquqlarımızı bilək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Versus.Az xəbər verir ki, tədbirdə NRİH-nin nümayəndəsi Könül İsmayılova, Baki Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun nümayəndəsi Mənzər Rzayeva, məktəbin direktoru Məhluqə Əzizova,Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəmsiyyə Cəfərova iştirak ediblər.
Qonaqlar məktəbin foyesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərcivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası münasibətilə (COP 29) şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Məktəbin direktoru Məhluqə Əzizova bildirib ki, artıq ənənə halını almış “Uşaq Hüquqları Aylığı” uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyətin gücləndirilməsi, uşaqlara diqqət və qayğının təşviqi, bu sahədə məlumatlılığının artırılması məqsədlərinə xidmət edir.
NRİH-nin nümayəndəsi Könül İsmayılova şagirdlərin diqqətinə çatdırıb ki, 1989-cu ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya hər bir uşağın sahib olduğu hüquqları və iştirakçı dövlətlərin öhdəliklərini əks etdirən, uşaqların xüsusi müdafiəyə ehtiyacı olan beynəlxalq sənəddir.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Mənzər Rzayeva şagirdlərə uşaqların hüquq və azadlıqları haqqında məlumat verib. O, gənclərin asudə vaxtlarını daha səmərəli keçirtmələri üçün idarənin tədbirlər planına uyğun olaraq, il ərzində mütəmadi keçirilən intelektual oyunlarda, idman yarışlarında və müsabiqələrdə iştirak etmələrini tövsiyə edib.
Mənzər Rzayeva eyni zamanda "gələcək gənclərindir" söyləyərək, uşaq və yeniyetmələrin sabahımızın işıqlı gələcəyi olduğunu vurğulayıb, onlara təhsil həyatında uğurlar arzulayıb.
Məktəbin psixoloqu Qəndab Mustafayeva hazırladığı slayd üzərindən çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var:
"İnsan hüquqları insanların malik olmağa haqqı olduğu əsas hüquq və azadlıqlarıdır. İnsan hüquqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşına çatmayan şəxslər uşaq hesab edilir. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların hüquq bərabərliyi, uşağın yaşamaq və inkişaf etmək, uşağın təhsil almaq, uşağın tərbiyə almaq, uşağın istirahət hüququ barədə şagirdləri ətraflı maarifləndirmiş, həmçinin uşaqların əsas vəzifələri şagirdlərin diqqətinə çatdırılmışdır".
Tədbir şagirdlərlə diskussiya şəklində davam edib. Şagirdlər öz hüquqlarından, istək və təkliflərindən danışıblar.
PƏRİ
versus.az
versus.az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...