"Gülüşü üzündə dondu, dedi: "Kim qalıb ki... "

13:01 26-08-2023 | icon 1697 | Cəmiyyət
"Gülüşü üzündə dondu, dedi: "Kim qalıb ki... "

"Orda hönkürtü ilə ağladım, çaylağa enib do­yunca ağladım..."

 

26 Avqust Laçın Şəhəri Günü

 

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Yurda dönən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları – işğala son qoyulduqdan sonra döv­lətimizin başçısının göstərişi əsasında təmir edilən və ya yenidən tikilən evlərdə məs­kunlaşırlar. Müasir üslubda bərpa olunmuş bu evlərdə və həyətlərdə hər şey onların rahatlığına xidmət edir. Hazırda Laçın şəhərində 234 ailənin (904 nəfər), ümumilikdə isə rayonda 254 ailənin (992 nəfər) daimi məskunlaşması təmin edilib. Məskunlaşanlar arasında həmkarımız Arzu Zeynallının doğmaları da var.
/Söhbəti Pünhan ƏFƏNDİYEV qələmə alıb - “Xalq qəzeti”/

 

– Arzu xanım, 31 ildən sonra ilk dəfə Laçına ayaq basdınız. Uzun il­lərdən sonra özünü doğma yurdda görmək necə hissdir?

 

– 29 iyul 2023-cü il yaddaşıma ən fərəhli bir gün kimi yazıldı. 31 ildən sonra Laçına ilk ayaq basanda elə bil­dim ki, yenidən doğulmuşam. Qarda­şım Ələsgər rəhmətlik atamızın adını daşıyan oğlu Muxtarı da kişinin ruhunu şad etmək üçün özü ilə gətirmişdi. Ən kiçiyimiz Ələkbər Laçından çıxanda 9 yaşında idi. Beləcə, 2 qardaş, 2 bacı Laçına üz tutduq. Bacım Pərvanə elə yola çıxandan kövrəlmişdi. Axı Laçına gedirdik…

 

Hava qaralanda çatdıq Laçına... Bacım Elyanə həyat yoldaşı Etibarla artıq 3 gün idi ki, Laçında idi. Həkəri çayının yanında qarşıladılar bizi…

 

Düşündüyüm, xəyal etdiyim kimi ol­madı… Nədənsə quruyub qalmışdım. Nə torpağa diz üstə çökə, nə hönkür­tüylə ağlaya bildim. Laçınla üzbəüz dayanmışdıq, lal-dinməz baxırdıq. Gö­zümün yaşı yanağıma, acısı içimə sü­zülürdü... 

 

Mənmi böyümüşdüm, Laçınmı ba­lacalaşmışdı, sanki bir ovcuma sığış­dırıb ürəyimə basdım... Həkəri çayının şırıltısı elə bil ki "nə yaxşı gəldin" nəğ­məsi oxuyurdu. Ətrafımda boğuq hön­kürtülər, "şükür bu günə" sözləri bir-bi­rinə qarışmışdı… Laçın isə susurdu... Sanki, onu da qəhər boğmuşdu...

 

Gecədir... Bacımın baldızı Almazın təzəcə köçdüyü evinin ilk qonaqlarıyıq. 29 yaşında çıxıb, 60 yaşında evinə qa­yıdan bu qadının gözlərindəki sevinci görməyin özü də bir xoşbəxtlik idi…

 

Qardaş-bacı təəssüratlarımızı bö­lüşürdük. Onlara baxdıqca, yaşlandığı­mızı, sanki, indi hiss etdim... 

 

Elə hey ulduzlara baxıram. Laçında göy üzü heç bir yerdəkinə bənzəmir. Bu gecə isə ulduzlar daha parlaq, səma daha aydın idi. Bu 31 ildə hansı şəhər, kənd, rayonda oldumsa, göy üzünə baxanda deyirdim: "Laçında belə de­yil, qapqara göy üzü, çoxlu ulduzları vardı". Bax həmin göy üzünü yenidən görməyin sevincini yaşayırdım...

 

Dağların ətəyində işıq saçan ev­lərə baxanda başa düşürsən ki, yox, bu yuxu deyil, Laçındayıq gerçəkdən... 31 il sonra Laçına qayıtmaq... Və 31 il sonra yuxudan oyanıb özünü Laçında görmək... Dəli olmaq olar...

 

Səhərdir. Sübh tezdən sakitçilik­dir... Laçının tikinti yerlərində iş baş­lamayıb. Bir azdan sükut pozulacaq. Səhər yeməyi yemədən şəhərə çıx­dıq. Təsəvvür edin uşaqlığınızın iz­lərini axtarmaq üçün dağılmış, viran qoyulmuş yerlərdə addımlayırsan. Və baxırsan ki, tək deyilsən, bu amacla səhər açılar-açılmaz hamı xarabalıq­ların içində gəzişir. Bir anlıq özümüzü ruha bənzətdim. Xarabalığı dolaşan ruhlar... Sanki, burada şəhid olanların və Vətən həsrəti ilə dünyadan köçən­lərin ruhları da bizimlə idi... Hamı bir-birinə "Xoş gəldin, şükür bu günə, Allah şəhidlərimizə rəhmət eləsin" de­yir. Diqqətlə baxıb "görəsən məktəb yoldaşım, qonşum, qohumum deyil ki" nəzəri ilə bir-birinə gülümsəyən in­sanların xəyalında 31 il əvvəlin mən­zərələri canlanır…

 

– Yəqin, Laçında öz doğma evi­nizə də getdiniz… 

 

– Birinci evimizə getdik. Yerli-dibli yoxa çıxan evimizə. Ermənilərin bir da­şını belə salamat qoymadığı o ocağa. Ağlamaq ovudurmu? Əsla! Hərəmiz öz içimizdə danışırdıq evimizlə. Şəkil də çəkdik, evimizin bu gününü tarixə çevirdik. Hönkürə bilmirdim. Eynən ruh kimi… Balaca bir həyətimiz vardı, Ələsgər balaca olanda öz əliylə ərik ağacı əkmişdi orada. O ərik ağacı bir qocaman ağac olub. Balaca Mux­tarımız atasının yadigarı olan ağacı qucaqladı, şəklini çəkdim. İndi hər o şəkilə baxanda göz yaşlarımı saxlaya bilmirəm… Sevinirəm, itirdiklərimizi tapdığımız üçün, bizim olan bizə qayıt­dığı üçün sevinirm…

Sonra şəhərin başını da, ayağını da piyada gəzdik. Bu günümüzə şükr etdik. Şəhidlərimizə rəhmət oxuduq… Atamın qardaşıma hədiyyə etdiyi ev yerinə də getdik. Orada samovar qay­natdıq, evimizdəymişik kimi hiss etdik özümüzü. Dualarımızı dilə gətirib de­dik: “Allah anamıza da Laçını görmək, burada ömür sürmək qismət eləsin”. İnanıram ki, o dağın başındakı yurd ye­rimizdə qardaşımın balaca Muxtarımı­za “atam mənə hədiyyə etmişdi, mən də sənə əmanət edirəm” diləyi yerinə yetəcək…

 

– Ata yurdunuz Qovuşuq kəndi sizi necə qarşıladı, babalarınızın ev­lərini tapa bildinizmi?

 

– Sonra ata yurdumuz olan Qovu­şuğa getdik. Kəndimizə çatıb maşın­dan düşəndə, ilk uşaqlığımın xoş xa­tirəsi olan “Qızıl qaya”nı gördüm. Axır ki, orda hönkürtü ilə ağladım. Çaylağa enib qabları su ilə doldura-doldura do­yunca ağladım. “Yalın başı” deyilən yerə çıxıb salamat evi də qalmayan kəndimizə baxdıq. Rəhmətlik əmiləri­min evlərini ağac, böyük kol-kos bas­dığı üçün heç yaxınlığına da gedə bilmədik. Kəndin qəbirstanlığını da ziyarət etdik. Vandallar qəbir daşlarını güllələyib dağıtmışdılar. Erməni vəhşi­liyi buradan da yan keçməmişdi…

 

Kənddən Laçına qayıtdıq. İndi içi­mizdə ümidlərimiz gül açır. Yavaş-ya­vaş yeni sakinlər evlərinə yerləşirlər. Artıq iki məktəbimiz yeni tədris ilindən fəaliyyətə başlayacaq. Xəstəxanamız, kinoklubumuz, polis şöbəsi, mağaza­larımız… Daha nələr, nələr… Canlanır Laçınımız. Yol polislərimizə, hərbçilə­rimizə qürurla baxırıq. Onlara minnət­darlığımız böyükdür. Şəhərimiz etibarlı əllərdədir. Ordumuza güvəncimiz bö­yükdür. Belə də olmalıdır. Axı onların başında Ali Baş Komandanımızın qə­tiyyəti durur. 

 

Böyük inam və ümidlə müvəqqəti məskunlaşdığımız evimizə dönürük. Evə çatan kimi anamı möhkəm-möh­kəm qucaqladım: “Hazırlaş, Laçına gedirik” dedim. Onunla olan bir söh­bəti xatırladım. Laçın işğaldan azad ediləndə bacım soruşdu ki, sevinirsən­mi, qayıdırıq. Əvvəlcə gülümsədi, son­ra gülüşü üzündə dondu, dedi: "Kim qalıb ki... " Laçın həsrətiylə dünyasını dəyişən əzizlərimizi nəzərdə tuturdu 75 yaşlı anamız... Hər şeyə rəğmən qayıdırıq...

 

- Gün o gün olsun ki, siz də, ananız da yurda dönəsiniz.

 

- Laçına köç edən hər maşın karvanı­nı, yerləşdirilən ailələrin, sakinlərimizin sayını izləyirəm. Say artdıqca o balaca Laçınımızın böyüdüyünü görürəm. Nə xoşbəxtəm ki, Laçını yenidən gördük. Nə xoşbəxtəm ki, laçınlıyam. “Laçın kimi qız”, “Laçın kimi oğlan”, “Laçın vaxtlarım idi” deyimlərinin özü Laçının vəsfidir. Bütün laçınlılar Laçına dönə­cəklər. 

 

Xatırladaq ki, avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da Azərbaycan Ordusu Laçına girdi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncama əsasən, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

 





 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür